Məhkəmə qərarları › İş №2(105)-3251/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3251/2021

12.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3251/2021 12.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Əliyev Əliağa Vahid oğlunun katibliyi ilə, İddiaçı «FİNKA Azerbaijan» MM QBKT-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və Cavabdeh3 qarşı borc tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 13 iyul 2021-ci il tarixli, 2(027)-253/2021 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Quba Rayon Məhkəməsinin 13 iyul 2021-ci il tarixli, 2(027)-253/2021 saylı qətnaməsilə iddia qismən təmin edilmiş, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3, müştərək qaydada, əsas borc üzrə 10253 (on min iki yüz əlli üç) manat, faiz borcuna görə 836 (səkkiz yüz otuz altı) manat 76 qəpik, cəmi 11089.76 (on bir min səksən doqquz) manat 76 qəpik məbləğində borc və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaitinin İddiaçı MMQBKT-nın xeyrinə tutulması qət edilmişdir. (hakim İ.Məmmədov) Qətnamədən narazı qalan Cavabdeh1 ondan apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı MM QBKT iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada əsas borc üzrə 10253.00 (on min iki yüz əlli üç) manat, faiz borcuna görə 3235.00 (üç min iki yüz otuz beş) manat, cəmi 13488.00 (on üç min dörd yüz səksən səkkiz) manat məbləğində borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı MM QBKT-nın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MM QBKT iddiasını onunla əsaslandırmışdır ki, onlarla Cavabdeh1 arasında bağlanmış 13.02.2020-ci il tarixli, **********0410 saylı kredit müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün illik 26.00 % faiz dərəcəsi olmaqla 24 ay müddətinə 10 000 (on min) manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 541 manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Kredit məbləği Kredit Alana nağdsız qaydada, yəni balansında verilmiş kredit məbləği həcmində pul vəsaiti olan, üzərində “Fincard” adı qeyd edilmiş,kredit kartında təqdim edilmişdir. Kredit müqaviləsinin 1.1-ci maddəsinə əsasən, Kredit Alan əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri Kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Həmçinin, kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq eyni tarixli, **********0***-******* saylı Zaminlik müqaviləsi ilə Cavabdeh2, **********0***-******* saylı Zaminlik müqaviləsi ilə Cavabdeh3 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. Zaminlik müqaviləsinin 1.1-ci maddəsinə əsasən, Zamin, Kredit Alan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri Kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Həmçinin 13.02.2020-ci il tarixli, **********0410 saylı saylı kredit müqaviləsi, COVİD-19 pandemiyası ilə bağlı AzərbaycanRespublikası Nazirlər Kabinetinin 2020-ci il 4 aprel tarixli, 135s nömrəli Sərəncamına müvafiq olaraq 13.02.2020-ci il tarixli, **********0410 saylı saylı yeni hesab nömrəli sazişlə restrukturizasiya olunmuş və öhdəliyin icra olunmamış hissəsi, əsas borc 10253.00 manat, faiz borcu 3235.00 manat müəyyən edilmişdir. Lakin, cavabdeh, Cavabdeh1 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Göstərilənlər nəzərə alaraq cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada əsas borc üzrə 10253.00 (on min iki yüz əlli üç) manat, faiz borcuna görə 3235.00 (üç min iki yüz otyuz beş) manat, cəmi 13488.00 (on üç min dörd yüz səksən səkkiz) manat məbləğində borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı MMQBKT-nın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İş üzrə Cavabdeh1 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qanunsuz və əsasızdır. Qətnamə onun iştirakı olmadan qəbul edilmişdir. Bu hallara düzgün qiymət verilmədiyindən qətnamə ləğv edilməli, iddia isə təmin edilməməlidir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də təkrar olaraq məhkəmə iclasına, səbəbləri barədə məlumat vermədən gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası məhkəmə iclasını tərəflərin iştirakı olmadan keçirilməsini mümkün hesab etmiş və mübahisəni onun iştirakı olmadan yekunlaşdırmışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan 13.02.2020-ci il tarixli, **********0410 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı MM QBKT ilə Cavabdeh1 istehlak məqsədləri üçün illik 26.00 % faiz dərəcəsi olmaqla 24 ay müddətinə 10 000 (on min) manat məbləğində kredit verilməsinə dair razılığa gəlmişlər. Yenə iş materiallarında olan 13.02.2020-ci il tarixli kredit vermə qəbzindən görünür ki, 10 000 manat məbləğində pul Cavabdeh1 verilmişdir. Yenə də iş materiallarında olan 02.10.2020-ci il tarixli maliyyə arayışından məlum olur ki, Cavabdeh1 banka borcu, əsas borc üzrə 10253.00 (on min iki yüz əlli üç) manat, faiz borcuna görə 3235.00 (üç min iki yüz otyuz beş) manat, cəmi 13488.00 (on üç min dörd yüz səksən səkkiz) manat təşkil edir. İş materiallarına əlavə edilmiş 13.02.2020-ci il tarixli, **********0***-******* saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına borclu ilə birlikdə məsuliyyət daşıyır. Yenə iş materiallarına əlavə edilmiş 13.2.2020-ci il tarixli, **********0***-******* saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh3 kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına borclu ilə birlikdə məsuliyyət daşıyır. İş materiallarında olan 13.02.2020-ci il tarixli, **********0410 saylı kredit müqaviləsinin Restruktruzasiyasına dair 09.06.2020-ci il tarixli Sazişdən görünür ki, tərəflər qalıq borc məbləğini 10253 manat göstərməklə, müqavilə müddətini 13.05.2022-ci ildək uzatmışlar. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17.06.2021-ci il tarixli, 9/2352 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatı zamanı, iş materiallarında olan maliyyə arayışı məlumatları, kredit hesabı haqda məlumat, 13.02.2020-ci il tarixli, **********0410 saylı kredit müqaviləsinin və 13.02.2020-ci il tarixli, **********0410 saylı kredit müqaviləsinin restrukturizasiyasına dair **********0075 saylı sazişin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh1 İddiaçı MM QBKT-yə borcu 11.089.76 manat məbləğində müəyyən edilir, o cümlədən əsas borcu 10.253.0 manat, faiz borcu 836.76 manat təşkil edir. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İddianın təmin edilməyən hissəsindən şikayət verilmədiyindən məhkəmə kollegiyası həmin hissədə araşdırma aparmır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Quba Rayon Məhkəməsinin 13 iyul 2021-ci il tarixli, 2(027)-253/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı MM QBKT ilə Cavabdeh1 arasında bağlanmış 13.02.2020-ci il tarixli, **********0410 saylı kredit müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün illik 26.00 % faiz dərəcəsi olmaqla 24 ay müddətinə 10 000 (on min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq Cavabdeh2 və Cavabdeh3 zamin durmuşlar. Xəbərdarlıq edilməsinə baxmayaraq, borc tam ödənilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən, Cavabdeh1 həmin kredit müqaviləsi üzrə iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin zaminlərlə birlikdə daşıyıcısı olmuşdur. Kreditin alınmasına baxmayaraq, cavabdeh kredit vəsaitinin ödənilməsinə dair vəzifələrini tam yerinə yetirməmişdir. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. AR Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Yenə həmin Məcəllənin 445.2.1-ci maddəsinə uyğun olaraq öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Yenə də həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Yuxarıdakı normaların tələblərindən də aydın olur ki, borclu müqavilə üzrə öhdəliklərini yerinə yetirmədikdə kreditorun bunu tələb etmək hüququ yaranır və kredit müqaviləsi üzrə öhdəliyin icra edilməməsinə görə borclu kreditor qarşısında məsuliyyət daşıyır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, borclu Cavabdeh1 iddiaçı qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Onun iddiaçıya kredit müqaviləsindəki öhdəliklərini yerinə yetirmədiyinə görə 10253 manat əsas və 836,76 manat faiz borcu olmaqla, cəmi 11089,76 manat borcu yaranmışdır. Bu borc işdə olan obyektiv sübutlarla, o cümlədən maliyyə arayışı və ekspert rəyi ilə təsdiq olunur. Cavabdeh1 apelyasiya şikayətində kredit borcunu mübahisələndirsə də, bu borcun əsassızlığına dair məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası bu dəlilləri qiymətləndirərək belə hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 kredit öhdəliklərinə təminatçı kimi zamin durduğundan yaranmış borc hər üç cavabdehdən müştərək qaydada tutulmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Ümumilikdə mübahisə üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olduğundan, məhkəmə kollegiyası həmin nəticə ilə razılaşır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, mübahisə üzrə çıxarılmış qətnamə əsaslıdır və onun tam və ya hissəvi ləğvi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki halda məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 apelyasiya şikayətinin əsaslarına dair dəlillərini sübut edə bilməmişdir. Bu baxımdan, məhkəmə kollegiyası onun apellyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətinə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən, apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Quba Rayon Məhkəməsinin 13 iyul 2021-ci il tarixli, 2(027)-253/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh1 özünə aid edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar