Məhkəmə qərarları › İş №2(105)-3200/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3200/2021

22.10.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3200/2021 22.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Əliyev Əliağa Vahid oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1868/2021 saylı, 27 iyul 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1868/2021 saylı, 27 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, həmin məhkəmənin 25.12.2012-ci il tarixli 2(067)-1979/2012 saylı qətnaməsinə əsasən Cavabdeh 27.07.2009-cu il təvəllüdlü X2 saxlanılması üçün müəyyən olunmuş alimentin məbləği dəyişdirilmiş, 27.07.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün bu qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində alimentin tutulması qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. (hakim İ.Xəlilov) Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1868/2021 saylı, 27 iyul 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbi ilə məhkəməyə müraciət edərək, övladı 27.07.2009-cu ildə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Xaçmaz Rayon Məhkəməsinin 25.12.2012-ci il tarixli, 2(067)-1979/2012 saylı qətnaməsi ilə təyin edilmiş hər ay cəmi 70 manat sabit pul məbləğində alimentin miqdarının artırılaraq, 200 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlə nikaha girmişdir və bu nikahdan onların 27.07.2009-cu ildə X3 adlı uşaqları doğulmuşdur. Xaçmaz Rayon Məhkəməsinin 25.12.2012-ci il tarixli, 2(067)-1979/2012 saylı qətnaməsi ilə birgə nikahdan doğulmuş Qriqoriy adlı uşağın saxlanılması üçün Cavabdeh onun xeyrinə hər ay 70 manat sabit məbləğdə alimentin tutulması qət edilmişdir. Hazırda uşağın 12 yaşı var. Qət edilmiş 70 manat aliment məbləği uşağın heç bir tələbatının ödənilməsinə yetmir. Uşağı orta məktəbdə təhsil alır, o özü isə xəstədir, hazırda müalicə alır və ona görə də heç yerdə işləmir. Cavabdeh uşağı ilə ümumiyyətlə maraqlanmır, alimenti vatlı-vaxtında ödəmir. Uşağın bütün qayğısını və ehtiyaclarını özü çəkir. Bu da bir qadın olaraq onun üçün çox çətindir. Ona görə alimentin məbləğinin artırılaraq 200 manat müəyyən edilməsi üçün məhkəməyə müraciət etmişdir. Yuxarıda qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsassızdır. Belə ki, onun Qriqoridən başqa, digər övladı da var. Onun üçün isə hər ay 110 manat aliment ödəyir. Əslində onun maddi vəziyyəti daha da pisləşmişdir. O, işləmədən bu miqdarda alimenti ödəməkdə çətinlik çəkir. Qoca valideynləri yataq xəstələridir və kənd təsərrüfatı fəaliyyətilə məşğul olaraq onların maddi tələbatlarını güclə ödəməkdədir. Belə bir vəziyyətdə iddia tələbinin əsassızlığı göz qabağındadır və iddia təmin edilə bilməz. Göstərilənlərə əsasən qətnamə ləğv edilməlidir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. O, bildirdi ki, hazırda Nərəcan kəndində yaşayır və 0,25 ha torpaq sahəsindən istifadə etməklə gəlir əldə edir. İddiaçıya maksimum hər ay 110 manat aliment verə bilər. Apelyasiya baxışı zamanı İddiaçı apelyasiya şikayətinə etiraz edib qətnamənin qüvvədə saxlanmasını xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Birinci instansiya məhkəməsi işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan AZ-İ 000627 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı ilə Cavabdeh birgə nikahlarından 27.07.2009-cu il təvəllüdlü X3 anadan olmuşdur. Yenə iş materiallarında olan Xaçmaz RİH MKİS-nin 17.06.2021-ci il tarixli arayışından görünür ki, İddiaçı ünvan 1 ünvanında yaşayır və 2009-cu il təvəllüdlü övladı X1 himayəsindədir. Yenə də iş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin 25.12.2012-ci il tarixli, 2(067)-1979/2012 saylı icra vərəqəsinin surətindən görünür ki, 27.07.2009-cu il təvəllüdlü X2 saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 70 manat sabit məbləğdə alimentin tutulması qət edilmişdir. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən, apelyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1868/2021 saylı, 27 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh nikah münasibətlərindən 27.07.2009-cu il tarixdə Qriqoriy adlı uşaq olmuşdur. Xaçmaz Rayon Məhkəməsinin 25.12.2012-ci il tarixli, 2(067)-1979/2012 saylı qətnaməsi ilə birgə nikahdan doğulmuş Qriqoriy adlı uşağın saxlanılması üçün Cavabdeh onun xeyrinə hər ay 70 manat sabit məbləğdə alimentin tutulması qət edilmişdir. Hazırda isə İddiaçı iddia qaldıraraq bu məbləğin 200 manat məbləğində artırılmasını xahiş etmiş, məhkəmə isə bu iddianı qismən təmin edərək tutulacaq alimentin məbləğini 150 manat müəyyən etmiş, cavabdeh isə bu nəticə ilə razılamayaraq qətnamədən şikayət vermiş, başqa uşağına da aliment ödəməsini və maddi vəziyyətinin pis olmasını nəzərə alıb hazırkı iddianın rədd edilməsini xahiş etmişdir. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinini İİ-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İİİ hissəsinə görə analıq, atalıq, uşaqlıq qanunla qorunur. Həmin maddənin İV hissəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 3.0.4-cü maddəsinə əsasən ana və uşaqların mənafeyinin hərtərəfli müdafiəsini və hər bir uşağın xoşbəxt həyatının təmin edilməsi ailə qanunvericiliyinin ümdə vəzifələri kimi qeyd edilmişdir. Həmin Məcəllənin 76.2-ci maddəsinə görə isə bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinin tələblərinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Yenə həmin Məcəllənin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. İstinad olunan normaların əsas dispozitiv şərtindən göründüyü kimi, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla müəyyən edilir. Eləcə də məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, alimentin müəyyən olunmuş miqdarının dəyişməsi üçün zəruri şərt tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmasıdır. Bununla yanaşı məhkəmə kollegiyası nəzərə alır ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, geyim, qida, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericilklə maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir, çünki valideynlərin hər biri uşaqların maddi ehtiyaclarını birgə ödəməlidirlər. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” AR Qanununa əsasən 2021-ci il üzrə ölkədə yaşayış minimumu uşaqlar üçün 175 manat təşkil etmişdir. Hazırki halda işin tədqiq olunan faktiki hallarından məlum olur ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, cavabdehin maddi vəziyyətində dəyişiklik olmamışdır. Bununla belə, uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumu 2012-ci ilə nisbətən 2021-ci ildə artmışdır. Onun başqa nikahdan olan uşağına aliment ödəməsi və ya maddi vəziyyətinin pis olması isə azyaşlı Qriqorinin normal təminatına əngəl ola bilməz. Hazırkı şəraitdə uşaq üçün hər ay 70 manat məbləğində aliment qəbuledilməzdir və azyaşlı Qriqorinin hüquqlarının kobud şəkildə pozulması mənasına gəlir. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin hər ay ümumilikdə 150 manat alimenti ödəmək imkanının olmaması barədə məhkəməyə mötəbər sübut növü təqdim etmədiyindən tələbin həmin məbləğdə təmin edilməsi qanuni və əsaslıdır. Buna görə də, alimentin miqdarının bu həddə artırılması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğundur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikasının MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında dəyişdirilmədən saxlanması, apelyasiya şikayətinin isə təmin edilməməsi üçün əsasdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119cu maddəsinə əsasən apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumu cavabdehin özünə aid edilməlidir. Yenə həmin Məcəllənin (həmin vaxt qüvvədə olmuş) 404-1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə iddianın qiyməti iki min manatdan az olduğu üçün ondan kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 393, 402 və 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1868/2021 saylı, 27 iyul 2021ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 manat məbləğində dövlət rüsumu Cavabdeh özünə aid edilsin. Qətnamə dərhal qüvvəyə minir, ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar