Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3260/2021 28.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, cavabdeh Zamin1 iştirakı ilə açıq məhkəmə iclasında Quba Rayon Məhkəməsinin 29.05.2019-cu il tarixli, 2(027)-173/2019 saylı qətnaməsindən cavabdeh Zamin1 apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Quba Rayon Məhkəməsinin 29.05.2019-cu il tarixli, 2(027)-173/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Zamin Tahirov) İddiaçı qapalı səhmdar cəmiyyətinin cavabdehlər Cavabdeh, Zamin1, Zamin2, Zamin3, Zamin4 və Zamin5 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh, Zamin1, Zamin2, Zamin3, Zamin4 və Zamin5 müştərək qaydada 32R000001371 saylı kredit razılaşması üzrə müqaviləyə xitam verməklə 12683,93 ABŞ dolları məbləğində kredit borcu, 7339,09 ABŞ dolları məbləğində faiz borcu və 100 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə 20123,02 ABŞ dolları məbləğində borcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun İddiaçı qapalı səhmdar cəmiyyətinin xeyrinə tutulması qət edilmiş, cavabdeh Zamin1 qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: İş materiallarından görünür ki, 14 mart 2018-ci il tarixdə İddiaçı qapalı səhmdar cəmiyyəti iddia ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh, Zamin1, Zamin2, Zamin3, Zamin4 və Zamin5 müştərək qaydada cəmiyyətin xeyrinə 32R000001371 saylı kredit razılaşması üzrə müqaviləyə xitam verməklə 12683,93 ABŞ dolları məbləğində kredit borcu, 7339,09 ABŞ dolları məbləğində faiz borcu və 11940,28 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 31963,30 ABŞ dolları borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş və tələblərini onunla əsaslandırmışdır ki, Cavabdeh cəmiyyətlə bağladığı 24.12.2012-ci il tarixli, 32L000000042 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 100000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh cəmiyyətlə bağladığı 13.11.2013-cü il tarixli, 32R000001371 saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 2,1667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 18000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 09.04.2015-ci il tarixli, 32R000001371S saylı, 17.06.2015-ci il tarixli, 32R000001371SA saylı sazişlərlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 15.12.2015-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh götürdüyü kredit borcundan 5316,07 ABŞ dolları ödəmiş, onun 12683,93 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 22.02.2018-ci il tarixə 800 gün üçün hesablanmış faiz borcu 7339,09 ABŞ dolları təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5% məbləğində cərimə ödəməlidir. 22.02.2018-ci il tarixə 800 gün üçün hesablanmış cərimə 11940.28 ABŞ dolları təşkil edir. Kredit xətti müqaviləsinin 3.1.2-ci bəndinin “a” yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Zamin1, Zamin2, Zamin3, Zamin4, Zamin5 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1ci bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh ilə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSİN İZAHATİ: Cavabdeh Zamin1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin bir neçə iclasına getsə də, hər dəfə məhkəmə iclası təxirə salınmış və qətnamə qəbul edilən tarixdə iclasın vaxtı barədə xəbərdar olunmamışdır. Barəsində belə qətnamənin qəbul edilməsini bu ilin avqust ayında Quba rayon İcra və probasiya şöbəsindən ona məlumat vermişlər. O, Şabran rayonunda qeydiyyatda ola-ola barəsində icra vərəqəsinin Quba rayon İcra və probasiya şöbəsinə göndərilməsini qanunsuz hesab edir. Cavabdeh Zamin1 apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ona aid hissədə ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Zamin1 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi. İddiaçı “Access Bank” qapalı səhmdar cəmiyyəti, cavabdehlər Cavabdeh, Zamin2, Zamin3, Zamin4 və Zamin5 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, iddiaçı nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, cavabdehlər məhkəmə iclasına gəlmədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi cavabdeh Zamin1 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdeh apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ona aid hissəsini mübahisələndirdiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı bu hissədə yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarından görünür ki, İddiaçı qapalı səhmdar cəmiyyətinin Quba filialı ilə bağlanmış 24 dekabr 2012-ci il tarixli, 32L000000042 saylı kredit xətti müqaviləsinə əsasən Cavabdeh 120 ay müddətinə 100000 ABŞ dolları məbləğində kredit xətti açılmış, müqaviləyə görə borcluya hissələrlə veriləcək kreditin məbləği və müddəti ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunmalıdır. İş materiallarında olan İddiaçı qapalı səhmdar cəmiyyətinin Quba filialı ilə Cavabdeh arasında bağlanmış 24 dekabr 2012-ci il tarixli, 32L000000042 kredit xətti müqaviləsi üzrə 13 noyabr 2013-cü il tarixli, 32L000001371 saylı kredit razılaşmasından görünür ki, Cavabdeh aylıq 2,1667% faiz dərəcəsi olmaqla, 36 ay müddətinə 18000 ABŞ dolları kredit verilmişdir. İş materiallarından görünür ki, İddiaçı qapalı səhmdar cəmiyyətinin Quba filialı ilə Cavabdeh arasında bağlanmış 24 dekabr 2012-ci il tarixli, 32L000000042 saylı kredit xətti müqaviləsi üzrə 13 noyabr 2013-cü il tarixli, 32L000001371 saylı kredit razılaşmasına və ödəniş planına 09 aprel 2015-ci il tarixli, 32R000001371S saylı və 17 iyun 2015-ci il tarixli, 32R000001371SA saylı sazişlərlə dəyişikliklər edilmişdir. İş materiallarında olan İddiaçı qapalı səhmdar cəmiyyətinin Quba filialı ilə Zamin1 arasında bağlanmış 32S000000104 saylı, 24 dekabr 2012-ci il tarixli, Zamin4 arasında bağlanmış 32S000001909 saylı, 13 noyabr 2013-cü il tarixli, Zamin3 arasında bağlanmış 32S000000101 saylı, 24 dekabr 2012-ci il tarixli, Zamin2 arasında bağlanmış 32S000000106 saylı, 24 dekabr 2012-ci il tarixli və Zamin5 arasında bağlanmış 32S000000102 saylı, 24 dekabr 2012-ci il tarixli zaminlik müqavilələrindən görünür ki, İddiaçı qapalı səhmdar cəmiyyətinin Quba filialı ilə Cavabdeh arasında bağlanmış 24 dekabr 2012-ci il tarixli, 32L000000042 saylı kredit xətti müqaviləsi və bu kredit xətti müqaviləsinin ayrılmaz hissəsi olan kredit razılaşması üzrə borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərinin icra edilməsi üçün zaminlər bank qarşısında tam məsuliyyəti öz üzərlərinə götürmüşlər və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyırlar. İş materiallarında olan İddiaçı qapalı səhmdar cəmiyyətinin 26 fevral 2018-ci il tarixli arayışından görünür ki, Cavabdeh 13 noyabr 2013-cü il tarixli, 32L000001371 saylı kredit razılaşması üzrə 22 fevral 2018-ci il tarixə əsas borcu 12683,93 ABŞ dolları, faiz borcu 7339,09 ABŞ dolları, cərimə borcu 11940,28 ABŞ dolları, cəmi borcu 31963,3 ABŞ dolları təşkil edir. İş materiallarında olan “Access Bank” qapalı səhmdar cəmiyyəti tərəfindən Zamin1, Zamin2, Zamin3, Zamin4 göndərilmiş 29 sentyabr 2017-ci il tarixli xəbərdarlıq məktublarının surətlərindən görünür ki, kredit müqaviləsi üzrə borcun ödənilməsi barədə xəbərdar edilmişdir. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 05.04.2019-cu il tarixli, 24740 saylı rəyindən görünür ki, Cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair ödəniş qəbzləri, hesabdan çıxarış, kredit statusu vərəqəsi məlumatları, 13.11.2013-cü il tarixli, 32R000001371 saylı kredit razılaşması, 09.04.2015-ci il tarixli saziş və 17.06.2015-ci il tarixli sazişin şərtlərinə müvafiq olaraq Cavabdeh 22.02.2018-ci il tarixə banka olan borcu 20023,02 ABŞ dolları məbləğində, o cümlədən əsas borc üzrə 12683,93 ABŞ dolları, faiz borcu üzrə 7339,09 ABŞ dolları təşkil edir. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. İş materialları ilə müəyyən edilmişdir ki, İddiaçı qapalı səhmdar cəmiyyətinin Quba filialı ilə bağlanmış 24 dekabr 2012-ci il tarixli, 32L000000042 kredit xətti müqaviləsi üzrə 13 noyabr 2013-cü il tarixli, 32L000001371 saylı kredit razılaşmasına əsasən Cavabdeh aylıq 2,1667% faiz dərəcəsi olmaqla, 36 ay müddətinə 18000 ABŞ dolları kredit verilmişdir. İddiaçı qapalı səhmdar cəmiyyətinin Quba filialı ilə Cavabdeh arasında bağlanmış 24 dekabr 2012-ci il tarixli, 32L000000042 saylı kredit xətti müqaviləsi üzrə 13 noyabr 2013cü il tarixli, 32L000001371 saylı kredit razılaşmasına və ödəniş planına 09 aprel 2015-ci il tarixli, 32R000001371S saylı və 17 iyun 2015-ci il tarixli, 32R000001371SA saylı sazişlərlə dəyişikliklər edilmişdir. Azərbaycan Respublikası MM-nin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1 və 472.2-ci maddələrinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. İddiaçı qapalı səhmdar cəmiyyətinin Quba filialı ilə Zamin1 arasında bağlanmış 32S000000104 saylı, 24 dekabr 2012-ci il tarixli, zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüş və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərini hazırki mübahisəli hüquq münasibətlərinə tətbiq edib, hesab edir ki, cavabdehin kredit razılaşması üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməməsi, hazırki öhdəlik hüquq münasibətlərinin məhz cavabdehin təqsiri üzündən pozulması işdə iştirak edən şəxsin izahatı və mülki işin materialları ilə də inkar edilmədiyindən və cavabdeh pul vəsaitini qanunsuz saxlamaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə ondan faydalandığından, birinci instansiya məhkəməsi qətnaməsi zamin kimi cavabdeh Zamin1 münasibətdə qanuni və əsaslıdır. Cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər iş üzrə məhkəmə qətnaməsinin ona aid hissədə apellyasiya qaydasında ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi cavabdeh Zamin1 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh Zamin1 apellyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin 29.05.2019-cu il tarixli, 2(027)-173/2019 saylı qətnaməsi cavabdeh Zamin1 münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-3260/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3260/2021
28.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver