Məhkəmə qərarları › İş №2(105)-3179/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3179/2021

05.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3179/2021 05.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Əliyev Əliağa Vahid oğlunun katibliyi, İddiaçı İsayeva (Cəfərova) Elnarə Nemət qızının, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı İsayeva (Cəfərova) Elnarə Nemət qızının Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3474/2021 saylı, 18 iyun 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3474/2021 saylı, 18 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakim A.Behbudova) iddia qismən təmin edilmiş, Cavabdeh 5200 manat əsas borcun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manatın tutularaq iddiaçı X19 qızına ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Qətnamədən narazı qalan Cavabdeh ondan apelyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3474/2021 saylı, 18 iyun 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddiasının tamamilə rədd edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İsayeva (Cəfərova) Elnarə Nemət qızı Cavabdeh qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 05.03.2007-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuş, bu nikahdan 18.06.2006-cı il təvəllüdlü X17 və 30.09.2010-cu il təvəllüdlü X11 adlı övladları doğulmuşdur. Cavabdeh tələbi əsasında Sumqayıt Şəhər Məhkəməsinin 26 avqust 2020ci il tarixli qətnaməsi ilə onların arasında bağlanmış 05.03.2007-ci il tarixli nikah qeydiyyatı pozulmuş, 18.06.2006-cı il təvəllüdlü X17 və 30.09.2010-cı il təvəllüdlü X11 yetkinlik yaşına çatana kimi onun himayəsinə verilmişdir. Cavabdeh ilə birgə nikah dövründə lotereya pullarını ödəməklə ev almaq qərarına gəlmiş, onun şəxsi pulu ilə həmin evi milli adət-ənənəyə uyğun olaraq cavabdehin adına rəsmiləşdirmişlər. Cavabdeh İsayev X10 rayonu, Saray qəsəbəsində yerləşən "xxxx" MTK-nın (VÖEN 290380 3541) sədri X3 ilə 16 yanvar 2014-cü il tarixdə müqavilə bağlamışlar. Həmin müqavilənin mahiyyətinə görə "xxxx" MTK tərəfindən Abşeron rayonu, Saray qəsəbəsi, Məhəmməd Əsədov küçəsində yerləşən yüksək mərtəbəli yaşayış binasının tikintisi maliyyələşdirilmişdir. Həmin tikinti "xxxx" MTK üzvlərinin vəsaiti və imkanları hesabına həyata keçirilirdi. Buna əsasən, yüksək mərtəbəli binanın tikintisi başa çatdıqdan sonra, 7 saylı binanın 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 78 m2 təşkil edən 43 saylı iki otaqlı mənzilin verilməsini, Cavabdeh isə həmin yaşayış sahəsini qəbul elməyi öz öhdələrinə götürmüşlər. "xxxx" MTK tərəfindən 25 sentyabr 2019-cu ıl tarixli, 59/7-01 saylı arayışı aşağıdakı şəkildədir: Cavabdeh 25 sentyabr 2019-cu il tarixdə 6000 (altı min) manatı 7 saylı binanın 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 78 (yetmiş səkkiz) m2 təşkil edən 43 saylı 2 otaqlı mənzildən ötrü alınmışdır. Müqaviləyə əsasən 25 sentyabr 2019-cu il tarixinə əsasən qalıq borcu 46800 (qırx altı min səkkiz yüz) manat təşkil edirdi. Cavabdeh "xxxx" MTK-ya 21.07.2020-ci il tarixdə müqavilənin pozulması ilə bağlı müraciət edərək, 7620 (yeddi min altı yüz iyirmi) manatı geri almış, lakin o, bundan xəbər tutmamışdır. Cavabdeh onun lotereyadan yığdığı pulla ailə üçün mənzil almış, sonradan onun pulunu ərizə yazaraq götürmüşdür. Nəticədə onlar həm puldan, həm də mənzildən məhrum olmuşlar. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Cavabdeh apelyasiya şikayətini bununla əsaslandırmışdır ki, məhkəmə mübahisəni araşdırarkən bir sıra prosessual normaların tələblərini pozmuş, öz qətnaməsini əsaslandırmamışdır. Belə ki, o, məhkəmə iclaslarında iştirak etmiş, izahat vermiş, şahidlərə suallar vermiş, lakin qətnamədə onun adı qeyd olunmamışdır. Bundan başqa, məhkəmə qarşı tərəfin dəlillərini qəbul etsə də, mübahisə üzrə onun sübutlarına əhəmiyyət verməmişdir. Necə ola bilər ki, məhkəmə onun sadə yazılı formada tərtib edilmiş borc müqaviləsi əsasında dostu Gəncəlidən 6000 manat məbləğində borc aldığını və boşanmadan sonra mənzili MTK-ya geri qaytarıb həmin 6000 manat, həmçinin iki ay ərzində hər ay 810 manat olmaqla, cəmi 1620 manatı, ümumilikdə 7620 manatı geri aldığını, həmin puldan da 6000 manat pulu dostu Gəncəliyə qaytardığını şübhə altına alır, inandırıcı hesab etmir, lakin Elnarənin təqdim etdiyi şahidin “lotareya oyunlarının” siyahısı əks edilmiş dəftəri sübut kimi qəbul edir? Hansı məqsədlə məhkəmə onun izahatına və dediklərini təsdiq edən sübutlara heç bir məhəl qotmadan yalnız İddiaçı iddia ərizəsində göstərdiyi və məhkəmədə dediyi heç bir əsası olamayan yalan məlumatlar əsasında işin faktiki hallarına və tərəflərin mövcud münasibətlərinə uyğun olamayan əsassız bir qətnamə qəbul etmişdir? İddiaçı ona məxsus qızılların 4000 manata satmasını və bu satışdan əldə etdiyi pulla qeyd edilən mənzilin alınması üçün ilkin ödəniş kimi ödəməsini sübuta yetirə bilməmişdir. ondan niyə məhz 5200 manat tutulması barədə iş materiallarında heç bir sübut yoxdur. Əgər məhkəmə təqdim edilmiş sübutları inandırıcı hesab etsəydi, ondan ən çoxu 3810 manat pulun tutulmasını təmin edə bilərdi. Məhkəmə işin faktiki hallarına uyğun gəlməyən nəticəyə gəldiyindən qətnamə ləğv edilməli, iddia isə tamamilə rədd olunmalıdır. Məhkəmə kollegiyasının iclasında Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil2 apelyasiya şikayətini müdafiə etdilər və onun təmin edilməsini xahiş etdilər. Cavabdeh əlavə etdi ki, ödənilən vəsaitin 6000 manatını dostundan alıb, qalan 1620 manatı isə öz vəsiti ilə aylıq 810 manat ödəniş etməklə ödəmişdir. Ayrıldıqdan sonra mənzili MTK-ya təhvil vermiş və ödədiyi vəsaiti oradan almışdır. Dostuna olan borcunu, yəni 6000 manatı geri qaytarmışdır. Apelyasiya baxışı zamanı iş üzrə iddiaçı İsayeva (Cəfərova) Elnarə Nemət qızı, onun nümayəndəsi və vəkili Vəkil1 apelyasiya şikayətinə etiraz etdilər və onun rədd edilməsini xahiş etdilər. Cavabdeh bildirdi ki, lotereya oynamqla 2000 manat, qızıl-zinət əşyalarını satmaqla 4000 manat pul əldə etmiş və mənzilin alınması üçün ilkin ödəniş etmişdir. Aylıq ödəmələri də özü edib. Cavabdeh isə onun əri statusundan istifadə edərək həmin pulu MTK-dan götürmüş və ona qaytarmamışdır. Himayəsində 2 uşaq olaraq onun bu pula ehtiyacı var. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İşdə olan nizamnamə əsasında fəaliyyət göstərən "xxxx" MTK-nın (VÖEN **********) sədri X3 və Cavabdeh arasında bağlanmış 25.09.2019-cu il tarixli, 59/7 saylı müqavilədən görünür ki, MTK-nın Abşeron rayonu Saray qəsəbəsi, Məhəmməd Əsədov küçəsində inşa etdiyi 7 saylı binanın 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 78 (yetmiş səkkiz) m2 təşkil edən 43 saylı, 2 otaqlı mənzilin alqı-satqısı barədə razılığa gəlmişlər. İş materiallarında olan 25.09.2019-cu il tarixli, 59/7-01 saylı ödəniş qəbzindən görünür ki, X1 Mehman Əhməd oğlundan 25 sentyabr 2019-cu il tarixində 6000 (altı min) manatı 7 saylı binanın 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 78 (yetmiş səkkiz) m2 təşkil edən 43 saylı, 2 otaqlı mənzildən ötrü almış, 25.09.2019-cu il tarixli müqaviləyə əsasən qalıq borcu 46800 (qırx altı min səkkiz yüz) manat təşkil etmişdir. Yenə iş materiallarında olan Cavabdeh tərəfindən "xxxx" MKT-nın sədrinə ünvanlanmış 20.07.2020-ci il tarixli ərizənin surətindən görünür ki, payçısı olduğu mənzilə dair səhhəti ilə və maliyyə imkanının olmaması səbəbindən onunla bağlanmış daxili alışsatış müqaviləsinin ləğv edilərək ödəniş etdiyi pul vəsaitinin geri qaytarılmasını xahiş etmişdir. Yenə də iş materiallarında olan 21.07.2020-ci il tarixli əlyazma qəbzindən görünür ki, Cavabdeh keçmiş payçısı olduğu "xxxx" MTK-nın nəznində yerləşən bina 7, mərtəbə 7, bir otaqlı, 78 m2 , 43 saylı mənzilə görə MTK-nın xəzinəsindən 7620 (yeddi min altı yüz iyirmi) manat almış, həmin gündən etibarən "xxxx" MTK-ya heç bir mənzil və yaxud pul tələbinin olmayacağı bildirmişdir. İşə əlavə edilmiş Sumqayıt Şəhər Məhkəməsinin 26.08.2020-ci il tarixli, 2(060)- 4536/2020 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh İsayeva (Cəfərova) Elnarə Nemət qızına qarşı nikahın ləğvi tələbinə dair iddiası təmin edilərək, Cavabdeh ilə X12 arasında Sumqayıt şəhər nikah evində 05.03.2007-ci il tarixdə bağlanmış, 322 nömrəsi ilə qeydə alınmış nikah pozulmuş, birgə nikahlarından doğulmuş 18.06.2006-cı il təvəllüdlü X17 və 30.09.2010-cu il təvəllüdlü X11 yetkinlik yaşına çatana qədər anaları X5 yanında qalmaları qət edilmiş, 26.08.2020-ci il tarixindən başlayaraq 18.06.2006-cı il təvəllüdlü X9 və 30.09.2010-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında alimentin tutularaq X8 verilməsi qət edilmişdir. Yenə işə əlavə edilmiş 20.09.2019-cu il tarixli borc müqaviləsindən görünür ki, Cavabdeh X4 mənzil almaq məqsədilə maddi yardım kimi 6000 (altı min) manat pul vəsaitini borc olaraq faizsiz 1 il müddətində alınması barədə razılığa gəlmişlər. 25.07.2020-ci il tarixində isə X13 həmin məbləğdə pulu geri alması və bu barədə heç bir şikayət və tələbinin olmaması ilə bağlı əlyazma şəklində müqavilənin arxasında qeydlər aparmışdır. Yenə də işdə olan X7 tərəfindən təqdim edilmiş “lotereya” oynayanların siyahısından müəyyən edilir ki, X12 daxil olmaqla, 10 nəfər şəxs arasında müxtəlif vaxtlarda ödəniş olunmuşdur. MƏHKƏMƏNİN HÜQUQİ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddianın təmin edilməyən hissəsindən apelyasiya şikayəti verilmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-nin 372.6-ci maddəsinin tələblərini, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarını rəhbər tutaraq hesab edir ki, həmin hissədə araşdırma aparılmamalıdır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti qismən təmin edilməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin olunmalıdır. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, tərəflər 05.03.2007-ci ildə nikaha girmişlər və bu nikahdan onların iki uşaqları olmuşdur. Sonradan onların münasibətləri pisləşmişdir və 26.08.2020-ci il tarixli məhkəmə qətnaməsinə əsasən nikahlarına xitam verilmişdir. Tərəflər birgə nikahda olarkən mənzil əldə etmək qərarına gəlmiş və cavabdeh "xxxx" MTK ilə 25.09.2019-cu il tarixli, 59/7 saylı müqavilə bağlamışdır. Bu müqaviləyə əsasən cavabdeh MTK-ya 6000 manat ilkin ödəniş etmiş, MTK-dan mənzili əldə etmişdir. Bundan sonra isə 2 ay hər dəfə 810 manat ödəniş edilmiş və mənzil üçün MTK-ya ümumilikdə 7820 manat vəsait verilmişdir. Sonralar tərəflər arasında münasibətlər pisləşmişdir. Cavabdeh ərizə yazaraq müqavilənin ləğv edilməsini, mənzil üçün MTK-ya ödənilmiş cəmi 7620 manatın ona qaytarılmasını xahiş etmiş, vəsait 21.07.2020-ci il tarixdə ona qaytarılmışdır. İşdən görünür ki, bundan az bir müddət sonra tərəflərin nikahının ləğvi barədə məhkəmə qətnaməsi çıxarılmışdır. Hazırda İddiaçı iddia ərizəsilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən MTK-dan alınmış 7620 manat pulun və mənəvi zərərin əvəzi kimi 10000 manat pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Yenə həmin Məcəllənin 32.2-ci maddəsinin tələblərinə görə ər-arvadın ümumi birgə mülkiyyətinə: onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s. maddə 32.2.1) və ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir (maddə 32.2.2). Ailə Məcəlləsinin 32.3-cü maddəsinə görə isə nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Yenə həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Ailə Məcəlləsinin 36.1 və 36.3-cü maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra həyata keçirilir. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Yuxarıda qeyd edilən normaların tələblərindən də görünür ki, nikah dövründə əldə olunmuş əmlak ər-arvadın ümumi əmlakı hesab olunur və nikah pozulduqdan sonra ümumi əmlak qanunvericiliyin tələbləri nəzərə alınmaqla onlar arasında bərabər paylarda bölünür. İşin tədqiq edilən hallarından görünür ki, mübahisəli pul məbləği tərəflərin birgə nikahı zamanı mənzil əldə edilməsi üçün ödənilmiş və bu vəsaitdə onların bərabər payları vardır. Mübahisəli mənzilə görə cəmi 7620 manat pul ödənilməsi, həmin vəsaitin cavabdeh tərəfindən MTK-dan götürülməsi və həmin vəsaitdən iddiaçıya pul qaytarılmaması işin mübahisəsiz halıdır. Belə olan halda isə məhkəmə kollegiyası hesab edir ki, həmin məbləğ tərəflər arasında bərabər qaydada (3810+3810 manat) bölünməlidir, bu isə iddianın qismən əsaslı olması mənasına gəlir. Mənzil üçün xərclənmiş 7620 manatın sırf iddiaçının və ya cavabdehin vəsaiti hesabına ödənilməsi barədə iş materiallarında müxtəlif sübutlar var (şahid ifadələri, borc müqaviləsi, lotereya məlumatları). Lakin həmin sübutların heç biri əsaslı şübhələrdən kənar olmadığı üçün, həmin sübutları mötəbər və legitim saymaq mümkün deyildir. Məhkəmə kollegiyasının qənaətinə görə Cavabdeh ilə X13 arasında 6000 (altı min) manata dair bağlanmış 20.09.2019-cu il tarixli borc müqaviləsi görünüş üçün bağlandığından əhəmiyyətsiz əqddir. Qeyd edildiyi kimi həmin müqvilənin mötəbərliyi və legitimliyi üçün cavabdeh məhkəməyə heç bir sübut təqdim etməmişdir. İki dost arasında mübahisə zamanı belə bir müqavilənin görünüş üçün bağlanması daha ağlabatandır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il Qərarından ifadə olunmuş mövqeyinə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı (mübahisə edilən əqdlər istisna olmaqla) aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır. Belə ki, Mülki Məcəllənin 337.3-cü maddəsinə görə, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Göründüyü kimi, qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Hazırki mübahisə ilə bağlı məhkəmə kollegiyası hesab edir ki, işin tədqiq olunan faktiki halları həmin vəsaitin məhz birgə nikah zamanı əldə edilməsini, bununla da vəsaitdə tərəflərin bərabər paylarının olmasını təsdiq edir. Ona görə də məhkəmə kollegiyası pul vəsaitinin mənbəyi barədə tərəflərin təqdim etdikləri sübutları mübahisənin həll edilməsi üçün əhəmiyyətsiz hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (bax, Makhmudov v. Russia, No. 35082/04, 26 iyul 2007-ci il, § 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (bax, Gavazov v. Bulgaria, No. 54659/00, 06 mart 2008-ci il, § 93). Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, İddiaçı Cavabdeh ona 3810 manat qaytarmalı olmasını sübut edə bilsə də, iddianın qalan hissəsini, sübutetmə yükü onun üzərinə düşməsinə baxmayaraq, öz dəlillərinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir və əsaslı şübhələrdən kənar hər hansı mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki halda hər iki tərəf müvafiq olaraq həm iddia tələbinin əsası kimi istinad etdiyi halları və həm də apelyasiya şikayətinin dəlillərini qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla qismən sübut edə bilmişlər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən yuxarıda sadalanan normaların tələblərinə tam əməl etməmiş, mübahisəyə səhv normaları tətbiq edərək düzgün nəticəyə gəlməmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən apelyasiya şikayətinin verilməsi üçün Cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti qismən təmin edilsin. Hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3474/2021 saylı, 18 iyun 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddia qismən təmin olunsun. Cavabdeh 3810 manat pul və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat pul tutularaq iddiaçı X19 qızına ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Apelyasiya şikayətinin verilməsi üçün Cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən:Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar