Məhkəmə qərarları › İş №2(105)-331/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-331/2025

18.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-331/2025 18.03.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı "xxxx" ASC-nin cavabdehlər X7 və Cavabdeh1 qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X20 və X3 ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə4 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər X7 və Cavabdeh1 qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması tələbinə dair mülki iş üzrə Şabran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(031)-947/2024 nömrəli qətnaməsindən iddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. "xxxx" ASC ilə X12 arasında bağlanmış xx.xx.2021-ci il tarixli BPM**********02 saylı tam kart çərçivə müqaviləsinə əsasən X10 36 ay müddətinə illik 24 faiz olmaqla 500 manat məbləğində kart kredit limiti və xx.xx.2022-ci il tarixli BPM**********17 saylı kredit müqaviləsinə əsasən X8 48 ay müddətinə illik 22 faiz olmaqla 7000 manat məbləğində nağd krediti verilmişdir.

2. AZ-İİ seriyalı 269133 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2022-ci il tarixdə Şabran rayonunda vəfat etmişdir.

3. “Elektron notariat” X1 çıxarışdan görünür ki, X9 qanun üzrə vərəsələri X11 və Cavabdeh1dur. Şəhadətnamə verilən miras əmlak "xxxx" QSC-də olan əmək haqqı, müavinət və digər pul məbləğləri 2066,82 manat pul vəsaitindən ibarətdir.

Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı "xxxx" ASC cavabdehlər X7 və Cavabdeh1 qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X11 və Cavabdeh1 iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2021-ci il tarixli BPM**********02 saylı Tam kart çərçivə müqaviləsinə əsasən 165,70 manat əsas və 5,61 faiz borcu olmaqla cəmi 171,31 manat və bundan başqa xx.xx.2022-ci il tarixli BPM**********17 saylı kredit müqaviləsinə əsasən 6718,27 manat əsas borc və 23,58 manat faiz borcu olmaqla, cəmi 6741,85 manat məbləğində kredit borcunun, ödənilmiş 89,14 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə X12 arasında bağlanmış xx.xx.2021-ci il tarixli BPM**********02 saylı tam kart çərçivə müqaviləsinə əsasən X10 36 ay müddətinə illik 24 faiz olmaqla 500 manat məbləğində kart kredit limiti və xx.xx.2022-ci il tarixli BPM**********17 saylı kredit müqaviləsinə əsasən X10 48 ay müddətinə illik 22 faiz olmaqla 7000 manat məbləğində nağd kredit verilmişdir. X2 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Şabran rayon Notariat Ofisinin xx.xx.2024-cü il tarixli 113 saylı məktubu ilə müəyyən edilmişdir ki, mərhum X9 adına vərəsəlik işi qanun üzrə vərəsələri olan X11 və Cavabdeh1 tərəfindən verilmiş mərhumun vəfatından sonra miras qalmış əmlakın qəbul edilməsinə dair ərizələri əsasında açılmışdır. Cavabdehlər X11 və Cavabdeh1, mərhum X5 qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişlər. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdehlər öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişlər.

6. Şabran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(031)-947/2024 nömrəli qətnaməsi ilə (hakim Könül Mirzəfərova) iddia tələbi qismən təmin edilmiş, cavabdeh X4 və Cavabdeh1 müştərək qaydada 2066 (iki min altımış altı) manat 82 (səksən iki) qəpik məbləğində pulun iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir.

7. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, X9 ölümü onun kredit öhdəliklərinin xitam olunması ilə nəticələnmir və kredit öhdəliyi icra edilmədikdə kreditorun onun vərəsəsinə qarşı tələb hüququ yaranması üçün əsasdır. Eyni zamanda, “Elektron notariat” X1 çıxarışdan görünür ki, X9 qanun üzrə vərəsələri- X11 və Cavabdeh1dur. Şəhadətnamə verilən miras əmlak "xxxx" QSC-də olan əmək haqqı, müavinət və digər pul məbləğləri 2066,82 manat pul vəsaitindən ibarətdir. Belə olan halda, X6 və Cavabdeh1 2066,82 manat məbləğində miras kütləsi qəbul etməsi müəyyən edilmişdir.

8. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 14.2.1, 385.1, 386.1, 421.2, 442, 443.1, 445.2.1, 739, 1306, Mülki Prosessal Məcəllənin 14.2, 77.1, 119.2, 217.4-cü maddələrinin tələbləri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

9. Qətnamədən iddiaçı "xxxx" ASC apellyasiya şikayəti verib, qətnamənin ləğv edilərək iddianın tam təmin edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə vərəsənin miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etmə vəzifəsinin olmasına baxmayaraq, vərəsəlik şəhadətnaməsində qəbul edilən əmlakın 2924 manat məbləğində olmasını əsas götürərək iddianı qismən təmin etmişdir. Miras qoyanın borclarının mirasdan çox olduğunu cavabdeh sübut etməli olsa da, məhkəməyə heç bir sübut təqdim etməmişdir. Bu isə mülki və mülki-prosessual qanunvericiliyin kobud pozulmasıdır. Eyni zamanda məhkəmə Mülki Məcəllənin 1307-ci maddəsini nəzərə almamışdır. Belə ki, MM-in 1307-ci maddəsinin tələbinə əsasən mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Göründüyü kimi cavabdehlər X4 və Cavabdeh1 Şabran rayon Notariat Ofisinə mirasın qəbul edilməsi üçün ərizə ilə müraciət etmiş və həmin ərizə əsasında vərəsəlik işi açılaraq vərəsəlik hüququ haqqında şəhadətna

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə4 qız apellyasiya şikayətinin və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

13. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlər X7 və Cavabdeh1 məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

14. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

15. Maddə 739. Borc müqaviləsinin anlayışı və forması 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. (...)

16. Maddə 1146. Mirasın açıldığı vaxt Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.

17. Maddə 1255. Mirasa mülkiyyətin əmələ gəlməsi Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.

18. Maddə 1306. Vərəsələrin kreditorlar qarşısında məsuliyyəti 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.

19. Maddə 1307. Vərəsələr tərəfindən kreditorların təmin edilməsi zamanı sübutetmə yükü Mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir.

20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

21. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

22. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (...)

23. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

24. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. (...)

25. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

26. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. (...)

27. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

28. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

29. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi qismən təmin edilməlidir.

31. İşin hallarından görünür ki, "xxxx" ASC ilə X12 arasında bağlanmış xx.xx.2021-ci il tarixli BPM**********02 saylı tam kart çərçivə müqaviləsinə əsasən X10 36 ay müddətinə illik 24 faiz olmaqla 500 manat məbləğində kart kredit limiti və xx.xx.2022-ci il tarixli BPM**********17 saylı kredit müqaviləsinə əsasən X8 48 ay müddətinə illik 22 faiz olmaqla 7000 manat məbləğində nağd krediti verilmişdir.

32. AZ-İİ seriyalı 269133 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2022-ci il tarixdə Şabran rayonunda vəfat etmişdir. X9 qanun üzrə vərəsələri X11 və Cavabdeh1dur.

33. Vərəsəlik hüququ obyektiv hüquq kimi ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə digər şəxslərə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin.

34. Mülki hüququn bu institutu vasitəsi ilə miras qoyanın, onun kreditorlarının, eləcə də vərəsələrinin mənafeyi qorunur, miras qoyanın əmlakın aqibəti ilə bağlı niyyətinin həyata keçirilməsinə şərait yaradılır, bununla da etibarlı və sağlam ailə münasibətlərinin qorunub inkişaf etdirilməsi təmin olunur. Qeyd olunan hallar həm şəxsiyyətin qorunması, həm də ictimai mənafelərin təmin olunması məqsədinə xidmət etməklə, vərəsəlik hüquq qaydalarının məcburiliyini, yəni qanunverici tərəfindən müəyyən tənzimetmənin imperativliyini şərtləndirir.

35. Vərəsəlik hüququ vasitəsilə mülki dövriyyə iştirakçıları olan fiziki şəxslərin ölməsi halında onların sağlığında qurduqları hüquqi münasibətlərdən irəli gələn hüquq və öhdəliklərinin aradan qalxmaması, vərəsələri tərəfindən həyata keçirilməsi üçün hüquqi şərait yaradılır ki, nəticədə mülki dövriyyənin davamlılığı və fasiləsizliyi təmin edilməklə hüquqi müəyyənlik və hüquqi etimad prinsipləri qorunmuş olur.

36. Mirasın formal və qeyri-formal üsulla qəbul edilməsindən asılı olmayaraq, mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Bu isə onu göstərir ki, miras qoyanın kreditoru mənafelərinin təmin edilməsi məqsədi ilə tələb hüququnu mirası faktiki qəbul etmiş vərəsələrə qarşı da irəli sürə bilər. Vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquq təsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Bu baxımdan kreditorların mirası faktiki qəbul etmiş vərəsələrə qarşı məhkəmədə öhdəliyin miras qalmış əmlak hesabına icrası barədə iddia icraatı qaydasında tələb irəli sürməsi yolveriləndir. Kreditorun bu cür tələb irəli sürmək hüququnun formal mülahizələrlə inkar edilməsi əsas məqsədi və hüquqi funksiyası mülki dövriyyədə hüquqi müəyyənliyin və hüquqi etimadın davamlılığını təmin etmək olan vərəsəlik hüququnun mahiyyətinə zidd olmaqla, kreditorun məhkəmə müdafiəsi, ədalətli məhkəmə araşdırması hüquqlarının, bu isə öz növbəsində mülkiyyət hüququnun və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulmasına səbəb olar.

37. Mülki məhkəmə icraatında sübutetmə institutu və sübutetmə yükünə dair qeyd olunmalıdır ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Mülki işlər üzrə icraatda çəkişmə prinsipi isə tərəflərin öz hüquqi mövqeyini müdafiə etməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prossesual Məcəllənin 77.1ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız MPM-in 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir.

38. Göründüyü kimi, prosessual qanunvericilik sübutetmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, mübahisəyə tətbiq edilməli olan maddi hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Əgər sübutetmə yükü qanunla başqa tərəfin üzərinə qoyulubsa, yaxud şəxs qanuni və ya faktiki prezumpsiyaya istinad edirsə, fərqli qayda tətbiq edilir.

39. Birinci instansiya məhkəməsi qətnaməsini onunla əsaslandırmışdır ki, borclunun vəfatından sonra cavabdehlərin vərəsə kimi məsuliyyəti miras əmlakın miqdarı ilə məhdudlaşmış, yəni vərəslik şəhadətnaməsi üzrə "xxxx" QSC-də olan əmək haqqı, müavinət və digər pul məbləğləri 2066,82 manat pul təşkil etdiyindən, cavabdehlər kredit borcuna görə 2066,82 manat həddində məsuliyyət daşıyırlar.

40. Başqa sözlə, birinci instansiyası məhkəməsi hesab etmişdir ki, borclunun vəfatından sonra onun vərəsəlik qaydasında keçən miras əmlakının onun kreditor borclarının ödənilməsinə kifayət edən həcmdə olmasını, vərəsəlik şəhadətnaməsində göstəriləndən başqa əmlakının mövcud olmasını vəfat etmiş borclunun kreditoru sübut etməlidir.

41. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, məhkəmə iş üzrə sübutetmə yükünü tərəflər arasında düzgün bölüşdürməyərək həm prosessual hüquq normalarını, həm də konkret vəziyyətdə sübutetmə yükünün kimə aid olmasını tənzimləyən maddi hüquq normasını pozmuşdur. Belə ki, Mülki Məcəllənin “Vərəsələr tərəfindən kreditorların təmin edilməsi zamanı sübutetmə yükü” adlanan 1307ci maddəsində təsbit edilmişdir ki, mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir.

42. Kollegiya qeyd edir ki, qanunvericilik bir halda vərəsəni miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etmək yükündən azad edir ki, bu da mirasın notarius tərəfindən siyahıya alındığı haldır.

43. Belə ki, “Elektron notariat” X1 çıxarışda miras əmlak kimi yalnız "xxxx" QSC-də olan əmək haqqı, müavinət və digər pul məbləğləri 2066,82 manat pul vəsaitinin göstərilməsi miras əmlak kütləsinin yalnız bu əmlakdan ibarət olması demək deyildir.

44. İşdən görünür ki, cavabdehlər ümumiyyətlə məhkəmə iclaslarında iştirak etməmiş, iddiaya hər hansı etiraz bildirməmiş, həmçinin buna məhkəmə tərəfindən şərait yaradılsa da, mirasın siyahıya alınması barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdirlər.

45. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi Mülki Məcəllənin 1307-ci maddəsinin tələblərini nəzərə almadan miras əmlakın yalnız vərəsəlik şəhadətnaməsində göstərilən əmlakdan ibarət olması barədə sərgilədiyi mövqe yanlış olmuş, mirasın notarius tərəfindən siyahıya alınıb-alınmaması müəyyən edilmədən cavabdehlər sübut etmə yükündən azad edilmiş, həmin yük iddiaçının üzərinə qoyulmuşdur. Bununla da, birinci instansiyası məhkəməsi iş üzrə sübutetmə yükünü tərəflər arasında düzgün bölüşdürməyərək, həm prosessual hüquq normasını, həm də konkret vəziyyətdə sübutetmə yükünün kimə aid olmasını tənzimləyən maddi hüquq normasını - Mülki Məcəllənin 1307-ci maddəsinin tələbini pozmuşdur.

46. İş materiallarında olan maliyyə arayışlarından görünür ki, xx.xx.2021-ci il tarixli BPM**********02 saylı Tam kart çərçivə müqaviləsi üzrə X9 ödənilməmiş 165,70 manat əsas və 5,61 faiz borcu, xx.xx.2022-ci il tarixli BPM**********17 saylı kredit müqaviləsinə əsasən X9 ödənilməmiş 6718,27 manat əsas borcu və vəfat etdiyi tarixə 10.21 manat faiz borcu mövcud olmuşdur.

47. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

48. İşin yuxarıda qeyd olunan hallarını və birinci instansiya məhkəməsinin qətnaməsindən verilən apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi qismən təmin edilməli, cavabdehlər X4 və Cavabdeh1 iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2021-ci il tarixli BPM**********02 saylı Tam kart çərçivə müqaviləsi üzrə 165,70 manat əsas və 5,61 faiz borcu olmaqla, cəmi 171,31 (bir yüz yetmiş bir manat otuz bir qəpik) manat, xx.xx.2022-ci il tarixli BPM**********17 saylı kredit müqaviləsi üzrə 6718,27 manat əsas borc, 10,21 manat faiz borcu olmaqla, cəmi 6728,48 (altı min yeddi yüz iyirmi səkkiz manat qırx səkkiz qəpik) manat və iş üzrə dövlət rüsumuna görə ödənilmiş 89,14 (səksən doqquz manat on dörd qəpik) manat tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Şabran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(031)-947/2024 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdehlər X4 və Cavabdeh1 iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2021-ci il tarixli BPM**********02 saylı Tam kart çərçivə müqaviləsi üzrə 165,70 manat əsas və 5,61 faiz borcu olmaqla, cəmi 171,31 (bir yüz yetmiş bir manat otuz bir qəpik) manat, xx.xx.2022-ci il tarixli BPM**********17 saylı kredit müqaviləsi üzrə 6718,27 manat əsas borc, 10,21 manat faiz borcu olmaqla, cəmi 6728,48 (altı min yeddi yüz iyirmi səkkiz manat qırx səkkiz qəpik) manat və iş üzrə dövlət rüsumuna görə ödənilmiş 89,14 (səksən doqquz manat on dörd qəpik) manat tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar