Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-3185/2021 17.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Əliyev Əliağa Vahid oğlunun katibliyi, Kreditor ASC-nin nümayəndəsi X2, Borclu1 nümayəndəsi və vəkili X3 iştirakı ilə, Kreditor ASC-nin borclular Borclu2 və Borclu1 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması barədə ərizəsinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 11 avqust 2021-ci il tarixli, 2(060)-1863/2017 saylı qərardadından Borclu1 tərəfindən verilmiş şikayətə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Kreditor açıq səhmdar cəmiyyəti ərizə ilə məhkəməyə müraciət edərək borclular Borclu2 və Borclu1 oğlundan cəmiyyətin xeyrinə 11532,9 ABŞ dolları əsas və 3437,77 ABŞ dolları faiz borcunun, cəmi 14970,67 ABŞ dolları və ödənilmiş 20 manat dövlət rüsumunun tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 23 yanvar 2017-ci tarixli, 2(060)-1863/2017 saylı məhkəmə əmri ilə Borclu2 və Borclu1 müştərək qaydada Kreditor açıq səhmdar cəmiyyətinin xeyrinə 11532,9 ABŞ dolları əsas və 3437,77 ABŞ dolları faiz borcu, cəmi 14970,67 ABŞ dolları və ödənilmiş 20 manat dövlət rüsumu tutulmuşdur. 18 fevral 2021-ci il tarixdə Borclu1 nümayəndəsi və vəkili X4 ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə əmrinin surətinin rəsmi qaydada onlara göndərilməsini xahiş etmişdir. 25 fevral 2021-ci il tarixdə Borclu1 nümayəndəsi və vəkili X4 məhkəmə əmrinin surətini almışdır. Borclu1 nümayəndəsi və vəkili X4 məhkəmə əmrinə etiraz verərək onun ləğv edilib iddia icraatına keçirilməsini xahiş etmiş, etiraz 26 fevral 2021-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin dəftərxanası tərəfindən qəbul edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 05 mart 2021-ci il tarixli, 2(060)-1863/2017 saylı qərardadı ilə həmin məhkəmnin 23 yanvar 2017-ci il tarixli, 2(060)-1863/2017 saylı əmrindən Borclu1 vəkili və nümayəndəsi X4 tərəfindən verilmiş etiraz geri qaytarılmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 23 yanvar 2017-ci tarixli, 2(060)-1863/2017 saylı məhkəmə əmrinə Borclu1 etirazı 05 aprel 2021- ci il tarixdə rabitə orqanına verilmiş, 08 aprel 2021-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinə daxil olmuş, Sumqayıt Şəhər Məhkəməsinin 12 aprel 2021-ci il tarixli, 2(060)-1863/2017 saylı qərardadı ilə həmin məhkəmənin 23 yanvar 2017-ci il tarixli, 2(060)-1863/2017 saylı əmrindən Borclu1 vermiş olduğu etiraz qanunla nəzərdə tutulmuş müddətdə verilmədiyindən geri qaytarılmışdır. Qərardaddan Borclu1 şikayət vermiş, Sumqayıt Apelyasiya Məhkəməsinin 14 iyun 2021-ci il tarixli, 2(105)-2156/2021 saylı qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 12 aprel 2021-ci il tarixli, 2(060)-1863/2017 saylı qərardadı ləğv edilmiş, məhkəmə əmrinə Borclu1 vermiş olduğu etiraza yenidən baxılması üçün iş həmin məhkəməyə qaytarılmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 11 avqust 2021-ci il tarixli, 2(060)-1863/2017 saylı qərardadı ilə həmin məhkəmənin 23 yanvar 2017-ci il tarixli, 2(060)-1863/2017 saylı əmrindən Borclu1 vermiş olduğu etiraz qanunla nəzərdə tutulmuş müddətdə verilmədiyindən geri qaytarılmışdır. (hakim A.Süleymanova) Qərardaddan yenə də Borclu1 şikayət vermiş, Sumqayıt Şəhər Məhkəməsinin 26 avqust 2021-ci il tarixli, 2(060)-1863/2017 saylı qərardadı ilə şikayət əsassız hesab edilərək baxılması üçün 7 gün müddətində işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ və TƏRƏFLƏRİN İZAHATLARİ : Borclu1 şikayətini bununla əsaslandırmışdır ki, o, məhkəmə əmrinə vaxtında etiraz vermiş, lakin məhkəmə bunun müddətdən sonra edilməsini əsas gətirərək etirazı geri qaytarmışdır. Onun tərəfindən prosessual müddət pozulmadığından qərardad və məhkəmə əmri ləğv edilməli və iş iddia icraatına qəbul edilməlidir. Borclu1 nümayəndəsi və vəkili X4 məhkəmə kollegiyasının iclasında şikayəti müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Kreditor ASC-nin nümayəndəsi X5 isə məhkəmə kollegiyasının iclasında şikayətlə razılaşmadı və onun rədd olunmasını xahiş etdi. Ərizə üzrə digər Borclu2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə həmin şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakim məruzəsini dinləyib, iş materiallarını cavabdehin şikayəti ilə birgə araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 11 avqust 2021-ci il tarixli, 2(060)-1863/2017 saylı qərardadı ləğv edilməli və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün iş materialları həmin məhkəməyə qaytarılmalıdır. İşin tədqiq olunan hallarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 23 yanvar 2017-ci tarixli, 2(060)-1863/2017 saylı məhkəmə əmri tərəflərə göndərilsə də, Borclu1 həmin məhkəmə aktını almasını təsdiq edən sənədlər (poçt xəbərnaməsi və ya zərf) iş materiallarında mövcud deyildir. İş materiallarında görünür ki, məhkəmə əmri Borclu1 tərəfindən 29 mart 2021-ci il tarixdə qəbul edilmişdir (i.v.50). Onun əmrdən verdiyi etiraz isə 02 aprel 2021-ci il tarixdə imzalanmış və 08 aprel 2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi 11 avqust 2021ci il tarixli qərardadla borclunun məhkəmə əmrinə etirazını geri qaytararkən ona əsaslanmışdır ki, borclu məhkəmə əmri üzrə icra sənədi ilə bağlı qəbul edilmiş məhkəmə aktını 05 yanvar 2021-ci il tarixdə mübahisələndirmişdir və deməli əmrdən etiraz verilməsi üçün qanunda nəzərədə tutulmuş prosessual müddəti ötürmüşdür. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanunsuz və əsassız olmaqla, işə əlavə edilmiş sənədlərə uyğun deyildir. İşdən görünür ki, 18 fevral 2021-ci il tarixdə Borclu1 nümayəndəsi və vəkili X4 ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə əmrinin surətinin rəsmi qaydada onlara göndərilməsini xahiş etmiş, 25 fevral 2021-ci il tarixdə o, məhkəmə əmrinin surətini almış, məhkəmə əmrinə etiraz verərək əmrin ləğv edilib iddia icraatına keçirilməsini xahiş etmiş, etiraz 26 fevral 2021-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin dəftərxanası tərəfindən qəbul edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 05 mart 2021-ci il tarixli, 2(060)-1863/2017 saylı qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 23 yanvar 2017-ci il tarixli, 2(060)-1863/2017 saylı əmrindən Borclu1 vəkili və nümayəndəsi X4 tərəfindən verilmiş etiraz geri qaytarılmışdır. Birinci instansiya məhkəməsi Borclu1 vəkili və nümayəndəsi X4 tərəfindən verilmiş etirazı geri qaytararkən etiraza nümayəndənin səlahiyyətlərini qanunla nəzərdə tutulmuş qaydada təsdiq edən sənədlərin (notariat qaydada təsdiq edilmiş etibarnamə, vəkil orderi) əlavə edilməməsinə, etiraza əlavə edilmiş etibarnamənin notariat qaydada təsdiq edilməməsinə, bununla da etirazın onu imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalanmış kimi qəbul edilməsinə əsaslanmışdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi X1 olmaması əsası ilə onun məhkəmə əmrinə etirazını geri qaytarmışdır, halbuki ona eyni etibarnamə ilə həmin məhkəmə aktı təqdim edilmişdir. Birinci instansiya məhkəməsi 12 aprel 2021ci il tarixli, 2(060)-1863/2017 saylı qərardadla Borclu1 məhkəmə əmrinə etirazını geri qaytararkən isə məhkəmə əmrinin borclunun nümayəndəsi tərəfindən 25 fevral 2021-ci il tarixdə qəbul edilməsinə, etirazın qanunla nəzərdə tutulmuş müddətdə verilmədiyinə istinad etmiş, lakin Sumqayıt Şəhər Məhkəməsinin 11 avqust 2021-ci il tarixli, 2(060)-1863/2017 saylı qərardadla onun məhkəmə əmrindən 05 yanvar 2021-ci il tarixdə məlumatlı olmasına əsaslanmışdır. Azərbaycan Respublikası MPM-nin 134.1.5-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxslərə birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktlarını rəsmi qaydada verməlidir. Həmin Məcəllənin 135.1-ci maddəsində göstərilir ki, bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Yenə həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Yenə də həmin Məcəllənin 135.5-ci maddəsinə görə bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6- cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə qanunvericilik heç bir istisna hal müəyyən etmədən iş üzrə məhkəmə aktlarının surətlərinin işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməsini mühüm şərt kimi müəyyən etmişdir. Azərbaycan Respublikası MPM-nin 281.3-cü maddəsinə görə məhkəmə əmri hakim tərəfindən imzalanır və 3 gün müddətində onun surəti təqdimetmə haqqında bildirişlə borcluya təqdim olunur və ya göndərilir. İş materiallarında məhkəmə əmrinin Borclu1 rəsmi qaydada verilməsini təsdiq edən hər hansı bir sənəd yoxdur. “Q.Hüseynovun şikayəti üzrə məhkəməyə müraciət hüququnun pozulmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyun 2007ci il tarixli qərarında qeyd edilmişdir ki, qanunvericilik prosessual müddətin buraxılması dedikdə, qanunla müəyyən edilmiş müddətin buraxılmasını nəzərdə tutur. MPM-də müddətin axımının qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamənin (qərardadın) çıxarıldığı tarixdən deyil, onun təqdim olunduğu (alındığı) andan hesablanmasına dair birbaşa göstəriş nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası MPM-nin 282-ci maddəsinə əsasən borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Həmin Məcəllənin 283-cü maddəsinə əsasən borclunun etirazı prosessual baxımdan iddia ərizəsinə bərabər tutulur. Əgər o, vaxtında verilmişdirsə, hakim əmri ləğv edir və materiallar bu Məcəllə ilə müəyyən edilmiş ümumi müddəalara uyğun olaraq iddia icraatına keçir. Göründüyü kimi, birinci instansiya məhkəməsi məhkəmə əmrinə etiraza baxarkən yuxarıda qeyd edilən halları nəzərə almamış, məhkəmə əmri üzrə icra sənədi ilə bağlı məhkəmə aktından Borclu1 şikayət verməsinə, beləliklə də onun guya məhkəmə aktından həmin tarixdə məlumatlı olmasına əsaslanaraq məhkəmə əmrinə etiraz etmə müddətinin ötürülməsi nəticəsinə gəlmiş, bununla da prosessual hüquq normalarının tələblərini pozmuşdur. Azərbaycan Respublikası MPM-nin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsinin məhkəmənin qərardadını tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası sadalanan halları, şikayətdə göstərilən dəlilləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, iş üzrə məhkəmə qərardadı ləğv edilməli və borclunun məhkəmə əmrinə etirazına yenidən baxılması üçün iş Sumqayıt Şəhər Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 398.0, 398.0.3 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Borclu1 tərəfindən verilmiş şikayət təmin edilsin. İş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 11 avqust 2021-ci il tarixli, 2(060)- 1863/2017 saylı qərardadı ləğv edilsin. Borclu1 məhkəmə əmrinə etirazına yenidən baxılması üçün iş Sumqayıt Şəhər Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-3185/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-3185/2021
17.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver