Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-3270/2021 28.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı və Cavabdeh iştirakları ilə açıq məhkəmə iclasında Sumqayıt Şəhər Məhkəməsinin 16.08.2021-ci il tarixli, 2(060)-1203/2021 saylı qərardadından İddiaçı şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 16.08.2021-ci il tarixli, 2(060)-1203/2021 saylı qərardadı ilə (sədrlik edən, hakim Emin Abdullayev) İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1203/2021 saylı, 24 fevral 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpası haqqında Cavabdeh ərizəsi təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 1203/2021 saylı, 24 fevral 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin üzrlü hesab edilərək bərpa edilməsi qərara alınmış, iddiaçı qərardaddan şikayət vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 1203/2021 saylı, 24 fevral 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh 21794 ABŞ dolları məbləğində pulun ödəniləcək günə manat ilə məzənnəsi hesablanmaqla və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir. Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1203/2021 saylı, 24 fevral 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermiş, eyni zamanda ərizə ilə məhkəməyə müraciət edərək qətnamədən apellyasiya şikayətinin verilməsi müddətinin bərpa olunmasını xahiş etmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayətinin verilməsi müddətinin bərpa olunmasına dair ərizəsini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 24 fevral 2021-ci il tarixli qətnaməsini 26 fevral 2021-ci il tarixdə qəbzə imza etməklə almışdır. Lakin qətnamədən apellyasiya şikayəti verməyi unutmuş və istənilən vaxt apellyasiya şikayəti verə biləcəyini düşünmüşdür. Sumqayıt Şəhər Məhkəməsinin 16.08.2021-ci il tarixli, 2(060)-1203/2021 saylı qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1203/2021 saylı, 24 fevral 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpası haqqında Cavabdeh ərizəsi təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 1203/2021 saylı, 24 fevral 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin üzrlü hesab edilərək bərpa edilməsi qərara alınmışdır. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ: İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: İddiaçı qərardaddan şikayətini onunla əsaslandırmışdır ki, qərardadla razı deyildir. Belə ki, cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 24.02.2021-ci il tarixli qətnaməsini aldıqdan 6 ay sonra apellyasiya şikayəti və şikayətin verilməsi üçün prosessual müddətin bərpası barədə ərizə vermişdir. Məhkəmə apellyasiya şikayəti müddətinin bərpasını üzürlü sayan əsasların olmamasına baxmayaraq müddəti bərpa etmişdir. 26.02.2021-ci il tarixdə cavabdeh qətnamənin surətini almış və qətnamənin özündə apellyasiya şikayətinin qətnamənin surəti təqdim edildikdən sonra 1 ay müddətində verilməsi qeyd olunmuşdur. Cavabdehin qətnamədən apellyasiya şikayəti verməsi üçün 1 aylıq müddət 2021-ci il mart ayının 27-də başa çatmışdır. Bundan başqa, cavabdehin müharibə veteranı olması və qətnamədən istənilən vaxt şikayət verilməsinin mümkünlüyü barədə düşüncəsi bu müddətin bərpası üçün əsas ola bilməz. Cavabdeh ayağında olan yara ilə bağlı müalicə almışdırsa, həmin müalicənin hazırki qətnamə qəbul edildikdən sonra harada, hansı şəraitdə və hansı vaxta kimi aparılması aydın deyildir və cavabdeh bununla bağlı hər hansı bir sübut da təqdim etməmişdir. Belə ki, şəxs əgər stasionar şəraitdə müalicə alsaydı, məhkəmə bu halı üzürlü saya bilərdi, lakin konkret halda cavabdehin 2021-ci ilin mart ayının 27-dən 2021-ci ilin avqust ayının 6-na kimi stasionar şəraitdə müalicə alması ilə bağlı məhkəməyə sübut təqdim olunmamışdır. Digər tərəfdən, cavabdeh ərizəsində qətnamədən apellyasiya şikayətini istədiyi vaxt verə biləcəyini düşündüyünü qeyd etmişdir. Cavabdehin bu dəlili ilə yanaşıldıqda belə aydın olur ki, hər bir şəxs məhkəmə qətnaməsini alıb istədiyi vaxt ondan şikayət verə bilər. Belə olan təqdirdə Azərbaycan Respublikası MPM-nin 360-cı maddəsinə heç bir lüzum olmazdı. Məhkəmənin qətnamədən şikayət verilməsi üçün buraxılmış müddətin bərpası barədə qəbul etdiyi qərardad tam qanunsuzdur. Şikayətdə iş üzrə məhkəmə qərardadının ləğv olunması və müddətin bərpasına dair ərizənin təmin edilməməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı şikayətdə qeyd edilənlərə uyğun izahat verərək iş üzrə məhkəmə qərardadının ləğv edilib qətnamədən apellyasiya şikayəti verilməsi müddətinin bərpasına dair cavabdehin ərizəsinin təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında şikayətin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə qərardadın dəyişdirilmədən, şikayətin isə təmin edilmədən saxlanılmasını xahiş etdi və əlavə olaraq göstərdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 24 fevral 2021-ci il tarixli qətnaməsini 26 fevral 2021-ci il tarixdə məhkəmə qəbzinə imza etməklə almışdır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib şikayətin dəlillərini, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməli, iş üzrə məhkəmə qərardadı ləğv edilərək, cavabdehin qətnamədən apellyasiya şikayətinin verilməsi müddətinin bərpasına dair ərizəsi təmin edilməməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamədən apellyasiya şikayətinin verilməsi müddətini bərpa edərkən cavabdehin səhhətində problemlər yaranmasına, qətnamədən apellyasiya şikayətinin verilməsi müddətini üzürlü səbəbdən ötürməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanunsuz və əsassız olmaqla, işə əlavə edilmiş sənədlərə uyğun deyildir. Azərbaycan Respublikası MPM-nin 134.1.5-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxslərə birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktlarını rəsmi qaydada verməlidir. Həmin Məcəllənin 135.2-ci maddəsinə görə məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə qanunverici heç bir istisna hal müəyyən etmədən iş üzrə məhkəmə aktlarının surətlərinin işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməsini mühüm şərt kimi müəyyən etmişdir. İş materiallarından görünür ki, Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 24 fevral 2021-ci il tarixli qətnaməsini 26 fevral 2021-ci il tarixdə məhkəmə qəbzinə imza almışdır (İ/v-66). Göründüyü kimi, Sumqayıt Şəhər Məhkəməsinin 24 fevral 2021-ci il tarixli qətnaməsi Cavabdeh rəsmi qaydada verilmişdir. Azərbaycan Respublikası MPM-nin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Göründüyü kimi, qanunverici qətnamədən şikayət verilməsi ilə bağlı 1 aylıq müddətin axımını, qətnamənin surətinin işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi günlə əlaqələndirmişdir. “Q.Hüseynovun şikayəti üzrə məhkəməyə müraciət hüququnun pozulmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyun 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanunvericilik prosessual müddətin buraxılması dedikdə, qanunla müəyyən edilmiş müddətin buraxılmasını nəzərdə tutur. MPM-də müddətin axımının qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamənin (qərardadın) çıxarıldığı tarixdən deyil, onun təqdim olunduğu (alındığı) andan hesablanmasına dair birbaşa göstəriş nəzərdə tutulmuşdur. Cavabdeh tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin 24 fevral 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi müddətinin axımı qətnamənin ona təqdim edildiyi günün sabahı, yəni 27 fevral 2021-ci il tarixdən başlanmışdır. Azərbaycan Respublikası MPM-nin 128-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Cavabdeh tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin 24 fevral 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi müddəti 2021-ci ilin mart ayının 27-də qurtarmışdır. İş materiallarından görünür ki, Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 24 fevral 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti və prosessual müddətin bərpasına dair ərizəsi 06 avqust 2021-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinə daxil olmuşdur. Göründüyü kimi, məhkəmə qətnaməsini rəsmi qaydada aldıqdan sonra cavabdeh tərəfindən apellyasiya şikayəti 1 ay müddətində deyil, 5 ay 10 gündən sonra verilmiş və qanunla müəyyən edilmiş apellyasiya şikayətinin verilməsi müddəti 4 ay 10 gün buraxılmışdır. Azərbaycan Respublikası MPM-nin 133.1-ci maddəsinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. “X2 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qeyd etmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizəsindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhəddində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Məhkəmə kollegiyası qeyd edir ki, müddətin bərpası hər bir halda fərdi xarakter daşıyır, yəni məhkəmə prosessual müddəti konkret şəxs üçün, özü də prosessual hərəkəti edilməsi üçün bərpa edir. Müddətin bərpasının fərdi xarakter daşıması həm də onunla əlaqədardır ki, məhkəmə müvafiq prosessual müddəti yalnız üzürlü səbəbdən buraxmış şəxs üçün bərpa edə bilər. Ona görə də buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının əsasları, həmçinin ərizəçinin həmin müddətdə müvafiq prosessual hərəkətləri etmək imkanının olmaması haqqında sübutlar göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 133-cü maddəsində qeyd olunan üzürlü səbəblər dedikdə, müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyri-mümkün edən və ya bunu çətinləşdirən səbəblər başa düşülməlidir. Üzürlü səbəblər sırasına, məsələn, şəxsin xəstəliyi, ailənin xəstə üzvünə qulluq etmənin zəruriliyi, xidməti ezamiyyətdə olma, ailə üzvlərindən hər hansı birinin ölməsi və s. aid edilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin prosessual müddətin bərpasına dair ərizəsində göstərdiyi hallar üzürlü səbəb sayıla bilməz. İş materiallarında cavabdehin səhhəti ilə əlaqədar müalicə almasını da təsdiq edən hər hansı sənəd yoxdur. Azərbaycan Respublikası MPM-nin 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası sadalanan halları, şikayətdə göstərilən dəlilləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, iş üzrə məhkəmə qərardadı ləğv edilməli, cavabdehin qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasına dair ərizəsi təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 133, 263-264, 397 və 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı şikayəti təmin edilsin. İş Sumqayıt Şəhər Məhkəməsinin 16.08.2021-ci il tarixli, 2(060)-1203/2021 saylı qərardadı ləğv edilsin. Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 24 fevral 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasına dair ərizəsi təmin edilməsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir, qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-3270/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-3270/2021
28.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver