Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3214/2021 30.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən, məruzəçi hakim), Məmmədov Telman Qədir oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, İddiaçı QSC BOKT-nin nümayəndəsi X5, Cavabdeh nümayəndəsi, eyni zamanda mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü çəxs X2 iştirakı ilə, İddiaçı QSC BOKT-un Cavabdeh qarşı (3-cü şəxs: X4) kredit borcunun ödənilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 24 may 2021-ci il tarixli, 2(012)- 2279/2021 saylı qətnaməsindən İddiaçı QSC BOKT tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin 24 may 2021-ci il tarixli, 2(012)-2279/2021 saylı qətnaməsi ilə (hakim C.Səfiyeva) iddia təmin edilməmişdir. Qətnamə ilə razılaşmayan İddiaçı QSC BOKT ondan apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 24 may 2021-ci il tarixli, 2(012)-2279/2021 saylı qətnaməsinin ləğv olunmasını və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı QSC BOKT Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas borc üzrə 1 333 261 ABŞ dolları, faiz borcu üzrə 513 824,03 ABŞ dolları olmaqla, cəmi 1 847 085,03 ABŞ dolları məbləğində kredit borcunun, həmçinin ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzinin İddiaçı QSC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış, tələb hüququnun güzəşt edilməsinə dair 11.08.2015ci il tarixli müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSCyə keçmişdir. İddiaçı QSC-nin Nizamnaməsinə edilmiş 12 oktyabr 2015-ci il tarixli, ********** saylı dəyişiklikdəki 2.5-ci maddəyə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (“X6 Edilməsi Agentliyi” MMC) vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu Cavabdeh dair sənədlər S- FK-1400 saylı, 05.04.2018-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC-yə verilmişdir. "xxxx" ASC ilə Cavabdeh arasında 29.09.2010-cu il tarixdə 208/10 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 14 % olmaqla 36 ay müddətinə 1 333 261 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit Müqaviləsinin 4.2-ci bəndinə əsasən kredit vəsaitindən istifadə müddətinin axımı borcalanın ssuda hesabına kredit vəsaitnin köçürüldüyü təqvim tarixindən sonrakı gün başlanır. Borcalana verilən vəsaitindən istifadə müddəti 36 aydır. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdehin banka borcu hazırda əsas borc üzrə 1 333 261 ABŞ dolları, faiz borcu üzrə 513 824,03 ABŞ dolları olmaqla, cəmi 1 847 085,03 ABŞ dolları məbləği təşkil edir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bugünədək yerinə yetirilməmişdir və göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qanunsuz və əsassız olduğu üçün ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.1ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Birinci instansiya məhkəməsi qeyd olunan maddənin tələblərini pozmaqla işə baxmışdır. Halbuki, məhkəmə işin hallarını tam və ətraflı aydınlaşdırmaq üçün tərəflərə şərait yaratmalı idi. Buna baxmayaraq məhkəmə cavabdehin iddianı qəbul edibetməməsini aydınlaşdırmamış, yalnız cavabdehin ərizəsi ilə kifayətlənmişdir. İşdən görünür ki, cavabdehin 29.09.2010-cu il tarixli, 208/10 saylı kredit müqaviləsi üzrə cəmi 1847085,03 ABŞ dolları borcu yaranmışdır. İddia ərizəsində göstərilmişdir ki, "xxxx" açıq səhmdar cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış tələb hüququnun güzəşt edilməsinə dair 11.08.2015-ci il tarixli müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh dair sənədlər S-FK-1401 saylı, 05.04.2018-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı qapalı səhmdar cəmiyyətinə verilmişdir. İddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanı ilə qərara alınmışdır ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Mərkəzi Bankı on beş gün müddətində "xxxx" ASC-yə məxsus problemli aktivləri müəyyən etsinlər və həmin aktivlərin mərhələli şəkildə müvafiq həcmdə likvid vəsait müqabilində bankın balansından çıxarılması və dövlətə məxsus İddiaçı qapalı səhmdar cəmiyyəti bank olmayan kredit təşkilatının idarəetməsinə verilməsi üçün tədbirlər görsünlər. Həmin Fərmanda müəyyən edilmişdir ki, bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş aktivlərin İddiaçı qapalı səhmdar cəmiyyəti tərəfindən alınmasının və idarə edilməsinin maliyyələşdirilməsi dövlət zəmanəti əsasında uzunmüddətli, aşağı faizli borc istiqrazlarının İddiaçı qapalı səhmdar cəmiyyəti tərəfindən emissiya edilərək qiymətli kağızlar bazarında yerləşdirilməsi hesabına təmin edilir. İddiaçı QSC-tərəfindən emissiya ediləcək istiqrazların tələb olunan həcmi və müddətləri "xxxx" ASC-dən aktivlərin alınması tədbirləri ilə uzlaşdırılır və buna müvafiq dövlət zəmanətinin həcmi hər ilin dövlət büdcəsinin daxili borclanma limitinin məbləğində nəzərə almır. İddiaçı QSC bu Fərmanın 1-ci hissəsinə uyğun olaraq alınmış aktivləri idarə edərkən aşağıdakı vəzifələri yerinə yetirir: “Azərbaycan Beynəlxalq Bankı" ASC-dən alınacaq aktivlər üzrə əsas borclar (kreditlər) və faizlər, borcun təminatı olan girov (ipoteka), zaminlik üzrə tələb hüquqlarını qanunvericiliyə əsasən əldə etmək və həyata keçirmək, ödəmə vaxtı keçmiş kredit borclarının (faizlərin) qaytarılması və borcalanlar tərəfindən müqavilə öhdəliklərinin yerinə yetirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər (məhkəmədə iddia qaldırmaq, tələbi girova yönəltmək və s.) görmək, tələb girova (ipotekaya) yönəldildiyi halda, girov (ipoteka) qoyulmuş əmlakın idarə edilməsini həyata keçirmək, həmin əmlakın dövlət əmlakına aid edilməsi barədə təkliflər vermək və ya ixtisaslaşmış təşkilatlar tərəfindən açıq hərraclarda satışını təşkil etmək, əldə olunan vəsaitin borc öhdəliklərindən irəli gələn tələblərin ödənilməsinə yönəldilməsini təmin etmək, aktivlərin idarə edilməsi ilə əlaqədar tələb olunan xərcləri bu Fərmanın 2.1-ci bəndinə əsasən əldə olunan vəsait hesabına, bu məqsədlər üçün hər il təsdiq olunan xərclər smetasına uyğun olaraq həyata keçirmək. Həmçinin iş materiallarına əlavə edilmiş “X6 Edilməsi Agentliyi”nin Nizamnaməsinin 1.1-ci bəndində göstərilir ki, “X6 Edilməsi Agentliyi” MMC hüquqi şəxs kimi İddiaçı QSC BOKTnin tabeliyində "xxxx" ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 nömrəli Fərmanı ilə İddiaçı QSC-yə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsində iştirak etmək məqsədilə yaradılmışdır və öz fəaliyyətini Azərbaycan Respublikasının Mülki Məcəlləsi, qüvvədə olan digər qanunvericilik aktları və bu nizamnamə əsasında həyata keçirir. İşə əlavə edilmiş S-FK-1401 saylı, 05.04.2018-ci il saylı "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı təhvil-təslim aktından görünür ki, 26.01.2018-ci il tarixdə borclu şəxs Cavabdeh dair sənədlər İddiaçı QSC-yə verilmişdir. Məhkəmə qətnamə qəbul edərkən iddia müddətinin axımını məhz 26.01.2018ci il tarixdən tətbiq edə bilərdi. Bundan əlavə, məhkəmə iddia müddəti ilə bağlı düzgün nəticəyə gəlməmişdir. Belə ki, 27.03.2013-cü il tarixdə bağlanmış kredit müqaviləsinin bitmə tarixi 29.09.2013-cü ildir və həmin iddia müddətinin axımı 29.09.2016-cı ildən başlamışdır. Müqavilənin şərtinə görə bu müqavilə bağlandığı andan qüvvəyə minir və öhdəlik tam icra olunduqdan sonra qüvvədən düşmüş hesab olunur. İşin hallarından da müəyyən olunur ki, cavabdeh tərəfindən kredit tam həcmdə ödənilməmişdir. Belə olan halda, məhkəmə tərəfindən iddia müddəti tətbiq edilməli deyildir. Birinci instansiya məhkəməsi tərəfindən Mülki Məcəllənin 373.2, 375.2-ci və 377.1-ci maddələri düzgün tətbiq edilməmişdir. Apellyasiya şikayətində iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunması xahiş edilmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı QSC BOKT-nin nümayəndəsi X7 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi və onun təmin edilməsini xahiş etdi. Cavabdeh nümayəndəsi, eyni zamanda mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü çəxs X4 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan 29 sentyabr 2010-cu il tarixli, 208/10 saylı kredit müqaviləsinin surətindən görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh illik 14 faizlə 36 ay müddətinə ******* ABŞ dolları məbləğində kredit verilmişdir. İşdəki 29.09.2010-cu il tarixli, 13 saylı kassa məxaric orderindən görünür ki, 1 325 309 ABŞ dolları məbləğində pulu Cavabdeh qəbul etmişdir. Yenə iş materiallarında olan "xxxx" ASC-nin 01.01.2017-ci il tarixli arayışından görünür ki, Cavabdeh ******* ABŞ dolları, faiz borcu üzrə 513824,03 ABŞ dolları olmaqla, cəmi 1847085,03 ABŞ dolları məbləğində borcu vardır. Yenə də iş materiallarında olan “X6 edilməsi Agentliyi” MMC-nin 19 sentyabr 2019-cu il tarixli, 4036 saylı bildirişindən görünür ki, Qarayev Cavabdeh borcunu 10 gün müddətində ödəməsi barədə xəbərdar edilmişdir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini, işdə iştirak edən şəxslərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 24 may 2021-ci il tarixli, 2(012)-2279/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, 29.09.2010-cu il tarixli, 208/10 saylı kredit müqaviləsilə "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış və həmin müqaviləyə əsasən ona illik 14 % olmaqla 36 ay müddətinə 1 333 261 ABŞ dolları məbləğində kredit verilmişdir. Hazırda cavabdehin kredit borcu əsas borc üzrə 1 333 261 ABŞ dolları, faiz borcu üzrə 513 824,03 ABŞ dolları olmaqla, cəmi 1 847 085,03 ABŞ dolları məbləği təşkil edir. Tərəflər arasında bağlanmış 29.09.2010-cu il tarixli kredit müqaviləsi 36 ay müddətinə bağlanılmışdır və müqavilənin müddəti 29.09.2013-cü il tarixdə bitmişdir. Həmin müqavilə üzrə tələb 3 il müddətində verilməli olduğu halda, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə 24.02.2020-ci il tarixdə müraciət etmişdir. İş materiallarından görünür ki, iddiaçı məhkəməyə müraciət edərkən qanunla bu cür iddialar üçün nəzərdə tutulmuş üç illik iddia müddətini ötürmüş, cavabdeh isə iddia müddətinin tətbiqi barədə məhkəməyə ərizə vermişdir (i.v.128). Birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi barədə gəldiyi nəticəni hazırkı tələb üzrə 3 illik iddia müddətinin iddiaçı tərəfindən ötürülməsilə əsaslandırmış və bu zaman AR Mülki Məcəlləsinin 373-cü maddəsinə istinad etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. İşdən görünür ki, tərəflər arasında imzalanmış 29.09.2010-cu il tarixli kredit müqaviləsinin müddəti 29.09.2013-cü il tarixdə bitmişdir və həmin müqavilə üzrə iddia müddətinin axımı 29 sentyabr 2013-cü il tarixdən başlanmışdır. Kredit müqaviləsi üzrə heç bir ödəniş edilməmişdir. Yəni, kredit müqaviləsinin qüvvədə olma müddətinin bitdiyi tarixdən 3 ildən artıq müddət keçmiş və belə olan təqdirdə isə iddia müddəti ötürülmüşdür. İddiaçı "xxxx" QSC BOKT isə 24 fevral 2020-ci il tarixdə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən kredit borcunun tutulmasını xahiş etmişdir. İş materiallarında olan hesabdan çıxarışdan da görünür ki, borclu tərəfindən kredit müqaviləsi üzrə heç bir ödəniş aparılmamışdır. Göründüyü kimi, kredit müqaviləsinin müddəti bitdikdən 6 il 5 ay keçdikdən sonra iddiaçı "xxxx" QSC BOKT hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İşə birinci instansiya məhkəməsində baxılarkən Cavabdeh iddia müddətinin tətbiqinə dair ərizə verərək, iddia müddətinin buraxıldığını bildirmiş, mübahisəyə iddia müddətini tətbiq etməklə, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MM-nin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.1-ci maddəsinə görə iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli qərarında göstərilir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4cü maddəsində nəzərdə tutulan əşya hüquqlarının müdafiəsi ilə əlaqədar tələblərə iddia müddətinin şamil edilməməsi kredit müqaviləsindən yaranan münasibətlərə aid edilə bilməz. Birinci instansiya məhkəməsi mübahisəyə Azərbaycan Respublikası MM-nin 375.2-ci maddəsini tətbiq etməklə, hazırki iddia tələbi ilə bağlı qanunda nəzərdə tutulmuş 3 illik iddia müddəti keçdiyi üçün iddianı rədd etmişdir. Məhkəmə kollegiyası yuxarıda sadalanan maddi hüquq normalarının tələbləri baxımından hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. İddiaçı Təşkilat apellyasiya şikayətində məhkəmənin qətnamə qəbul edərkən iddia müddətinin axımının Cavabdeh dair sənədlərin "xxxx" ASC tərəfindən İddiaçı qapalı səhmdar cəmiyyətinə təhvil verildiyi 05.04.2018-ci il tarixdən tətbiq edilə bilinməsini göstərmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, "xxxx" ASC ləğv edilməmişdir və iddia müddəti ərzində məhkəməyə müraciət edə bilərdi. Yuxarıda göstərilən maddi hüquq normalarının tələbləri baxımından məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi digər dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan, işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən apelyasiya şikayətinin verilməsi üçün iddiaçının ödədiyi 15,40 manat məbləğində dövlət rüsumu onun özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı "xxxx" QSC BOKT-nun apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Abşeron Rayon Məhkəməsinin 24 may 2021-ci il tarixli, 2(012)-2279/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün iddiaçı "xxxx" QSC BOKT-nun ödədiyi 15,40 manat məbləğində dövlət rüsumu onun özünə aid edilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-3214/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3214/2021
30.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver