Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3284/2021 24.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X4, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə Xaçmaz Rayon Məhkəməsinin 15 iyul 2021-ci il tarixli, 2(067)-46/2021 saylı qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh verdiyi apellyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Xaçmaz Rayon Məhkəməsinin 15 iyul 2021-ci il tarixli, 2(067)-46/2021 saylı qətnaməsi ilə (hakim İ.Ə.Xəlilov) İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair ilk iddia təmin edilib, Xaçmaz Rayon Məhkəməsinin 02 aprel 2019-cu il tarixli, 2(067)-1150/2019 saylı qətnaməsi ilə 04.12.2015-ci il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin məbləğinin dəyişdirilərək qətnamə qanuni qüvvəyə mindiyi gündən etibarən 04.12.2015-ci il təvəllüdlü X1 üçün Cavabdeh 170 (yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, Cavabdeh 30 (otuz) manat məbləğində pulun tutularaq Dövlət büdcəsinə ödənilməsi, Cavabdeh İddiaçı qarşı ödənilmiş alimentin qaytarılması tələbinə dair qarşılıqlı iddiası təmin edilməyərək qarşılıqlı iddia ərizəsi verilərkən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh aid edilməsi qət edilmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti verib, Xaçmaz Rayon Məhkəməsinin 15 iyul 2021-ci il tarixli, 2(067)-46/2021 saylı qətnaməsinin ləğv edilib, ilk iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddia ərizəsinin təmin olunmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xaçmaz Rayon Məhkəməsinin 02 aprel 2019-cu il tarixli, 2(067)-1150/2019 saylı qətnaməsi ilə 04.12.2015-ci il təvəllüdlü X1 üçün cavabdehdən onun xeyrinə tutulan alimentin hər ay 127 manat müəyyən edilmiş məbləğinin dəyişdirilərək hər ay 170 manat müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia tələbi onunla əsaslandılmışdır ki, Xaçmaz Rayon Məhkəməsinin 02 aprel 2019-cu il tarixli, 2(067)-1150/2019 saylı qətnaməsi ilə 04.12.2015-ci il təvəllüdlü qızı X1 üçün Cavabdeh hər ay 127 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi ilə onların cavabdehlə birgə nikahda olmaqları, həmin nikahdan 04.12.2015-ci il təvəllüdlü Əsma adlı bir övladlarının olması, uşağın onun yanında saxlanılması və saxlanılması üçün onun xeyrinə aliment kəsilməsi müəyyən edildiyindən həmin halların yenidən müəyyən edilməsinə ehtiyac yoxdur. Qanunla bu il uşaqlar üçün ehtiyac meyarı artırılaraq 170 manata qaldırıldığına görə cavabdehdən uşaq üçün tutulmalı olan alimentin miqdarı artırılmalıdır. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı ilə birgə nikahlarından olan qızları X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün qarşılıqlı razılıq əsasında cavabdehə ödədiyi 21717 (iyirmi bir min yeddi yüz on yeddi) manat pulun cavabdeh İddiaçı tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandılmışdır ki, 2019-cu ildə İddiaçı ilə qarşılıqlı razılığa gəlmişlər və o, uşağının 18 yaşı tamam olanadək hər ay 127 manatdan hesablanmaqla, 21717 manat məbləğində alimenti ödəmişdir. Cavabdeh bu barədə 25 sentyabr 2019-cu il tarixdə notarial qaydada ərizə vermişdir. Hesab edir ki, cavabdeh aralarında olan razılığın şərtlərini kobud surətdə pozmuş və əsassız olaraq alimentin artırılması tələbinə dair yenidən məhkəmədə iddia qaldırmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Xaçmaz Rayon Məhkəməsi 15 iyul 2021-ci il tarixli qətnaməni qəbul edərkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78, 112-ci maddələrinin və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, ilk iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddia ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin 02 aprel 2019-cu il tarixli, 2(067)-1150/2019 saylı qətnaməsi ilə 04.12.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 127 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. İddiaçı Xaçmaz Rayonu İcra və Probasiya şöbəsinə yazdığı 25.09.2019-cu il tarixli **********396 saylı notarial ərizədən müəyyən olunur ki, iddiaçı 25.09.2019-cu ildə cavabdehlə qarşılıqlı razılığa gəlmiş, birgə nikahlarından olan övladlarının 18 yaşı tamam olanadək hər ay 127 manatdan hesablanmaqla, cəmi 21717 manat məbləğində aliment ödəmişdir. Cavabdeh Xaçmaz Rayon Məhkəməsinə ünvanlanmış 03.10.2019-cu il tarixli notariat qaydada təsdiq olunmuş ərizə ilə müəyyən olur ki, o, 04 dekabr 2015-ci ildə anadan olmuş X3 olan valideynlik hüququndan məhrum edilməyinə etiraz etmir. “Elektron notariat” Avtomatlaşdırılmış İnformasiya sistemindən çıxarışdan müəyyən olunur ki, 25.09.2019-cu il tarixli, **********396 saylı notarial ərizəyə 05.12.2019-cu il tarixdə xitam verilmişdir. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-537/2020 saylı, 13.05.2020-ci il tarixli qətnaməsi ilə iddaçı Cavabdeh İddiaçı qarşı aliment üzrə borcları ödəməkdən azad edilməsi və aliment borcunun silinməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Həmin qətnamə ilə müəyyən olur ki, iddiaçı Cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1150/19 saylı icra sənədinə əsasən ondan tutulacaq aliment borcunun silinməsi və aliment borcunu ödəməkdən azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1150/19 saylı icra sənədinə əsasən ondan övladı X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 127 manat aliment alınaraq cavabdehə verilməlidir. O, cavabdehlə aliment borcunun ödənilməsi barədə razılığa gəlmiş və uşağının 18 yaşına çatana kimi bütün aliment borcunu, yəni 21717 manat pulu cavabdehə ödəmişdir və bununla bağlı cavabdeh 25.09.2019-cu il tarixli Xaçmaz rayon 1 saylı notariat ofisinin xüsusi notariusunun təsdiq etdiyi ərizə də mövcuddur. Cavabdehə olan aliment borcunun hamısını ödəsə də bundan 4 ay sonra, yəni 05.12.2019-cu il tarixdə cavabdeh həmin ərizənin ləğv edilməsi ilə bağlı notariat kontoruna müraciət etmiş, notarius isə qanunsuz və əsassız olaraq qeyd olunan ərizəni ləğv etmişdir. Bundan sonra cavabdeh icra şöbəsinə müraciət edərək yenidən ondan aliment tələb etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11.09.2020-ci il tarixli, 2(105)- 2161/2020 saylı qətnaməsi ilə Xaçmaz Rayon Məhkəməsinin 2(067)-537/2020 saylı, 13.05.2020-ci il tarixli qətnaməsindən iddaçı Cavabdeh verdiyi apellyasiya şikayəti təmin edilməmiş və qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin işə apellyasiya instansiya məhkəməsində baxılarkən cavabdeh İddiaçı apellyasiya şikayətinə etiraz etmiş və etirazını onunla əsaslandırmışdır ki, Cavabdeh məhkəmə qətnaməsi ilə müəyyən edilmiş 127 manat sabit pul məbləğində alimenti ödəmədiyi üçün 2237 manat borcu yaranmışdır. Onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş, məhkəməyə baxılması üçün göndərilmişdir. Lakin Cavabdeh borcundan 200 manat ödəmiş, qalan borcu ödəyə bilmədiyini bildirmiş və iş üzrə icraata xitam verilmişdir. İddiaçının 2200 manat borcu ödəməyə imkanı olmadığı halda, 21717 manat pulu bir dəfəyə ödəməsi mümkün deyil. Məsələnin əsl mahiyyəti isə ondan ibarətdir ki, aliment borcunu ödəyə bilməyəcəksə, Cavabdeh uşağa olan hüquqlarından imtina etməsi, valideynlik hüququndan məhrum edilməsinə razılıq verməsi barədə ərizə verməli, bunun müqabilində isə cavabdeh aliment borclarını tam şəkildə aldığına dair sənəd verməli idi. Bu barədə tərəflər razılaşmışlar. Lakin iddiaçı real olaraq pul verməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 12.04.2021-ci il tarixli, 2(102)-1355/2021 saylı qərarı ilə iddaçı Cavabdeh Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11.09.2020-ci il tarixli, 2(105)-2161/2020 saylı qətnaməsindən verdiyi kassasiya şikayəti təmin edilməmiş və qətnamə dəyişdirilmədən saxlanılmışdır. Tərəflərin izahatlarından aydın olmuşdur ki, onlar arasında alimentin ödənilməsinə dair saziş yoxdur. Azərbaycan Respublikası Konstıtusiyasının 17-ci maddəsinin İİ-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbryə etmək valideyinlərin borcudur. Konstitusiyanın 34-cü maddəsinin İV-cü bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. «Uşaq hüquqları haqqında» Konvensiyasının 27-ci maddəsinə əsasən, hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşaqların barəsində bərabər hüquq və vəzifələri vardır. Uşaq qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi hüquqlarının təmin etdirilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1 və 78.2-ci maddələrinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəmdəyişən olarsa, ya da qazancı (gəliri) natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarının 17-ci bəndinin mənasına görə heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək valideyinləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideyinlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideyinlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib hüquqi vəzifələridir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarından görünür ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Qanunvericiliyin göstərilən müddəalarına əsasən yetkinlik yaşına çatmayan uşaqların mənafeyi, normal qida rasionlarına uyğun şəkildə qidalanması, fiziki cəhətdən inkişafı, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutulmalıdır. Göründüyü kimi istinad olunan qanunvericilik aktlarının əsas istiqaməti ona yönəlmişdir ki, heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin hər ikisinin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. Beləliklə, işin araşdırılmış hallarından müəyyən edilir ki, ilk iddia üzrə İddiaçı Xaçmaz Rayonu İcra və Probasiya şöbəsində 25.09.2019-cu il tarixli, **********396 saylı notarial ərizə ilə ilk iddia üzrə cavabdehdən 21717 manat məbləğində aldığını göstərmiş, lakin sonradan həmin ərizəyə 05.12.2019-cu il tarixdə xitam verilmişdir.Həmin ərizə artıq hüquqi qüvvəsini itirmişdir. Bundan sonra iddiaçı Cavabdeh İddiaçı qarşı aliment üzrə borcları ödəməkdən azad edilməsi və aliment borcunun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, lakin onun iddiası təmin edilməmişdir. Cavabdeh iddiasını İddiaçı 21717 (iyirmi bir min yeddi yüz on yeddi) manat məbləğində pul ödəməsi ilə əsaslandırmış, lakin qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinə əsasən qeyd edilən hal öz təsdiqini tapmamışdır. Həmin qətnamələrdə iddiaçının aliment ödənilməsindən azad olunma və həmin borcun silinməsinə əsas olan hallarla bağlı mötəbər sübutları məhkəməyə təqdim etmədiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə kollegiyası işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, 04.12.2015-ci il təvəllüdlü X1 üçün Cavabdeh 170 (yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi və Cavabdeh İddiaçı qarşı ödənilmiş alimentin qaytarılması tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi barədə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Cavabdeh tərəf apellyasiya şikayətinin dəlillərini təsdiq edən və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, ilk iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddia ərizəsinin təmin edilməsinə dair heç bir sübut təqdim edə bilməmiş və həmin halları sübuta yetirə bilməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olub, başqa sübutlarla öz təsdiqini tapmamış və toplanmış sübutlarla təkzib olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsi apellyasiya qaydasında dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Ona görə də apellyasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh verdiyi apellyasiya şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin 15 iyul 2021-ci il tarixli, 2(067)-46/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-3284/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3284/2021
24.11.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver