Məhkəmə qərarları › İş №2(105)-3242/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3242/2021

04.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3242/2021 04.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı qapalı səhmdar cəmiyyətinin nümayəndəsi X2 və Cavabdeh1 iştirakları ilə açıq məhkəmə iclasında Şamaxı Rayon Məhkəməsinin 05.07.2021-ci il tarixli, 2(074)-599/2021 saylı qətnaməsindən İddiaçı qapalı səhmdar cəmiyyətinin apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şamaxı Rayon Məhkəməsinin 05.07.2021-ci il tarixli, 2(074)-599/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Natiq İsmayılov) İddiaçı qapalı səhmdar cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, Cavabdeh2 14.10.2014-cü il tarixli, 021A********** saylı kredit müqaviləsi üzrə yaranmış 6617,17 manat məbləğində əsas borcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat məbləğində pulun alınaraq İddiaçı qapalı səhmdar cəmiyyətinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmiş, iddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: İş materiallarından görünür ki, İddiaçı qapalı səhmdar cəmiyyəti iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada cəmiyyətin xeyrinə 6617,17 manat məbləğində kredit borcu, 0 manat məbləğində faiz borcu və 0 manat məbləğində cərimə olmaqla, cəmi 6617,17 manat məbləğində borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş və tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 cəmiyyətlə 14.10.2014-cü il tarixdə bağladığı 021A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 2,1667% olmaqla 36 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10000 manat məbləğində kredit götürmüşdür. Cavabdeh2 kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə 16.02.2016-cı il tarixdən ödənilməsi planlaşdırılmış aylıq kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. Cavabdeh2 götürdüyü kredit borcundan 3382,83 manat ödəniş etmiş və onun iddiaçıya 6617,17 manat məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 4.1.2-ci bəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi qaytarma planına uyğun olaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. Cavabdeh1 həmin zaminlik müqaviləsinin 1-ci bəndinə əsasən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə iddianın zaminə münasibətdə təmin edilməyən hissəsi maddi və prosessual hüquq normaları pozulmaqla qəbul edildiyindən əsassızdır və buna görə ləğv edilməlidir. Məhkəmə tərəfindən iddia müddətinin tətbiqi ilə bağlı maddi və prosessual hüquq pozuntusuna yol verilmişdir. Belə ki, Azərbaycan Respublikası MM-nin 375-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12.03.2020-ci il tarixli Qərarı ilə kəsici və iddia müddətlərinin anlayışı və fərqləri izah edilmişdir. Həmin Qərara əsasən iddia müddəti tələb hüququ üçün xarakterikdir,... Kəsici müddət isə əqdi milbahisələndirmək hüququna və iddialara aiddir. Həmin Qərarda iddia müddətinə misal olaraq Azərbaycan Respublikası MM-nin 477.0.4-cü maddəsi göstərilmişdir. Həmçinin bu Qərarda qeyd edilmişdir ki, iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır. Məhkəmə tərəfindən iddia müddəti tətbiq edilən zaman Azərbaycan Respublikası MM-nin 375.2-ci maddəsinin pozuntusuna yol verilmişdir. Belə ki, cavabdehlər iddia müddətinin tətbiq edilməsinə dair yazılı ərizəni məhkəməyə təqdim etməmişdilər. İddiaçı apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin qismən, iddia tələbinin Cavabdeh1 münasibətdə təmin edilməyən hissəsində ləğv edilməsi və iddia tələbinin həmin hissədə də təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı qapalı səhmdar cəmiyyətinin nümayəndəsi X3 apellyasiya şikayətində qeyd edilənlərə uyğun izahat verdi. Cavabdeh1 məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi iddianın Cavabdeh1 münasibətdə təmin edilməmiş hissəsində ləğv edilməli, həmin hissədə iddia təmin edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin Cavabdeh1 münasibətdə ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı bu hissədə yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarından görünür ki, İddiaçı qapalı səhmdar cəmiyyətinin Mərdəkan filialı ilə bağlanmış 14.10.2014-cü il tarixli, 021A********** saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 aylıq faiz dərəcəsi 2,1667% olmaqla 36 ay müddətinə 10000 manat kredit verilmişdir. İş materiallarında olan İddiaçı qapalı səhmdar cəmiyyətinin Mərdəkan filialı ilə Cavabdeh1 arasında bağlanmış 14.10.2014-cü il tarixli, 021G**********01 saylı zaminlik müqaviləsindən görünür ki, İddiaçı qapalı səhmdar cəmiyyətinin Mərdəkan filialı ilə Cavabdeh2 arasında bağlanmış 14.10.2014-cü il tarixli, 021A********** saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin tamamilə icra edilməsi üçün zamin bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüş və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. İş materiallarında olan İddiaçı qapalı səhmdar cəmiyyətinin 08.04.2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh2 14.10.2014-cü il tarixli, 021A********** saylı kredit razılaşması üzrə 22.02.2021-ci il tarixə əsas borcu 6617,17 manat, faiz borcu 0 manat, cərimə borcu 0 manat, cəmi borcu 6617,17 manat təşkil edir. İş materiallarında olan İddiaçı qapalı səhmdar cəmiyyəti tərəfindən Cavabdeh2 və Cavabdeh1 göndərilmiş məktubların surətlərindən görünür ki, borcun ödənilməsi barədə xəbərdar edilmişlər. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. İş üzrə araşdırılmış sübutlardan görünür ki, İddiaçı qapalı səhmdar cəmiyyətinin Mərdəkan filialı ilə bağlanmış 14.10.2014-cü il tarixli, 021A********** saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 aylıq faiz dərəcəsi 2,1667% olmaqla 36 ay müddətinə 10000 manat kredit verilmişdir. Azərbaycan Respublikası MM-nin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1 və 472.2-ci maddələrinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. İddiaçı qapalı səhmdar cəmiyyətinin Mərdəkan filialı ilə Cavabdeh1 arasında bağlanmış 14.10.2014-cü il tarixli, 021G**********01 saylı zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərin tamamilə icra edilməsi üçün zamin bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüş və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. Birinci instansiya məhkəməsi zamin Cavabdeh1 münasibətdə iddianı təmin etməyərkən bankın ona qarşı qanunla müəyyən edilmiş müddət ərzində iddia qaldırmaq hüququna malik olduğu halda, yəni müqavilə müddətinin başa çatdığı 14.10.2017-ci il tarixdən ən geci bir il ərzində iddia irəli sürməli olduğu halda, bu hüququndan istifadə etməməsinə və bu müddətdə zaminə qarşı heç bir tələb irəli sürülməməsinə, bununla da zaminlik müqaviləsinin xitam verilmiş hesab edilməsinə, bu müddətin iddia müddəti hesab edilməməsinə istinad etmiş, gəldiyi nəticəni Azərbaycan Respublikası MM-nin 477.0.4-cü maddəsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddia tələbinin Cavabdeh1 oğluna aid hissədə gəldiyi bu nəticə qanunsuz və əsassızdır. Azərbaycan Respublikası MM-nin 477.0.4-cü maddəsinə görə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda, zaminliyə xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 mart 2020-ci il tarixli Qərarında iddia müddəti və kəsici müddət arasındakı əsas fərqləri izah edərkən Konstitusiya Məhkəməsi göstərmişdir ki, iddia müddəti tələb hüququ üçün xarakterikdir, lakin ondan bəzi istisnaları mövcuddur. Məsələn, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə görə, əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Kəsici müddət isə əqdi mübahisələndirmək hüququna və iddialara aiddir, iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Bu hal Mülki Məcəllənin 375.2 və 383-cü maddələrində öz əksini tapmışdır. Kəsici müddətlər isə hüququn özünün xitamı ilə nəticələnir, iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır. Göründüyü kimi, Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə Mülki Məcəllənin 477.0.4-cü maddəsində nəzərdə tutulan müddət iddia müddətidir. Azərbaycan Respublikası MM-nin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İşdən görünür ki, cavabdehlər hazırki iş üzrə iddia müddətinin tətbiqi barədə ərizə verməmişlər. Belə olan halda, birinci instansiya məhkəməsi zaminə qarşı iddianı rədd etməklə düzgün nəticəyə gəlməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, zaminlik müqaviləsi üzrə öhdəlik götürmüş Cavabdeh1 da kreditor qarşısında borclu ilə birgə məsuliyyət daşıyır. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci və 385.1.4-cü maddələrinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi əsasdır. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi iddianın Cavabdeh1 münasibətdə təmin edilməmiş hissəsində ləğv edilməli, həmin hissədə iddia təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı qapalı səhmdar cəmiyyətinin apellyasiya şikayəti təmin edilsin. İş üzrə Şamaxı Rayon Məhkəməsinin 05.07.2021-ci il tarixli, 2(074)-599/2021 saylı qətnaməsi iddianın Cavabdeh1 münasibətdə təmin edilməmiş hissəsində ləğv edilsin, həmin hissədə iddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 14.10.2014-cü il tarixli, 021A********** saylı kredit müqaviləsi üzrə 6617,17 (altı min altı yüz on yeddi manat 17 qəpik) manat əsas borc və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı qapalı səhmdar cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar