Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3289/2021 24.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi hakim), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X1, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X3, Cavabdeh1 iştirakı ilə Zəngilan Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli, 2(034)-394/2021 saylı qətnaməsindən Cavabdeh1 verdiyi apellyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Zəngilan Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli, 2(034)-394/2021 saylı qətnaməsi ilə (hakim G.K.İmanova) İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia qismən təmin edilib, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 5651,02 manat əsas borc, 657 manat faiz borcu, 2500 manat cərimə borcu olmaqla, cəmi 8808,02 manat məbləğində borc və 30 (otuz) manat dövlət rüsumunun tutularaq İddiaçı X2 xeyrinə ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh1 apellyasiya şikayəti verərək Zəngilan Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli, 2(034)-394/2021 saylı qətnaməsinin dəyişdirilib, cərimə borcunun silinməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 021R********** saylı kredit razılaşması üzrə 5651,01 manat məbləğində kredit borcun, 3514,63 manat məbləğində faiz borcun, 5103,39 manat məbləğində cərimə borcu olmaqla, cəmi 14.269,04 (on dörd min iki yüz altmış doqquz manat, dörd qəpik) manat məbləğində borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsmunun tutulması barədə qətnamə çıxarılmaısnı məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 29.03.2018-ci il tarixli, 021L**********82 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 500000 (beş yüz min) ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 29.03.2018-ci il tarixli 021R********** saylı kredit razılaşması əsasında 12 ay müddətinə, aylıq faiz dərəcəsi 2.3333% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 7000 (yeddi min) manat məbləğində kredit götürmüşdür. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dələlərlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 04.07.2018ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 1348.98 manat ödəmiş, onun 5651.02 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdehlər öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca yerinə yetirməmiş və bunun nəticəsində banka borcu yaranmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: Cavabdeh1 verdiyi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Zəngilan Rayon Məhkəməsi 22 iyul 2021-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən bank tərəfindən tələb edilən cərimə məbləği ilə razı deyildir və həmin məbləğ həddən artıq çoxdur. Ona götürdüyü kreditdən artıq cərimə borcu hesablanmışdır. Rəsmi olaraq iş yeri yoxdur. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilib, cərimə borcunun silinməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apellyasiya şikayətini müdafiə edib, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada Cavabdeh2 məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən Cavabdeh2 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Cavabdeh1 apellyasiya şikayəti verib, Zəngilan Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli, 2(034)-394/2021 saylı qətnaməsinin təyin edilmiş cərimə borcu hissəsində mbahisələndirmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsi yalnız Cavabdeh1 aid qeyd olunan hissəsində araşdırılır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilib, aşağıda göstərilənlərə əsasən birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh1 aid qeyd olunan hissəsində dəyişdirilməlidir. Belə ki, iş materiallarında olan 29.03.2018-ci il tarixli 021L**********82 saylı uzunmüddətli kredit müqaviləsindən görünür ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı müqaviləyə əsasən 120 (yüz iyirmi) ay müddətinə 500000 (beş yüz min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 və İddiaçı QSC arasında bağlanmış 29.03.2018-ci il tarixli, 021R********** saylı kredit razılaşması əsasında 12 ay müddətinə, aylıq faiz dərəcəsi 2.3333 faiz olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 7000 (yeddi min) manat məbləğində kredit götürmüşdür. 021S**********03 saylı zaminlik müqaviləsindən görünür ki, kredit müqaviləsinin təminatı kimi digər Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. Maliyyə arayışından görünür ki, cavabehin banka 13.01.2021-ci il tarixə 5651,02 manat əsas, 3514,63 manat faiz, 5103,39 manat cərimə borcu olmaqla, cəmi 14.269,04 manat məbləğində borcu vardır. Maliyyə arayışından görünür ki, cavabehin banka 04.04.2019-cu il tarixə 5651,02 manat əsas, 657,73 manat faiz, 1518,59 manat cərimə borcu olmaqla, cəmi 7827,34 manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: öhdəliyin onun icrası ücün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) ücün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Məhkəmə kollegiyası toplanmış sübutları müqayisəli surətdə tədqiq edərək hesab edir ki, kredit müqaviləsinə əsasən cavabdehin bank qarşısında öhdəliyi yaranmış, cavabdeh öz üzərinə götürmüş olduğu öhdəliyi icra etməmiş və onun bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıyır. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 iddiaçı bank qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Onun iddiaçıya kredit müqaviləsindəki öhdəlikləri lazımınca yerinə yetirmədiyinə görə cərimə borcunun mövcudluğu işdə olan obyektiv sübutlarla, maliyyə arayışı və hesabdan çıxarış ilə öz təsdiqini tapır. İş materiallarından görünür ki, kreditor tərəfindən borcludan 5103,39 manat cərimə məbləği tələb edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Cavabdeh1 apellyasiya şikayətinin dəlillərində əsas və faiz borcu olduğu kimi qəbul edilsə də, məhz qeyd olunan cərimə məbləği mübahisə doğurmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən 5103,39 manat cərimə məbləğini azaldılaraq 2500 manat məbləğində müəyyən etsə də, məhkəmə kollegiyası hesab edir ki, həmin məbləğ də yüksək olub işin hallarına uyğun deyildir və həmin məbləğin 150 manat məbləğində müəyyən edilməsi daha qanuni və ədalətli olardı. Azərbaycan Resepublikası mülki Məcəlləsinin 432.4-cü maddəsinə əsasən əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 384.0.3-cü maddəsinə görə məhkəmə qətnaməsi apellyasiya qaydasında dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi - «Cavabdeh1 2500 manat cərimə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun» hissəsində dəyişdirilib, cərimə borcu 150 manat məbləğində müəyyən edilməli, qətnamə –qalan hissəsində mübahisələndirilməmişdir. Qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti 2500 manat təşkil edir. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.3, 392-393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 verdiyi apellyasiya şikayəti qismən təmin edilsin. Zəngilan Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli, 2(034)-394/2021 saylı qətnaməsi – «cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2500 manat cərimə borcu İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun» hissəsində dəyişdirilib, cərimə borcu 150 (yüz əlli) manat məbləğində müəyyən edilsin. İddia qismən təmin edilsin. Qətnamə – «cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 5651,02 manat əsas borc, 657 manat faiz borcu, 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı X2 xeyrinə ödənilsin və iddia qalan hissədə təmin edilməsin» hissəsində mübahisələndirilməmişdir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-3289/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3289/2021
24.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver