Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3233/2021 04.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçı iştirakı ilə açıq məhkəmə iclasında, Abşeron Rayon Məhkəməsinin 30.06.2021-ci il tarixli, 2(012)-3127/2021 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Abşeron Rayon Məhkəməsinin 30.06.2021-ci il tarixli, 2(012)-3127/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Elman Məmmədov) İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, Mingəçevir Rayon Məhkəməsinin 2(012)-2213/2015 saylı, 13.10.2015-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək 06.05.2007-ci il təvəllüdlü X13 və 19.11.2008-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi, qətnamənin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulmasının hesablanması qət edilmiş, cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-2213/2015 saylı, 13.10.2015-ci il tarixli qətnaməsinə əsasən onun xeyrinə təyin edilmiş, 06 may 2007-ci ildə anadan olmuş X8 və 19 noyabr 2008-ci ildə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay bir uşaq üçün 80 manat sabit pul məbləğində alimentin miqdarının artırılaraq cavabdehdən hər ay bir uşaq üçün 175 manat, cəmi 350 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-2213/2015 saylı, 13.10.2015ci il tarixli qətnaməsinə əsasən Cavabdeh tutulan alimentin məbləği artırılaraq 06 may 2007-ci ildə anadan olmuş X8 yetkinlik yaşına çatana kimi saxlanması üçün 80 manat və 19 noyabr 2008-ci ildə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün 80 manat müəyyən edilməsi qət edilmişdir. O, azyaşlı övladları ilə birlikdə yaşlı valideynlərinin himayəsində yaşayır. Onun maddi vəziyyəti ürək açan deyildir, bir uşağa görə cavabdehdən tutulan 80 manat pulla övladlarının heç bir tələbatını ödəyə bilmir. Cavabdeh qətnamədə göstərilən puldan əlavə ona bir manat da olsa, əlavə yardım göstərmir. Cavabdehin iş yeri barədə rəsmi məlumatı yoxdur. Maddi cəhətdən əziyyət çəkdiyi və övladlarının maddi xərclərini ödəyə bilmədiyi üçün alimentin artırılmasını istəyir. Ona görə də hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSİN İZAHATİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. O, ikinci qrup əlildir, bu barədə ona 043511 saylı vəsiqə də verilmişdir. Bundan başqa, o, yenidən Gülsurə Qurbanova ilə ailə qurmuş və yeni evlilikdən Nərgiz adlı uşaqları vardır, hazırda qızının 3 yaşı vardır, həmçinin arvadı Gülsurə Qurbanova onkoloji xəstədir. O, hər ay aldığı pensiyanın da üzərini güclə düzəldərək əvvəlki alimenti ödəyir. Alimentin artırılaraq 300 manat müəyyən edilməsi onun və yeni qurduğu ailəsinin vəziyyətini olduqca çətinləşdirəcəkdir. O, heç bir yerdə işləmir, maddi vəziyyəti olduqca acınacaqlıdır. Cavabdeh apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlmədiyindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinə alimentin məbləğinə aid hissədə dəyişiklik edilməlidır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, apellyasiya şikayəti qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinə ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilibedilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X13 06.05.2007-ci ildə anadan olmuşdur. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 19.11.2008ci ildə anadan olmuşdur. İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X7 arasında olan nikahın pozulması 14.01.2015-ci il tarixdə Yevlax rayon Qeydiyyat şöbəsində 13 nömrə ilə qeydə alınmışdır. İş materiallarında olan Mingəçevir Şəhər Məhkəməsinin 2(012)-2213/2015 saylı, 13.10.2015-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, Cavabdeh tutulan alimentin məbləği artırılaraq 06 may 2007-ci ildə anadan olmuş X8 yetkinlik yaşına çatana kimi saxlanması üçün 80 manat və 19 noyabr 2008-ci ildə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün 80 manat alimentin müəyyən edilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh X1 21 dekabr 2018-ci ildə doğulmuş X5 atası hesab edilmişdir. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 21 dekabr 2018-ci ildə anadan olmuşdur, atası Cavabdeh, anası X3r. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun 043511 saylı vəsiqəsinin surətindən görünür ki, Cavabdeh 2-ci qrup əlildir, 172,38 manat pensiya alır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. “Uşaq hüquqları haqqında” qanunun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” qanunun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına dair 7 saylı protokolun 5-ci maddəsinə əsasən ər-arvad nikaha daxil olmaq və boşanmaq ilə bağlı məsələlərdə öz aralarında və uşaqları ilə münasibətlərdə bərabər hüquqa malikdirlər və bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” qanuna əsasən 2021-ci ildə yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası MPM-nin 233.4-cü maddəsinə görə cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. İş materialları ilə müəyyən edilmişdir ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(012)- 2213/2015 saylı, 13.10.2015-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh tutulan alimentin məbləğinin artırılaraq 06 may 2007-ci ildə anadan olmuş X8 yetkinlik yaşına çatana kimi saxlanması üçün 80 manat və 19 noyabr 2008-ci ildə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün 80 manat müəyyən edilməsi qət edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 2(012)-2213/2015 saylı, 13.10.2015-ci il tarixli qətnaməsi qəbul edildikdən təxminən 5 il 6 ay müddət keçdikdən sonra, yəni 2021-ci ilin aprelində İddiaçı hazırki iddia ilə məhkəməyə müraciət edərək alimentin miqdarının artırılmasını tələb etmiş, birinci instansiya məhkəməsi də iddianı qismən təmin etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin mənasına görə məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını o vaxt dəyişə, başqa sözlə, artıra bilər ki, tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olsun. Həmçinin Azərbaycan Respublikası MPM-nin 233.4-cü maddəsi ödəmələrin miqdarının artırılması üçün ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən halların dəyişməsini nəzərdə tutur. Apellyasiya şikayətinin dəlillərindən, işdə iştirak edən şəxsin izahatından görünür ki, Cavabdeh 2-ci qrup əlildir, 172,38 manat pensiya alır, yeni ailə qurmuş və həmin nikahdan yetkinlik yaşına çatmayan bir uşağı vardır, cavabdeh başqa hər hansı gəlirə malik deyildir. Birinci instansiya məhkəməsi uşaqların hər birinin saxlanması üçün alimentin miqdarını 150 manat məbləğində müəyyən edərkən işin qeyd edilən hallarını və cavabdehin başqa gəlirinin olmamasını nəzərə almamışdır. Məhkəmə kollegiyası yuxarıda sadalanan maddi hüquq normalarının tələblərini hazırki mübahisəli aliment hüquq münasibətinə tətbiq edib, tərəflərin maddi və ailə vəziyyətini əsas tutaraq hesab edir ki, uşaqların hər birinin saxlanılmasına görə hər ay 150 manat sabit pul məbləğində alimentin tutulması cavabdehin maddi vəziyyətinə uyğun deyildir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 8.13-cü bəndində göstərilir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmə kollegiyası hesab edir ki, 06.05.2007-ci il təvəllüdlü X13 və 19.11.2008-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 125 manat tutularaq İddiaçı verilməlidir. Yuxarıda qeyd edilənlənlərə əsasən məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusuna hüquqi qiymət verib, apellyasiya şikayətində sadalanan digər dəlilləri də araşdırıb, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinə alimentin məbləğinə aid hissədə dəyişiklik edilməlidir. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 112.1.6-cı maddəsinə görə ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda iddianın qiyməti ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. İşdən görünür ki, iddiaçının əvvəlki məhkəmə qətnaməsi ilə aldığı alimentin illik məbləği 1920 (160 manat x 12 ay) manat olmuşdur. Hazırki iddia tələbində isə iddiaçı alimentin miqdarının artırılaraq hər ay hər uşaq üçün 175 manat, başqa sözlə, illik 4200 (350 manat x 12 ay) manat müəyyən edilməsini tələb etmişdir. Göründüyü kimi, iddiaçının artırılmasını tələb etdiyi alimentin illik məbləği 2280 (4200 manat-1920 manat) manatdır, yəni beş min manatdan azdır. Ona görə də Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinin tələbinə əsasən hazırki iş üzrə qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.3, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Abşeron Rayon Məhkəməsinin 30.06.2021-ci il tarixli, 2(012)-3127/2021 saylı qətnaməsinə alimentin məbləğinə aid hissədə dəyişiklik edilsin. Mingəçevir Şəhər Məhkəməsinin 2(012)-2213/2015 saylı, 13.10.2015-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək 06.05.2007-ci il təvəllüdlü X13 və 19.11.2008-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 125 (bir yüz iyirmi beş) manat olmaqla, cəmi 250 (iki yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-3233/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3233/2021
04.11.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver