Məhkəmə qərarları › İş №2(105)-326/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-326/2024

29.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-326/2024 29.01.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X2 (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və X3 ibarət tərkibdə, Mürsəlova Heyran Mehman qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4) pul tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 06 oktyabr 2023-cü il tarixli, 2(060)-4804/2023 saylı qətnaməsindən İddiaçı və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi və iddianın dəqiqləşdirilməsi barədə ərizələrlə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, ev 13/30, mənzil 12-nin satışından əldə edilmiş 32000 manat pulun, evdə olan əmlakların dəyərinin yarısının, yəni 6000 manat pulun və ödənilmiş dövlət rüsumunun cavabdehlərdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 06 oktyabr 2023-cü il tarixli, 2(060)-4804/2023 saylı qətnaməsi ilə (hakim E.Abdullayev) iddia qismən təmin edilərək, 15 000 (on beş min) manat pul və 87 (səksən yeddi) manat dövlət rüsumunun Cavabdeh1 tutularaq İddiaçı verilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Qətnаmədən nаrаzı qаlаn İddiaçı apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 06 oktyabr 2023-cü il tarixli, 2(060)-4804/2023 saylı qətnaməsinin iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh1 apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 06 oktyabr 2023-cü il tarixli, 2(060)-4804/2023 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 dekabr 2023-cü il tarixli, 2(105)-2339/2023 nömrəli qərardadı ilə İddiaçı və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətləri mümkün hesab edilmiş və mülki iş apellyasiya baxışına təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 digər Cavabdeh1 bibisi olduğunu, sonuncu tərəfindən ona etibarnamə verildiyini bildirərək, sonda apellyasiya şikayətinə mahiyyəti üzrə baxılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil1 cavabdeh tərəfindən verilən apellyasiya şikayətinin mümkünlüyü məsələsinin həll edilməsini məhkəmə kollegiyasının mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 iclasına gəlməmişdir. Kollegiya qeyd olunan şəxsin iştirakı olmadan iclasın keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası Cavabdeh1 tərəfindən təqdim olunmuş apellyasiya şikayətini iş materialları ilə birlikdə əlaqəli şəkildə təhlil edərək belə qənaətə gəlir ki, hazırki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 dekabr 2023-cü il tarixli, 2(105)- 2339/2023 nömrəli qərardadı (apellyasiya şikayətinin mümkünlüyü barədə qərardadı) ləğv edilməli və apellyasiya şikayətləri baxışdan çıxarılmaqla, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti аpellyаsiyаnın mümkünlüyü üçün əsаslаr оlmаdığınа görə qeyrimümkün hesаb edilməli və mülki iş Mülki Prosessual Məcəllənin 357-364-cü maddələrinin tələbləri baxımından prosessual müddətlə bağlı hüquqi qiymət verilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır Belə ki, iş materialları araşdırılarkən müəyyən olundu ki, Cavabdeh1 adından elektron kabinet vasitəsilə verilmiş apellyasiya şikayəti digər Cavabdeh2 tərəfindən elektron qaydada imzalanmışdır. Yenə işdən müəyyən olunur ki, digər Cavabdeh2 apellyant Cavabdeh1 bibisidir və sonuncunun adından elektron qaydada apellyasiya şikayətinin verilməsinin hüquqi əsası kimi Cavabdeh1 tərəfindən Cavabdeh2 verilmiş 11 oktyabr 2023-cü il tarixli etibarnaməyə istinad etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 69.1. Hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Zəruri olduqda, məhkəmə izahat vermək üçün tərəfi şəxsən məhkəməyə çağırmaq hüququna malikdir. 69.1-1. Fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. 74.1. Nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir. 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər.

360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. 363.1.1. apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirs, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. 366.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilir. 384.0.6. apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlardan kassasiya şikayəti verilə bilər. Yuxarıda sadalanan normaların tələbindən göründüyü kimi apellyasiya şikayəti onun forma və məzmun tələblərinə tam riayət edilərək tərtib edilməklə yanaşı, həmçinin işə birinci instansiyada baxmış məhkəməyə təqdim edilir. Şikayətin baxılmağa qəbul edilməsi və yaxud geri qaytarılması məsələləri də məhz həmin məhkəmədə həll edilir. Bununla belə, apellyasiya instansiyası məhkəməsi daxil olmuş işlərin apellyasiya qaydasında baxılmasının mümkünlüyünü yoxlayır. Təkrar yoxlamanın məqsədi birinci instansiya məhkəməsinin yol verdiyi səhvlərin aradan qaldırılmasına, apellyasiyası mümkün olmayan şikayətlərin qarşısının alınmasına xidmət edir. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Hətta ilkin mərhələdə mümkün sayılmış apellyasiya şikayəti, aparılmış araşdırmalar zamanı sonradan da qəbul olunmamış hesab oluna və qeyri-mümkün sayıla bilər. Mülki Prosessual Məcəllədə qeyd olunur ki, bu Məcəllədə yaxın qohumlar dedikdə babalar, nənələr, valideynlər, övladlığa götürənlər, doğma və ögey qardaşlar və bacılar, ər-arvad, uşaqlar, övladlığa götürülənlər, nəvələr başa düşülür. Göründüyü kimi hazırkı halda Cavabdeh1 adından verilən apellyasiya şikayəti buna hüququ və səlahiyyəti imkan vermədiyi halda sonuncunun bibisi digər Cavabdeh2 tərəfindən elektron qaydada imzalanmaqla verilmişdir. İşə baxan birinci instansiya məhkəməsi bu hala diqqət etməmiş, apellyasiya şikayətinin prosessual qanunvericiliyə uyğunluğunu yoxlamadan işi baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərmişdir. Beləliklə yuxarıda qeyd olunanlara və tətbiq edilməli olan hüquq normalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 dekabr 2023-cü il tarixli, 2(105)-2339/2023 nömrəli qərardadı (apellyasiya şikayətinin mümkünlüyü barədə qərardadı) ləğv edilməli və həm İddiaçı, həm də Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətləri apellyasiya baxışından çıxarılmaqla, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin Mülki Prosessual Qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Kollegiya onu da qeyd edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 06 oktyabr 2023-cü il tarixli, 2(060)-4804/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olsa da, məhkəmə kollegiyası prosessual qənaət prinsipini, həmçinin iş üzrə məhkəmə qətnaməsindən verilmiş şikayətlərə eyni vaxtda baxılıb, gələcəkdə obyektiv və qanuni məhkəmə aktının qəbul edilməsi məqsədi ilə hazırkı halda hər iki tərəfin apellyasiya şikayətinin apellyasiya baxışından çıxarılmasını məqsədəmüvafiq hesab edir. Mülki Prosessual Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 384.06, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərаrааldı:

Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 dekabr 2023-cü il tarixli, 2(105)-2339/2023 nömrəli qərardadı (apellyasiya şikayətinin mümkünlüyü barədə qərardadı) ləğv edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 06 oktyabr 2023-cü il tarixli, 2(060)-4804/2023 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4) pul tələbinə dair mülki iş apellyasiya baxışından çıxarılmaqla Sumqayıt Şəhər Məhkəməsinin 06 oktyabr 2023-cü il tarixli, 2(060)-4804/2023 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin Mülki Prosessual Məcəllənin tələblərinə uyğunluğunun müəyyən edilməsi məqsədilə birinci instansiyası məhkəməsinə qaytarılsın. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar