Məhkəmə qərarları › İş №2(105)-3329/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3329/2021

14.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3329/2021 14.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Məmmədov Fuad Əli oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı və Cavabdeh iştirakları ilə açıq məhkəmə iclasında Abşeron Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli, 2(012)-301/2021 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Abşeron Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli, 2(012)-301/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Elman Məmmədov) İddiaçı Cavabdeh qarşı maddi zərərin, əldən çıxmış faydanın və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, Cavabdeh **-SP-*** dövlət qeydiyyat nömrəli, 2007-ci il buraxılışlı “Hyundai Sonata minik” avtomobilinə dəymiş maddi zərərə görə 9508 manat və ödənilmiş dövlət rüsumundan 17 manatın tutularaq İddiaçı verilməsi, iddia tələblərinin 1800 manat məbləğində əldən çıxmış faydanın əvəzinin və iddiaçıya dəymiş 5000 manat məbləğində mənəvi zərərin ödənilməsi hissəsində rədd edilməsi qət edilmiş, cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh onun avtomobilinə dəymiş real maddi zərərə görə 9734 manat məbləğində pulun, 1800 manat məbləğində əldən çıxmış faydanın əvəzinin, ona dəymiş 5000 manat məbləğində mənəvi zərərin və ödənilmiş 30 manat miqdarında dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və tələblərini onunla əsaslandırmışdır ki, mülkiyyətində olan **-SP-*** dövlət qeydiyyat nömrəli, 2007-ci il buraxılışlı “Hyundaı Sonata minik” avtomobilini Cavabdeh istifadəsinə vermişdir. Həmçinin Cavabdeh razılaşma yazaraq ona etibar edilən avtomobili istismar edərkən yaranmış maddi zərərin ödənilməsi üçün 300 manat pulu depozit saxlamasını, maddi zərər 300 manatdan artıq olarsa, maddi zərərin tam qalan hissəsini ödəməyə razı olduğunu bildirmişdir. Cavabdeh 18.01.2020-ci il tarixində avtomobili idarə edərkən qəza törədərək avtomobili əzmişdir. Cavabdeh özünün yazdığı izahatında bildirir ki, həmin tarixdə saat 06:00 radələrində Bakı şəhəri, Lermontov küçəsində ona məxsus avtomobili idarə edərkən qəfil yuxuya getdiyi üçün idarəetməni itirib, ağaca çırpılmışdır, avtomobilə dəyən zərərin xərclərini öz üzərinə götürür. Hadisə nəticəsində mülkiyyətində olan avtomobilə 9734 manat maddi zərər dəymişdir. Həmin avtomobili işlədərək 1 günə 20 manat olmaqla, ayda 600 manat pul qazanırdı. Qəzadan sonra avtomobilin bərpası və təmiri üç ay vaxt aparmış və beləliklə, o, 1800 manat qazancından məhrum olmuşdur. Avtomobilə dəyən küllü miqdarda zərərdən cavabdeh heç nə ödəməmişdir. Cavabdehin belə laqeyd və məsuliyyətsiz yanaşması, həmçinin onun böyük mənəvi sarsıntı və iztirablar çəkməyinə səbəb olmuş, səhhətində problemlər yaranmışdır. Cavabdeh min cür bəhanələrlə ona dəymiş maddi zərəri ödəməkdən boyun qaçırır. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə tamamilə qanunsuz və əsassızdır. Belə ki, onunla iddiaçı arasında dəymiş ziyanla bağlı heç bir razılaşma olmamışdır. O, gündəlik ödəniş edərək avtomobili idarə etmişdir. Ona görə də bütün məsuliyyət mülkiyyətçinin üzərində qalmışdır. Lakin məhkəmə bunlara diqqət etməyərək tam araşdırma aparmadan qətnamə qəbul etmişdir. Məhkəmə tərəfindən işin halları düzgün araşdırılmamış və sübutlara düzgün qiymət verilməmişdir. Apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin iddianın təmin edilmiş hissəsində ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək iş üzrə məhkəmə qətnaməsinin iddianın təmin edilmiş hissəsində ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi və əlavə olaraq göstərdi ki, Cavabdeh zərərin ödənilməsi üçün depozit saxladığı 300 manat pul bir müddət sonra avtomobildən istifadə haqqına çıxılmışdır. Cavabdeh avtomobili etibarnamə olmadan idarə etdiyi üçün qəza ilə bağlı ona sığorta ödənişi edilməmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin iddianın təmin edilmiş hissəsində ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı bu hissədə yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan AD 506309 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Hyundaı Sonata minik” markalı, **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi İddiaçıdur. İş materiallarında olan Cavabdeh 18.01.2020-ci il tarixli əlyazmasının surətindən görünür ki, Bakı şəhəri, Lermontov küçəsində səhər saat 06:00 radələrində “Hyundaı Sonata minik” markalı, ** SP *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən qəfil yuxuya getdiyi üçün idarəetməni itirib, ağaca çırpılmış, maşına dəyən xərcləri öz üzərinə götürmüşdür. İş materiallarında olan 28 dekabr 2019-cu il tarixli razılaşmadan görünür ki, Cavabdeh ona etibar edilən avtomobili istismar edərkən yaranmış maddi zərərin ödənilməsi üçün 300 manat pulu depozit saxlamış, maddi zərər 300 manatdan artıq olarsa, maddi zərərin tam qalan hissəsini ödəməyə razı olduğunu bildirmişdir. İş materiallarına əlavə edilmiş icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, İddiaçı məxsus “Hyundaı Sonata minik” markalı, **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobil 18.05.2019-cu il tarixdən 18.05.2020-ci il tarixə kimi icbari sığorta olunmuşdur. İş üzrə keçirilmiş ekspertizanın 16 fevral 2021-ci il tarixli, 9/5527 saylı rəyindən görünür ki, iş materiallarında olan 05.10.2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2007-ci il buraxılışlı “Hyundaı Sonata minik” markalı, ** SP *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 9508,0 manat müəyyən edilir. Azərbaycan Respublikası MM-nin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə kollegiyası qeyd edilən maddi hüquq normalarının tələblərini hazırki mübahisəyə tətbiq edib hesab edir ki, iş üzrə birinci instansiya məhkəmə qətnaməsi iddianın təmin edilmiş hissəsində qanuni və əsaslıdır. Belə ki, 18.01.2020-ci il tarixdə Cavabdeh İddiaçı məxsus “Hyundaı Sonata minik” markalı, **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Bakı şəhəri, Lermontov küçəsində saat 06:00 radələrində qəfil yuxuya getdiyi üçün idarəetməni itirmiş, nəticədə avtomobil ağaca çırpılmışdır. Qeyd edilən halı məhkəmə kollegiyasının iclasında Cavabdeh etiraf etmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Hyundaı Sonata minik” markalı, ** SP *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdr. Göründüyü kimi, baş vermiş hadisədə Cavabdeh təqsirli olması iş materialları ilə öz təsdiqini tapmışdır. İş üzrə keçirilmiş ekspertizanın 16 fevral 2021-ci il tarixli, 9/5527 saylı rəyi ilə 2007ci il buraxılışlı “Hyundai Sonata minik” markalı ** SP *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərcinin hadisə baş verən tarixə təxminən 9508,0 manat olduğu müəyyən edilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. Cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər iş üzrə məhkəmə qətnaməsinin iddianın təmin edilmiş hissəsində apellyasiya qaydasında ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. İs üzrə Abşeron Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli, 2(012)-301/2021 saylı qətnaməsi iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar