Məhkəmə qərarları › İş №2(105)-3288/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3288/2021

07.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3288/2021 07.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə,İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «borcun tutulması tələbinə dair» mülki iş üzrə Zəngilan Rayon Məhkəməsinin 13 iyul 2021-ci il tarixli, 2(034)-392/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Zəngilan Rayon Məhkəməsinin 13 iyul 2021-ci il tarixli, 2(034)-392/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, "xxxx" İKB ASC ilə Cavabdeh arasında bağlanmış 21.11.2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh 2199,98 manat əsas, 30.28 manat faiz, 36.9 manat cərimə borcu olmaqla, cəmi 2267,16 (iki min iki yüz altmış yeddi manat, on altı qəpik) manat borcun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir (hakim Gülsarə İmanova). Qətnamədən Cavabdeh apellyasiya şikayəti verilərək Zəngilan Rayon Məhkəməsinin 13 iyul 2021-ci il tarixli, 2(034)-392/2021 saylı qətnaməsinin dəyişdirilməsi, bank tərəfindən hesablanmış faiz və cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İ Ş İ N H A L LA R İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı «borcun tutulması tələbinə dair» iddia ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 21.11.2019-cu il tarixli kredit müqaviləsi üzrə 2199,98 manat əsas, 30.28 manat faiz, 36.9 manat cərimə borcu olmaqla, cəmi 2267,16 manat borcun, 30 manat ödənilmiş dövlət rüsmunun iddiaçının xeyrinə tutulması və "xxxx" İKB ASC ilə Cavabdeh arasında bağlanmış 21.11.2019-cu il tarixli müqavilənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə iclaslarına çağırılmamış, məhkəmə iclaslarında iştirak etməmişdir, qətnamədən narazıdır. Məhkəmə iclasında heç yerdə işləməməsini bildirsə də, məhkəmə bunu nəzərə almamışdır. Həmçinin qeyd edilən borcu ödəməyə gücü çatmır. Bundan başqa ödənişləri də olmuşdur. Hesab edir ki, hesablanan borc çoxdur. Odur ki, Zəngilan Rayon Məhkəməsinin 13 iyul 2021-ci il tarixli, 2(034)-392/2021 saylı qətnaməsinin dəyişdirilməsi, bank tərəfindən hesablanmış faiz və cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək göstərdi ki, iddiaçı "xxxx" İKB ASC ilə Cavabdeh arasında bağlanmış 21.11.2019-cu il tarixli kredit müqaviləsinə illik 1 faizlə 60 ay müddətinə 2200 manat kredit götürmüşdür. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən boyun qaçırır. 17.05.2021-ci ildək Cavabdeh banka 21.11.2019-cu il tarixli kredit müqaviləsi üzrə 2199,98 manat əsas, 30.28 manat faiz, 36.9 manat cərimə borcu olmaqla, cəmi 2267,16 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməməsini, birinci istansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: Məhkəmə iclasının yeri və vaxtı barədə iş üzrə Cavabdeh rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən iş üzrə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsini ondan tutulan faiz və cərimə borcuna dair hissədə mübahisələndirmiş, qalan hissələrdə mübashisələndirməmişdir. Bu səbəbdən qətnamə cavabdehdən tutulan faiz və cərimə borcuna dair hissədə müzakirə edilir. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Zəngilan Rayon Məhkəməsinin 13 iyul 2021-ci il tarixli, 2(034)-392/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş iddiaçı "xxxx" İKB ASC ilə Cavabdeh arasında bağlanmış 21.11.2019-cu il tarixli kredit müqaviləsinə illik 1 faizlə 60 ay müddətinə 2200 manat kredit götürmüşdür. İş materiallarında olan maliyyə arayışından göründüyü kimi cavabdehin banka 2199,98 manat əsas, 30.28 manat faiz, 36.9 manat cərimə borcu olmaqla, cəmi 2267,16 manat borcu vardır. Birinci instansiya məhkəməsi də qeyd edilən iş materiallarına istinad edərək, iddiaçı ilə cavabdeh arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanmasını, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəlik yaranmasını, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilsə də cavabdehin üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməməsini müəyyən edərək iddianı yuxarıda göstərilən qaydada təmin etmiş, gəldiyi nəticəni də Mülki Məcəllənin 739, 442, 448.1, 385.1, 423-cü maddələri ilə əsaslandırmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1 və 739.2-ci madələrinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır». Həmin Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəlləsinin 442 və 448.1-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdi». Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını, habelə cavabdehin üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı cavabdehə verdiyi krediti və ona hesablanmış faizləri geri tələb etmək hüququna malikdir. Bundan başqa, Azərbaycan Respublikası MM-nin 423-cü maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. İş materiallarından göründüyü kimi, iddiaçı tərəfindən cavabdehlərə banka olan borcunun ödəməyəcəyi təqdirdə kredit müqaviləsinin ləğv edilməsi və borcun tam şəkildə qaytarılması tələbi ilə məhkəməyə müraciət olunacağı barədə bildiriş göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Mülki Məcəllənin yuxarıda qeyd olunan maddələrinə düzgün istinad edərək iddia tələbini yuxarıda göstərilən qaydada qismən təmin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Mülki Məcəllənin yuxarıda qeyd olunan maddələrinə düzgün istinad edərək iddia tələbini qismən təmin etməkdə də haqlı olmuşdur. Çünki iddiaçı ilə Cavabdeh arasında kredit müqaviləsi imzalanmış, bu müqavilə Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanmış və onun etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud olmamış, kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi Cavabdeh risk dairəsinə daxil olan öhdəliyi olduğu üçün o, bu öhdəliklərin icra edilməməsinə görə iddaçı qarşısında cavabdehlik daşımışdır. Mülki Məcəllənin 448.1-ci maddəsinə görə də əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Kredit müqaviləsi üzrə Cavabdeh 2199,98 manat əsas, 30.28 manat faiz, 36.9 manat cərimə borcu olmaqla, cəmi 2267,16 manat borcu olması iş materiallarında olan maliyyə arayışı ilə təsdiqii tapır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh əsas borca olan faizlərin silinməsini xahiş etmişdir. Məhkəmə kollegiyası cavabdehin xahişinə qiymət verərək qeyd edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən verilmiş kreditə illik 1 faiz məbləğində pul hesablanmalıdır. Göründüyü kimi, götürülmüş kreditə görə faiz ödənilməli olması müqavilə ilə şərtləşdirilib. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Azərbaycan Respublikasında bank sisteminin hüquqi bazasının beynəlxalq standartlara tam uyğunlaşdırılması, iqtisadiyyatda bank xidmətlərinin rolunun artırılması, bank əmanətcilərinin və kreditorlarının müdafiəsinin gücləndirilməsi və bütövlükdə bank sisteminin stabil və təhlükəsiz fəaliyyətinin təmin edilməsi məqsədilə bankların təşkili, daxili idarəedilməsi, fəaliyyətinin tənzimlənməsi və ləğv edilməsi prinsipləri, qaydaları və normaları “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununu ilə müəyyən edilir. Həmin Qanunun 36.6-cı maddəsinin tələblərinə görə hər bir bank müştərilərlə bağladığı müqavilədə xidmət şərtlərini, o cümlədən faiz dərəcələrini, komisyon haqlarını və göstərilən bank xidmətləri üçün digər ödənişləri, habelə bank tərəfindən verilmiş kreditlərin ödənişi şərtlərini və qaydalarını müəyyən etməkdə sərbəstdir. Kredit üzrə faizlər bankla müştəri arasında bağlanmış müqavilə şərtlərinə uyğun hesablanır və ödənilir. Həmçinin kreditə görə faizlərin alınması bank fəaliyyətinin mahiyyətini təşkil etməklə onların əsas gəlir mənbəyidir. Buna görə də kreditə hesablanmış faizlərin silinməsi barədə dəlil əsassızdır. Həmçinin cərimə borcunun silinməsinə qiymət verərək məhkəmə kollegiaysı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İş materiallarından görünür ki, iddiaçı bank cavabdehdən əsas məbləğə görə 36,9 manat məbləğində cərimə borcu tələb etmiş, birinci instansiya məhkəməsi qeyd edilən qanunvericilik normalarına istinadən iddiaçının cavabdehdən dəbbə pulu almaq tələbinin əsaslı olması, eyni zamanda əsas borca hesablanmış 94,16 manat cərimə pulunun yüksək olmaması qənaətinə gələrək cərimə borcu hissəsində də iddianı təmin etmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, hər hansı müqavilə, o cümlədən kredit müqaviləsi münasibətlərində dəbbə pulu gəlir vasitəsi kimi çıxış edə bilməz. Dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təmin edilməsi üsulu, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır. Qanunvericiliyə əsasən cərimə borcunun azaldılması nəzərdə tutulsa da, cərimə borcunun silinməsi nəzərdə tutulmamışdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və tətbiq etdiyi qanunvericilik normaları işin hallarına uyğun olmaqla qanuni və əsaslıdır. Məhkəmə kollegiyası məhkəmə iclaslarında iştirakı təmin edilməməsi barədə cavabdehin dəlilinə qiymət verərək qeyd edir ki, iş materiallarından görünür ki, məhkəmə icasları barədə cavabdehə rəsmi qaydada bildiriş, eləcə də sms xəbərdarlıq göndərilmiş, 13.07.2021-ci il tarixli məhkəmə iclasında iştirak etmişdir. Bu səbəbdən də cavabdehin dəlilləri əsassızdr. Bu səbəbdən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirir və qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasındakı mübahisənin həlli ücün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutlmuş əsaslar mövcud deyil. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Zəngilan Rayon Məhkəməsinin 13 iyul 2021-ci il tarixli, 2(034)-392/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Zəngilan Rayon Məhkəməsinin 13 iyul 2021-ci il tarixli, 2(034)-392/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə qəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar