Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3296/2021 25.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X4 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi, İddiaçının nümayəndəsi: X2 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 14 aprel 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 14 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim A.İ.İsmayılov) iddia tələbinin qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3290.87 ABŞ dolları əsas borc, 1047.50 ABŞ dolları faiz borcu və 250 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 4588.37 ABŞ dolları məbləğində kredit borcunun ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın Azərbaycan manatına olan məzənnə nisbətində manatla və iddia ərizəsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun İddiaçı QSC-nin xeyrinə tutulması, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borc tələbinə” dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlərdən müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 3290.87 ABŞ dolları əsas borc, 1047.50 ABŞ dolları faiz borcu və 1761.57 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 6099.94 ABŞ dolları məbləğində kredit borcunun və 30 manat məbləğində dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə 11.06.2015-ci il tarixdə bağladığı 061A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 1.9167% olmaqla 36 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10000 (on min) ABŞ Dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 23.02.2016cı il tarixli, 061A**********S saylı, 01.04.2016-cı il tarixli, 061 Al516226112SA saylı sazişlə müqaviləyə və ödəniş planına dəyişiklik edilmişdir. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə 13.08.2018-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit borcundan 6709.13 ABŞ Dolları ödəniş etmiş və onun iddiaçıya 3290.87 ABŞ Dolları məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirik ki, o, kredit borcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün 08.10.2020-ci il tarixə 787 gün üçün hesablanmış faiz borcu 1047.50 ABŞ Dolları təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5 % məbləğində cərimə ödəməlidir. 08.10.2020-ci il tarixə 787 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 1761.57 ABŞ dolları təşkil edir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının kredit müqaviləsi 01 yanvar 2012-ci il tarixindən sonra bağlanmış və gecikmə gündəki 360 gündən çox olmuşdur. İddiaçının kredit borcu üzrə əsas məbləğ sözügən Fərmanda göstərilən 17.000 manat limitini keçməmişdir. Ona yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər. Lakin ona bununla bağlı olaraq bank tərəfindən heç bir təklif edilməmişdir. Məhkəmə qətnamədəki məbləği qət edərkən yalnız yekun maliyyə arayışına əsaslanıb. Halbuki, real ödənişlərin hamının silinməsi lazımı qaydada həyata keçirilsə qalıq borc daha da az olmalıdır. Sumqayıt Şəhər Məhkəməsinin 14 aprel 2021-ci il tarixli 2(060)-1850/2021 saylı qətnaməsinin ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçının nümayəndəsi A.Z.Əhmədova apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, iddia ərizəsinə uyğun izahat verdi və apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəfin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə apellyasiya şikayəti təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddianı qismən təmin edərkən, tərəflər arasında kredit, zamin müqaviləsinin olmasına, cavabdehlər tərəfindən müqavilənin şərtlərinin pozulmasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı və qanunudir, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğundur. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Belə ki, iş materiallarında olan kredit müqaviləsindən görünür ki, Cavabdeh1 İddiaçı QSC ilə 11.06.2015-ci il tarixdə bağladığı 061A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 1.9167% olmaqla 36 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10000 (on min) ABŞ Dolları məbləğində kredit götürmüşdür. İşdə olan zaminlik müqavilələrindən görünür ki, eyni zamanda kredit müqaviləsinin təminatı kimi digər Cavabdeh2 ilə bank arasında 061G**********02 saylı zaminlik müqaviləsi bağlanmış və zaminlik müqavilərinin şərtlərinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə, zaminlər kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyırlar. İşə əlavə olan xəbərdarlıq məktublarının surətlərindən görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 banka olan borcunu ödəmələri üçün lazmi qaydada xəbərdar edilmişlər. İş materiallarında olan 25.11.2020-ci il tarixli maliyyə ayarışından görünür ki, Cavabdeh1 İddiaçı QSC-yə kredit müqaviləsi üzrə 3290.87 ABŞ dolları əsas borc, 1047.50 ABŞ dolları faiz borcu və 1761.57 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 6099.94 ABŞ dolları kredit borcu vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1 və 739.2-ci maddələrindən görünür ki, kredit müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsində göstərilir ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 428.4 və 743-cü maddələrinin tələbindən görünür ki, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər Bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. İddia tələbindən göründüyü kimi cavabdehlərdən eyni zamanda hesablanmış 1761.57 ABŞ dolları məbləğində dəbbə pulunun tutulması tələb olunur. Məhkəmə, işin hallarını nəzərə alaraq hesab edir ki, dəbbə pulu tənasübsüz surətdə yüksək miqdarda müəyyən edilmişdir və tərəflərin qarşılıqlı mənafeyinə uyğun gəlmir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanunun qeyd edilən tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehlərdən 250 ABŞ dolları məbləğində dəbbə pulunun tutulması tərəflərin maraqlarına uyğun hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası Cavabdeh1 iş üzrə birinci instansiya məhkəməsinin onun iddiaçının kredit borcu üzrə əsas məbləğ sözügən Fərmanda göstərilən 17.000 manat limitini keçməməsi və yenidən müqavilənin bağlanmasının təklif edilməməsi barədə gətirdiyi dəlili qəbul etmir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, cavabdeh tərəfindən son ödənişdən 787 gün keçmiş və Fərmanın tələbinə əsasən bu iş üzrə məbləgin ödənişi restruktisaziya təsiri altına düşmür. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı QSC-nin cavabdehlər arasında bağlanmış kredit və zaminlik müqavilələri üzrə cavabdehlərin müqavilə öhdəliklərini yerinə yetirməməsi sübuta yetirilir. Məhkəmə nəzərə almışdır ki, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə kollegiyası tərəflərin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin bu iş üzrə 14 aprel 2021-ci i il tarixli 2(060)- 1850/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-3296/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3296/2021
25.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver