Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3257/2021 07.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, iddiaçı Əliyeva (Mustafayeva) Gültəkin Leysan qızının, Cavabdeh iştirakı ilə, iddiaçı Əliyeva (Mustafayeva) Gültəkin Leysan qızının Cavabdeh qarşı alimentin artırılması və sabit pul məbləğində ödənilməsi tələbinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin 01 iyul 2021-ci il tarixli, 2(074)-688/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şamaxı Rayon Məhkəməsinin 01 iyul 2021-ci il tarixli, 2(074)-688/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Şamaxı Rayon Məhkəməsinin 08 iyul 2016-cı il tarixli 2(074)-1535/2016 saylı qətnaməsi ilə Cavabdeh tutulan alimentin tutulma qaydasının dəyişdirilməsi və Cavabdeh qətnamə qanuni qüvvəsini aldığı tarixdən başlayaraq 10.06.2010-cu il təvəllüdlü X6 və 11.11.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa 120 manat olmaqla, cəmi 240 manat sabit pul məbləğində aliment alınaraq iddiaçı Əliyeva (Mustafayeva) Gültəkin Leysan qızına ödənilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir (hakim Natiq İsmayılov). Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək Şamaxı Rayon Məhkəməsinin 01 iyul 2021-ci il tarixli, 2(074)-688/2021 saylı qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İ Ş İ N H A L LA R İ: İddiaçı Əliyeva (Mustafayeva) Gültəkin Leysan qızı Cavabdeh qarşı alimentin artırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 10.06.2010-cu il təvəllüdlü X6 və 11.11.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi hər uşağa 175 manat sabit pul məbləğində almentin alnıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ : Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, onun iddiaçı ilə birgə nikahdan iki övladı var. Lakin iddiaçı ilə nikahı pozulduqdan sonra ikinci dəfə nikaha daxil olmuş, həmin nikahdan 4, beləliklə, ümumilikdə 6 övladı var. O, övladlarını saxlamaqdan imtina etmir. Bilir ki, bu bir valideyn kimi onun borcudur. Ayda iddiaçıya 240 manat aliment ödəsə digər 4 uşağına ümumiyyətlə baxa bilməyəcək, əlildir, bəzi işlərdə işləməyə sağlamlığı imkan vermir. Bu səbəbdən apellyasiya şikayətinin təmin edilməsini, Şamaxı Rayon Məhkəməsinin 01 iyul 2021-ci il tarixli, 2(074)-688/2021 saylı qətnaməsinin tamamilə ləğv edilməsini və iş üzrə iddia tələbinin təmin olunmamasına dair yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı Əliyeva (Mustafayeva) Gültəkin Leysan qızı apellyasiya şikayətini qəbul etmədi və bildirdi ki, Cavabdeh ilə 25 dekabr 2009-ci ildə el adəti ilə evlənmiş, nikahları 25 dekabr 2009-ci ildə rəsmiləşdirilmiş, birgə nikahdan 10.06.2010-cu il təvəllüdlü Amil və 11.11.2012 ci il təvəllüdlü Asim adlı uşaqları doğulmuşdur, nikahları pozulmuşdur. Cavabdeh bu günə kimi əlavə gəlirlərindən pul və ya natura şəkilində əmlak ödəməmişdir, amma o 90-ZB- 296 dövlət nömrə nişanlı avtomaşını ilə Şamaxıdan Bakı şəhərinə sərnişin daşıyır, bundan əlavə usta işləyir, gəliri dəyişkəndir. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməməsini, Şamaxı Rayon Məhkəməsinin 01 iyul 2021-ci il tarixli, 2(074)-688/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iddiaçı və cavabdehin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin 08 iyul 2016-cı il tarixli 2(074)-1535/2016 saylı qətnaməsinin surətindən görünür ki, iddianın qismən təmin edilməsi, Cavabdeh Ağamasa oğlundan 10 iyun 2016-cı il tarixdən başlayaraq 10 iyun 2010-cu il təvəllüdlü X3 və 11 noyabr 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün aylıq qazancının 1/3 hissəsi və hər ay hər uşağa görə 60 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X1 verilməsi, iddianın qalan hissəsinin rədd edilməsi qət edilmişdir. Bundan başqa müəyyən edilmişdir ki, Cavabdeh ilə X4 arasında 03.04.2014-cü il tarixdə nikah bağlanmış, bu nikahdan dörd uşaq doğulmuşdur. Müəyyən edilmişdir ki, Şamaxı Rayon Məhkəməsinin 08 iyul 2016-cı il tarixli 2(074)- 1535/2016 saylı qətnaməsi ilə Cavabdeh 10 iyun 2016-cı il tarixdən başlayaraq 10 iyun 2010-cu il təvəllüdlü X3 və 11 noyabr 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün aylıq qazancının 1/3 hissəsi və hər ay hər uşağa görə 60 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X1 verilməsi, iddianın qalan hissəsinin rədd edilməsi qət edilmişdir. Hal-hazırda isə iddiaçı Əliyeva (Mustafayeva) Gültəkin Leysan qızı müəyyən olunmuş alimentin yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün kifayət etmədiyini əsas gətirərək müəyyən edilmiş aliment məbləğinin artırılmasını və sabit pul məbləğində ödənilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.2-ci maddəsinə görə alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə qeyd etmişdir ki, valideynin az gəlir əldə etməsi və ya başqa uşaqlarının olması valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib vəzifələridir. Maddi vəziyyətindən, işləyibişləməməsindən asılı olmayaraq hər bir valideynin borcu övladının maddi və sair ehtiyaclarının ödənilməsini təmin etməkdir. “Uşaq hüquqları haqqında” Konvensiyanın müddəalarında da qeyd olunur ki, yetkinlik yaşına çatmayanlarla bağlı məsələlər məhkəmə tərəfindən həll edilərkən ilk növbədə uşaqların layiqli həyat səviyyəsinin təmin edilməsi təmin edilməlidir. Bundan başqa məhkəmə hesab etmişdir ki, alimentin tutulma müddəti qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Belə ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2 saylı Qərarının 8.14-cü bəndində də qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs alimenti ödəməkdən azad edilir. Qey edilənlərə əsasən məhkəmə tərəflərin maddi və ailə vəziyyətini və diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab etmişdir ki, iddia qismən təmin edilməli, Şamaxı Rayon Məhkəməsinin 08 iyul 2016-cı il tarixli, 2(074)-1535/2016 saylı qətnaməsi ilə qət edilmiş alimentin tutulma üsulu dəyişdirilməli, yəni artırılmalı və Cavabdeh qətnamə qanuni qüvvəsini aldığı tarixdən başlayaraq 10.06.2010-cu il təvəllüdlü X6 və 11.11.2012ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa 120 manat olmaqla, cəmi 240 manat sabit pul məbləğində aliment alınaraq iddiaçı Əliyeva (Mustafayeva) Gültəkin Leysan qızına ödənilməli, iddianın qalan hissəsi təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarına uyğun olaraq qeyd olunan qanunvericilik normalarını tətbiq etməklə aliment məbləğini artırarkən düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa görə 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. İş materiallarından görünür ki, cavabdehdən iki uşağının saxlanılması üçün müəyyən edilmiş aylıq qazancının 1/3 hissəsi və hər ay hər uşağa görə 60 manat sabit pul məbləğində aliment məbləğindəki aliment 10 iyun 2016-cı il tarixdə, yəni uşaqların müvafiq olaraq 4 və 6 olanda tutulmuşdur. Həmin tarixdən sonra yaşayış minimumu haqqında Qanuna bir neçə dəfə dəyişiklik edilərək uşaqlar üçün yaşayış minimumu artırılmışdır. Eyni zamanda 2016-cı ildə aliment tutularkən xeyrinə aliment tutulan uşaqların 4 və 6 yaşı olduğu halda, hazırda isə həmin uşaqların 9 və 11 yaşışı olmaqla məktəblidirlər. Bununla da uşaqların minimum yaşayış xərcləri təhsillə əlaqədar bir qədər də artmışdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi alimentin məbləğini dəyişdirərək, hər birinə 120 manat müəyyən edərkən işin hallarına uyğun olaraq qanunvericilik normalarını düzgün tətbiq etmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini, ailəli olması, 4 övladının olması, hazırda işləməməsi dəlilini əsaslı saymır. Belə ki, cavabdehin qeyd etdiyi hallar onu uşağı saxlamaq, uşağın qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatını ödəmək vəzifəsindən azad etmir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 №-li Qərarında da (8.2-ci bənd) izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Daha sonra cavabdeh əlil olmasını bildirmiş, lakin sonradan məlum olmuşdur ki, onun əlilliyi ləğv edilmişdir. Belə ki. təqdim edilmiş DSMF Publik hüquqi şəxsin 11 saylı Regional Ərazi filialının 02.12.2021-ci il tarixli arayışından görünür ki, Cavabdehı Ağamusa oğlu İİ dərəcəli əlilliyə görə 25.05.2021-ci il tarixədək 256,5 manat əmək pensiyası alıb. Yəni hazırda cavabdehə əlillik təyin edilməsi barədə sübut mövcud deyildir. Eyni zamanda cavabdehin əmək qabiliyyəti olmaması barədə dəlili təqdim edilmiş 19 saylı Şamaxı Tibbi Sosial Ekspert Komissiyasının arayışı ilə təkzib edilir. Belə ki, arayışda cavabdehin əlilliyinin səbəbi ümumi xəstəlik göstərilmiş və onun əmək qabiliyyətinin olmaması barədə hər hansı qeyd yazılmamışdır. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə artırılmış aliment məbləğinin qətnamənin qanuni qüvvəsini aldıqdan sonra hesablanması barədə gəldiyi nəticədə haqlı olmuşdur. Belə ki, hazırki iddia tələbi alimentin tutulması barədə ilkin iddia deyil, alimentin artırılması (dəyişdirilməsi) barədə olduğu üçün alimentin artırılmış məbləği qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Buna görə də Ailə Məcəlləsinin 100.2-ci maddəsi alimentin artırılması ilə bağlı tələblər tətbiq edilə bilməz. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur və qətnamə qanuni və əsaslı olduğundan apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi, dəyişdirilməsi üçün əsas sayıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutlmuş əsaslar mövcud deyil. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə isə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Şamaxı Rayon Məhkəməsinin 01 iyul 2021-ci il tarixli, 2(074)-688/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392-393 və 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Şamaxı Rayon Məhkəməsinin 01 iyul 2021-ci il tarixli, 2(074)-688/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-3257/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3257/2021
07.12.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver