Məhkəmə qərarları › İş №2(105)-324/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-324/2021

26.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-324/2021 26.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Nahid Nəsrəddin oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı borcun və hüquqi yardıma görə ödənilmiş pulun qaytarılması tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(027)-1003/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Quba Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(027)-1003/2020 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 3000 (üç min) manat, dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat və hüquqi yardıma görə ödənilmiş 200 (iki yüz) manat məbləğində pul vəsaitinin alınıb İddiaçı verilməsi qət edilmişdir. (İ.Məmmədov) Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək Quba Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(027)-1003/2020 saylı qətnaməsinin qismən dəyişdirilməsi, iddiaçıda saxlanılan xalçaların ona qaytarılması, bu əşyaların bazarda satışa çıxarılmaqla əldə edilən vəsaitdən 3000 manat pulun iddiaçıya verilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3000 manat məbləğində pulun, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun və hüquqi yardıma görə ödənilmiş 200 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, bir neçə il əvvəl Cavabdeh qaytarmaq şərtilə ondan 3000 manat pul almış, etibarını qazanmaq üçün iki ədəd özünə məxsus xalçanı ona vermişdir, hazırda da xalçalar onun evindədir, lakin cavabdeh müxtəlif bəhanələr gətirərək, borclu olduğu pulu qaytarmaqdan yayınır. Bununla bağlı o, polis şöbəsinə şikayət etmiş, şikayət əsasında alınan izahatda cavabdeh ondan 3000 (üç min) manat məbləğində borc pul aldığını etiraf etmişdir. Buna görə də həmin borcun ona qaytarılmasını və ona dəymiş maddi zərərin ödənilməsini məhkəmə qaydasında həll etmək üçün məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İş üzrə Cavabdeh apelyasiya şikayətini bununla əsaslandırmışdır ki, məhkəmə mübahisəni hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün qiymət verməmiş, iddianın təmin edilməsi barədə səhv nəticəyə gəlmişdir. O, iddiaçıdan 3000 manat borc alarkən, hər birinin dəyəri 2500 manat olan 2 ədəd xalçanı girov qoymuşdur. Borcu qaytarmadığı təqdirdə 5000 manatlıq xalçaları bazarda sataraq 3000 manat borcunu qaytarmaq barədə razılığa gəlmişlər. Lakin iddiaçı bu xalçaların birlikdə bazara çıxarılıb satılmasından imtina etmiş, təkidlə verdiyi pulu ondan tələb etmişdir. Onun banka borcu olduğu üçün maddi imkanı zəif olduğundan yaşadığı ev bankın mülkiyyətinə keçirilmişdir. Girov qoyulmuş xalçaları onların ikisinin də iştirakı ilə bazarda satılması və satışdan əldə edilən vəsaitlə borcun qaytarılması təklifindən iddiaçı imtina etmişdir. Bu razılığı iddiaçı pozmuşdur, məhkəmə isə bu halları nəzərə almamış, girovda qoyulmuş xalçaların qaytarılmadan iddianın təmin edilməsi barədə əsassız nəticəyə gəlmişdir. Buna görə də qətnamə qismən dəyişdirilməli, iddiaçıda saxlanılan xalçaların ona qaytarılması, bu əşyaların bazarda satışa çıxarılmaqla əldə edilən vəsaitdən 3000 manat pulun iddiaçıya verilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Apelyasiya baxışı zamanı iştirak etdiyi məhkəmə iclasında İddiaçı apelyasiya şikayətinə etiraz etdi və bildirdi ki, şikayət formal mülahizələrə əsaslanaraq tərtib edilmişdir. Cavabdehin onda iki xalçası olsa da ona xalça lazım deyil. Dəfələrlə cavabdehə müraciət etmişdir ki, gəlib xalçasını aparıb özü satsın. O, həmin xalçaları girov götürməmişdir, bununla bağlı müqavilə də bağlamayıblar. Sadəcə cavabdeh onu inandırma üçün iki xalçanı onlarda qoyub getmiş, pulunu qaytarıb xalçalarını götürəcəyini bildirmişdir. Buna görə də qətnamə qanunidir və onun ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Apelyasiya baxışı zamanı iştirak etdiyi məhkəmə iclasında İddiaçı vəkili X1 da vəkili olduğu şəxsin izahatını təsdiq edərək şikayətin təmin edilməməsi, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apelyasiya baxışı zamanı məhkəmə iclaslarının vaxtı və yeri barədə dəfələrlə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh teleqramla məhkəməyə müraciət edərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, lakin iştirak etməməsinin üzrlü sayılmasına dair heç bir əsaslı səbəb göstərmədən məhkəmə iclasına təkrarən gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. İş materiallarına əlavə edilmiş Quba RPŞ-nin xx.xx.2019-cu il tarixli məktubuna əlavə edilmiş sənədlərdən görünür ki, daxil olmuş şikayət ərizəsi əsasında aparılmış araşdırma zamanı Cavabdeh izahatında İddiaçı 3000 (üç min) manat məbləğində borc pul aldığını bildirmişdir. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb, işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olundu ki, tərəflər borc münasibətlərində olmuş, onlar arasında şifahi borc müqaviləsi bağlanmış və borcun alınması borclu tərəfindən məhkəmə iclasında etiraf və təsdiq edilmişdir. Borclu cavabdeh iddiaçıdan aldığı pul vəsaitini geri qaytarmadığı üçün iddiaçı məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh apelyasiya şikayətində borc müqabilində girov qoyduğu xalçaların bazarda satılması yolu ilə əldə edilmiş vəsaitdən borcun qaytarılmalı olmasını bildirir. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri) İstinad olunan maddi hüquq normalarının mənasına görə əqdin bağlanılması üçün ilkin zəruri olan şərtlərdən biri tərəflərin razılaşdırılmış iradə ifadəsidir. İşdən göründüyü kimi, tərəflər borc münasibətində olmuş və öz iradə ifadələrini şifahi borc müqaviləsi formasında təsdiqləmişlər. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanmış borc müqaviləsinə əsasən, Cavabdeh İddiaçı kredit (borc) almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini kreditora qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. AR Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Qeyd edildiyi kimi borc öhdəliyi barədə müqavilə şifahi formada bağlanmışdır. Mülki Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Yuxarıdakı normaların tələblərindən də aydın olur ki, borclu müqavilə üzrə öhdəliklərini yerinə yetirmədikdə kreditorun bunu tələb etmək hüququ yaranır və kreditor qarşısında borclu məsuliyyət daşıyırlar. Birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı cavabdeh iddiaçıdan 3000 manat olmaqla borc aldığını təsdiq etmişdir. Eləcə də, apelyasiya şikayətində cavabdeh 3000 manat məbləğində borcu olduğunu bildirmişdir. Qeyd edildiyi kimi o, apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, borcu müqabilində iki ədəd xalçanı girov qoymuşdur. Hazırda iddiaçı xalçaların birlikdə bazara çıxarılıb satılmasından imtina edir, pulunu tələb edir. Əvvəla, məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında girov münasibətlərinin yaranması üçün girov müqaviləsinin mövcudluğu öz təsdiqini tapmır. Belə ki, Mülki Məcəllənin 280.1, 280.4-cü maddələrinin tələblərinə görə girov müqaviləsi yazılı formada bağlanmalıdır. Bu maddənin qaydalarına riayət edilməməsi girov müqaviləsinin etibarsızlığına səbəb olur. Belə müqavilə əhəmiyyətsiz sayılır. İşdə belə bir sübut olmadığı kimi, iddiaçı tərəf də xalçaların borc əvəzinə girov qoyulmasını qəbul etmir. İddiaçı izahatında cavabdehin onu inandırma üçün iki xalçanı onlarda qoyub getdiyini, pulunu qaytarıb xalçalarını götürəcəyini bildirmişdir. Bundan əlavə cavabdehin iddiaçının xalçaların birlikdə bazara çıxarılıb satılmasından imtina etməsi barədə apelyasiya şikayətinin dəlilləri də öz təsdiqini tapmır. O, bununla bağlı məhəkəməyə heç bir sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir. Cavabdeh apelyasiya şikayətinin əsaslarına dair məhkəməyə hər hansı mötəbər və legitim sübut təqdim edə bilməmişdir. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətini formal mülahizələr kimi qiymətləndirir. Məhkəmə kollegiyası hesab edir ki, bütün hallarda iddiaçıda olan xalçaların geri qaytarılması barədə Cavabdeh iddia qaldırmaq hüququ vardır, bununla belə, o, 3000 manat borcun qaytarılması öhdəliyinə əməl etməli və borcunu qaytarmalıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh İddiaçı qarşısında öhdəliyi yaranmışdır və o bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi sadalanan maddi hüquq normalarına istinad etməklə mübahisə üzrə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan, məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Quba Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(027)- 1003/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar