Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3218/2021 30.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X10, İddiaçı iştirakı ilə açıq məhkəmə iclasında Abşeron Rayon Məhkəməsinin 19.04.2021-ci il tarixli, 2(012)-1021/2021 saylı qətnaməsindən İddiaçı apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin 19.04.2021-ci il tarixli, 2(012)-1021/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Cəmilə Səfiyeva) İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, Cavabdeh 10000 manat və 20 manat rüsuma görə pul vəsaitinin alınaraq İddiaçı ödənilməsi qət edilmiş, iddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh 13000 ABŞ dollarının manatla məzənnəsi və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 avqust 2017-ci il tarixli, 2(005)-4935/2017 saylı qətnaməsi ilə X9 ona və X5 qarşı müştərək qaydada 13800 ABŞ dolları və dəymiş mənəvi ziyanın əvəzi 10000 manat, dövlət rüsumunun əvəzi 30 manat pul tələbinə dair iddiası qismən təmin edilərək, 13800 ABŞ dollarının manatla məzənnəsi və dövlət rüsumunun əvəzinin ondan alınaraq iddiaçıya ödənilməsi qət olunmuşdur. Məhkəmə qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçı X14 02 noyabr 2014-cü il tarixdə ondan 13800 ABŞ dolları ödəməklə **-UL-*** dövlət qeydiyyat nişanlı, “BMW X5” markalı minik avtomobilini almışdır. İlk əvvəl avtomobili müvafiq etibarnamə əsasında idarə etsə də, sonradan iddiaçı avtomobili öz mülkiyyətinə keçirmək istədikdə, avtomobilin üzərində müxtəlif məhkəmələr tərəfindən məhdudiyyət qoyulmasını aşkar etmişdir. Avtomobili geri qaytarmaq istədikdə isə bu baş tutmamış, verilmiş etibarnamə bir müddətdən sonra ləğv edilmişdir. İddiaçıya məxsus 13800 ABŞ dolları məbləğində pul hər hansı bir hüquqi əsas olmadan onun tərəfindən saxlanılmışdır və bu hal özünün mülkiyyətində olmayan əmlak satmaqla əsassız varlanma, hüquqi əsas olmadan iddiaçının hesabına əmlak əldə etmə kimi qiymətləndirilməlidir. O, həmin dövrdə avtomobil alqı-satqısı ilə məşğul olurdu. X4 mülkiyyətində olan “BMW X5” markalı, **-UL- *** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh etibarnamə əsasında 23.05.2014-cü il tarixdə 13000 ABŞ dollarına satmaq məqsədi ilə almış, bir gün sonra həmin avtomobili X12 14000 manata etibarnamə əsasında satmışdır. Dörd ay sonra Azər Babayev onunla əlaqə saxlayıb, Rusiyaya getməsi ilə əlaqədar həmin avtomobili satmasını ona təklif etmişdi. Razılıq əsasında həmin avtomobilə görə 13500 manat ödəyərək etibarnamə əsasında Azər Babayevdən almışdır. Bir gün sonra həmin avtomobili Sumqayıt avtomobil bazarında X13 bütün səlahiyyətlər verilməklə etibarnamə əsasında 14500 manata satmışdır. Kamran Uluxanovun atası X11 isə avtomobili yalnız idarə etmək üçün etibarnamə vermiş və notariusda avtomobilin məhdudiyyətinin olmaması müəyyən edilmişdir. Avtomobili satdıqdan sonra qətnaməni alan günə, yəni 23.10.2020-ci il tarixə qədər hər hansı bir problemi olması barədə iddiaçı Məmməd Uluxanov və ya oğlu Kamran Uluxanov ona məlumat verməmişdir. Məhkəmə qətnaməsinə əsasən Məmməd Uluxanov avtomobilə görə ödədiyi pul məbləğinin ona geri qaytarılmasını tələb etdiyindən avtomobilin alınması üçün Cavabdeh ödədiyi 13000 ABŞ dolları alınaraq ona ödənilməlidir. Belə ki, qətnamə üzrə verilən izahat və ifadələrdən müəyyən olunur ki, mübahisələndirilən avtomobil mülkiyyətçi X8 tərəfindən üzərinə həbs qoyulmaqla geri qaytarılmışdır. Həmin iş üzrə dindirilmiş şəxslərin izahatlarından müəyyən olunmuşdur ki, cavabdeh mübahisəli avtomobili mülkiyyətçidən alarkən barter əməliyyatı apararaq razılaşmışlar, lakin cavabdeh mülkiyyətçi ilə razılaşdıqları öhdəliyə əməl etmədiyindən avtomobilin mülkiyyətçisi yuxarıda göstərilən qaydada mübahisəli avtomobili öz mülkiyyətinə qaytarmış, verilən etibarnaməni ləğv etdirmişdir. Cavabdehin təqsiri üzündən o, ziyan çəkmişdir, ona görə də həmin ziyan cavabdehdən tərəfindən ona ödənilməlidir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSİN İZAHATİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, 2014-cü ildə avtomobil alqısatqısı ilə məşğul olurdu. X4 mülkiyyətində olan “BMW X5” markalı, **-UL-*** dövlət qeydiyyat nişanlı avtomobili 23.05.2014-cü il tarixdə Cavabdeh etibarnamə əsasında 13000 ABŞ dollarına satmaq məqsədi ilə almış, bir gün sonra həmin avtomobili 14000 manata X2. Dörd aydan sonra X21 getməsi ilə əlaqədar həmin avtomobili 13500 manata almağı ona təklif etmişdir. Həmin qiymətə avtomobili Azər Babayevdən etibarnamə ilə alaraq bütün səlahiyyətlərin verilməsini nəzərdə tutan 46516 nömrəli, 01.11.2014-cü il tarixli etibarnamə əsasında 14500 manata Sumqayıt maşın bazarında X3. Kamran Uluxanovun atası Məmməd Uluxanova isə xahişi ilə yalnız avtomobili idarə etmək üçün etibarnamə vermişdir. Notariat orqanında həmin vaxt bu avtomobilə heç bir məhdudiyyətin olmaması müəyyən edilmişdir. X8 tərəfindən avtomobilin Kamran Uluxanovun atası Məmməd Uluxanovdan alınması və Məmməd Uluxanovun bu səbəbdən ona qarşı 08.08.2017-ci ildə məhkəmədə pul iddiası qaldırmasından 23.10.2020-ci ildə xəbəri olmuşdur. Heç bir xəbəri və iştirakı olmadan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi Məmməd Uluxanovun ona və X5 qarşı pul tələbinə dair mülki işə baxaraq ondan X9 xeyrinə 13800 ABŞ dolları məbləğində pulun tutulması barədə 2(005)-4935/2017 saylı, 08.08.2021-ci il tarixli qətnamə çıxarmışdır. Həmin qətnamədən verdiyi apellyasiya şikayəti əsasında Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 25.02.2021-ci il tarixli, 2(103)- 1117/2021 saylı qətnaməsi ilə Nərimanov Rayon Məhkəməsinin qətnaməsinin ondan 13800 ABŞ dolları tutulması hissəsində ləğv edilmiş və ondan 14500 manatın tutularaq iddiaçı X11 ödənilməsi barədə qətnamə çıxarmış, qalan hissədə qətnaməni dəyişdirmədən saxlamışdır. O, həm Bakı Apellyasiya Məhkəməsində, həm də Abşeron Rayon Məhkəməsində X6 tanımadığını, avtomobili atası ilə birlikdə Cavabdeh 13000 ABŞ dollarına aldığını söyləsə də, buna hər iki məhkəmədə diqqət verilməmişdir. Cavabdeh isə avtomobil alqı-satqısı ilə məşğul olan şəxs olmasına baxmayaraq həmin avtomobili ona dəyərindən çox aşağı qiymətə, guya 10000 manata satdığı barədə məhkəməyə yalan izahat vermişdir. Məhkəmə Cavabdeh həmin avtomobili ona 10000 manata satdığı yalanı həqiqət olaraq qəbul etmişdir. Abşeron Rayon Məhkəməsi həmin avtomobilin 2014-cü ildə maşın bazarında həmin qiymətə olmadığını, Cavabdeh yalan danışdığını müəyyən edə bilərdi. Bunun üçün məhkəmə avtomobil üzrə əmtəəşünaslıq ekspertizası təyin etməli idi. Bundan başqa, Cavabdeh hələ 2018-ci ildə maşın alveri zamanı dörd nəfərə qarşı törətdiyi dələduzluq cinayətinə görə Abşeron Rayon Məhkəməsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş və barəsində hökm çıxarılmışdır. İddiaçı apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilərək, Cavabdeh 13000 ABŞ dolları məbləğində pulun alınıb ona verilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 məhkəmə iclasına gəlmədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPMnin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi iddianın təmin edilməmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, apellyasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin faktiki olaraq iddianın təmin edilməmiş hissəsində ləğv edilməsinə yönəldiyindən iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı bu hissədə yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 avqust 2017-ci il tarixli, 2(005)-4935/2017 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı X9 cavabdehlər X5 və İddiaçı qarşı pul tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, İddiaçı 13800 ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) məbləğində pulun X9 xeyrinə tutulması qət edilişdir. İş materiallarında olan “Elektron notariat” X1 çıxarışdan görünür ki, X7 11.07.2014cü il tarixdən mülkiyyətində olan “BMW X5” minik markalı, **-UL-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair Cavabdeh tərəfindən İddiaçı 23.05.2015-ci il tarixədək qüvvədə olan etibarnamə verilmişdir. İddia ərizəsindən görünür ki, İddiaçı “BMW X5” minik markalı, **-UL-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə Cavabdeh Bəyala oğlundan 13000 ABŞ dolları tələb edir. Azərbaycan Respublikasının MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 650-ci maddəsinə əsasən rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alqı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. İşin mübahisə edilməyən hallarından görünür ki, tərəflər arasında avtomobilə dair rəsmi alqı-satqı müqaviləsi bağlanmamışdır. Azərbaycan Respublikasının MM-nin 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Məhkəmə kollegiyası yuxarıda sadalanan maddi hüquq normalarının tələblərini hazırki mübahisəli hüquq münasibətlərinə tətbiq edib, hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməmiş hissəsində gəldiyi nəticə qanuni və əsaslıdır. İşin hallarından görünür ki, 11.07.2014-cü il tarixdən X7 mülkiyyətində olan “BMW X5” minik markalı, **-UL-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə ilə İddiaçı sataraq ondan 10000 manat aldığını birinci instansiya məhkəməsində Cavabdeh etiraf etmişdir. İddiaçı “BMW X5” minik markalı, **-UL-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə Cavabdeh 10000 manat deyil, 13000 ABŞ dolları ödəməsi iş materialları ilə öz təsdiqini tapmır. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə tərəflər tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Azərbaycan Respublikası MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan proses iştirakçılarının üzərinə qoyur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, bunun əksini sübutetmə yükü isə cavabdehin üzərinə düşür. Məhkəmə kollegiyası hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsas şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmə araşdırması zamanı İddiaçı “BMW X5” minik markalı, **-UL-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə Cavabdeh 10000 manatdan başqa pul verməsi öz təsdiqini tapmamışdır. Qeyd edilən halları sübut etmək yükü iddiaçının üzərinə düşsə də, iddiaçı nə birinci instansiya məhkəməsində, nə də apellyasiya instansiya məhkəməsində bunu sübut edə bilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi iddianın təmin edilməmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. İs üzrə Abşeron Rayon Məhkəməsinin 19.04.2021-ci il tarixli, 2(012)-1021/2021 saylı qətnaməsi iddianın təmin edilməmiş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-3218/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3218/2021
30.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver