Məhkəmə qərarları › İş №2(105)-3228/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-3228/2021

23.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-3228/2021 23.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məmmədova Ramilə Camaləddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı kredit müqaviləsinə əsasən verilmiş borcun qaytarılması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 05 iyul 2021-ci il tarixli, 2(012)- 2570/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Abşeron Rayon Məhkəməsinin 05 iyul 2021-ci il tarixli, 2(012)-2570/2021 saylı qətnaməsilə (hakim C.Səfiyeva) iddia təmin edilməmişdir. Qətnamədən İddiaçı apelyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 05 iyul 2021-ci il tarixli, 2(012)-2570/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 28 mart 2018-ci il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən 70.000 (yetmiş min) manat məbləğində pulun, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən əsas borc məbləğinin qətnamə çıxan günədək 5% faiz hesablanmaqla ona ödənilməsi və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh tanışı Ədalət adlı şəxs vasitəsi ilə tanımışdır. 2018-ci ilin mart ayının əvvəlində tanışı Ədalət onu cavabdehlə görüşdürərək tanış etmişdir. Cavabdeh müəyyən işə düzəltmək məqsədi ilə ondan 70.000 (yetmiş min) manat məbləğində pul istəmişdir. O isə cavabdehə onu tanımadığını və tanımadığı adama külli miqdarda pulu verə bilməyəcəyini bildirmiş, ancaq notarial qaydada borc müqaviləsi, ya da kredit müqaviləsinin bağlanmasını təklif etmişdir. Cavabdeh bu təkliflə razılaşmışdır. O, 28.03.2018-ci il tarixdə cavabdehlə birlikdə Bakı şəhəri 13 saylı dövlət notariat kontoruna gedərək aralarında kredit müqaviləsi bağlamış, cavabdeh pulu almış və 01.07.2018-ci il tarixə qədər pulu geri qaytaracağını öz öhdəsinə götürmüşdür. Müqavilənin müddəti bitdikdən sonra, o, cavabdehdən pulu geri tələb etmiş, Cavabdeh isə müxtəlif bəhanələr gətirmişdir. Sonradan ona cavabdehin belə işlərlə məşğul olduğu, yəni müxtəlif insanlara da söz verərək hansısa işlərini görəcəyini vəd etdiyini, lakin həmin işi düzəltməyərək yayındığı məlum olmuşdur. Bundan başqa, ona cavabdehin həbs olunduğu və dələduzluq etdiyinə görə cəza aldığı, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 9 saylı cəzaçəkmə müəsissəsində cəza çəkdiyi məlum olmuşdur. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İş üzrə İddiaçı apelyasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsini və iddiasının təmin edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, məhkəmə mübahisəni hərtərəfli araşdırmamış, sübutlara düzgün qiymət verməmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bunlar da qətnamənin ləğvi üçün əsaslardır. Məhkəmə iddianı rədd edərkən faktiki borcun verilməsinə əhəmiyyət verməmiş, əsassız olaraq iddianı təmin etməmişdir. İddiaçı məhkəmə kollegiyasının iclasında şikayəti müdafiə etdi və onun təmin edilməsini xahiş etdi. O, əlavə etdi ki, notarius tərəfindən borc məsələsinə görə heç bir icra qeydi verilməmişdir. İşdən görünür ki, Cavabdeh məhkumdur və AR ƏN PX-nin 9 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir. Onun məhkəməyə göndərdiyi 20.09.2021-ci il tarixli ərizəsindən görünür ki, cavabdeh Abşeron Rayon Məhkəməsinin 05 iyul 2021-ci il tarixli, 2(012)-2570/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş edir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarına əlavə olunmuş İddiaçı (borc verən) və Cavabdeh (borc alan) arasında bağlanmış və Bakı şəhəri 13 saylı notariat kontorunda təsdiq olunmuş (reyestr № 3M-177) 28 mart 2018-ci il tarixli kredit müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 70.000 manat məbləğində pulu Cavabdeh borc vermiş, Cavabdeh bu borcu 01.07.2018-ci il tarixədək İddiaçı qaytarmağı öhdəsinə götürmüşdür. Yenə iş materiallarına əlavə olunmuş Bakı şəhəri 13 saylı notariat ofisinin 05 noyabr 2021-ci il tarixli, 328 saylı məktubundan görünür ki, İddiaçı (borc verən) və Cavabdeh (borc alan) arasında bağlanmış və Bakı şəhəri 13 saylı notariat kontorunda təsdiq olunmuş (reyestr № 3M-177) 28 mart 2018-ci il tarixli kredit müqaviləsi üzrə icra qeydi verilməmişdir. Yenə də materiallarına əlavə olunmuş Bakı şəhəri 13 saylı notariat ofisinin 04 iyul 2018-ci il tarixli, X-231 saylı bildirişindən görünür ki, İddiaçı (borc verən) və Cavabdeh (borc alan) arasında bağlanmış və Bakı şəhəri 13 saylı notariat kontorunda təsdiq olunmuş (reyestr № 3M-177) 28 mart 2018-ci il tarixli kredit müqaviləsi üzrə borcun qaytarılması müddəti bitmişdir. Bu ay ərzində krediti qaytarmaq və notariat kontoruna gəlmək Cavabdeh təklif edilmişdir. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxsin izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən, iş üzrə apelyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 05 iyul 2021-ci il tarixli, 2(012)-2570/2021 saylı qətnaməsi ləğv edilməli və hazırkı iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. İşdən görünür ki, hazırkı iddianın qaldırılmasına əsas tərəflər arasında 28 mart 2018-ci il tarixdə imzalanmış və notariat kontorunda təsdiq edilmiş kredit müqaviləsi olmuşdur. Həmin müqavilənin 7-ci bəndinə görə ödəniş müddətinin keçirilməsi haqqında notarius vasitəsilə kreditorun borcluya yazılı bildiriş göndərməsindən 30 gün sonra borc notarius tərəfindən aparılan icra qeydi əsasında mübahisəsiz qaydada alınır. Həmin müqavilənin 9-cu bəndinə görə tərəflərin bu müqavilə üzrə mübahisələri onların razılığıyla, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həll edilir. İşdən görünür ki, tərəflər 01.07.2018-ci ilədək qaytarmaq şərtilə 70000 manat məbləğində borcun verilməsi barədə razılığa gəlmiş, lakin həmin müddət ərzində borc iddiaçıya qaytarılmamışdır. Lakin ödəniş müddətinin keçməsi barədə İddiaçı notarius vasitəsilə borclu Cavabdeh bildiriş göndərsə də, bundan 30 gün sonra icra qeydinin alınmasını (borcun mübahisəsiz qaydada alınmasını) notariat orqanından tələb etməmiş, yəni müqavilənin 7-ci bəndinə əməl etmədən hazırkı tələblə birbaşa məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasındakı müqavilə hazırda qüvvədə olduğuna görə tərəflər onun şərtlərinə əməl etməlidirlər, bu əqdin şərtlərindən biri isə məhz borcun mübahisəsiz qaydada qaytarılmasından bəhs edir (7-ci bənd). Hazırda isə İddiaçı borcun qaytarılması barədə iddiasına məhkəmədə baxıla bilməz. Buna baxmayaraq, Abşeron Rayon Məhkəməsi səhvən ərizəni icraatına qəbul etmiş və işə mahiyyəti üzrə baxmışdır. AR MPM-nin 259.0.1-ci maddəsinin tələblərinə görə məhkəməyə müraciət etmiş iddiaçı işin qabaqcadan məhkəmədən kənar (pretenziya) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə ərizəni baxılmamış saxlayır. Daha öncə qeyd olunduğu kimi tərəflər müqavilədə, ödəniş müddətinin keçirilməsi haqqında notarius vasitəsilə kreditorun borcluya yazılı bildiriş göndərməsindən 30 gün sonra borcun notarius tərəfindən aparılan icra qeydi əsasında mübahisəsiz qaydada alınması barədə qayda müəyyən etmişlər. MPM-in 384.0.4-cü maddəsinə görə apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, Abşeron Rayon Məhkəməsinin 05 iyul 2021-ci il tarixli, 2(012)-2570/2021 saylı qətnaməsi ləğv olunmalı, ərizə baxılmamış saxlanılmalı, bununla belə iddiaçıya ödəniş müddətinin keçirilməsi haqqında notarius vasitəsilə borcluya yazılı bildiriş göndərməsi, bundan 30 gün sonra isə notariusdan icra qeydinin alınması üçün notariusa müraciət etmək hüququ izah olunmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.1, 263-264, 384,0.4, 357, 398, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: Apelyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 05 iyul 2021-ci il tarixli, 2(012)-2570/2021 saylı qətnaməsi ləğv olunsun. İddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçıya borcun ödəniş müddətinin keçirilməsi haqqında notarius vasitəsilə borcluya yazılı bildiriş göndərməsi, bundan 30 gün sonra isə notariusdan icra qeydinin alınması üçün notariusa müraciət etmək hüququ izah olunsun. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar