Məhkəmə qərarları › İş №2(105)-324/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-324/2025

03.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-324/2025 03.03.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (əsassız varlanma nəticəsində əldə edilmiş vəsaitin qaytarılması, sübutların qiymətləndirilməsi) X1 (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə məhkəmə iclas katibi X3, İddiaçı, onun numayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(012)-3470/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:

1. xx.xx.2023-cü il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmış, sonuncu 60000 manat pulu xx.xx.2023-cü il tarixədək qaytarmaq şərtilə borc almışdır.

2. xx.xx.2023-cü il tarixli kassa mədaxil orderindən görünür ki, İddiaçı "xxxx" ASC-də 60000 manat pulu **********0003 saylı hesaba köçürülməsi üçün ödəmişdir.

3. xx.xx.2023-cü il tarixli ********* saylı qəbzin surətindən görünür ki, Cavabdeh adına olan 416973******5660 saylı hesaba 1500 manat pul köçürülmüşdür.

4. xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, iddiaçının vəkilinümayəndəsi Cavabdeh borcun qaytarılması barədə xəbərdarlıq məktubu göndərmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona borclu olduğu 90000 (doxsan min) manat məbləğində pulun, 360 (üç yüz altmış) manat ödədiyi dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1984-cü ildə Masallı rayonunda anadan olmuşdur. Fərdi əməklə məşğul olaraq ailəsini dolandırır. Cavabdeh uzun müddətdir ki, tanıyır. Maddi vəziyyəti yaxşı olmadığından ondan borca pul istəyib. O da Mirelşənə 60000 (altmış min) manat borca pul vermişdir. Pul verərkən hər ehtimalı nəzərə alaraq pulu ona notariat qaydasında vermişdir. Cavabdeh ondan pulu 4 aylıq borca götürmüşdü və 27 may 2023-cü il tarixə qədər qaytarmalı idi. May 2023-cü il tarixdə cavabdehdən pulunu tələb etdikdə ona 2-3 ay vaxt verməyini xahiş etdi. Münasibəti normal olduğundan ona 2-3 ay vaxt vermişdir. Lakin cavabdeh dediyi vaxtda pulunu qaytara bilməyib. Cavabdeh Bakı şəhərində torpağının olduğunu, onun real qiymətinin 100000 manatdan baha olduğunu, lakin ona 90000 manata sata biləcəyini bildirdi. O, torpaq sahəsinə baxmış və xoşuna gəldiyindən götürmək qərarına gəlmişdir. Torpaq sahəsinin müəyyən sənədlərinin olmadığını görüb, cavabdehə sənədləri tam düzəltməyi və sonda yerdə qalan pulu da verəcəyini bildirmişdir. Lakin cavabdeh sənədləri düzəltməyə pulu olmadığını, yerdə qalan 30000 manat pulu ona verib, o da torpağa çıxarışı alaraq onun adına keçirəcəyinə söz vermişdir. O, cavabdehə inanaraq 30000 manat pulu 4-5 dəfəyə ona vermişdir. Cavabdehin ümumi borcu 90000 manat olmuşdur. Üzərindən uzun müddət keçməsinə baxmayaraq cavabdeh nə onun pulunu, nə də ki, torpaq sahəsinin sənədlərini düzəldib onun adına keçirməmişdir. Dəfələrlə cavabdehdən pulunu istəsə də, heç bir nəticəsi olmamışdır. Cavabdeh ondan aldığı 90000 manat pulu geri qaytarmalıdır. Məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir.

7. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(012)-3470/2024 nömrəli qətnaməsi ilə (hakim M.Mirhəsənli) iddiа qismən təmin еdilərək, Cavabdeh 61500 manat və ödənilmiş dövlət rüsumu üçün 274,5 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh arasında yazılı borc müqaviləsi əsasında sonuncu 60000 manat borc almışdır. Bundan başqa İddiaçı Cavabdeh bank kartına 1500 manat pul köçürmüşdür. Bu hal cavabdehin məhkəmə iclasında verdiyi izahatında öz təsdiqini tapmışdır. Lakin aldığı borcu qaytarmadığı üçün hazırda tərəflər arasında mübahisə yaranmışdır. İşdən görünür ki, tərəflər arasında olan yazılı borc müqaviləsinə görə Cavabdeh iddiaçıya hazırda 60000 manat və iddiaçının cavabdehin kartına köçürdüyü məbləğ üzrə 1500 manat borcu vardır. Bu fakt onun məhkəmə iclasındakı etirafı ilə təsdiq edildiyindən məhkəmə hesab edib ki, iddia qismən təmin olunmalı, 61500 manat pul Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, iddiaçı tələbinin digər, yəni 28500 manat pulun qaytarılması hissəsinin əsaslılığına dair mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş və məhkəmə iclasında tədqiq edilmiş CD diskdə olan videogörüntülərdə danışıqların kimə aid olması müəyyən edilməmişdir. Tədqiq edilmiş səs yazısında “Elşən adlı şəxsə 60000 manat bir, 15000 manat bir, 1500 manat bir, ümumilikdə 90000 manat verdiyini bildirmiş, telefonla danışdığı şəxs isə borcu onun vasitəsilə Hacı adlı şəxsə verildiyini və onun borcu qaytaracağına söz verdiyini bildirir.” İddiaçı həmin səs yazısının Cavabdeh məxsus olması barədə heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Buna görə də həmin hissədə iddia təmin edilməməlidir.

9. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 443.1, 448.2, 739, 740.1, 740.2-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106, 119.1, və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri

10. Qətnamənin təmin olunmayan hissəsindən İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddia tələbini tam təmin etməməklə yanlış nəticəyə gəlmişdir. Cavabdeh bir dəfə məhkəmə hazırlıq iclasında iştirak etmiş, iddia ərizəsi və ona əlavə edilmiş video görüntülü CD disk ona təqdim edilərək, iddia tələbinə qarşı etirazını yazılı şəkildə məhkəməyə təqdim etməsi bildirilmişdir. Cavabdeh məhkəməyə iddia tələbinə və video görüntüyə qarşı heç bir etiraz yazmamışdır. Lakin hakim cavabdehin vəkilliyini öhdəsinə götürərək, guya cavabdehin iddiaya etiraz etdiyini qətnaməsində qeyd etmişdir. CD-diskdə olan video görüntüdə aralarında olan borc münasibəti, borcdan sonra ona satılmalı olan torpaq sahəsini geniş şəkildə cavabdehlə müzakirə etmişlər. Məhkəmə CD-diskə məhkəmə iclasında baxmamış, guya disk korlanaraq yararsız hala düşmüşdür. Vəkilin telefonunda olan video görüntüyə bir dəqiqəlik qulaq asaraq qətnamədəki fikri qeyd etmişdir. Məhkəməyə təqdim etdiyi video görüntüdə konkret olaraq cavabdehlə telefonla danışarkən özünü çəkmişdir. Həmin görüntü təxminən 6-7 dəqiqə ərzində baş verir. Danışıq zamanı o cavabdehə nə qədər pul verdiyini konkret olaraq rəqəmlə bildirir, cavabdeh də həmin rəqəmi təsdiqləyir. Cavabdeh ona borc məbləğinin daha az yəni 60000 manat olması barədə hər hansı fikir bildirməmişdir. Lakin məhkəmə əsassız olaraq səs yazısının cavabdehə məxsus olması barədə sübutun məhkəməyə təqdim edilməməsini qeyd etmişdir. Halbuki həmin danışıq zamanı iddia tələbində qeyd edilən bütün fikirləri cavabdeh özü təsdiqləyir. Yəni cavabdeh tərəfindən borcun inkar edilmədiyi bir halda məhkəmə əsassız olaraq 28500 manatı təmin etməmişdir. Məhkəmə işə qərəzli yanaşmış, heç bir araşdırma aparmadan ədalətsiz qətnamə çıxarmışdır. Həmçinin məhkəməyə təqdim edilən səs yazısı olan video disk məhkəmə iclasında sübut kimi istifadə edilməmişdir. Məhkəmə bildirdi ki, video disk xarab olmuşdur. Lakin məhkəmə əvvəlki iclaslarında video diskə dəfələrlə qulaq asdığını bildirmişdir. Həmçinin video diskin bir surətini hazırlıq iclasında cavabdehə təqdim etmiş və cavabdehdən iddia tələbinə və görüntülərə qarşı etirazını hazırlamağı bildirmişdir. Göründüyü kimi məhkəmə qeyri obyektiv şəkildə işə baxmış və əsassız qərar qəbul etmişdir. Göstərilənləri nəzərə alaraq hesab edir ki, çıxarılmış qətnamə prosessal pozuntularla qəbul edildiyindən ləğv edilməli və onun iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı izahatında apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirdi ki, o hazırda cavabdehə verdiyi 90000 manat pulun cavabdehdən tutulmasını xahiş edir. Həmin pulun 60000 manatı notarial qaydada müqavilə bağlanmaqla, qalan 30000 manat məbləğində pulun 1500 manatı müvafiq kart nömrəsinə göndərilməklə, 28500 manatı isə cavabdehə şəxsən əlbəəl vermişdir. Cavabdeh qeyd olunan məbləğdə pulun ona verilməsini qəbul edir və bildirir ki, o da ona verilən pulu “Ataş” adlı şəxsə vermişdir. İşə baxan məhkəmə isə 28500 manata aid hissədə iddianı əsassız olaraq təmin etməmişdir. Göstərilənlərə əsasən iddiaçı sonda apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirdi ki, işə baxan məhkəmə iddia tələbini 28500 manat məbləğdə pula aid hissədə rədd edərkən əsassız nəticəyə gəlmişdir. Belə ki, həmin hissədə iddia tələbinin əsaslılığını sübut edən tərəflər arasında telefon danışıqları olmuşdur ki, həmin danışıqların əks olunduğu CD disk birinci instansiya məhkəməsinə təqdim edilmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə iclasında cavabdeh iştirak etmiş, videogörüntünün olduğu disk ona təqdim olunmuşdur, lakin cavabdeh bu barədə heç bir etiraz bildirməmişdir. Göstərilənlərə əsasən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

15. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh izahatında bildirdi ki, iddiaçı ilə aralarında 60000 manat pula dair notarial qaydada müqavilə bağlanıb. Bundan başqa, iddiaçı ona əlavə 30000 manat məbləğində pul vermişdir. Həmin puldan 1500 manat kart nömrəsinə göndərilmiş, qalan 28500 manat isə iddiaçı tərəfindən əlbəəl 15000 manat və 13500 manat olmaqla torpağın sənədlərinin düzəldilməsi ilə bağlı verilmişdi. O da həmin pulu alıb “Ataş” adlı şəxsə verib. Həmin şəxs evin sahibi, torpağı satan, o isə vasitəçi kimi iştirak etmişdir. Hal-hazırda mübahisənin həlli ilə bağlı danışıqlar gedir, çox güman ki yaxın zamanda pul iddiaçıya qaytarılacaqdır.

Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 384.0.2. apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

18. Apellyator Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(012)- 3470/2024 nömrəli qətnaməsinin tam həcmdə ləğv olunmasını xahiş etsə də, şikayətinin məzmununda isə qətnamə iddia tələbinin təmin olunmayan hissəsində mübahisələndirilmişdir.

19. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsini iddia tələbinin təmin olunmayan hissəsində yoxlamağı vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını, tərəflərin izahatını iş materialları ilə birgə əlaqəli şəkildə təhlil edərək, belə qənaətə gəlir ki, aşağıda qeyd olunanlara əsasən birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli, həmin hissə üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbi bu hissədə təmin edilməlidir.

21. İddia tələbinin mahiyyətindən görünür ki, iddiaçının tələbi həm notarial qaydada rəsmiləşdirilmiş kredit müqaviləsi üzrə yaranmış borcun, həm də digər qaydada verilmiş pulun cavabdehdən alınması barədədir.

22. Araşdırılan işin faktiki hallarından müəyyən edilir ki, iş üzrə tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən İddiaçı Cavabdeh 60000 manat pulu xx.xx.2023-cü il tarixədək qaytarmaq şərtilə borc vermişdir. Həmçinin xx.xx.2023-cü il tarixli ********* saylı qəbzin surətindən görünür ki, Cavabdeh adına olan 416973******5660 saylı hesaba 1500 manat pul köçürülmüşdür.

23. Birinci instansiya məhkəməsi müqavilə əsasında verilmiş, həmçinin karta köçürülmüş pulun təmin edilməsi barədə qərar qəbul etsə də, əlavə olaraq verilmiş pulun təmin edilməməsi qənaətinə gəlmiş, mövqeyini də həmin hissənin iddiaçı tərəfindən sübut olunmaması ilə əlaqələndirmişdir.

24. Kollegiya birinci instansiya məhkəməsinin, “iddianın təmin olunmayan” hissəsi ilə bağlı gəlmiş olduğu bu nəticə ilə razılaşmır və mövqeyini aşağıdakılarla əsaslandırır.

25. Nəzərə alınmalıdır ki, öhdəlik dedikdə, bir şəxsin (borclunun) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etmək (pul ödəmək, əşya vermək, iş görmək, xidmətlər göstərmək və ya müəyyən hərəkətdən çəkinmək) vəzifəsi başa düşülür. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

26. Göründüyü kimi, pulun ödənilməsi tələbini də özündə ehtiva edən öhdəliyin yaranması əsasları qanunda konkret şəkildə müəyyən edilmiş və buraya müqavilədən, zərər vurmadan, əsassız varlanmadan və qanunda nəzərdə tutulmuş digər əsaslardan irəli gələn öhdəliklərin daxil olduğu göstərilmişdir.

27. Bu baxımdan pulun ödənilməsini tələb edən iddiaçı, ya müqavilədən, ya da qanundan irəli gələn öhdəliyə görə cavabdehin onun qarşısında məsuliyyət daşıdığını sübuta yetirməlidir.

28. Kollegiya qeyd edir ki, etibarsız əqdlər üzrə əvəzedilən əşyalar üzərində əldə edənin hüququ yarana və nəticədə əsassız varalanma baş verə bilər. Hazırkı mübahisə üzrə tərəflər arasında yaranmış hüquq münasibətlərinin predmeti pulla, yəni əvəzedilən əşya ilə bağlı olmuşdur. Bu baxımdan, Mülki Məcəllənin 337.5-ci maddəsində nəzərdə tutulmuş restitusiya qaydası belə əqdlərin etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığı hallarda tətbiq edilir. Çünki, əvəzedilən əşyalar mülki dövriyyədə yalnız say, ölçü, çəki ilə müəyyənləşdirilən əşyalardır ki, bu əşyalar etibarsız əqd üzrə verilmiş olsa belə, əldə edənin əşya üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olur.

29. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, tərəflər arasında yaranmış hazırkı mübahisənin qanuni həlli baxımından Mülki Məcəllənin “Əsassız varlanma və onun nəticələri”ni tənzimləyən 1091-1095-ci maddələrinin tələbləri nəzərdə keçirilə bilər. Həmin normalara görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

30. Odur ki, hazırkı işdə iddianın əsaslı sayılması üçün cavabdehin iddiaçının hesabına müvafiq əsas olmadan varlandığı müəyyən edilməlidir.

31. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırma aparan kollegiya, qeyd olunan halları müəyyən etmək üçün iş materiallarını tərəflərin izahatı ilə birlikdə əlaqəli şəkildə yenidən təhlil etmiş, eyni zamanda tərəflərə qarşılıqlı şəkildə izahat verməyi təklif etmişdir.

32. İddiaçı izahatında notarial qaydada verilmiş puldan başqa, cavabdehə ayrı-ayrı vaxtlarda əlavə olaraq pul verdiyini, lakin bu vaxta qədər pulunun qaytarılmadığını, hətta bu barədə cavabdehlə telefon vasitəsilə də danışdığını bildirmişdir.

33. Cavabdeh isə apellyasiya icraatı zamanı vermiş olduğu izahatında müqavilədəki puldan başqa, iddiaçının ona ayrı-ayrı vaxtlarda 13500 və 15000 manat verdiyini, lakin o həmin pulları iş görmək məqsədilə “Ataş” adlı şəxsə verdiyini, özü tərəfindən mənimsənilmədiyini bildirmişdir (cavabdeh bununla bağlı yazılı ərizə də təqdim etmişdir i/m səh.138)

34. Kollegiya tərəfindən nəyə görə pulun iddiaçı tərəfindən məhz ona verildiyi barədə sorğu-sual olunduqda isə sonuncu iddiaçının onu tanıdığını, ona etibar etdiyini, “Ataşı” da o tanıdığını bildirmişdir. Kollegiyanın araşdırması zamanı cavabdeh hətta “Ataş” adlı şəxslə danışıq apardığını və yaxın vaxtlarda pulun hissə-hissə də olsa qaytarılacağını bildirmişdir.

35. Bundan əlavə, kollegiya tərəflər arasında yaranmış mübahisənin həlli məqsədilə təqdim olunmuş “CD” diskə məhkəmə iclas zalında dinləmə keçirmiş, dinlənilmə zamanı iddiaçının cavabdehlə pul barədə danışığı, iddiaçının cavabdehə ümumilikdə 90000 manat məbləğində pul verdiyi, cavabdehin də həmin pulu iş görmək məqsədilə başqa şəxsə verdiyini bildirməsi müəyyən edilmişdir.

36. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırmanı davam etdirən kollegiya qeyd edir ki, cavabdeh izahatında verilmiş pulun hazırda onda olmadığını bildirsə də, iddiaçının məhz onu tanımasını, pulun ona verilməsini inkar etməmiş, əksinə etiraf etmişdir. Kollegiyanın qənaətinə görə iddiaçı tərəfindən cavabdehə verilmiş pulun, öz növbəsində sonuncu tərəfindən başqa şəxsə ötürülməsinin hazırkı mübahisənin həllində önəmli rolu yoxdur. Çünki hazırki iş üzrə tərəflər əvvəlcədən tanış olmuş, mövcud danışıqlar da iddiaçı ilə Cavabdeh arasında yaranmış, mübahisələndirilən pul məbləği də etimad olunaraq cavabdehə verilmişdir. Göründüyü kimi tərəflər arasında qeyd olunan məbləğin verilməsi və cavabdeh tərəfindən alınması işin mübahisəiz halıdır.

37. Prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir.

38. Mülki Prosessual Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır.

39. Həmin Məcəllənin 106.3-cü maddəsinin tələbinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir.

40. Şərh olunanları ümumiləşdirərək kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi, mübahisələndirilən hissədə (iddianın təmin olunmayan hissəsində) ləğv edilməli, həmin hissə üzrə yeni qətnamə qəbul edilməklə Cavabdeh 28500 manat pul alınaraq, İddiaçı verilməlidir.

41. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(012)-3470/2024 nömrəli qətnaməsi qismən, yəni mübahisələndirilən hissədə (iddia tələbinin təmin edilməyən hissəsində) ləğv edilsin. Ləğv edilən hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. Cavabdeh 28500 (iyirmi səkkiz min beş yüz) manat pul tutularaq İddiaçı verilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 360 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar