Məhkəmə qərarları › İş №2(105)-3286/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3286/2021

07.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3286/2021 07.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camaləddin qızının katibliyi, İddiaçı nümayəndəsi X5, nümayəndəsi və vəkili X2, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair Zəngilan Rayon Məhkəməsinin 2(034)- 351/2021 saylı 03 avqust 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Zəngilan Rayon Məhkəməsinin 2(034)-351/2021 saylı 03 avqust 2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 15000 (on beş min ) manat məbləğində pul vəsaiti, 150 (yüz əlli) manat hüquqi yardım üçün vəkilə ödənilmiş pul və ödənilmiş 31 (otuz bir) manat dövlət rüsmunun tutularaq İddiaçı xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin olunmaması qət edilmişdir. (hakim G.İmanova) Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək Zəngilan Rayon Məhkəməsinin 2(034)-351/2021 saylı 03 avqust 2021-ci il tarixli qətnaməsinin qismən ləğv edilməsini, iddianın 10000 manat hissəsində təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, onunla Cavabdeh arasında 43 saylı notariat ofisinin xüsusi notariusu X6 tərəfindən bağlanmış 24.10.2018-ci il tarixli, 3M-1120 nömrəli kredit müqaviləsinə əsasən 15 000 manat məbləğində pulun, Mərkəzi Bankın uçot faiz dərəcəsinə əsasən 546,875 manat gecikdirilmiş faiz, 31 manat dövlət rüsumunun, 11.50 manat etibarnamə üçün ödədiyi pulu, əldən çıxmış fayda kimi 2000 manat məbləğində maddi zərərin və vəkil orderi üçün ödədiyi 150 manat pulun cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə Cavabdeh arasında 43 saylı notariat ofisinin xüsusi notariusu X6 tərəfindən 24.10.2018-ci il tarixdə 3M-1120 № ilə qeydə alınmış kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən Cavabdeh 24.10.2020-ci il tarixə kimi iddiaçıdan borca aldığı 15 000 manat məbləğində pulu qaytarmalı idi. Lakin o, bu günə kimi iddiaçıya olan 15 000 manat pul borcunu qaytarmamışdır. Borcun qaytarılıması barədə Cavabdeh iş yeri olan 20 yanvar küçəsi 6 saylı binanın yanında olan xırdavat mağazasına və mobil nömrəsinə dəfələrlə zəng olunsa da, Elşən bu günə kimi iddiaçıya 15 000 manat borcunu ödəməmişdir. Ona görə də onun barəsində Zəngilan Rayon Məhkəməsinə pul tələbinə dair iddia ərizəsi ilə müraciət etmək məcburiyyətində qalmışdır. Çünki Cavabdeh 15000 manat məbləğində borclu olduğu pulu mənimsəyərək mağazasına mal gətirib sataraq əsassız varlanaraq qazanc əldə etmişdir. İddiaçı isə əmlakından (pulundan) məhrum olmaqla ağır maddi duruma düşmüşdür. İddiaçının pulunu qaytarmadığına görə Cavabdeh yaşadıqları ünvana yaxın olan mağazasında dəfələrlə görüşüb pulunu tələb etmiş, lakin cavabdeh iddiaçını aldadaraq pulu ödəməmişdir. Cavabdeh iddiaçıdan başqa iddiaçının anası X3 da 10000 manat mağazasına mal alıb satıb qazanc etmək məqsədi ilə borca pul almışdır. Həmin 10000 manatı 26.10.2020-ci il tarixdə qaytararaq qalan 15000 manatı 31.12.2020-ci il tarixə kimi ödəyəcəyinə söz verərək imzası ilə qeyd yazmışdır. İndi də qaçıb gizlənir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, İddiaçı 43 saylı notariat ofisinin xüsusi notariusunda hağlanmış 24.10.2018-ci il tarixli, 3M-1120 saylı kredit müqaviləsinə əsasən 15000(on beş min) manat məbləğində borc pul almışdır. Həmin məbləğin 10000(on min) manatını 26.10.2020-ci il tarixdə qaytarmışdır. Oalan məbləği isə bütün dünyada yaranmış pandemiya səbəbindən iş fəaliyyətim tamam dayandığından həmin vaxt ödəyə bilməmişdir. Bunun üçün iddiaçıdan müəyyən vaxt verməsini xahiş etmişdir. Yaxın vaxtlarda pandemiya aradan qalxdıqca qalıq borcunu ödəyəcəyini bildirmişdir. Bu məqsədlə vəsait əldə etmək üçün bir neçə aylığa Türkiyəyə getməli olmuşdir. Bu günlərdə qayıdarkən ona məlum olmuşdur ki, iddiaçı Qasımova X1 Rayon Məhkəməsinə müraciət edərək 15000 (on beş min) manat vəsaitin ondan alınaraq, ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Zəngilan Rayon Məhkəməsi onun iştirakı olmadan iddianı təmin etmişdir. Hesab edir ki, Zəngilan Rayon Məhkəməsinin 2(034)-351\21 saylı, 03.08.2021-ci il tarixli qətnaməsi qismən ləğv edilməli, iddia 10000 (on min) manat hissədə təmin edilməməlidir. Qalan 5000 (beş min) manatı isə qaytarmaqdan imtina etmir. Apelyasiya baxış iclası zamanı cavabdeh məhkəməyə iddianın etirafı barədə ərizə təqdim edərək 1500 manat borcunu hissə-hissə tam ödəyəcəyini bildirdi. Apelyasiya baxışı zamanı İddiaçı nümayəndəsi X5, nümayəndəsi və vəkili X4 cavabdehin iddianı etiraf ərizəsində göstərdiyi qaydada borcunu hissə-hissə ödənilməsi barədə götürdüyü öhdəliyi qəbul etdiklərini bildirdilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materillarına əlavə edilmiş tərəflər arasında bağlanmış 24.10.2018-ci il tarixli kredit müqaviləsinin surətindən aydın olur ki, İddiaçı 15000 manat məbləğində pulu Cavabdeh vermiş, cavabdeh isə öz növbəsində həmin pulu 24.10.2020-ci il tarixədək borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan hüquqi yardımın göstərilməsi haqqında 1103 saylı müqavilənin surətindən görünür ki, iddiaçı ona hüquqi yardımla bağlı müqavilə üçün vəkilə 150 manat məbləğində ödəniş etmişdir. MƏHKƏMƏNİN HÜQUQİ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, Zəngilan Rayon Məhkəməsinin 2(034)-351/2021 saylı 03 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olundu ki, tərəflər borc münasibətlərində olmuş, cavabdeh aldığı pul vəsaitini geri qaytarmadığı üçün iddiaçı məhkəməyə müraciət etməli olmuşdur. Məhəmə baxışı zamanı cavabdeh məhkəməyə iddianın etirafı barədə ərizə təqdim edərək 1500 manat borcunu hissə-hissə tam ödəyəcəyini bildirdi. Apelyasiya baxışı zamanı İddiaçı nümayəndəsi X5, nümayəndəsi və vəkili X4 cavabdehin iddianı etiraf ərizəsində göstərdiyi qaydada borcunu hissə-hissə ödənilməsi barədə götürdüyü öhdəliyi qəbul etdiklərini bildirdilər. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, işdə olan sübutlara əsasən cavabdehin iddiaçı qarşısında öhdəliyi yaranmışdır və o, borc öhdəliyini yerinə yetirmədiyi bütün hallar üçün cavabdehdir. Cavabdehin iddiaçı qarşısında 15000 manat pul öhdəliyi var. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edildiyi kimi cavabdeh apelyasiya baxışı zamanı iddia tələbi üzrə borc məbləğinin etirafı barədə məhkəməyə ərizə təqdim edərək tələb edilən borcu etiraf etdiyini bildirdi. AR MPM-in 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Qeyd olunanlara əsasən cavabdeh iddianı etiraf etdiyindən məhkəmə kollegiyası əlavə araşdırma aparmağa zərurət görməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Zəngilan Rayon Məhkəməsinin 2(034)-351/2021 saylı 03 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar