Məhkəmə qərarları › İş №2(105)-3304/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3304/2021

07.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3304/2021 07.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camaləddin qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X2, Cavabdeh X3 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər X7, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 06 avqust 2021-ci il tarixli, 2(060)-306/2021 saylı qətnaməsindən cavabdeh X7 tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Sumqayıt Şəhər Məhkəməsinin 06 avqust 2021-ci il tarixli, 2(060)-306/2021 saylı qətnaməsi ilə iddia qismən təmin olunmuş, cavabdehlər X7, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 1190 (bir min yüz doxsan) ABŞ dolları 56 (əlli altı) sent faiz borcu və 37 (otuz yeddi) ABŞ dolları 03 (üç) sent cərimə borcu, kredit müqaviləsi üzrə 20 avqust 2019cu il tarixdən, 14.05.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faiz hesablanmış 21 (iyirmi bir) ABŞ dolları 35 (otuz beş) sent məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 1248 (bir min iki yüz qırx səkkiz) ABŞ dolları 94 (doxsan dörd) sent məbləğində borcun ödəniləcək günə manat məzənnəsilə hesablanmaqla və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzinin İddiaçı ASC-nin xeyrinə tutulması, ekspertiza tədqiqatının dəyərləri 145 (bir yüz qırx beş) manatın cavabdehlər X7, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 013601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilməsi qət edilmişdir. (hakim R.Qoşqarlı) Cavabdeh X7 qətnamədən apelyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİ N H A L L A R İ : İddiaçı ASC məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 20 may 2015-ci il tarixli kredit müqaviləsi üzrə 317 (üç yüz on yeddi) ABŞ dolları 31 (otuz bir) sent əsas borc, 1190 (bir min yüz doxsan) ABŞ dolları 90 (doxsan) sent faiz borcu və 37 (otuz yeddi) ABŞ dolları 03 (üç) sent cərimə borcu, həmçinin kredit müqaviləsi üzrə 20 avqust 2019-cu il tarixdən, 14.05.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faiz hesablanmış 15 (on beş) ABŞ dolları 85 (səksən beş) sent məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 1561 (bir min beş yüz altmış bir) ABŞ dolları 09 (doqquz) sent borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X7 20 may 2015-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 25 faizlə 18 ay müddətinə 3300 ABŞ dolları kredit götürmüşdür. 23.08.2016-cı il tarixli əlavə sazişə əsasən kreditin qalıq müddəti 20.08.2019-cu il tarixədək uzadılmışdır. Borcun təminatı olaraq Cavabdeh2 və Cavabdeh3 ilə 20.05.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 14.05.2020-dək X3 banka 20.05.2015-ci il tarixli kredit müqaviləsi üzrə 317,31 ABŞ dolları əsas borc, 1190,9 ABŞ dolları faiz borcu, 37,03 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 20 avqust 2019- cu il tarixdən, 14.05.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 15.85 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 1561,09 ABŞ dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər borcu ödəməkdən boyun qaçırırlar. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Şİ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ Nİ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Cavabdeh X7 qətnamədən apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə işə baxarkən Azərbaycan Respublikası Prezidentin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına istinad etməmiş, onun kredit borcunu tam ödəməsinə düzgün qiymət verməmişdir. Onun müqavilə üzrə əsas borcu yoxdur. Bu faktı 06.08.2021ci il tarixli maliyyə arayışı da təsdiq edir. Olmayan əsas borca görə isə ona faiz və cərimənin hesablanması qanunsuzdur və 28 fevral 2019-cu il tarixli Fərmana ziddir. Ona görə də qətnamə ləğv edilərək iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmalıdır. Apelyasiya baxışı zamanı məhkəmə iclasında cavabdeh X7 şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı ASC-nin nümayəndəsi X4 şikayətlə razılaşmadı və onun rədd olunmasını xahiş etdi. Apelyasiya baxışı zamanı digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, səbəblərini bildirmədən məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə adları qeyd olunan cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan "xxxx" İKB ASC ilə X7 arasında bağlanmış 20.05.2015-ci il tarixli, 4-M-4-0-207-15 saylı kredit müqaviləsindən görünür ki, X7 "xxxx" İKB ASC-dən illik 25 faizlə 18 ay müddətinə 3300 ABŞ dolları kredit götürmüşdür. Yenə işdə olan 20 may 2015-ci il tarixdə bağlanmış 4-M-4-0-207-15 saylı zaminlik müqavilələrindən görünür ki, 20.05.2015-ci il tarixli kredit müqaviləsinə əsasən öhdəliyin icrasının əsas təminatı kimi Cavabdeh2 və Cavabdeh3 zamin durmuşdur. Zaminlik müqavilələrinin 3.1-ci bəndinə görə zaminlər kreditor qarşısında borcalan tərəfindən 20 may 2015-ci il tarixli, 4-M-4-0-207-15 saylı kredit müqaviləsinin şərtlərinin yerinə yetirilməsinə görə borcalanla eyni dərəcədə cavabdehlik daşıyır. Yenə də işdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 13.07.2021-ci il tarixli, 9/3844 saylı rəyindən görünür ki, 20.05.2015-ci il tarixli, 4-M-4-0-207-15 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq X5 İddiaçı ASC-yə olan borcu əsas borc 277,33 ABŞ dolları, faiz borcu 1275,17 ABŞ dolları təşkil edir. İşə əlavə edilmiş İddiaçı ASC Kreditlərin Bərpası Departamentinin İnformasiya Sistemləri və Dəstək Şöbəsinin 06.08.2021-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdeh X3 İddiaçı ASC-yə 1190,56 ABŞ dolları faiz və 37,03 ABŞ dolları cərimə borcu, 21,35 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla olmaqla, ümumilikdə cəmi 1248,94 ABŞ dolları məbləğində borcu vardır, əsas borcu yoxdur. Yenə işə əlavə edilmiş cavabdeh X6 məxsus bank hesabından çıxarışdan görünür ki, həmin hesaba Azərbaycan Respublikası Prezidentin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına əsasən 19.04.2019-cu il tarixdə 815,54 manat ekvivalentində kompensasiya mədaxil edilmişdir. Yenə də işə əlavə edilmiş cavabdeh X6 məxsus bank hesabından çıxarışdan görünür ki, X3 20.05.2015-ci il tarixli, 4-M-4-0-207-15 saylı kredit müqaviləsinə əsasən banka olan qalıq borcu yoxdur. MƏHKƏMƏNİN HÜQUQİ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini, işdə iştirak edən şəxslərin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 06 avqust 2021-ci il tarixli, 2(060)-306/2021 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia təmin olunmamalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı bank tərəfindən cavabdeh X6 20.05.2015-ci il tarixli, 4-M-4-0-207-15 saylı kredit müqaviləsinə əsasən istehlak məqsədilə 18 ay müddətinə, illik 25 faiz tətbiq edilməklə 3300 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı kimi digər iki cavabdehlə bank arasında zaminlik müqavilələri bağlanmışdır. Bank hazırda cavabdeh borclunun tələb etdiyi məbləğdə borcu qaldığını iddia edir. Cavabdeh isə borcu qəbul etmir və onu tam ödədiyini bildirir. Mübahisənin obyektiv həlli ilə bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası Prezidentin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına istinad etməyi zəruri hesab edir. Əvvəla, məhkəmə kollegiyası kredit müqaviləsi üzrə əsas borcun tələb edilməsini qanunsuz hesab edir. Belə ki, ciddi maliyyə sənədi hesab edilən hesabdan çıxarış məlumatlarından, o cümlədən bankın təqdim etidiyi sonuncu maliyyə arayışından da (06.08.2021-ci il tarixli) görünür ki, kredit müqaviləsi üzrə əsas borc yoxdur. Digər tərəfdən, Azərbaycan Respublikası Prezidentin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanın preambulasında həmin sənədin qəbul edilməsini zəruri edən hallar qeyd olunur. Orada deyilir ki, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirləri əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində, kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasına rəvac vermişdir. Son dövrdə respublikada makroiqtisadi sabitliyin təmin olunması, iqtisadi inkişaf templərinin bərpa edilərək artması və maliyyə imkanlarının genişlənməsi digər sahələr kimi, əhalinin xarici valyutada olan ödəmə vaxtı keçmiş kredit borclarının ödənilməsinə də dövlət dəstəyi göstərilməsi üçün şərait yaratmışdır. Göründüyü kimi həmin Fərman onun təsir dairəsinə düşən şəxslərin borclarının ödənilməsinə dövlət dəstəyi göstərilməsi məqsədi ilə qəbul edilmişdir. Dəstək göstərmək borcun ödənilməsinə dəstək kimi qəbul edilməlidir. Təsadüfi deyil ki, həmin Fərmanda dövlətin qarşılayacağı borcun əvəzi olaraq banklara külli miqdarda kredit ayrılması bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsi təmin edilmişdir. Fərmana əsasən banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görməli idilər. Fərmanda qeyd olunan faizlər dedikdə, bütün faizlər, əsas, cərimə və.s. faizlər nəzərdə tutulurdu. Qalan əsas məbləğə münasibətdə güzəştli şərtlərlə müqavilə bağlanması təklif olunurdu. Qeyd olunan Fərmanda faizlərinin hansısa şərtlərlə silinməsi barədə müddəa nəzərdə tutulmamışdır. Fərmanın qəbul edilməsi ilə dövlət özü güzəşt olunan borcu (bütün faizləri) ödəmiş olur. Məhkəmə kollegiyası göstərilənlərə əsaslanaraq belə qənaətə gəlir ki, əsas, faiz və cərimə borcuna, o cümlədən əldən çıxmış faydaya dair hazırki iddia tələbi təmin olunmamalıdır. Qeyd olunanlara əsasən məhkəmə kolegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi və gəldiyi nəticə ilə razılaşmır və bankın iddiasını əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki halda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh apelyasiya şikayətinin əsaslarına dair dəlillərini əsasən sübut edə bilmişdir. Bu baxımdan, məhkəmə kollegiyası onun apelyasiya şikayətində göstərdiyi dəlilləri qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün yetərlidir. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 06 avqust 2021-ci il tarixli, 2(060)- 306/2021 saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki,Azərbaycan Respublikası MPM-nin 119- cu maddəsinə əsasən, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməli, apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15,40 manat dövlət rüsumu və ekspertiza tədqiqatının dəyəri olan 145 manat iddiaçıdan tutulub cavabdehə verilməli, ekspertiza xərci isə iddiaçıdan tutlmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti təmin edilsin. Hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 06 avqust 2021-ci il tarixli, 2(060)- 306/2021 saylı qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddia təmin edilməsin. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15,40 manat dövlət rüsumu İddiaçı ASC-dən tutulub cavabdeh X6 ödənilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı ASC-nin özünə aid edilsin. Ekspertiza tədqiqatının dəyəri 145 (bir yüz qırx beş) manat İddiaçı ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 013601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar