Məhkəmə qərarları › İş №2(105)-3326/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3326/2021

30.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3326/2021 30.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli, 2(067)- 1548/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Xaçmaz Rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli, 2(067)-1548/2021 saylı qətnaməsi ilə iddiaçı İddiaçı Fəxrəddin oğlunun Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməmiş, iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir (hakim İlkin Xəlilov). Qətnamədən iddiaçı İddiaçı apellyasiya şikayəti verərək Xaçmaz Rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli, 2(067)-1548/2021 saylı qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsini xahiş etmişdir. İŞİN H A L L A R İ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh 2019 (iki min on doqquz) manat pulun, həmçinin tərəfindən ödənilmiş 31 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİİLARİNİN İZAHATLARİ : İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdeh X2 18.10.2018ci ildə 656 manat, 31.10.2018-ci ildə 303 manat, 24.12.2018-ci ildə 706 manat, 28.01.2019-cu ildə 202 manat və 01.02.2019-cu ildə isə 152 manat, cəmi 2019 manat borc pul verib. Həmin pulu o, cavabdehə bank və terminal vasitəsilə göndərib, bu barədə qəbzləri də var. Hazırda cavabdeh ondan aldığı borcu qaytarmır. Dəfələrlə cavabdehə müraciət edərək borcunu tələb etsə də o, hər dəfə müxtəlif bəhanələr gətirərək ondan aldığı pulu qaytarmaqdan yayınır. Ona görə də iddia ərizəsi ilə məhkəməyə müraciət etdi. Hesab edir ki, 2019 manat məbləğində pul cavabdehdən alınıb ona verilməlidir. Lakin işə baxan məhkəmə əsassız olaraq iddia tələbini rədd etmişdir. İş materiallarına əlavə edilmiş qəbzlərlə sübut olunur ki, o, cavabehə müxtəlif vaxtlarda cəmi 2019 manat məbləğində pul göndərib. Belə olan halda iddia tələbimin təmin olunmaması tamamilə qanunsuz və əsassızdır. O, tələbinin əsası kimi istinad etdiyi halları məhkəmədə sübuta yetirib. Lakin məhkəmə düzgün nəticəyə gəlməyib. Məhkəmə maddi hüquq normalarını düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırılmamışdır. Ona görə də hesab edir ki, qətnamə ləğv olunmalı, iddia tələbi təmin olunmalıdır. Qeyd edilənlərə əsasən Xaçmaz Rayon Məhkəməsinin 2(067)- 1548/2021 saylı, 21 iyun 2021-ci il tarixli qətnaməsinin ləğv edilərək, iş üzrə iddia tələbinin təmin olunması, yəni cavabdeh X1 2019 (iki min on doqquz) manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1548/2021 saylı, 21 iyun 2021-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin olunması, cavabdeh X1 2019 (iki min on doqquz) manat məbləğində pulun alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verilməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iş üzrə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan vəəlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərəəsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır vəşikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçının vəkilinin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 372.1 və 372.7-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında tam mahiyyəti üzrə baxır, şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan qəbzlərdən müəyyən olunur ki, İddiaçı Cavabdeh hesabına 18.10.2018-ci il tarixdə 656 manat, 31.10.2018-ci il tarixdə 303 manat, 24.12.2018-ci ildə 706 manat, 28.01.2019-cu ildə 202 manat və 01.02.2019-cu ildə isə 152 manat, cəmi 2019 manat məbləğində pul köçürmüşdir. İş materiallarında olan 06.04.2020-ci il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar 30 manat dövlət rüsumu köçürülmüşdür. İş matertallarından görünür ki, məhkəmə iddianı rədd etmiş və bunu onunla əsaslandırmışdır ki, iddiaçı öz iddiasını sübuta yetirə bilməmişdir. Belə ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Qeyd olunanlarla əlaqədar məhkəmə hesab etmişdir ki, hazırki iş üzrə cavabdehə məhz iddia ərizəsində göstərilən məbləğlərin borc olaraq verilməsini iddiaçı sübut etməlidir. Lakin iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş qəbzlərdə göstərilən məbləğlərin cavabdehə məhz borc olaraq verilməsinə dair sübutlar iş materiallarına əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materiallarında olan qəbzlərdən müəyyən olunur ki, İddiaçı Cavabdeh hesabına 18.10.2018-ci il tarixdə 656 manat, 31.10.2018-ci il tarixdə 303 manat, 24.12.2018-ci ildə 706 manat, 28.01.2019-cu ildə 202 manat və 01.02.2019-cu ildə isə 152 manat, cəmi 2019 manat məbləğində pul köçürmüşdir. Lakin iş materiallarında həmin məbləğlərin cavabdeh tərəfindən alınmasına dair hər hansı bir sübut yoxdur. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür. Avropa İnsan Hüquqları Məhkəməsinin «Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında Məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, injumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı öz tələbini sübuta yetirməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki işdən görünür ki, Bununla da cavabdeh qeyd etdiyi xüsusatları sübuta yetirə bilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, qətnamənin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki,apellyasiya şikayəti təmin edilməməli, Xaçmaz Rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli, 2(067)-1548/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Xaçmaz Rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli, 2(067)-1548/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar