Məhkəmə qərarları › İş №2(105)-320/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-320/2024

17.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-320/2024 17.01.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X10 və X1 ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsinin ləğv edilməsi, kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-5523/2023 nömrəli, 23 oktyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim G.Tağızadə) iddianın təmin edilməsi, iddiaçı "xxxx" ASC ilə X5 arasında bağlanmış xx.xx.2011-ci il tarixli №541AİF saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh xx.xx.2023-cü il tarixinə hesablanmış və ödənilməmiş 582 (beş yüz səksən iki) manat 83 (səksən üç) qəpik əsas borc, 69 (altmış doqquz) manat 50 (əlli) qəpik faiz borcunun və iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat 40 (qırx) qəpik dövlət rüsumu olmaqla ümumilikdə 682 (altı yüz səksən iki) manat 73 (yetmiş üç) qəpik tutularaq Bank "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “"xxxx" ASC ilə X5 arasında bağlanmış 08 iyul 2011-ci il tarixli N 541AİF saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn xx.xx.2023-cü il tarixinə hesablanmış və ödənilməmiş 582.83 manat əsas borcun, 69.50 manat faiz borcunun və iddia qaldırılması üçün ödənilmiş 30.40 manat dövlət rüsumu olmaqla ümumilikdə 682.73 manat pulun Cavabdeh tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə X5 arasında bağlanmış 08 iyul 2011-ci il tarixli 541AİF saylı kredit müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə Sumqayıt şəhəri, 5-ci məhəllə, ev 13/34 saylı evin 10 saylı mənzilin alınması məqsədi ilə 300 ay müddətinə illik 8 faiz ödəmək şərti ilə 28000 manat məbləğində, aylıq əsasla qaytarılmaq şərti ilə kredit verilmişdir. Kreditin təminatı qismində X5 xx.xx.2011-ci il tarixdə "xxxx" ASC ilə və satıcı X3 yaşayış sahəsinin alqı-satqı və ipoteka müqaviləsinin elementlərini özündə birləşdirən qarışıq müqavilə bağlamışdırlar. Alqı-satqı və ipoteka müqaviləsinin 1- ci bəndinə əsasən satıcı, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 25 iyun 2011-ci il tarixli 14/3683 saylı arayışa əsasən yaşayış sahəsi 44.4 m2, Sumqayıt şəhəri, 5-ci məhəllə, ev 13/34 saylı evin 10 saylı mənzilini Alıcı-İpoteka qoyanın mülkiyyətinə vermişdir. Satılan mənzil Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Sumqayıt Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 08 dekabr 2010-cu il tarixli çıxarışa (seriya MA №0134180) əsasən satıcıya məxsusdur. Mənzilin satış qiyməti 36 000 manatdır, mənzilin dəyərinin 8000 manatı Alıcı-İpotekaya qoyanın özü tərəfindən, 28000 manatı isə Kreditor-İpoteka saxlayan tərəfindən 08 iyul 2011-ci il tarixli 541AİF saylı kredit müqaviləsinə əsasən Alıcı- İpoteka qoyana verilmiş kredit vəsaiti hesabına ödənilir. Kreditin məbləği 28000 manat, kreditin qaytarılma tarixi 541AİF saylı kredit müqaviləsinə uyğun olaraq vasaitlərin Alıcı- İpoteka qoyana faktiki təqdim etdiyi tarixdən 25 il müddətinə 08 iyul 20366-cı il tarixinədək, kredit üzrə illik faiz dərəcəsi 8%, kredit üzrə əsas borc və faizlər növbəti ayın 5-dən aylıq 216.11 manat məbləğində bərabər hissələrlə ödənilməsi nəzərdə tutulmuşdur. “Real Prays” qiymətləndirmə şirkətinin, 02 iyun 2011-ci il Bakı şəhərində tərtib edilmiş daşınmaz əmlakın qiymətləndirmə aktına əsasən ipoteka predmetinin bazar qiyməti 36000 manat dəyərində qiymətləndirilir. Cavabdeh kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətlərini dəfələrlə ötürmüş və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək gecikməyə səbəb olmuşdur. Nəticədə iddiaçı məhkəməyə müraciət etməyə məcbur olmuşdur. AR DİN BPQMİ-nin MAPS şöbəsindən əladə edilmiş məlumata əsasən borclunun vəfat etdiyi məlum olmuşdur. Bununla da elektron məlumat sistemindən götürülmüş məlumata əsasən “1 Saylı Sumqayıt Regional Asan Xidmət Mərkəzi”-ndə vərəsəlik işinin açılması müəyyən edilmişdir. Tərəflərindən verilmiş 14 iyul 2023-cü il tarixli AİD-2790/2023 saylı sorğularına cavab olaraq “1 Saylı Sumqayıt Regional Asan Xidmət Mərkəzi”-ndə fəaliyyət göstərən Notraiat ofisinin 18 iyul tarixli N-1685 saylı cavabında bildirilmişdir ki, 27 sentyabr 2021-ci il tarixdə vəfat etmiş X2 miras qalmış əmlak üzrə X9 və Cavabdeh “vərəslik hüququ haqqında” şəhadətnamə verilmişdir. Həmin şəhadətnamələrin surətləri banka təqdim edilmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixinə hesablanmış və ödənilməmiş əsas borcunun məbləği 582.83 manat, faiz borcu 69.50 manat təşkil edir. Beləliklə cavabdehin xx.xx.2023-cü il tarixinə ümumi borcu 652.33 manat təşkil edir. 22 iyul 2016-cı il tarixdə Maliyyə Bazarlarına Nəzarət Palatasının müvafiq qərarına əsasən "xxxx" ASC-nin bank fəaliyyətinə dair lisenziyası ləğv edilmişdir. Azərbaycan İpoteka Fondu ASC ilə Bank "xxxx" ASC arasında imzalanmış 23 may 2011-ci il tarixli, 31 saylı xidmət müqaviləsinə əlavə olaraq 25 iyul 2016-cı il tarixli, 31-2507/16 saylı ipoteka kreditlərinin reyestrinə əsasən xidmət olunması üçün "xxxx" ASC-nin Azərbaycan İpoteka Fondu ASC xətti ilə verilmiş bütün ipoteka kreditləri Bank "xxxx" ASCyə təhkim edilmişdir. Bu barədə, cavabdehə dəfələrlə şifahi, yazılı və KİV hesabına məlumat verilmişdir. xx.xx.2010-cu il tarixli DYB-İP 000633 №-li ipoteka kağızına əsasən cavabdehə qarşı AR İpoteka və Kredit Zəmanət Fondunun tələb hüququ inodossament yolu ilə Bank "xxxx" ASC-yə verilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddiaçı Bank "xxxx" ASC-nin ona qarşı kredit müqaviləsinin ləğvi və kredit müqaviləsi üzrə borcun ödənilməsi barədə iddia tələbinin "xxxx" sığorta ASC-yə qarşı yönəldilməsi barədə yeni qətnamə edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli məhkəmə qətnaməsini əsassız və ədalətsiz hesab edir. Belə ki, mərhum oğlu X6 ipoteka kreditini götürən zaman həmin kredit məbləği "xxxx" Sığorta ASC-də sığortalanmış idi. Oğlunun vəfatından sonra "xxxx" Sığorta ASC həmin ipoteka borcunu bağlamış, lakin oğlunun vəfatından sonra yaranmış iki aylıq kredit borcunu isə bağlamamışdır. Bu səbəbdən də həmin qalıq borcun üzərinə əlavə faiz borcu da gəlmişdir ki, hazırda bu borcun ödənilməsini ondan tələb edirlər. Məhkəmə kollegiyasının diqqətinə çatdırmaq istəyir ki, oğlu X4 vəfatından iki ay sonra poçt vasitəsi ilə ünvanına 432,22 manat məbləğində aylıq ipoteka borcu gəlmişdir. Bununla əlaqədar Bank "xxxx" ASC-yə ərizə ilə müraciət etmiş, lakin ondan vərəsəlik hüququ haqqında şəhadətnamə tələb etmişlər. Həmin vaxt vərəsəlik hüququ haqqında şəhadətnaməni təqdim edə bilmədiyinə görə həmin iki aylıq borc məbləği silinməmiş və hazırda 682,73 manat təşkil edir. Hesab edir ki, hazırki iddia tələbi "xxxx" Sığorta ASC-yə qarşı yönəldilməli və 682,73 manat məbləğində qalıq borcun ödənilməsi "xxxx" Sığorta ASC-dən tələb edilməlidir. Hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qərar qəbul edərkən işin faktiki hallarını tam, ətraflı və obyektiv araşdırmadan ədalətsiz qərar qəbul etmiş, yuxarıda göstərilən maddi normaları düzgün təfsir etməmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə iddiaçıya məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2. maddəsinə əsasən iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və cavabdehin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İddia tələbini təmin edən birinci instansiya məhkəməsi tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranması, iddiaçının üzərinə götürdüyü öhdəliyi yerinə yetirməsi, yəni müqavilələrdə nəzərdə tutulan pul vəsaitini cavabdehə verməsi, lakin cavabdehin vəfatından sonra vərəsəsinin müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməməsi ilə əsaslandırmış, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticədən narazı qalan cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etsə də, apellyasiya şikayətinin məzmunundan görünür ki, sonuncu iddia tələbi üzrə tutlmalı məbləğin cavabdehdən deyil, "xxxx" Sığorta ASC-yə yönəldilməli olduğunu bildirir. Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplər təsbit edilmişdir. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanmaqla, bütün mülki mühakimə icraatının, o cümlədən apellyasiya icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsiplərində öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında göstərilən prinsiplərin mahiyyətini açıqlayaraq, bu prinsiplər baxımından apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərinə dair öz mövqeyini ifadə etmişdir (Konstitusiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı). “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşdən görünür ki, iddia tələbi kredit müqaviləsinin ləğv edilməsi, kredit müqaviləsi üzrə borcun ödənilməsi barədədir. İşin mübahisə olunmayan halı isə ondan ibarətdir ki, "xxxx" ASC ilə X5 arasında 08 iyul 2011-ci il tarixli 541AİF saylı kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən bank tərəfindən cavabdehə Sumqayıt şəhəri, 5-ci məhəllə, 13/34 saylı evin 10 saylı mənzilin alınması məqsədi ilə 300 ay müddətinə illik 8 faiz ödəmək şərti ilə 28000 manat məbləğində, aylıq əsasla qaytarılmaq şərti ilə kredit verilmiş, kreditin təminatı qismində X5 xx.xx.2011-ci il tarixdə "xxxx" ASC ilə və satıcı X3 yaşayış sahəsinin alqı-satqı və ipoteka müqaviləsinin elementlərini özündə birləşdirən qarışıq müqavilə bağlamışdır. X5 27 sentyabr 2021-ci il tarixdə vəfat etmişdir. Baxılan iş üzrə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 739-cu maddəsi təşkil edir. Həmin maddənin dispozisiya şərtlərinə görə bu cür iddiaların təmin olunması üçün tərəflər arasında etibarlı borc (kredit) müqaviləsi bağlanmış olmalı, müqavilə üzrə Bankın öhdəliyini yerinə yetirdiyi – müəyyən olunmuş məbləği cavabdehə verdiyi sübuta yetirilməlidir. Bu cür tələblər üzrə pulun borcluya verildiyini sübut etmək yükü Bankın üzərindədir. Bank həmin halı sübut etmək yükündən o vaxt azad edilə bilər ki, cavabdeh kredit müqaviləsi üzrə müəyyən edilən pulun ona verildiyini mübahisələndirməsin. Eyni zamanda mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmədiyindən Mülki Məcəllənin 739, 385.1, 442-ci maddələrinin tələbinə uyğun olaraq iddiaçı tələb olunan məbləği cavabdehin vərəsəsindən tələb etməkdə haqlı olmuş və məhkəmədə bu iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli və qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 402.1. maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, hazırkı iş üzrə borcun məbləği 5000 manatdan az olduğundan, qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından bu iş üzrə məhkəmə aktından kassasiya şikayəti verilə bilməz. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏTETDİ Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar