Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3264/2021 21.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Tağızadə Gülnarə Fikrət qızı və Quliyev Telman Osman oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə və Cavabdeh vəkili və nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi və pul tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 02 iyul 2021-ci il tarixli, 2(060)-4073/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 02 iyul 2021-ci il tarixli, 2(060)-4073/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 74348 (yetmiş dörd min üç yüz qırx səkkiz) manat məbləğində pul, 30 (otuz) manat məbləğində dövlət rüsumu və 0,40 (qırx qəpik) manat məbləğində bank xidməti haqqını tutularaq İddiaçı MMC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Aynur Behbudova). Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 02 iyul 2021-ci il tarixli, 2(060)-4073/2021 saylı qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN H A L L A R İ: İddiaçı MMC Cavabdeh qarşı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi və pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh arasında 2017-ci ilin noyabr ayı ərzində “Norm” sement məhsullarının alqısatqısı nisyə qaydasında həyata keçirilmişdir. İddiaçı ilə cavabdeh arasında imzalanmış müqaviləyə əsasən, iddiaçı “Norm” sement məhsullarını cavabdehə sataraq onun satış ünvanına çatdırmağı, cavabdeh isə malları qəbul edərək onun dəyərini razılaşdırılmış vaxta iddiaçıya ödəməyi öz öhdəsinə götürmüşdür. 31.03.2018-ci il tarixində imzalanmış İddiaçı MMC ilə işləyən “X7”na əsasən müəyyən edilmişdir ki, 30.03.2018-ci il tarixinə cavabdehin iddiaçıya cəmi 74348 (yetmiş dörd min üç yüz qırx səkkiz) manat borcu mövcud olmuşdur. Bundan sonra cavabdeh bu günədək heç bir ödəniş etməyərək müqavilə üzrə üzərinə düşən öhdəliklərini tam yerinə yetirməmişdir. Qeyd olunanlara əsasən məhkəmədən Cavabdeh İddiaçı MMC-nin xeyrinə 74348 (yetmiş dörd min üç yüz qırx səkkiz) manat məbləğində pulun, habelə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və 0.40 (qırx qəpik) manat bank xidməti haqqının tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC iddia tələbinin həcminin artırılması barədə ərizə ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, 06.04.2021-ci il tarixli iddia ərizəsinin tələb hissəsinin dəyişdirildiyini bildirməklə Cavabdeh 01.11.2017-ci il tarixli müqavilə üzrə 78920 (yetmiş səkkiz min doqquz yüz iyirmi) manat pulun, habelə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və 0,40 (qırx qəpik) manat bank xidməti haqqının tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında Cavabdeh vəkili və nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək işin halları ilə əlaqədar bildirdi ki, tərəflər arasında bağlanmış 01.01.2017-ci il tarixli müqavilənin 5.1-ci maddəsinə əsasən müqavilə üzrə ödəmələr satıcının təqdim etdiyi sənədlər əsasında malın alıcı tərəfindən təhvil alındığı tarixdən 1 ay müddətində aparılır. Satıcının təklif etdiyi endirimli satışlar 100 % əvvəlcədən ödəniş şəklində aparılır. Tərəflər ən azı 3 ayda bir dəfə çatdırılmış malların həcmi, ödənilmiş məbləğ və qalıq borc barədə yoxlama aktı və hər dəfə ödəniş edilərkən təhvil-təslim aktı tərtib edirlər. Müqavilənin tələbinə əsasən 3 ay müddətinə çatdırılmış malın həcmi, ödənilmiş məbləğ və qalıq borc barədə yoxlama aktı 31.03.2018-ci il tarixdə aparılmış, güya ki, qalıq borc müəyyən edilmişdir. Yoxlama aktı müqavilə şərtlərinə uyğun aparılmamış, müqavilə ilə müəyyən edilmiş əsaslar aktda göstərilməmişdir. Belə ki, yoxlama aktında cavabdehə çatdırılmış malların çatdırılmasını sübut edən əmtəə nəqliyyat qaiməsi və qaiməyə uyğun malın həcmi, alıcıya çatdırılmış, hər partiya malın (qaimə əsasında) ödənilmiş məbləği və qalıq məbləği müəyyən edilmədən yekun qalıq borcu müəyyən edilmişdir. Bu son qalıq borcunun haradan yaranması aktla müəyyən edilməmişdir. Əslində aktda müəyyən edilmişdir ki, yoxlama dövründə, yəni 01 yanvar 2017-ci ildə 31.03.2018-ci ilə qədər alıcı Cavabdeh tərəfindən götürülən mal dövriyyəsinin məbləği 10.828 manat təşkil etmiş, həmin dövr üçün ödənilən məbləğ 9.712 manat təşkil etmişdir ki, burada qalıq borcu 1106 (bir min yüz altı) manat təşkil edir. Bu səbəbdən məhkəmənin iddia tələbini bu cür səthi araşdıraraq iddiaçının yoxlanılmamış sənədlərinə hüquqi qiymət verməsi başa düşülən deyil. Eyni zamanda iddiaçının məhkəməyə təqdim etdiyi yoxlama aktı saxta olaraq sonradan tərtib edilmişdir. Çünki yoxlama aktının Cavabdehla olan 2-ci hissəsində Qasımovun imzası yoxdur. AR Mülki Məcəllənin 399.1-ci maddəsində göstərilir ki, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 399.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Həmin Məcəllənin 337.1-ci maddəsində göstərilir ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. İş materiallarında olan və məhkəmənin sübut növü kimi əsaslandırdığı mötəbər sənəd kimi qəbul edilən yoxlama aktı (31.03.2018 tarixli) qanunvericiliyin və bağlanmış 01.01.2017-ci il tarixli müqavilənin şərtlərini pozmaqla tərtib edildiyindən əsas sübut kimi götürülə bilməz, əgər götürülməsi mümkün olsa onda 1106 (bir min yüz altı) manat qalıq borc kimi qəbul edilməlidir. Məhkəməyə təqdim edilmiş kassa mədaxil qəbzlərindən görünür ki, Cavabdeh iddiaçıya qalıq borcu olmamışdır. Belə ki, qalıq borcu olduqda kassa mədaxil orderində qalıq borc hissəsində məbləği qeyd edilməlidir, necə ki, başqa qəbzlərdə bu cür borc qeyd edilmişdir. Bundan başqa məhkəmə qətnaməsində cavabdehin 31.03.2021-ci il tarixdə məhkəməyə iddia müddətinin keçməsi ilə əlaqədar ərizə verməsini və iddia müddətinin keçməsi ilə əlaqədar iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını göstərsə də bu halın əsaslı olub-olmamasını araşdırmamış və qətnamədə ərizənin təmin edilməsi üçün hər hansı bir hal göstərilməmişdir. AR Mülki Məcəllənin 375.2-ci maddəsində göstərilir ki, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmənin iddiaçının iddia tələbinin artırmağa dair 06.04.2021ci il tarixli iddia ərizəsinə əlavəsində eyni əsaslarla cavabdehdən əlavə olaraq 4000 (dörd min) manat cəmi 78920 (yetmiş səkkiz min doqquz yüz iyirmi) manat pul tutulmasını xahiş etməsini əsassız hesab edərək rədd etməsi və iddianı qismən təmin etməsi göstərir ki, məhkəmə əlavə iddia ərizəsi üzrə doğru nəticəyə gəldiyi halda iddia üzrə yanlış və əsasız nəticəyə gəlmişdir. Belə ki, iddia ərizəsinə əlavə də eyni əsaslarla verilmişdir. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin 02 iyul 2021-ci il tarixli, 2(060)-4073/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmamasına dair yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, apellyasiya şikayətinin surətindən görünür ki, cavabdeh heç bir hüquqi əsaslandırma olmadan birinci instansiya məhkəməsində gətirdiyi faktlar öz təsdiqini tapmamış, formal olaraq eyni faktları apellyasiya şikayətində göstərməklə süründürməçiliyə və vaxt qazanmağa çalışmışdır. Bundan başqa cavabdeh tərəfin vəkili birinci instansiya məhkəməsində Cavabdeh tərəfindən 08.05.2018-ci il tarixdə Bakı şəhəri 41 saylı notariat kontorunda 74.348 (yetmiş dörd min üç yüz qırx səkkiz) manat borcunun olması barədə sənədin olmasını məhkəmə baxışı zamanı şəxsin özü bildirsə də, bu halın cavbdehin borclu olmasının əsas sübut növü kimi olduğunu anlayandan sonra həmin sənədin əslinin harada olmasını bilmədiyini göstərmişdir. Lakin qeyd olunan sənədin əsli tərəfindən müəyyən edilərək məhkəməyə təqdim edilmişdir. Bundan əlavə cavabdeh tərəfin birinci instansiya məhkəməsində təqdim etmiş olduğu qəbzlərin tam şəkildə təqdim edilməməsi borcun gizlədilməsinə yönəlmişdir. Belə ki, cavabdeh tərəfin imzası ilə imzalanmış qəbzlərdən onun hansı miqdarda borcu qalması öz təsdqini tapmışdır. İş materiallarına əlavə olunmuş müxtəlif tarixlərə olan əmtəə-nəqliyyat qaimələrindən görünür ki, Norm ASC tərəfindən müxtəlif çəkilərdə olmaqla “Klass A PLT CEM İİ/A-P 32,5 R / EN 197-1-2000 (1300080)” markalı, “Klass B PLT CEM İİ/B-L 32,5 R / EN 197-1-2000 (1300081)” markalı, “Klass A KİSƏ CEM İİ/A-P 32,5 R / EN 197-1-2000 (1300015)” markalı və “Klass B KİSƏ CEM İİ/B-L 32,5 R / EN 197-1-2000 (1300051)” markalı sement məhsulları Sumqayıt şəhəri, 21-ci məhəllədə yerləşən daş bazarına, Cavabdeh təhvil verilmişdir. Bundan əlavə analoji iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31.07.2019 tarixli, 2(102)-5337/2019 saylı qərar çıxarılmışdır. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin 02 iyul 2021-ci il tarixli, 2(060)-4073/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, proses iştirakçılarının izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan 01.01.2017-ci il tarixli, 01 saylı müqavilədən görünür ki, İddiaçı MMC-nin direktoru X6 ilə Cavabdeh arasında müqavilə imzalanmışdır. İş materiallarında olan 01.01.2018-ci il tarixli müqaviləyə 1 saylı əlavə olaraq sazişdən görünür ki, 01.01.2017-ci il tarixli müqavilənin 2.2.-ci bəndinə əsasən malların qiymətinin dəyişdirilməsi məqsədilə əlavə saziş bağlanılmış və malların 1 kisəsinin qiyməti “Klass A” 5,8 manat və “Klass B” 5 manat təşkil etməsinə razılığa gəlməklə tərəflər imza atmışlar. İş materiallarında olan İddiaçı MMC ilə işləyən X7ndan görünür ki, Cavabdeh 31.03.2018-ci il tarixinə 74348 (yetmiş dörd min üç yüz qırx səkkiz) manat qalıq borcu vardır. İş materiallarında olan İddiaçı MMC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında imzalanmış 01.01.2017-ci il tarixli müqaviləyə əsasən sonuncuya “Norm” sement məhsulları satılmışdır. Cavabdeh həmin müqavilə üzrə 23.11.2017-ci il tarixində 1000 (min) manat ödəniş etmiş, qalıq 74348 (yetmiş dörd min üç yüz qırx səkkiz) manat isə bu günədək heç bir ödəniş etməyərək müqavilə üzrə üzərinə düşən öhdəliklərini tam yerinə yetirməmişdir. Cavabdeh 16.03.2021-ci il tarixinə İddiaçı MMC-yə 74348 (yetmiş dörd min üç yüz qırx səkkiz) manat məbləğində qalıq borcu mövcuddur. İş materiallarında olan 02.02.2021-ci il tarixli pretenziyadan görünür ki, Cavabdeh müqavilə üzrə öhdəliklərin icra edilməsi tələbi ilə bağlı 74348 (yetmiş dörd min üç yüz qırx səkkiz) manat məbləğində qalıq borcunun mövcud olması barədə xəbərdar edilmişdir. İş materiallarında olan 08.05.2018-ci il tarixli, Bakı şəhəri 41 saylı notariat kontorunda imzalanmış müqavilədən görünür ki, X2 Elşən Məmməd oğluna 74348 (yetmiş dörd min üç yüz qırx səkkiz) manat məbləğində pulu faizsiz və 31.12.2018-ci il tarixinədək borc olaraq vermişdir. İş materiallarına əlavə olunmuş müxtəlif tarixlərə olan imzalanmış nağd pulun təhviltəslim aktlarından görünür ki, Cavabdeh “Norm” sement borcuna görə İddiaçı MMC-yə müxtəlif məbləğlərdə ödənişlər etmişdir. İş materiallarına əlavə olunmuş müxtəlif tarixlərə olan əmtəə-nəqliyyat qaimələrindən görünür ki, Norm ASC tərəfindən müxtəlif çəkilərdə olmaqla “Klass A PLT CEM İİ/A-P 32,5 R / EN 197-1-2000 (1300080)” markalı, “Klass B PLT CEM İİ/B-L 32,5 R / EN 197-1-2000 (1300081)” markalı, “Klass A KİSƏ CEM İİ/A-P 32,5 R / EN 197-1-2000 (1300015)” markalı və “Klass B KİSƏ CEM İİ/B-L 32,5 R / EN 197-1-2000 (1300051)” markalı sement məhsulları Sumqayıt şəhəri, 21-ci məhəllədə yerləşən daş bazarına, Cavabdeh təhvil verilmişdir. Məhkəmə iddia tələbini qismən təmin edərkən verilmiş iddia tələbinin hüquqi əsasını təşkil edən müqavilə münasibətlərinin, həmin münasibətdən irəli gələn öhdəliklərin yerinə yetirilməməsinə istinad etmişdir. Məhkəmə qey etmişdir ki, iddiaçı iddia tələbinin həcminin artırılması ilə bağlı ərizə verməsinə baxmayaraq həmin hissədə iddia tələbinin əsasını təşkil edən sübutları məhkəməyə təqdim etməmiş, həmçinin məhkəmə iclasında sübuta yetirə bilməmişdir. Bütün bunları nəzərə alan məhkəmə iddianın qismən təmin etmiş, belə nəticəyə gəlimişdir ki, 74348 (yetmiş dörd min üç yüz qırx səkkiz) manat Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 425.1-ci maddəsində göstərilir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 108.1-ci və 108.1.1-ci maddəsinə əsasən iddia ərizəsi verildikdə dövlət rüsumu ödənilməlidir. övlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə D əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də borc ödənişi 500 manatdan çox olduğuna və iddia qismən təmin olunduğuna görə məhkəmə hesab etmişdir ki, 30 (otuz) manat dövlət rüsumu və 0,40 (qırx qəpik) manat bank xidməti haqqı cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin müəyyən edilmiş hallarına və qanunvericlik normalarına uyğundur və məhkəmə qeyd edilən əsasla iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Belə ki, birinci instansiya məhkəməsi işin bütün hallarını araşdıraraq iddianı təmin etməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni haqlı hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Brumaresku Rumıniyaya qarşı» iş üzrə 28 oktyabr 1999-cu il tarixli qərarında göstərmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı «Məhkəmə qətnaməsi» haqqında Qərarının 2.4-cü bəndinin izahına əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda, baxılan iş üçün əhəmiyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apelyasiya şikayəti əsassız olduğu üçün təmin oluna bilməz. Belə ki, iş materiallarından görünür ki, iddiaçı qətnamənin ləğv olunmaqla iddianın təmin olunmamasını xahiş etmişdir. Lakin apelyasiya şikayətinin dəlillərini əsaslandıra bilməmişdir. Belə ki, cavabdeh apellyasyiya şikayətində onun iddiaçıya hər hansı bir borcunun olmamasını qeyd etsə də buna dair hər hansı bir sübut təqdim etməmişdir. Cavabehin iddiaçıya borclu olmasına dair isə iş materiallarında bunu sübut edən sənədlər, o cümlədən müqavilə, müqaviləyə əlavə saziş, yoxlama aktı,maliyyə arayışı, qaimələr və s. mövcuddur. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsini gəldiyi nəticə və tətbiq etdiyi qanunvericilik normaları işin hallarına uyğun olmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətində göstərilən dəlilləri formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasındakı mübahisənin həlli ücün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli,Sumqayıt Şəhər Məhkəməsinin 02 iyul 2021-ci il tarixli, 2(060)-4073/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 02 iyul 2021-ci il tarixli, 2(060)-4073/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh apelyasiya şikayəti təmin olunmasın. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-3264/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3264/2021
21.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver