Məhkəmə qərarları › İş №2(105)-321/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-321/2021

15.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-321/2021 15.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Elman Gülbaba oğlu Rəhimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçı ASC-nin nümayəndəsi X5, Cavabdeh1, nümayəndəsi və vəkili X1 iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin 04 iyul 2019-cu il tarixli, 2(060)-131\2019 saylı qətnaməsindən İddiaçı ASC-nin verdiyi apelyasiya şikayəti üzrə işə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin 04 iyul 2019-cu il tarixli, 2(060)-131/2019 saylı qətnaməsi ilə (hakim R.N.Qoşqarlı) İddiaçı ASC-nin cavabdehlər X9, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 Əskər qızı və Cavabdeh7 Əskər oğluna qarşı kredit müqavailəsi üzrə borc tələbi və borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdehlər X9 və Cavabdeh2 müştərək qaydada 05 iyun 2014-cü il tarixli, 119332-1 - 9845/2 saylı kredit müqaviləsinə əsasən 120941 (bir yüz iyirmi min doqquz yüz qırx bir) ABŞ dolları məbləğində əsas borcun, 15963 (on beş min doqquz yüz altmış üç) ABŞ dolları 49 sent məbləğində faiz borcunun, 619 (altı yüz on doqquz) ABŞ dolları 70 sent cərimə üzrə borcun, ümumilikdə 137524 (bir yüz otuz yeddi min beş yüz iyirmi dörd) ABŞ dolları 19 sent məbləğində borcun ödəniləcək günə manat ilə məzənnəsi hesablanmaqla, məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, həmçinin ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun alınaraq "xxxx" ASC-yə ödənilməsi, tutmanın X4 mülkiyyətində olan Sumqayıt şəhəri, Corat qəsəbəsi, məhəllə 1 ünvanında yerləşən 56 saylı fərdi yaşayış evinə yönəldilməsi, Sumqayıt şəhəri, Corat qəsəbəsi, məhəllə 1 ünvanında yerləşən 56 saylı fərdi yaşayış evinin ilkin satış qiymətinin 360.000 (üç yüz altmış min) manat müəyyən edilməsi, fərdi yaşayış evinin açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılması, evin satışından əldə olunan cəmi 137524 (bir yüz otuz yeddi min beş yüz iyirmi dörd) ABŞ dollaı sent məbləğində borcun "xxxx" (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi və borc ödənildikdən sonra artıq qalan məbləğin X6 qaytarılması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. İddiaçı "xxxx" (Azərbaycan)» ASC apelyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-131/2019 saylı, 04 iyul 2019-cu il tarixli qətnaməsində dəyişiklik edilərək, "xxxx" (Azərbaycan) ASC-nin iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 18.11.2019-cu il tarixli, 2(105)-3611/2019 nömrəli qətnaməsi ilə İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Sumqayıt Şəhər Məhkəməsinin 04.07.2019-cu il tarixli, 2(060)-131/2019 nömrəli qətnaməsinin qismən, ipoteka predmeti olan əmlaka tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra cavabdehlərin həmin əmlakdan çıxarılmasının təmin edilməməsi hissəsində ləğv edilməsi, iddianın həmin hissədə təmin edilməsi, ipoteka predmeti olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra X9, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 həmin evdən çıxarılması, boşaldılaraq iddiaçıya təhvil verilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanması qət edilmişdir. İddiaçı ASC iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 18.11.2019-cu il tarixli qətnaməsindən kasasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 25 avqust 2020-ci il tarixli qərarı ilə İddiaçı ASC tərəfindən verilmiş kasasiya şikayəti qismən təmin edilib, iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 18.11.2019-cu il tarixli, 2(105)- 3611/2019 nömrəli qətnaməsi ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilmiş və həmin hissədə iş yeni apelyasiya baxışına qaytarılmışır. İŞİN HALLARİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 05 iyun 2014-cü il tarixli, 119332-1-9845/2 saylı kredit müqaviləsinə əsasən 28 fevral 2017-ci il tarixə Banka borclu olduğu 120941 (bir yüz iyirmi min doqquz yüz qırx bir) ABŞ dolları məbləğində əsas borcun, 15963 (on beş min doqquz üz altmış üç) ABŞ dolları 49 sent məbləğində faiz borcu, 6197 (altı min yüz doxsan eddi) ABŞ dolları cərimə üzrə borcu, ümumilikdə 143101 (bir yüz qırx üç min yüz bir) ABŞ dolları 49 sent pul məbləğinin (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə), eləcə də 30 (otuz) manat məhkəmə üçün və 30 (otuz) manat ipotekanın qeydə alınması üçün ödənilmiş, cəmi 60 (altmış) manat məbləğində dövlət tısumunun müştərək qaydada X3 və Cavabdeh2 "xxxx" (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, Bank qarşısında ipoteka ilə yüklü edilmiş ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 227.11 kv.m, yaşayış sahəsi 132.04 kv.m olan 5 otaqlı, 2 mərtəbəli fərdi yaşayış evinin ilkin satış qiymətini 80000 səksən min) manat məbləğində müəyyən etməklə cavabdehlərdən tutulmalı olan məbləğin həmin fərdi yaşayış evinə yönəldilməsinə, həmin əmlakın açıq hərracdan satılmasına və satışdan əldə edilən vəsaitin "xxxx" (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, daşınmaz əmlaklara tutma yönəldikdən və satıldıqdan sonra ipoteka qoyan X9 və onunla birlikdə yaşayan ailə üzvləri Cavabdeh3, X8, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən ən gec bir ay ərzində tərk etmədikdə və yaşayış sahələrindən çıxmadıqda həmin şəxslərin mənzildən məcburi qaydada çıxarılmalarına və mənzillərin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: İddiaçı ASC apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 04 iyul 2019-cu il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normaları pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-131/2019 saylı, 04 iyul 2019-cu il tarixli qətnaməsində dəyişiklik edərək İddiaçı ASC-nin iddia tələblərinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı ASC-nin nümayəndəsi A.Ə.Məmmədov apelyasiya şikayətini müdafiə edib təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1, nümayəndəsi və vəkili X7 apelyasiya şikayətinə etiraz edib, rədd edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada digər cavabdehlərə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən digər cavabdehlərin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının qərarı ilə Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 18.11.2019-cu il tarixli, 2(105)-3611/2019 nömrəli qətnaməsi ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilmiş və həmin hissədə iş yeni apelyasiya baxışına qaytarılmış, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsi yalnız mübahisələndirilən ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində yoxlanılır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti qismən təmin edilib,birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. Belə ki, iş materialları ilə müəyyən olur ki, Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti ilə X9 arasında bağlanmış 20.11.2013-cü il tarixli, 119332-1-9845 saylı “Baş Kredit razılaşması” əsasında “Bank” “Kredit alan”a 20 noyabr 2023-cü il tarixədək 500000 (beş yüz min) ABŞ dolları məbləğində kedit xətti açmışdır. 05.06.2014-cü il tarixli, 119332-1-9845/2 saylı "xxxx"ndən görünür ki, Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti tərəfindən X6 illik 18 (on səkkiz) faiz hesablanması şərti ilə 60 (altmış) ay müddətinə 140000 (yüz qırx min) ABŞ dolları məbləğində kredit verilmişdir. 05.06.2014-cü il tarixli, 119332-1-9845/2 saylı "xxxx"nə dəyişiklik və əlavələr edilməsi barədə 12 fevral 2016-cı il tarixli 01 saylı Razılaşmanın 1-ci bəndinə əsasən kredit alanın banka 12 fevral 2016-cı il tarixə mövcud olan borcu kapitallaşdırılaraq 120941 ABŞ dolları məbləğdə müəyyən edilir. Bu Razılaşmanın 2-ci bəndinə əsasən hazırki Razılaşmanın imzalandığı tarixdən kredit alan kredit məbləğini kredit müqaviləsi ilə müəyyən olunan şərtlərlə və qaydada 40 ay müddəti ərzində istifadə etməyi və 05.06.2019-cu il tarixədək qaytarmağı və kreditdən istifadəyə görə banka illik 16 faiz ödəməyi öhdəsinə götürür. Kredit alanın 12 fevral 2016-cı il tarixinə kapitallaşdırılmış kredit məbləğindən əlavə 597,50 ABŞ dolları məbləğində cərimə borcu mövcuddur. 3-cü bəndə əsasən bu razılaşmanın tərkib hissəsi sayılan və imzalandığı tarixdən, 05.06.2014-cü il tarixli 119332-1-9845/2 №li “Kommersiya kredit müqaviləsi üzrə imzalanmış əlavə 1 qüvvədən düşmüş hesab edilsin və həmin kredit müqaviləsinin mətni üzrə əlavə yeni əlavə ilə əvəz olunmuşdur. Razılaşmanın 05.06.2014-cü il tarixli, '9332-1-9845/2 saylı "xxxx"nin 2.1 və 2.3-cü bəndləri qüvvədən düşmüş hesab edilmişdir. 20.11.2013-cü il tarixli, N-119332-NDEVİJ-1989 saylı “Daşınmaz Amlak İpoteka Müqaviləsi”ndən görünür ki, Kredit müqaviləsinin təminatı olaraq Bank VTB Azərbaycan) ASC ilə X9 arasında 20.11.2013-cü il tarixdə, 119332- DEVİJ-1989 №İi daşınmaz əmlakın ipoteka müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsinin 3.1-ci bəndinə əsasən ipotekanın predmeti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 21.06.2006-cı il tarixli, MH N- 00000809 seriyalı, reyestr nömrəsi-**********50, Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən “Çıxarış”a əsasən ipoteka qoyana xüsusi mülkiyyət hüququ ilə məxsus olan Sumqayıt şəhəri, Corat qəsəbəsi, 1-ci məhəllədə istifadədə olan 0.06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 132,04 kv.m yaşayış, 95,07 kv.m köməkçi sahədən ibarət 56 nömrəli fərdi yaşayış evidir. Müqavilənin 3.5-ci bəndinə əsasənipotekanın predmetinin bazar dəyəri 211465 ABŞ dolları məbləğində qiymətləndirilmişdir. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən bu müqavilə üzrə ipoteka ilə təmin edilən öhdəlik bankla s qoyan arasında bağlanmış 20.11.2013-cü il tarixli 119332- 1-9845 №li “Baş Kredit razılaşması””ndan əmələ gələn mövcud, həm də bankla ipoteka qoyan arasında mövcud olan kredit müqaviləsinə dəyişikliklər edilməsi barədə razılaşmalardan irəli gələn bankın ipoteka qoyana qarşı qanunvericiliklə müəyyən edilən bütün tələblərdir. İş materiallarında olan 20.11.2013-cü il tarixli, 119331-7-6142 saylı "xxxx"ndən görünür ki, Bank VTB (Azərbaycan) ASC ilə Cavabdeh2 (zamin) arasında bağlanmış 20 noyabr 2013-cü il tarixli, 119332-1-9845 saylı Baş kredit Razılaşmasının təminatı kimi 20 noyabr 2013-cü il tarixli, 119331-7-6142 saylı zaminlik müqaviləsi bağlanmışdır. Müqavilənin 2.1-ci bəndinə görə zamin bu müqaviləyə əsasən bank qarşısında kredit müqaviləsi və ödəniləcək bütün əlavələrdən irəli gələn öhdəliklərin, o cümlədən borcalanın alınmış kreditin və ona hesablanmış faizlərin ödənilməsi öhdəliyinin tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə Müqavilənin 2.5-ci bəndinə görə zamin borcalan bu müqavilə ilə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə borcalan ilə bank qarşısında birgə məsuliyyət daşımağı öhdələrinə götürür. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, X6 məxsus Sumqayıt şəhəri, Corat qəsəbəsi, Məhəllə 1, 56 ünvanda xüsusi mülkiyyətdə olan ümumi sahəsi 227,11 kv.m-dən ibarət fərdi yaşayış evi Bank VTB (Azərbaycan) ASC-də 20.11.2013-cü ildən 120 aya ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin 17.07.2017-ci il tarixli qiymətləndirmə hesabatından görünür ki, Cavabdeh1 məxsus Sumqayıt şəhəri, Corat qəsəbəsi, 1-ci məhəllə, ev 56 ünvanında yerləşən fərdi yaşayış evinin müqayisəli satış metodundan istifadə etməklə aparılmış hesablamaların nəticəsinə uyğun olaraq 17 iyul 2017-ci il tarixinə bazar dəyəri 350000 (üç yüz əlli min) manat həcmində müəyyən edilmişdir. “S-Əmlak” Qiymətləndirmə ekspert mərkəzinin 18.06.2019-cu il tarixli qiymətləndirmə hesabatından görünür ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 1-ci məhəllədə istifadədə olan 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 132,04 kv.m yaşayış, 95,07 kv.m köməkçi sahədən ibarət 56 nömrəli fərdi yaşayış evinin bazar dəyəri 360000 (üç yüz altmış min) manat həcmində müəyyən edilmişdir. "xxxx" MMC-nin 03.03.2021-ci il tarixli qiymətləndirmə hesabatından görünür ki, Cavabdeh1 məxsus Sumqayıt şəhəri, Corat qəsəbəsi, 1-ci məhəllə, ev 56 ünvanında yerləşən fərdi yaşayış evinin müqayisəli satış metodundan istifadə etməklə aparılmış hesablamaların nəticəsinə uyğun olaraq 03 mart 2021-ci il tarixinə bazar dəyəri 290.000 (iki yüz doxsan min) manat həcmində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 296.1-ci maddəsinə əsasən girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icranı təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipotekasaxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanunun 34.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması əsasdır. Həmin Qanunun 39.1-ci maddəsinə əsasən ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 39.3, 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Qanunun məzmunundan göründüyü kimi ipoteka predmetinin qiymətləndirilməsi mübahisəyə məhkəmədə baxılan vaxta münasibətdə müəyyən edilməlidir. «İpoteka haqqında» Qanunun 39.3.3-cü maddəsində «ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında» ifadəsi mübahisəyə baxılan anda razılaşmanın olmasını nəzərdə tutur. Məhkəmə ipoteka qoyanla ipoteka saxlayanın ilkin satış qiyməti barədə razılığının olub-olmamasını araşdırır, əgər belə bir qiymətləndirici vasitəsi ilə ilkin satış qiymətini müəyyən edir. Bu hal ona görə nəzərdə tutulmuşdur ki, ipoteka müqaviləsinin bağlanmasında keçən müddət ərzində ipoteka predmetinin qiymətində dəyişikliklər baş verə bilər. Həmin Qanunun 39.3.3-cü maddəsinin məzmunundan göründüyü kimi razılaşma məhkəmədə işə baxılan zaman olmalıdır. İpoteka müqaviləsi bağlanan zaman müqavilədə göstərilən qiymət 39.3.3-cü maddədə göstərilən razılaşma əsasında müəyyən edilmiş qiyməti əhatə etmir. Tərəflərin razılığına əsasən bağlanmış bütün ipoteka müqavilələrində ipotekanın qiyməti göstərilir. Lakin, həmin qiymət ipotekaya tutma yönəldilən zaman müəyyən edilməli olan qiyməti əvəz etmir. Əgər belə olmuş olardısa Qanunun 39.3.3-cü maddəsinin qəbuluna zərurət olmazdı, qanunverici qətnamədə ipoteka müqaviləsində göstərilmiş qiymətin ilkin satış qiyməti kimi göstərilməsini nəzərdə tutardı. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyası apelyasiya instansiya məhkəməsinin qətnaməsini qismən ləğv edib, iş yenidən baxılması üçün geri qaytararkən qərarında göstərmişdir ki, ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti yenidən müəyyən edilməlidir. Göründüyü kimi sözügedən ipoteka predmetinin ilkin satış qiymətinə dair işdə biribirindən kəskin şəkildə fərqlənən müxtəlif qiymətləndirici rəyləri vardır. Sözügedən ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı ipoteka qoyan ilə ipoteka saxlayan arasında hər hansı razılaşma yoxdur və onlar arasında faktiki olaraq ipoteka predmetinin ilkin satış qiymətinə dair mübahisə vardır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Azərbaycan Respublikası MPM-nin 102.2-ci maddəsinə görə məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Ona görə də tərəflər arasında yaranmış mübahisə üzrə obyektiv nəticəyə gəlinməsini təmin etmək üçün iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ipoteka predmeti olan əmlakın orta bazar qiyməti və satış (likvid) qiyməti müəyyən edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş Daşınmaz əmlakın qiymətləmdirilməsinə dair 09.08.2021-ci il tarixli, 001-08/21 nömrəli rəy ilə müəyyən olunur ki, Cavabdeh1 məxsus Sumqayıt şəhəri, Corat qəsəbəsi, 1-ci məhəllə, ev 56 ünvanında yerləşən fərdi yaşayış evinin 15 iyul 2021-ci il tarixinə bazar dəyəri 150000,00 (yüz əlli min) manat təşkil edir. Məhkəmə kollegiyası işin faktiki hallarına qiymət verərək hesab edir ki, son alınmış rəy ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti işin hallarına uyğun olub, qanuni və əsaslıdır və tərəflər arasında yaranmış mübahisə üzrə yekun nəticəyə gəlmək üçün yetərlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 384.0.3-cü maddəsinə görə məhkəmə qətnaməsi apelyasiya qaydasında dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apelyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi - «cavabdeh X4 mülkiyyətində olan Sumqayıt şəhəri, Corat qəsəbəsi, məhəllə 1 ünvanında yerləşən 56 saylı fərdi yaşayış evinin ilkin satış qiyməti 360.000 (üç yüz altmış min) manat müəyyən edilsin» hissəsində dəyişdirilib, Cavabdeh1 məxsus Sumqayıt şəhəri, Corat qəsəbəsi, 1-ci məhəllə, ev 56 ünvanında yerləşən fərdi yaşayış evinin ilkin satış (likvind) dəyəri 150000,00 (yüz əlli min) manat müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.3, 392- 393, 402, 403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı ASC-nin verdiyi apelyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 04 iyul 2019-cu il tarixli, 2(060)-131\2019 saylı qətnaməsi - «cavabdeh X4 mülkiyyətində olan Sumqayıt şəhəri, Corat qəsəbəsi, məhəllə 1 ünvanında yerləşən 56 saylı fərdi yaşayış evinin ilkin satış qiyməti 360.000 (üç yüz altmış min) manat müəyyən edilsin» hissəsində dəyişdirsin. Cavabdeh1 məxsus Sumqayıt şəhəri, Corat qəsəbəsi, 1-ci məhəllə, ev 56 ünvanında yerləşən fərdi yaşayış evinin ilkin satış (likvind) dəyəri 150000,00 (yüz əlli min) manat müəyyən edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar