Məhkəmə qərarları › İş №2(105)-3293/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3293/2021

09.12.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3293/2021 09.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, İddiaçı, onun vəkili X7, cavabdeh "xxxx" mənzil tikinti kooperativinin direktoru X3, "xxxx" mənzil tikinti kooperativinin vəkili X5 iştirakları ilə açıq məhkəmə iclasında Sumqayıt Şəhər Məhkəməsinin 06 iyul 2021-ci il tarixli, 2(060)-4047/2021 saylı qətnaməsindən İddiaçı apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 06 iyul 2021-ci il tarixli, 2(060)-4047/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Azər İsmayılov) İddiaçı cavabdeh "xxxx" mənzil tikinti kooperativinə qarşı müqavilənin və onun nəticələrinin etibarsız hesab edilməsi və mənzilin istifadəyə verilməsi tələbinə dair mülki iş üzrə iddia rədd edilmiş, İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək Sumqayıt şəhəri, 40-cı məhəllə ünvanında inşa edilən 1 bloklu, 15 mərtəbəli, 98 mənzilli yaşayış evinin “A” korpusunun 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 92 kv.m olan izolə olunmuş 2 otaqlı, 17 saylı mənzilə mülkiyyət hüququ tanınmaqla, maneəsiz istifadəsinə verilməsi vəzifəsinin cavabdeh "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin üzərinə qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələblərini onunla əsaslandırmışdır ki, 25 iyul 2006-cı il tarixli, 03/17 saylı müqaviləyə əsasən Sumqayıt şəhəri, 40-cı məhəllə ünvanında inşa edilən 1 bloklu, 15 mərtəbəli, 98 mənzilli yaşayış evinin “A” korpusunun 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 92 kv.m olan izolə olunmuş 2 otaqlı, 17 saylı mənzili cavabdeh "xxxx" məhdud məsuliyyətli cəmiyyətindən 25760 ABŞ dollarına əldə etmişdir. Həmin məbləği tam və nəğd şəkildə cavabdehə ödəmiş və bununla bağlı cavabdeh tərəfindən 25 iyul 2006-cı il tarixli, 03/17 saylı kassa mədaxil orderinin qəbzi ona təqdim edilmişdir. Bina uzun müddət inşa edilmiş, sonra ona məlum olmuşdur ki, cəmiyyətin rəhbərliyi dəyişilmiş, nəticədə aldığı mənzil ona təhvil verilməmişdir. Bir neçə dəfə cəmiyyətin rəhbərliyinə müraciət etmiş, lakin heç bir nəticəsi olmamışdır. O, aldığı mənzilin pay haqqını tam ödəməklə, müqavilə üzrə üzərinə düşən öhdəliklərini tam yerinə yetirmiş və həmin mənzilə tam mülkiyyət hüququ əldə etmişdir. Lakin cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. İddiaçı iddia tələbinin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh "xxxx" məhdud məsuliyyətli cəmiyyəti ilə X11 arasında Sumqayıt şəhəri, 40-cı məhəllə ünvanında inşa edilən 1 bloklu, 15 mərtəbəli, 98 mənzilli yaşayış evinin “A” korpusunun 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 92 kv.m olan izolə olunmuş 2 otaqlı, 17 saylı mənzilə dair bağlanılan 11 yanvar 2007-ci il tarixli, 03/17 saylı müqavilə və onun əsasında olan bütün hüquqi nəticələrin etibarsız hesab edilərək ləğv edilməsi, həmin mənzilin maneəsiz olaraq istifadəsinə verilməsi vəzifəsinin cavabdeh "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin üzərinə qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Sumqayıt şəhəri, 40-cı məhəllə ünvanında inşa edilən 1 bloklu, 15 mərtəbəli, 98 mənzilli yaşayış evinin “A” korpusunun 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 92 kv.m olan izolə olunmuş 2 otaqlı, 17 saylı mənzilinə dair onunla "xxxx" məhdud məsuliyyətli cəmiyyəti arasında 25 iyul 2006-cı il tarixli, 03/17 saylı müqavilə bağlanmış və müqavilə əsasında həmin mənzilə görə onun tərəfindən 25 iyul 2006-cı il tarixdə "xxxx" məhdud məsuliyyətli cəmiyyətinə 25760 ABŞ dolları pul ödənilmişdir. Eyni mənzilə, yəni Sumqayıt şəhəri, 40-cı məhəllə ünvanında inşa edilən 1 bloklu, 15 mərtəbəli, 98 mənzilli yaşayış evinin “A” korpusunun 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 92 kv.m olan izolə olunmuş 2 otaqlı, 17 saylı mənzilinə dair üçüncü şəxs X11 ilə "xxxx" məhdud məsuliyyətli cəmiyyəti arasında 11 yanvar 2007-ci il tarixli, 03/17 saylı müqavilə bağlanmış və müqavilə əsasında eyni mənzilə görə üçüncü şəxs tərəfindən 11 yanvar 2007-ci il tarixdə "xxxx" məhdud məsuliyyətli cəmiyyətinə 25000 ABŞ dolları pul ödənilmişdir. Eyni zamanda birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, mübahisəli mənzil 01.04.2015-ci il tarixdə xüsusi mülkiyyət hüququ əsasında üçüncü şəxs X8 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Müəyyən etdiyi bu hallar əsasında birinci instansiya məhkəməsi mübahisənin həllinə Azərbaycan Republikası Mülki Məcəlləsinin 452.1-ci maddəsini tətbiq edərək hesab etmişdir ki, mübahisəli mənzil üçüncü şəxs X8 mülkiyyətinə verilmiş olduğundan, mübahisəli mənzilə dair digər şəxslərin tələbləri əsaslı ola bilməz. Mülki işdən görünür ki, mübahisəli mənzilin dəyərini (pay haqqını) onunla cavabdeh arasında bağlanmış 25 iyul 2006-cı il tarixli, 03/17 saylı müqavilə əsasında elə həmin tarixdə onun tərəfindən tam ödənilmiş, bununla da həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələbinə görə mənzilə mülkiyyət hüququ əldə etmişdir. Mənzilin dəyərinin (pay haqqının) onun tərəfindən tam ödənilməsi və bunun əsasında da mənzilə mülkiyyət hüququnu əldə etməsindən sonra həmin mənzilə dair sonradan "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin (MTK-nın) üçüncü bir şəxslə müqavilə bağlaması qanunsuz olmuşdur. Digər tərəfdən, onunla bağlanmış müqavilə əsasında tərəfindən mənzilin dəyəri (pay haqqı) tam olaraq cavabdehə ödənilmiş, bununla da mənzilə mülkiyyət hüququ əldə etmiş olduğundan, sonradan həmin mənzilə dair mülkiyyət hüququnun onun (mülkiyyətçinin) razılığı olmadan kiməsə keçməsi qanunsuz olmuşdur. Hazırki halda fərdi-müəyyən əşya olan mübahisəli mənzil onunla "xxxx" məhdud məsuliyyətli cəmiyyəti arasında bağlanmış 25 iyul 2006-cı il tarixli, 03/17 saylı müqavilə üzrə kreditor olmuş onun mülkiyyətinə, müqavilənin bağlandığı gün onun tərəfindən mənzilin dəyərinin (pay haqqının) həmin müqavilə üzrə borclu olan "xxxx" məhdud məsuliyyətli cəmiyyətinə tam ödənilməsi ilə keçmişdir (verilmişdir). Həmin tarixdən sonra mübahisəli mənzilə dair sərəncam vermək hüququ yalnız ona məxsus olmuşdur. Bu səbəbdən mənzilin dəyərinin (pay haqqının) tam ödənilməsindən sonra eyni, yəni mübahisəli mənzili ona satmış və buna görə mənzilin dəyərini (pay haqqını) ondan almış "xxxx" məhdud məsuliyyətli cəmiyyəti tərəfindən, mənzilin sahibinin (mülkiyyətçisinin), yəni onun razılığı olmadan üçüncü bir şəxsə satılması qanunsuzdur, bununla bağlı "xxxx" məhdud məsuliyyətli cəmiyyəti ilə üçüncü şəxs arasında bağlanmış müqavilə isə əhəmiyyətsiz əqd olaraq bağlandığı andan etibarsız olmuşdur. Bu baxımdan mübahisəli mənzil onunla "xxxx" məhdud məsuliyyətli cəmiyyəti arasında 25 iyul 2006-cı il tarixdə 03/17 saylı müqavilə bağlandığı və həmin tarixdə mənzilin dəyərinin tam ödənilməsi ilə mənzil onun mülkiyyətinə keçmiş olduğundan, sonradan həmin mənzilə üçüncü şəxsin "xxxx" məhdud məsuliyyətli cəmiyyəti arasında sonradan bağladığı 11 yanvar 2007-ci il tarixli, 03/17 saylı müqavilə (əhəmiyyətsiz əqd) əsasında 01.04.2015-ci il tarixdə mülkiyyət hüququna dair çıxarış alması və mübahisəli mənzilin üçüncü şəxsin mülkiyyətinə keçməsi, qanuni olaraq keçməsi kimi qiymətləndirilə bilməz. Bu baxımdan da hazırki mübahisənin həllinə Azərbaycan Republikası Mülki Məcəlləsinin 452.1-ci maddəsi tətbiq oluna bilməz. Apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh "xxxx" mənzil tikinti kooperativinin direktoru X6 məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya instansiya məhkəməsində cavabdeh qismində cəlb edilmiş X11 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlmədiyindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan 25 iyul 2006-cı il tarixdə “İcraçı” adlanan "xxxx" məhdud məsuliyyətli cəmiyyəti ilə “Sifarişçi” adlanan İddiaçı arasında bağlanmış müqavilənin surətindən görünür ki, "xxxx" məhdud məsuliyyətli cəmiyyəti Sumqayıt şəhəri, 40-cı məhəllə ünvanında inşa edilən 1 bloklu, 15 mərtəbəli, 98 mənzilli yaşayış evinin “A” korpusunun 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 92 kv.m olan izolə olunmuş 2 otaqlı 17 saylı mənzili İddiaçı satmağı öz öhdəsinə götürmüş, mənzilin dəyəri 25760 ABŞ dolları müəyyən olunmuşdur. İş materiallarında olan "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin 03/07 nömrəli, 25 iyul 2006-cı il tarixli kassa mədaxil orderinin qəbzinin surətindən görünür ki, İddiaçı "xxxx" məhdud məsuliyyətli cəmiyyətinə 25760 ABŞ dolları məbləğində ödəniş etmişdir. İş materiallarında olan 11 yanvar 2007-ci il tarixdə “İcraçı” adlanan "xxxx" məhdud məsuliyyətli cəmiyyəti ilə “Sifarişçi” adlanan X11 arasında bağlanmış müqavilənin surətindən görünür ki, "xxxx" məhdud məsuliyyətli cəmiyyəti Sumqayıt şəhəri, 40-cı məhəllə ünvanında inşa edilən 1 bloklu, 15 mərtəbəli, 98 mənzilli yaşayış evinin “A” korpusunun 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 92 kv.m olan izolə olunmuş 2 otaqlı, 17 saylı mənzili X2 öz öhdəsinə götürmüş, mənzilin dəyəri 25000 ABŞ dolları müəyyən olunmuşdur. İş materiallarında olan "xxxx" mənzil tikinti kooperativinin 03/684 nömrəli, 06.07.2021-ci il tarixli arayışından görünür ki, kooperativə məxsus Sumqayıt şəhəri, ünvan 2 ünvanında yerləşən 1 girişli 21 A binası yeni qaydalarla; bina-191, 1 girişli 21B binası yeni qaydalarla: bina 201 sayları ilə Daşınmaz Əmlakın Dövlət Reyestrinə daxil edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, ünvan 3 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ üzrə X8 adına 01.04.2015-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 265 nömrəli reyestr kitabının 43 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası MM-nin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.1.2-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya”nın 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İşin müəyyən edilmiş hallarından görünür ki,11 yanvar 2007-ci il tarixli, 03/17 saylı müqavilə əsasında Sumqayıt şəhəri, 40-cı məhəllə ünvanında inşa edilən 1 bloklu, 15 mərtəbəli, 98 mənzilli yaşayış evinin “A” korpusunun 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 92 kv.m olan izolə olunmuş 2 otaqlı, 17 saylı mənzil "xxxx" məhdud məsuliyyətli cəmiyyəti tərəfindən X1 və həmin mənzil xüsusi mülkiyyət hüququ üzrə X8 adına 01.14.2015-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 265 nömrəli reyestr kitabının 43 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası MM-nin 452.1-ci maddəsində göstərilir ki, fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Göründüyü kimi, kreditorun fərdi-müəyyən əşyanı (hazırki halda mənzilləri) borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini o halda tələb edə bilməz ki, əmlak artıq mülkiyyət hüququ ilə üçüncü şəxsə verilmiş olsun. Yəni, fərdi-müəyyən əşya üçüncü şəxsə mülkiyyət hüququ ilə verilmədiyi halda, həmin əşya ilə bağlı öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditora verilməlidir. Məhkəmə kollegiyası qeyd olunan maddi hüquq normalarının tələblərini hazırki mübahisəli mənzil hüquq münasibətlərinə tətbiq edib hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. İddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan, işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 06 iyul 2021-ci il tarixli, 2(060)-4047/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar