Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3199/2021 17.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məmmədova Rəxşəndə Elşad qızının katibliyi, İddiaçı oğlunun, Cavabdeh iştirakı ilə, İddiaçı oğlunun Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Şabran Rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli, 2(031)-496/2021 nömrəli qətnaməsindən İddiaçı Cəbrayil oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Şabran Rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakim Ç.İsgəndərov) İddiaçı Cavabdeh qarşı mülki hüquq pozuntusu (delikt) nəticəsində vətəndaşa vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbi barədə iddiasının əsassız olduğundan təmin edilməməsi qət edilmişdir. İddiaçı İddiaçı oğlu qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq Cavabdeh, 495 manat məbləğində vurulan maddi zərərin əvəzi tutulub İddiaçı xeyrinə ödənilməsi, iddia ərizəsi üçün ödənilən 20 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh, 19.04.2021-ci il tarixdə kəndin mal növbəsinə əsasən naxırda olarkən ona məxsus inək düyəsini kodud səhlənkarlıq nəticəsində gözü qarşısında tələf etmişdir. Belə ki, qeyd edilən tarixdə anası Zərifə Həsənova heyvanları naxıra qatmazdan əvvəl təxminən səhər saat 7:00 radələrində malqaranı tövlədən çölə çıxartmış heyvanlar təxminən 1 saat otladıqdan sonra onları təxminən saat 8:00 radələrində cavabdehin qabağında olan naxıra qatmış və heyvanları yaxşı otarmasını ona tapşırmışdır. Cavabdeh də öz növbəsində naxırı mal-qaranı örüş sahəsinə aparmışdır. Beləliklə, heyvanın tələf olduğu gün inək düyəsi sağ-salamat cavabdehə təhvil verilmişdir. Lakin elə həmin günü, yəni 19.04.2021-ci il tarixdə təxminən saat 13:45 radələrində cavabdeh ona zəng edərək bildirmişdir ki, heyvanın ölür və bundan 15 dəqiqə sonra yenidən zəng edərək bildirmişdir ki, bəs düyən öldü. Kənd sakinləri arasında sağlam heyvanın müəmmalı ölümü barədə, başqa sözlə düyənin nədən tələf olması müzakirə edilərkən, həmkəndlisi, Padar kənd sakini bağban işləyən, X2 bildirmişdir ki, bəs sənin heyvanını tələf olduğu gün o, işə gedərkən, düyənin su arxına düşdüyünü görmüşdür. Bundan başqa cavabdehin bildirdiyinə görə heyvan ölərkən ağzından köpük də gəlmişdir. Beləliklə, cavabdeh heyvanın öldüyünü gördüyü halda belə düyəni kəsməyərək, ona kobud ehtiyyatsızlıq üzündən maddi ziyan vurmuşdur. Bununla da yuxarıda qeyd edilənləri, o, cümlədən heyvanın səhər tezdən sağlam halda naxıra qatılmasını, Padar kənd sakini bağban X1 düyənin su arxına düşdüyünü görəsi faktına, heyvanın ağzından köpüyün gəlməsini, heyvanın ölmüş cəsədinin ona göstərməməsini və düyənin öldüyünü gördüyü halda cavabdeh tərəfindən düyənin kəsməməsini (əgər heyvan kəsilsəydi onda onun daxili orqanlarından olan zədədən, habelə cəmdəyində olan qançırlardan müəyyən olunardı ki, heyvana vurulmaq və ya qovulmaq kimi əziyyətlər verilmişdir) əsas tutaraq hesab edir ki, heyvan cavabdehin kobud ehtiyyatsızlığı üzündən tələf olmuşdur. Beləliklə, inək düyəsinin çəkisini 45 kq. və 1 kq.mal ətinin qiymətinin 11 manat olmasını nəzərə alsaq, cavabdeh tərəfindən ona, 45 kq.X-11 manat - 495 manat məbləğində maddi ziyan vurulmuşdur və vurulan ziyanın əvəzi ödənilməlidir. Ona görə ki, yerli adət ənənəyə görə sakinlər mal-qaralarını toplum olaraq bir naxıra qataraq növbə ilə otarırlar. Bu halda naxırçı, növbə ərzində naxırda olan mal-qaranın normal otarılmasını və sahibinə salamat geri qaytarması öhdəliyini üzərinə görürür. Başqa sözlə öhdəlik naxırçının (bu işdə cavabdehin) üzərinə yuxarıda qeyd edilənlərlə yanaşı əsasən heyvanları axşamüstü sağ-salamat örüşdən sahiblərinə qaytarmaq vəzifəsini qoyur. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Şabran Rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozmaqla qəbul olunmuşdur. Məhkəmə qətnamə çıxararkən mülki iş üzrə dəlillərə və sübutlara düzgün qiymət verməmişdir. Qətnamə əsassız, ədalətsiz və qanunsuzdur. Məhkəmə gəldiyi nəticə üçün bütün faktiki halları aydınlaşdırmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini və tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Şabran Rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsini cavabdehin iddiaçıya qarşı təqsirli hərəkəti nəticəsində ona ziyan vurmasının müəyyən edilməməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi bu nəticədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnaməni mübahisələndirmişdir. İşdən görünür ki, iddia tələbi vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi barədədir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (Azərbaycan Respublikası MPM-nin 77.1 və 14.2. maddələri). Azərbaycan Respublikası MPM-nin 106.1. maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekpertlərin rəyləri ilə, yeində müayinə keçirməklə, səs və video yazıları il, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən olunur. (Azərbaycan Respublikası MPM-nin 76.1, 76.2-ci maddələri) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Mahmudovun Rusiyaya qarşı iş üzrə» 26 iyul 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti, incumbit probalion» (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Göründüyü kimi, öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmə öhdəliyi daşıyan iddiaçı cavabdehin təqsirli hərəkəti nəticəsində ona ziyan vurulması barədə heç bir tutarlı sübut təqdim etməmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd etməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Şabran Rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 402.1. maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, hazırkı iş üzrə iddia tələbi 5000 manatdan az olduğundan, qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından bu iş üzrə məhkəmə aktından kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Şabran Rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-3199/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3199/2021
17.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver