Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3254/2021 20.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, Cavabdeh iştirakı ilə Abşeron Rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli, 2(012)-3605/2021 saylı qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Abşeron Rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli, 2(012)-3605/2021 saylı qətnaməsi ilə (hakim M.A.Abbasova) İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası qismən təmin edilib, Qaradağ Rayon Məhkəməsinin 11 may 2011-ci il tarixli, 2(002)- 742/2011 saylı qətnaməsi ilə Cavabdeh tutulan alimentin miqdarı dəyişdirilərək 08 sentyabr 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində alimentin tutulmsı, Cavabdeh tutulan alimentin miqdarının dəyişdirilməsinin əvvəlinin qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanması, iddianın qalan hissədə təmin edilməməsi və Cavabdeh dövlət nəfinə 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq, Dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli, 2(012)-3605/2021 saylı qətnaməsinin dəyişdirilib, iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı “aliment miqdarının dəyişdirilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qaradağ Rayon Məhkəməsinin 11 may 2011-ci il tarixli 2(002)- 742/2011 saylı qətnaməsi ilə 08 sentyabr 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan alimentin miqdarının artırılaraq, 08 sentyabr 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 250 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər rəsmi nikaha daxil olaraq ailə qurmuş və birgə nikahdan 08 sentyabr 2009-cu il təvəllüdlü X3 doğulmuşdur. Lakin sonradan ailə münasibətləri pozulduğu üçün onların rəsmi nikahı Qaradağ Rayon Məhkəməsinin 11 may 2011-ci il tarixli 2(002)-742/2011 saylı qətnaməsi ilə pozulmuş və nikah pozulduqdan sonra 08 sentyabr 2009-cu il təvəllüdlü X3 onun yanında saxlanılmışdır. Eləcə də, Qaradağ Rayon Məhkəməsinin qətnaməsi ilə 08 sentyabr 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh onun xeyrinə hər ay 75 manat sabit pul məbləğində aliment tutulmuşdur. Lakin həmin qətnamə 2011-ci ildə qəbul edilmiş və həmin qətnamə qəbul edildiyi vaxtdan keçən müddət ərzində saxlanması üçün aliment tutulan uşaq böyümüş və onun saxlanılması üçün lazım olan minimum xərclər xeyli artmışdır. Eləcə də, həmin vaxtdan sonra qiymətlər və istehlak xərcləri də artmış və "Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında" Qanuna əsasən uşaqlara görə 2021-ci il üçün yaşayış minimumu 175 manat məbləğində müəyyən edilmişdir. Cavabdehdən hər ay uşaq üçün tutulan 75 manat məbləğində aliment uşağın ehtiyaclarının ödənilməsində çəkilən xərcin cüzi hissəsini təşkil edir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELL YASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsi 10 iyun 2021-ci il tarixli, qətnaməni qəbul edərkən Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75¸78.2, 112.1-ci maddəsinin və «Uşaq hüquqları haqqında» Konvensiyasının 5, 27-ci maddələrinin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün huquqi qiymət verilməmişdir. Ona görə də birinci instansiya məhkəməsinin dəyişdirilib, iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmsını xahiş etdi. İddiaçı məhkəmə kollegiyasına teleqram ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən İddiaçı iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən cavabdehin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməli və iddia qismən təmin olunmalıdır. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olundu ki, İddiaçı və Cavabdeh rəsmi nikah münasibətlərindən 08 sentyabr 2009-cu il tarixdə X3 doğulmuşdur. Qaradağ Rayon Məhkəməsinin 11 may 2011-ci il tarixli, 2(002)-742/2011 saylı qətnaməsi ilə 08 sentyabr 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 75 manat sabit pul məbləğində alimentin alınaraq İddiaçı verilməsi qət edilmişdir. Hazırda İddiaçı məhkəməyə müraciət edərək, müəyyən edilmiş alimentin məbləğinin artırılmasını xahiş edir. Belə ki, iş materiallarında olan AZ-İİ seriyalı 365053 №-li doğum haqqında şəhadətnamənin müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, 08 sentyabr 2009cu il təvəllüdlü X2 atası Cavabdeh, anası İddiaçıdır. Qaradağ Rayon Məhkəməsinin 11 may 2011-ci il tarixli, 2(002)-742/2011 saylı qətnaməsinə əsasən Cavabdeh İddiaçı xeyrinə 08 sentyabr 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 75 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Azərbaycan Respublikası Konstıtusiyasının 17-ci maddəsinin İİ-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbryə etmək valideyinlərin borcudur. Konstıtusiyanın 34-cü maddəsinin İV-cü bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. «Uşaq hüquqları haqqında» Konvensiyasının 27-ci maddəsinə əsasən, hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşaqların barəsində bərabər hüquq və vəzifələri vardır. Uşaq qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi hüquqlarının təmin etdirilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1 və 78.2-ci maddələrinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm-dəyişən olarsa, ya da qazancı (gəliri) natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edildikdən sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarının 17-ci bəndinin mənasına görə heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək valideyinləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideyinlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideyinlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib hüquqi vəzifələridir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarından görünür ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunvericiliyin göstərilən müddəalarına əsasən yetkinlik yaşına çatmayan uşağın mənafeyi, normal qida rasionlarına uyğun şəkildə qidalanması, fiziki cəhətdən inkişafı, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutulmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edib, alimentin miqdarının artırılaraq 150 manat sabit pul məbləğində müəyyən edərkən yetkinlik yaşına çatmayan 08 sentyabr 2009-cu il təvəllüdlü Poladın mənafeyini, onun normal qida rasionlarına uyğun şəkildə qidalanması, fiziki cəhətdən inkişafı, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması hallarını nəzərə almamış və bu səbəbdən də birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi üçün əsasdır. İddiaçı Qaradağ Rayon Məhkəməsinin 11 may 2011-ci il tarixli, 2(002)-742/2011 saylı qətnaməsinə əsasən Cavabdeh 08 sentyabr 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün təyin edilmiş 75 manat sabit pul məbləğində alimentin artırılaraq 250 manat sabit pul məbləğində müəyyən edilməsini xahiş etsə də, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən cavabdehin qazancının onun tələb etdiyi həcmdə aliment ödəməsi halını sübuta yetirəcək mötəbər dəlillərini məhkəməyə təqdim edə bilməmişdir. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Bu səbəbdən alimentin məbləği həmin həcmdə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 384.0.3-cü maddəsinə görə məhkəmə qətnaməsi apellyasiya qaydasında dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbi üzrə işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.3-cü maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdiriməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilib, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilib, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia qismən təmin edilib, Qaradağ Rayon Məhkəməsinin 11 may 2011-ci il tarixli, 2(002)-742/2011 saylı qətnaməsi ilə Cavabdeh tutulan alimentin miqdarı dəyişdirilərək 08 sentyabr 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 175 manat sabit pul məbləğində aliment tutulmalı və qətnamənin «Cavabdeh tutulan alimentin miqdarının dəyişdirilməsinin əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın və Cavabdeh dövlət nəfinə 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq Dövlət büdcəsinə ödənilsin» hissələrində dəyişdirilmədən saxlanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.3, 392-393, 402, 403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı verdiyi apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli, 2(012)-3605/2021 saylı qətnaməsi dəyişdirilsin. İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia qismən təmin edilsin. Qaradağ Rayon Məhkəməsinin 11 may 2011-ci il tarixli, 2(002)-742/2011 saylı qətnaməsi ilə Cavabdeh tutulan alimentin miqdarı dəyişdirilərək 08 sentyabr 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 175 manat sabit pul məbləğində aliment tutulsun. Qətnamə «Cavabdeh tutulan alimentin miqdarının dəyişdirilməsinin əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın və Cavabdeh dövlət nəfinə 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq Dövlət büdcəsinə ödənilsin» hissəsində dəyişdirilmədən saxlansın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-3254/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3254/2021
20.10.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver