Məhkəmə qərarları › İş №2(105)-328/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-328/2023

07.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-328/2023 07.02.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: dəymiş zərərin əvəzinin ödənilməsi) Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X6 və X3 ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı, Cavabdeh, üçüncü şəxs X1 iştirakı ilə, Siyəzən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli,2(059)-459/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən əkin sahəsinə vurulan 3445,28 manat məbləğində maddi zərərin və ödənilmiş 55 manat dövlət rüsumu olmaqla, cəmi 3500,28 manat pulun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, ”MARS-FK” LTD MMM ilə arasında bağlanmış 23 noyabr 2021-ci il tarixli icarə müqavilələrinə əsasən hər biri 1,896501 ha və 2,3706 ha olmaqla, cəmi 4,267101 ha iki qonşu torpaq sahəsini kənd təsərrüfatı məsullarını istehsal edib, gəlir əldə etmək məqsədilə 23 noyabr 2031-ci il tarixədək icarəyə götürmüşdür. Buna görə də, Siyəzən rayon Beşdam inzibati ərazi dairəsində yerləşən sözügedən torpaq sahələrinin 3,53 ha hissəsinə arpa əkmişdir. 16 iyun 2022-ci il tarixdə Siyəzən rayonunun Cəndəhar kənd sakinlərinə məxsus 76 baş qaramal, naxır növbəsində olan cavabdehin işinə məsuliyyətsiz yanaşaraq, naxırı özbaşına buraxması səbəbindən icarəsində olan torpaq sahəsinə daxil olmaqla, sahəni otlamış, dırnaqları ilə boy atmış arpa əkinini əzərək gövdə hissəsindən sındırmış və tamamilə yararsız hala salaraq arpa biçinini mümkünsüz etmişdir. Hadisədən xəbərdar olan kimi aidiyyəti üzrə müvafiq orqanlara məlumat vermiş, cavabdehin müəyyən olunması, baş vermiş hadisə ilə bağlı halların və digər faktların təsdiq edilməsi məqsədilə hadisə yerinə səlahiyyətli şəxslər gəlmiş, habelə 16 iyun 2022-ci il tarixli müvafiq akt tərtib edilmişdir. Daha sonra, 17 iyun 2022-ci il tarixdə X9 İnkişaf Mərkəzinin və digər mütəxəssislər tərəfindən torpaq sahəsinə baxış keçirilərkən icarəyə götürdüyü arpa sahəsinin 3,53 ha hissəsinin biçinə tamamilə yararsız halda olduğu məlum olmuşdur. Bundan əlavə, X9 İnkişaf Mərkəzinin bitkiçilik sektorunun mütəxəssisi tərəfindən sözügedən arpa sahəsinə dəymiş maddi ziyan 3445,28 manat məbləğində hesablanmış və 17 iyun 2022-ci il tarixli rəyi tərtib edilmişdir. Lakin cavabdeh ona dəymiş ziyanı ödəməkdən boyun qaçırır. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. İddia ərizəsinə qarşı cavabdeh tərəfindən etiraz daxil olmamışdır. Siyəzən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(059)-459/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, əkin sahəsinə vurulmuş zərərə görə Cavabdeh 344,53 (üç yüz qırx dörd manat 53 qəpik) manat pul, eləcə də ödənilmiş 55 manat dövlət rüsumunun 10 %-i, yəni 5,50 (beş manat 50 qəpik) manatı tutulub, İddiaçı xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Bəylər Ələkbərov). Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, İddiaçı tələbinin əsası kimi istinad etdiyi 16 iyun 2022-ci il tarixli aktın tərtib edilməsində iştirak etməklə, onu imzalamış Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Beşdam kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Şahid1 əkin sahəsinə 76 baş qaramalın daxil olduğunu qeyd etsə də X9 İnkişaf Mərkəzinin böyük məsləhətçisi Şahid2 məhkəmə iclasında əkin sahəsinə daxil olmuş heyvanların sayını dəqiq bildirə bilməmiş, bununla da, məlum aktı tərtib etmiş şahidlərin ifadələri arasında yaranmış ziddiyyət, həmin aktın naxırdakı qaramalın dəqiq sayına münasibətdə mötəbərliliyinə şübhələr yaratmışdır. Lakin cavabdeh tərəf İddiaçı əkdiyi sahəyə 40 baş qaramal naxırının daxil olduğunu etiraf etməklə, yanaşı həmin heyvanlardan 4 başının onlara aid olduğunu qeyd etmişlər. Digər 36 baş qaramala münasibətdə cavabdeh kimi Cavabdeh deyil, İddiaçı məxsus əkin sahəsinə daxil olan heyvanların sahibinin (sahiblərinin) çıxış etməli olmasına baxmayaraq, iddiaçı mülki qanunvericiliyin tələblərini pozmaqla, 36 baş heyvana münasibətdə də Cavabdeh hazırkı tələb üzrə cavabdeh qismində cəlb etdiyindən, o cümlədən sonuncu həmin hissədə cavab verməli şəxs olmadığından ona münasibətdə iddia tələbinin bu hissəsinin təmin edilməsi istisna edilir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096, 1097.1, 1110, MPM-nin 77.1, 106.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayəti verərək Siyəzən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli,2(059)-459/2022 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi hüquq normaları və prosessual hüquq normaları düzgün tətbiq edilmədən, yəni birinci instansiya məhkəməsi maddi hüquq normasını (MM-nin 1110-cu maddəsi) səhv təfsir etməklə, habelə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmadan və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlmədiyi üçün qanuni olmadığından ləğv edilməlidir. xx.xx.2022-ci il tarixdə Siyəzən rayon Candahar kənd sakinlərinə məxsus qaramal naxır növbəsində olan cavabdeh işinə məsuliyyətsiz yanaşaraq, naxırı özbaşına buraxması səbəbindən naxırda olan 76 baş qaramal Siyəzən rayon Beşdam kənd ərazisində biçinə hazır olan arpa əkininə girərək, sahəni otlamış, dırnaqları ilə boy atmış arpa əkinini əzərək gövdə hissəsindən sındırmış və tamamilə yararsız hala salaraq arpa biçinini mümkünsüz etmişdir. Məhkəmə üçüncü şəxsin izahatında göstərdiyi halları araşdırmadan iddiaçının ziyanına qəbul etmiş və qətnaməni sonuncunun bu ifadəsinə istinad etməklə əsaslandıraraq, yalnış nəticəyə gəlmişdir. Belə ki, qətnamənin 2-ci səhfəsinin dördüncü abzastında məhkəmə üçüncü şəxsin adından qeyd edir ki, “X4 əlavə olaraq izahatında göstərdi ki, sözügedən 76 baş qaramaldan 40 başı onun cavabdehliyində olsa da 36 baş qaramal Siyəzən rayonunu Cəndahar kənd sakini Eyvaza məxsus olmuşdur”. Lakin məhkəmə əsil həqiqətə, o cümlədən obyektiv həqiqətə nail olmaq üçün, X5 əlavə olaraq izahatına münasibətdə, yəni 36 baş qaramalın Cəndahar kənd sakini Eyvaza məxsus olması faktının təsdiq üçün heç bir araşdırma aparmamış, habelə adı keçən kənd sakini Eyvaz çağırılıb dindirilməmiş və sonuncunun hansı sayda heyvana və yaxud ümumiyyətlə heyvana sahib olması haqqında icra nümayəndəsindən müvafiq sənəd alınmamışdır. Habelə məhkəmə xx.xx.2022-ci il tarixində qeyd edildiyi kimi 76 baş qaramal naxırı sahədən çıxarıldığdan sonar həmin günü naxırın otarılmasına, habelə heyvanlara sahiblik və hər cür nəzarət etməli olan Cavabdeh həyat yoldaşı X2 təhvi verilməsinə münasibət bildirməyərək, üçüncü şəxsin cavadeh olmadığı halda nədən, arpa əkinini yararsız hala salmış 76 baş qaramalın hamısını,yəni ona aid olmayan heyvanları o cümlədən Cəndahar kənd sakini Eyvaza məxsus olmuş heyvanları da təhvil aldığına aydınlıq gətirməmişdir. Bununla da məhkəmə, əksinə səlahiyyətli şəxslər tərəfindən xx.xx.2022-ci il tarixində tərtib edilmiş “həqiqiətən 76 baş qaramal naxırı başsız qaldığından sahəyə girməsi, arpa əkinini yararsız hala salınması və heyvanları sahədən çıxarıldığdan sonar həmin günü naxırın otarılmasına, habelə heyvanlara sahiblik və hər cür nəzarət etməli olan Cavabdeh həyat yoldaşı X2 təhvil verilməsi” haqqında xx.xx.2022-ci il tarixli akt sübut vasitəsi kimi qəbul etməmiş, özünün əsassız qətnaməsini demək olar ki,yalnız qətnamənin 2-ci səhfəsinin dördüncü abzastında üçüncü şəxsin verdiyi (36 baş qaramal Siyəzən rayonunu Cəndahar kənd sakini Eyvaza məxsus olmuşdur”,habelə cavabdehin otardığı heyvanlarda yalnız 4 başının onun olmasına dair) ifadəsinə istinad edərək əsaslandırmışdır. Məhkəmə əkin sahəsinə girən 76 baş heyvanın sayına münasibətdə qərəzli mövqey nümayiş etdirərək,xx.xx.2022-ci il tarixdə aktı tərtib edən, 5 iştirakçıdan birinin Taleh Rəhimovun heyvanların sayını hadisənin üzərindən 4 ay keçdiyinə görə dəqiq xatırlamadığı üçün həmin aktın məzmununu, o cümlədən digər şahidlərlə ziddiyyət təşkil etdiyini üçün ifadəsinin iddiaçının ziyanına qiymətlədirərək hüquqlarını pozan qətnamə qəbul etmişdir. Məhkəməyə görə mal naxırında olan naxırçı, kəndin bütün mal-qarasını otarmağını öhdəsinə götürməsinə baxmayaraq, bütün naxırın deyil, yalnız naxırda olan və ona məxsus şəxsi (4 baş) heyvanının zərəli hərəkətlərinə cavab verir. Məlumdur ki, məhkəmə bu qənayətə gəlməklə yalnışlığa yol vermişdir. Əgər məhkəmnin gəldiyi nəticəni əsaslı olarsa, onda kənd sakinlərinin heyvanlarını ümumi naxır şəkilində otarılmasının təşkil edilməsinin nə mənası olardı, habelə naxırda olan heyvanlara növbə ərzində vurulan ziyan, o cümlədən heyvanların tələf olması hallarında kim məsuliyyət daşıyardı. Məhkəmənin gəldiyi nəticəni əsas tutsaq heç kim məsuliyyət daşımamalıdır, yəni mülki məsuliyyətsizlik olardı. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, ona dəymiş ziyan iddianın təmin olunmuş hissəsindən artıqdır. 76 baş heyvan onun torpaq sahəsinə girmişdir. Əkin məhsulu məhv olmuşdur. 76 heyvan nəzarətsiz qalarkən növbədə cavabdeh olmuşdur. Qeyd olunanlara əsasən apellyasiya şikayətimin təmin edilməsini, Siyəzən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddiamın tam şəkildə təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edərkən Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək bildirirdi ki, hadisə vaxtı o, işdə olmuşdur. Üçüncü şəxs arvadıdır, 40 heyvanı növbəyə aparıb. 76 heyvan olmayıb. Növbəyə o, getmir. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməməsini, Siyəzən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edərkən üçüncü şəxs X5 apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, o, 40 baş heyvanla növbədə idi. Gündüz saat 4-də növbədən qayıdanda heyvanlar qaçdı. Onlara çatmağa çalışsa da yaşlı olduğu üçün çata bilməyib. Sonradan bilib ki, heyvanlar sahəyə giriblər. İcra nümayəndəliyindən gəlib heyvanları aparmışdılar. O, sahəyə gələndə əkin biçilirdi. 76 malın hamısı onun deyil. Təkcə 40 baş heyvanı o, aparıb. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməməsini, Siyəzən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə cavabdeh və üçüncü şəxs sonuncu məhkəmə iclasına gəlməmiş, gəlməməsini səbərləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə qeyd edilən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 21-ci maddəsinin İ və İİ hissəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096-cı maddəsinin İ və İİ hissəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1110-cu maddəsinə əsasən heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur. Bu zaman heyvanın nəzarət altında olduğunun, itdiyinin və ya qaçdığının əhəmiyyəti yoxdur. Əgər heyvanın sahibi üçüncü şəxslərin müdafiəsi üçün zəruri tədbirlər görmüşsə, zərərin əvəzinin ödənilməsi öhdəliyi tətbiq edilmir. Mülki Prosessual Məcəllə Maddə 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 384.0.2.. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli və Siyəzən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli,2(059)-459/2022 nömrəli qətnaməsi əkin sahəsinə vurulmuş zərərə görə Cavabdeh 344,53 (üç yüz qırx dörd manat 53 qəpik) manat pul, eləcə də ödənilmiş 55 manat dövlət rüsumunun 10 %-i, yəni 5,50 (beş manat 50 qəpik) manatı tutulub, İddiaçı xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi hissəsində qismən qismən ləğv edilməli, iddia tələbi qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə dəymiş ziyana görə 1813,30 manat, ödənilmiş dövlət rüsumunun 60%-i, yəni 33 manat pul tutulmalıdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron rayon Ərazi İdarəsi tərəfindən 19 yanvar 2007-ci il tarixdə verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Siyəzən rayonunun Beşdam kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 1,896501 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə "xxxx" LTD məhdud məsuliyyətli müəssisənin adına **********34 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron rayon Ərazi İdarəsi tərəfindən 02 may 2008-ci il tarixdə verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Siyəzən rayonunun Beşdam kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 2,3706 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə “MarsFK” LTD məhdud məsuliyyətli müəssisənin adına **********31 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. İşdə olan Bakı şəhəri 23 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən 23 noyabr 2021-ci il tarixdə reyestrdə müvafiq olaraq 3M-2367 və 3M-2369 reyestr nömrələri ilə qeydə alınmış icarə müqavilələrinin surətlərindən görünür ki, "xxxx" LTD məhdud məsuliyyətli müəssisəsi mülkiyyətindəki 1,896501 ha və 2,3706 ha torpaq sahələrini İddiaçı hər sahə üçün illik 10 manat ödəmək şərtilə 23 noyabr 2031-ci il tarixədək icarəyə vermişdir. İşdə olan 16 iyun 2022-ci il tarixdə X9 İnkişaf Mərkəzinin direktor müavini Elçin Səfərlinin, həmin Mərkəzin böyük məsləhətçisi Şahid2, Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Beşdam kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Şahid1, Siyəzən RPŞ-nin polis sahə rəisi Mirzə Məmmədovun və İddiaçı tərtib etdikləri aktdan görünür ki, həmin tarixdə Siyəzən rayonunun Cəndəhar kənd sakinlərinə məxsus 76 baş qaramal naxırı rayonun İddiaçı istifadəsində olmaqla, Beşdam kəndi ərazisində yerləşən taxıl (arpa) əkini sahəsinə girərək, ora ziyan vurmuş, habelə 76 baş qaramal naxırı əkin sahəsindən çıxarılaraq, naxırın növbəsində olan Cəndəhar kənd sakini Cavabdeh arvadı X2 təhvil verilmişdir. İşdə olan X9 İnkişaf Mərkəzinin bitkiçilik sektorunun böyük məsləhətçisi Seymur Müxtəsənov tərəfindən 17 iyun 2022-ci il tarixdə tərtib edilmiş mütəxəssis rəyindən görünür ki, o, Siyəzən rayonunun Beşdam İnzibati Ərazi Dairəsi üzrə arpa sahəsinin hər hektarından 2021-ci ilin əkin dövrü üzrə olan orta məhsuldarlıq 24,4 sentner olduğu üçün 3,53 ha arpa sahəsindən 8613,20 kq arpa məhsulun gözlənildiyini müəyyən etmiş, mövcud bazar qiyməti ilə 1 kq arpanın qiymətinin 0,40 manat olması nəzərə alınsa, onda İddiaçı dəymiş ziyan 3445,28 manat məbləğində hesablanmışdır. İşdə olan 23 iyun 2022-ci il tarixli qəbzdən görünür ki, iddiaçı məhkəməyə müraciət edərkən 55 manat dövlət rüsumu ödəmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı tələbinin əsası kimi istinad etdiyi 16 iyun 2022-ci il tarixli aktın tərtib edilməsində iştirak etməklə, onu imzalamış Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Beşdam kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Şahid1 əkin sahəsinə 76 baş qaramalın daxil olduğunu qeyd etsə də, X9 İnkişaf Mərkəzinin böyük məsləhətçisi Şahid2 məhkəmə iclasında əkin sahəsinə daxil olmuş heyvanların sayını dəqiq bildirə bilməmiş, bununla da, məlum aktı tərtib etmiş şahidlərin ifadələri arasında yaranmış ziddiyyət, həmin aktın naxırdakı qaramalın dəqiq sayına münasibətdə mötəbərliliyinə şübhələr yaratmışdır. Lakin, cavabdeh tərəf İddiaçı əkdiyi sahəyə 40 baş qaramal naxırının daxil olduğunu etiraf etməklə, yanaşı həmin heyvanlardan 4 başının onlara aid olduğunu qeyd etmişlər. Digər 36 baş qaramala münasibətdə cavabdeh kimi Cavabdeh deyil, İddiaçı məxsus əkin sahəsinə daxil olan heyvanların sahibinin (sahiblərinin) çıxış etməli olmasına baxmayaraq, iddiaçı mülki qanunvericiliyin tələblərini pozmaqla, 36 baş heyvana münasibətdə də Cavabdeh hazırkı tələb üzrə cavabdeh qismində cəlb etdiyindən, o cümlədən sonuncu həmin hissədə cavab verməli şəxs olmadığından ona münasibətdə iddia tələbinin bu hissəsinin təmin edilməsi istisna edilir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd edilən hissədə gəldiyi nəticəni əsaslı hesab etmir. Belə ki, cavabdehə dəymiş zərər hesablanarkən 76 baş mal-qaranın vurduğu zərərə görə 3445,28 manat zərər dəyməsi iş materiallarında olan X9 İnkişaf Mərkəzinin bitkiçilik sektorunun böyük məsləhətçisi Seymur Müxtəsənov tərəfindən 17 iyun 2022-ci il tarixdə tərtib edilmiş mütəxəssis rəyi ilə müəyyən edilir. Belə olan halda 76 baş mal-qaranın vurduğu zərər 3445,28 manat müəyyən edildiyindən bir baş malın vurdğu zərər 45,33 manat müəyyən edilir. İş materiallarından və tərəflərin izahatından görünür ki, həmin gün mal naxırında 40 baş qaramal olmuşdur. Belə ki, üçüncü şəxs izahatında növbədə 40 baş hevyvanı olduğunu bildirmişdir. Belə olan halda naxıra cavabdeh şəxs iş üzrə cavabdeh olduğundan 40 baş heyvana görə məsuliyyəti də cavabdeh daşımalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi naxırda olan qaramallardan yalnız 4 ədədinin cavabdehə məxsus olduğundan yalnız 4 baş qaramalın vurduğu zərərin tutulması nəticəsinə gəlməkdə haqlı olmamışdır. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh öz naxır növbəsində baş verən hadisələrə görə məsuliyyət daşıdığından 40 baş heyvanın vurduğu zərər görə də cavabdehdir. Bununla da məhkəmə kollegiyası qeyd edir ki, bir heyvanın vurduğu zərər 45,33 manat hesablanmaq 40 baş heyvanın vurduğu zərər 1813,30 (40x45,33) manat müəyyən edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, məsuliyyət daşıdığı naxırda olan 40 baş heyvanın iddiaçıya vurduğu zərəri cavabdeh ödəməlidir. Bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin həmin hissədə yuxarıda göstərilən qaydada təmin edilməsi qənaətinə gəlməkdə məhkəmə haqlı olmamışdır. Bundan başqa məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi qismən təmin edildiyi üçün məhkəmə təmin edilmiş hissəyə uyğun ödənilmiş dövlət rüsumunun 10% hissəsini cavabdehdən tutmuşdur ki, məhkəmə kollegiyası bu nəticə ilə razılaşmır. Belə ki, məhkəmə kollegiyası iddiaçıya 1813,30 manat dərər dəyməsini müəyyən etdiyindən ödənilmiş dövlət rüsumunun da 60% hissəsinin cavabdehdən tutulmasını əsaslı hesab edir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilib, Siyəzən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli,2(059)-459/2022 nömrəli qətnaməsi əkin sahəsinə vurulmuş zərərə görə Cavabdeh 344,53 (üç yüz qırx dörd manat 53 qəpik) manat pul, eləcə də ödənilmiş 55 manat dövlət rüsumunun 10 %-i, yəni 5,50 (beş manat 50 qəpik) manatı tutulub İddiaçı xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi hissəsində qismən ləğv edilməli, iddia tələbi qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə dəymiş zərərə görə 1813,30 manat, ödənilmiş dövlət rüsumunun 60%-i, yəni 33 manat pul tutulmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1,384.0.2, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Siyəzən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(059)-459/2022 nömrəli qətnaməsi əkin sahəsinə vurulmuş zərərə görə Cavabdeh 344,53 (üç yüz qırx dörd manat 53 qəpik) manat pul, eləcə də ödənilmiş 55 manat dövlət rüsumunun 10 %-i, yəni 5,50 (beş manat 50 qəpik) manatı tutulub İddiaçı xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi hissəsində qismən ləğv edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh iddiaçının xeyrinə dəymiş zərərə görə 1813,30 manat, ödənilmiş dövlət rüsumunun 60%-i, yəni 33 manat pul tutulsun. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar