Məhkəmə qərarları › İş №2(105)-3244/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3244/2021

01.10.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3244/2021 01.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Əliyev Əliağa Vahid oğlunun katibliyi, İddiaçı. Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair mülki iş üzrə Siyəzən Rayon Məhkəməsinin İş № 2(059)-309/2021 saylı, 07 iyul 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Siyəzən Rayon Məhkəməsinin İş № 2(059)-309/2021 saylı, 07 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakim Bəylər Ələkbərov), iddia tələbinin qismən təmin edilməsi, hazırkı qətnamə qanuni qüvvəsini aldığı vaxtdan etibarən 30 sentyabr 2006-cı il təvəllüdlü X1 və 22 oktyabr 2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün Siyəzən Rayon Məhkəməsinin 23 dekabr 2016-cı il tarixli, 2(059)-1086/2016 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşaq üçün 125 (bir yüz iyirmi beş) manat olmaqla, cəmi 250 (iki yüz əlli) manat sabit pul məbləğində aliment tutulması, iddia tələbinin qalan hissədə təmin olunmaması və İddiaçı azad edildiyi 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 30 sentyabr 2006-cı il təvəllüdlü X1 və 22 oktyabr 2007ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Siyəzən Rayon Məhkəməsinin 23 dekabr 2016-cı il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarının artırılaraq, uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay hər uşaq üçün 250 manat olmaqla, cəmi 500 manat sabit pul məbləğində alimentin tutulub, onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi və birinci instansiya məhkəmə iclasında verdiyi izahatında İddiaçı iddia tələbini müdafiə edərək onunla əsaslandırmışdır ki, Siyəzən Rayon Məhkəməsinin 23 dekabr 2016-cı il tarixli qətnaməsinə əsasən birgə nikahdan doğulmuş 30 sentyabr 2006cı il təvəllüdlü Fəxriyyənin və 22 oktyabr 2007-ci il təvəllüdlü Şükriyyənin yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 117 manat manat olmaqla, ümumilikdə 234 manat sabit pul məbləğində alimentin cavabdehdən alınaraq onun xeyrinə ödənilməsi qət edilmişdir. Cavabdeh tərəfindən uşaqların saxlanılması üçün ödənilən 234 manat məbləğində aliment sonuncuların maddi ehtiyaclarını ödəmir. Belə ki, həmin məbləğ uşaqların böyümələri, təhsil almaları və layiqli həyat səviyyələrinin təmin edilməsindən ötrü olduqca azdır. Bundan əlavə, o, 18 aprel 2018-ci il tarixdən X9 İdarəsinin Siyəzən rayon X6 rayon 2 saylı şəhər klubunda mədəni təşkilatçı vəzifəsində işləməklə, aylıq 265 manat əmək haqqı alsa da, bu məbləğ də uşaqlarının təhsilinə, geyimlərinə, gündəlik təlabatlarına və təhsil xərclərinə kifayət etmir. Cavabdeh isə "xxxx" MMC-nin Kommunal xidmət, təmir və dənizkənarı bulvar ərazisinin mühafizəsi müəssisəsində Gəmilərə xidmət şöbəsində kapitan vəzifəsində işləməklə, aylıq 1458 manat əmək haqqı alırdısa da, tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edildikdən sonra, iş yerini qəsdən dəyişmişdir. Hesab edir ki, iş üzrə yekun qərar qəbul edildikdən sonra, cavabdeh yenidən əmək haqqı yüksək olan işinə qayıdacaqdır. Həmçinin, cavabdeh fərdi qaydada taksi sürücülüyü ilə məşğul olaraq əlavə qazanc da əldə edir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İddiaçı apelyasiya şikayəti verərək, Siyəzən Rayon Məhkəməsinin İş № 2(059)- 309/2021 saylı, 07 iyul 2021-ci il tarixli qətnaməsini ləğv edib, iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə nikahları pozulmamışdan əvvəl Siyəzən Rayon Məhkəməsinin 01 liyun 2016-cı il tarixli qətnaməsinə əsasən 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh alınaraq tələbkar HəşimovaSayadCamal qızına ödənilən 300 manat məbləğində aliment, sonradan Cavabdeh müraciəti əsasında, işləmədiyini əsas göstərərək Siyəzən Rayon Məhkəməsinin 23 dekabr 2016-cı il tarixli qətnaməsinə əsasən azaldılaraq bir uşaqın saxlanılması üçün 117 manat olmaqla, ümumilikdə 234 manat ödənilməsi qət edilmişdir və 03 fevral 2017-ci il tarixdən 234 manat məbləğində aliment tələbkar İddiaçı ödənilir. Tələbkar İddiaçı 18 aprel 2018-ci il tarixdən X10 idarəsinin Siyəzən rayon Mədəniyyət MərkəzindəSiyəzənrayon 2 saylı şəhər klubunda mədəni təşkilatçı vəzifəsində işləyir və aylıq əmək haqqı 265 manat təşkil edir, lakin qeyd olunan vəsaitlər övladlarının təhsilinə, geyimlərinə, gündəlik xərclərinə və təhsil xərclərinə yetmir. Uşaqlar ali məktəbə hazırlıq ərəfəsindədirlər və dərslərini repititorlarlarla məşqu olurlar. Lakin lazımi fənləri repititorlarla məşqul ola bilmədikləri üçün təhsildən geri qalırlar. Bütün bunlar nəzərə alaraq cavabdehin iş yerinin olub-olmaması barədə müraciət etmiş və icra məmuru icra sənədi üzrə cavabdeh olan Cavabdeh şəxsi kartoçkası üzrə iş yerinin olub-olmaması barədə sorğu vermiş və "xxxx" MMC-nin Kommunal xidmət, təmir və dənizkənarı bulvar ərazisinin mühafizəsi müəssisəsində Gəmilərə xidmət şöbəsində kapitan vəzifəsində işlədiyi müəyyən edilmişdir. İcra məmuru dəqiqləşdirmək məqsədilə "xxxx" MMC-nin Kommunal xidmət, təmir və dənizkənarı bulvar ərazisinin mühafizəsi müəssisəsinə yazılı şəkildə sorğu göndərmiş və Cavabdeh "xxxx" MMC-nin Kommunal xidmət, təmir və dənizkənarı bulvar ərazisinin mühafizəsi müəssisəsinin Gəmilərə xidmət şöbəsində kapitan vəzifəsində işlədiyi və aylıq əmək haqqının 1458 manat təşkil etdiyi məlum olmuşdur. Sonradan cavabdeh A. Həsənov barəsində məhkəməyə alimentin artırılmasına dair ərizə ilə müraciət edildikdən sonra aldığı əmək haqqının miqdarı müəyyən vaxtlarda azaldılaraq 250 manata endirilmiş və tələbkarın etdiyi şikayətlər nəticəsində aldığı əmək haqqının miqdarı yenidən 1458 manat göstərilsə də, yekun məhkəmə baxışı günü yenidən əmək haqqının miqdarı azaldılaraq 250 manat göstərilmişdir və bunun nəticəsindədə hakim tələbi qismən təmin etmişdir. Siyəzən Rayon Məhkəməsinin 2(059)-309/2021 saylı, 07.07.2021-ci qətnaməsində Cavabdeh iş yerinin qəsdən dəyişdirdiyi bildirilmişdir. 2 ay müddətində 4 dəfə iş yerinin dəyişdirilməsinin mümkünsüzlüyünü nəzərə alaraq, Azərbaycan Respublikası Baş X3 Qarşı Mübarizə idarəsinə, "xxxx" MMC-nin Kommunal xidmət, təmir və dənizkənarı bulvar ərazisinin mühafizəsi müəssisəsinin insan resursları və və sənədlərlə iş söbəsininə bu məsələnin araşdırılması barəsində şikayət ərizəsi ilə müraciət etmişdir. Əlavə olaraq bildirir ki, cavabdehin müəyyən ərazilərdə torpaq sahələri, avtomobili və Siyəzən rayon ərazisində evi vardır, eyni zamanda boş vaxtlarında şəxsi avtomobili ilə taksilik edir və qeyd olunan 234 manat alimenti əmək haqqından deyil, birgə nigah dövründə aldığları Bakı şəhərində yerləşən evi kirayə verərək ödəyir. Bu da onu göstərir ki, o, hər uşaq üçün 250 manat olmaqla, ümümilikdə 500 manat alimenti ödəmək iqtidarındadır. Bildirir ki, məhkəmə tərəfindən müəyyən edilmiş hər uşaq üçün 125 manat məbləğində aliment uşaqların saxlanılmaları üçün kifayət etmir, uşaqların xərcləri günbə-gün artır. Cavabdehin maddi vəziyyəti yaxşıdır, aylıq gəliri yüksəkdir, alimentin miqdarının artırılması onun həyat tərzinə hər hansı bir şəkildə mənfi təsir göstərməyəcəkdir. Ailə münasibətlərini tənzimləyən olunan qanunlardan göründüyü kimi uşaqların saxlanılması və onların maddi tələbatlarının təmin edilməsi valideynlərin mübahisəsiz və şərtsiz vəzifəsidir. Valideynlər bu vəzifəni yerinə yetirmədikdə isə, qanunverici uşaqların saxlanılması üçün lazım olan vəsaiti, yəni alimenti məhkəmə qaydasında tutulmasını müəyyən etmişdir. Məhkəmə sabit pul məbləğində alimcntin miqdarını müəyyənləşdirərkən tərlərin maddi və ailə vəziyyətini nəzərə almalıdır. Lakin bu məbləğ elə müəyyənləşdirilməlidir ki. uşaqların lazımi səviyyədə saxlanılmasını təmin etsin. Birinci instansiya məhkəməsi nədənsə qanunun bu tələblərini tam nəzərə almadan qeyri obyektiv, iddianın qismən təmin edilməsinə dair qətnamə qəbul etmişdir. Sadalanan xüsusatlardan və istinad olunan hüquq normalarından göründüyü kimi, hazır ki, iş üzrə Siyəzən Rayon Məhkəməsinin qəbul eldiyi qətnamə maddi və prosessual hüquq normalarının pozulması, düzgün tətbiq və təsvir edilməməsi ilə çıxarılmışdır, qətnamədə məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki hallar aydınlaşdırılmamış, birinci instansiya məhkəməsinin qətnaməsində göstərilmiş nəticələr isə işin hallarına uyğun deyildir. Apelyasiya baxışı zamanı İddiaçı apelyasiya şikayəti müdafiə edərək, şikayətin dəlillərinə uyğun izahat verdi. Apelyasiya baxışı zamanı Cavabdeh apellyasiya şikayətinə etiraz edərək birinci instasniya məhkəməsində verdiyi izahatına uyğun izahat verdi və apellyasiya şikayətnin təmin olunmamasını xahiş etdi. O, əvəzetmə ilə gəmi kapitanı işləmişdir. Hazırda gəmi kapitanı deyildir. Əmək haqqı 250 manatdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Birinci instansiya məhkəməsi işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan Siyəzən rayon VVADQ şöbəsi tərəfindən 25 oktyabr 2006-cı il tarixdə verilmiş AZ-İ seriyalı, 804673 nömrəli və 05 noyabr 2007-ci il tarixdə verilmiş AZ- İ seriyalı, 963318 nömrəli doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, müvafiq olaraq ataları Cavabdeh, anaları X11 olan X4 30 sentyabr 2006-cı il tarixdə, X5 isə 22 oktyabr 2007-ci il tarixdə Siyəzən şəhərində doğulmuşlar. İşdə olan qanuni qüvvəsini almış Siyəzən Rayon Məhkəməsinin 23 dekabr 2016-cı il tarixli, 2(059)-1086/2016 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh 30 sentyabr 2006-cı il təvəllüdlü X1 və 22 oktyabr 2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün bu məhkəmənin 01 iyun 2016-cı il tarixli, 2(059)-455/2016 saylı qətnaməsi ilə hər uşaq üçün tutulan alimentin miqdarı azaldılmış və ondan uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 117 manat olmaqla, ümumilikdə 234 (iki yüz otuz dörd) manat miqdarında alimentin alınaraq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Yenə işdə olan Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X9 İdarəsinin Siyəzən rayon Mədəniyyət Mərkəzi tərəfindən 31 may 2021-ci il tarixdə verilmiş, 03 nömrəli arayışdan görünür ki, İddiaçı Siyəzən rayon 2 saylı şəhər klubunda mədəni təşkilatçı vəzifəsində işləməklə, vergilər tutulandan sonra aylıq 265 manat əmək haqqı alır. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Elektron Məhkəmə İnformasiya Sistemində olan şəxsi məlumatlar barədə çıxarışdan görünür ki, Cavabdeh "xxxx" MMC-də gəmi kapitanı işləməklə, aylıq 250 manat əmək haqqı alır. İşdə olan Cavabdeh tərəfindən tərtib olunmuş ərizədən görünür ki, o, iddia tələbini qismən qəbul etməklə, aylıq əmək haqqını, 250 manatı hər ay iki uşağının yetkinlik yaşına çatana kimi saxlanılması üçün iddiaçıya ödəməyə razıdır. İş materiallarından həmçinin müəyyən olunur ki, Cavabdeh əvvəllər "xxxx" MMCnin Kommunal xidmət, təmir və dənizkənarı bulvar ərazisinin mühafizəsi müəssisəsində Gəmilərə xidmət şöbəsində kapitan vəzifəsində işləyərək, aylıq 1458 manat əmək haqqı almış olsa da, sonuncunun hazırda həmin MMC-dən aldığı aylıq əmək haqqı 250 manat təşkil edir. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən, iddaçının apelyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Siyəzən Rayon Məhkəməsinin İş № 2(059)- 309/2021 saylı, 07 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olundu ki, tərəflərin nikah münasibətlərindən 30 sentyabr 2006-cı il tarixdə Fəxriyyə, 22 oktyabr 2007-ci il tarixdə Şükriyyə adlı üşaqları anadan olmuşdur. Siyəzən Rayon Məhkəməsinin 23 dekabr 2016cı il tarixli, 2(059)-1086/2016 saylı qətnaməsi ilə Cavabdeh 30 sentyabr 2006-cı il təvəllüdlü X1 və 22 oktyabr 2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün bu məhkəmənin 01 iyun 2016-cı il tarixli, 2(059)-455/2016 saylı qətnaməsi ilə hər uşaq üçün tutulan alimentin miqdarı azaldılmış və ondan uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 117 manat olmaqla, ümumilikdə 234 (iki yüz otuz dörd) manat miqdarında alimentin alınaraq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Hal-hazırda Cavabdeh "xxxx" MMC-də gəmi kapitanı işləməklə, aylıq 250 manat əmək haqqı alır. İddiaçı İddiaçı Siyəzən rayon 2 saylı şəhər klubunda mədəni təşkilatçı vəzifəsində işləməklə, vergilər tutulandan sonra aylıq 265 manat əmək haqqı alır. Cavabdeh iddia tələbini qismən qəbul etməklə, aylıq əmək haqqını, 250 manatı hər ay iki uşağının yetkinlik yaşına çatana kimi saxlanılması üçün iddiaçıya ödəməyə razıdır. Cavabdeh əvvəllər "xxxx" MMC-nin Kommunal xidmət, təmir və dənizkənarı bulvar ərazisinin mühafizəsi müəssisəsində Gəmilərə xidmət şöbəsində kapitan vəzifəsində işləyərək, aylıq 1458 manat əmək haqqı almış olsa da, sonuncunun hazırda həmin MMC-dən aldığı aylıq əmək haqqı 250 manat təşkil edir. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinini İİ-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İİİ hissəsinə görə analıq, atalıq, uşaqlıq qanunla qorunur. Həmin maddənin İV hissəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 3.0.4-cü maddəsinə əsasən ana və uşaqların mənafeyinin hərtərəfli müdafiəsini və hər bir uşağın xoşbəxt həyatının təmin edilməsi ailə qanunvericiliyinin ümdə vəzifələri kimi qeyd edilmişdir. Həmin Məcəllənin 76.2-ci maddəsinə görə isə bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinin tələblərinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Yenə həmin Məcəllənin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. İstinad olunan normaların əsas dispozitiv şərtindən göründüyü kimi, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla müəyyən edilir. Eləcə də məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, alimentin müəyyən olunmuş miqdarının dəyişməsi üçün zəruri şərt tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmasıdır. Bununla yanaşı məhkəmə kollegiyası nəzərə alır ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, geyim, qida, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericilklə maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir, çünki valideynlərin hər biri uşaqların maddi ehtiyaclarını birgə ödəməlidirlər. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” AR Qanununa əsasən 2021-ci il üzrə ölkədə yaşayış minimumu uşaqlar üçün 175 manat təşkil etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən görünür ki, məhkəmə Azərbaycan Respublikasında uşağa münasibətdə yaşayış minimumunun 175 manat müəyyən edilməsinə baxmayaraq, cavabdehin aylıq qazancı, həmin məbləğin onun, eləcə də iddiaçının himayəsində olan yetkinlik yaşına çatmayan uşaqların saxlanması və digər xərclərinin ödənilməsi üçün sərf edildiyi, bundan əlavə əvvəlki məhkəmə qətnaməsi ilə təyin olunmuş aliment məbləğini vaxtlı-vaxtında icra etməsi, həmçinin, iddiaçının özünün də işləməklə aylıq əmək haqqına malik olmasını, uşaqların yetkinlik yaşına çatanadək saxlanması nəinki atanın, həmçinin ananın da üzərinə düşməsi və uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması məhz onların borcu olmasını, uşaqların maddi və mənəvi cəhətdən təminatının həm ata, həm də ananın eyni qaydada təmin etməli olmasını, həmçinin tərəflərin maddi və əmlak vəziyyətini, yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və uşaqların əvvəlki vəziyyətdə saxlanılması vacibliyini, həmçinin uşaqların minimum maddi təminat almaq hüququnu nəzərə alaraq, iddianın qismən təmin olunaraq hazırkı qətnamə qanuni qüvvəsin ialdığı vaxtdan etibarən 30 sentyabr 2006-cı il təvəllüdlü X1 və 22 oktyabr 2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün Siyəzən Rayon Məhkəməsinin 23 dekabr 2016-cı il tarixli, 2(059)-1086/2016 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşaq üçün 125 (bir yüz iyirmi beş) manat olmaqla, cəmi 250 (iki yüz əlli) manat sabit pul məbləğində aliment tutulmasına dair yekun nəticəyə gəlmişdir. Hazırki halda işin tədqiq olunan faktiki hallarından məlum olur ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, cavabdehin maddi vəziyyətində yaxşılığa doğru hər hansı dəyişiklik olmamış, əksinə əvvəl "xxxx" MMC-nin Kommunal xidmət, təmir və dənizkənarı bulvar ərazisinin mühafizəsi müəssisəsində Gəmilərə xidmət şöbəsində kapitan vəzifəsində işləyərək, aylıq 1458 manat əmək haqqı alsa da, bir neçə gün əvvəl həmin işdən çıxarılmışdr və hal-hazırda isə "xxxx" MMC-də gəmi kapitanı işləyərək 250 manat əmək haqqı əldə edir. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, iş materiallarında cavabdehin hər ay ümumilikdə 500 manat alimenti ödəmək imkanının olması barədə hər hansı bir mötəbər sübut növü təqdim edilmədiyindən alimentin miqdarının bu həddə (əvvəlki cəmi məbləğdən 16 manat) artırılması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğundur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikasının MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında dəyişdirilmədən saxlanması, apelyasiya şikayətinin isə təmin edilməməsi üçün əsasdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Siyəzən Rayon Məhkəməsinin 2(059)-309/2021 saylı, 07 iyul 2021ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar