Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-333/2024 19.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: aliment miqdarının artırılması) X3 Süleymanovanın sədrliyi və məruzəsi, X5 Məmmədov və X1 ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 13 sentyabr 2023-cü il tarixli, 2(012)-3895/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Tovuz Rayon Məhkəməsinin 2(62)-5169/2016 saylı, 20 oktyabr 2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq, 09 fevral 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 300 manat sabit pul məbləğində alimentin və 50 manat mediasiya rüsumunun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Tovuz Rayon Məhkəməsinin 2(62)-624/2011 saylı, 27 sentyabr 2011-ci il tarixli qətnaməsi ilə tərəflər arasındakı nikahın pozulması, uşaqların onun himayəsinə verilməsi qət edilmişdir. Daha sonra Tovuz Rayon Məhkəməsinin 2(62)-5169/2016 saylı, 20 oktyabr 2016-cı il tarixli qətnaməsinə əsasən, 09 fevral 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanıması üçün hər ay 117 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi qət edilmişdir. Lakin, artıq övladı böyümüş və xərcləri artmışdır. O, işləmir, bu ehtiyacları təkbaşına ödəməyə maddi imkanı çatmır və hazırda övladı təhsil alır, həmçinin xəstəliyi ilə əlaqədar müalicə alır.
3. İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.
4. Tovuz Rayon Yuxarı Öysüzlü Kənd İƏV Nümayəndəliyi tərəfindən verilmiş AZ-İİ seriyalı 401292 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X6 09 fevral 2010-cu ildə Tovuz rayonunda doğulmuş, atası Cavabdeh, anası İddiaçıdır.
5. Tovuz Rayon Məhkəməsinin 2(62)-624/2011 saylı, 27 sentyabr 2011-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 05 noyabr 2009-cu il tarixdə Tovuz RİH-nin Yuxarı Öysüzlü kənd İƏV nümayəndəliyində bağlanmış və 13 sayla qeydə alınmış nikahın pozulması, birgə nikahdan olan 09 fevral 2010-cu il təvəllüdlü X2 İddiaçı himayəsində saxlanılması qət edilmişdir.
6. Tovuz Rayon Məhkəməsinin 2(62)-5169/2016 saylı, 20 oktyabr 2016-cı il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, 20 oktyabr 2016-cı il tarixdən başlayaraq, Cavabdeh hər ay 117 manat sabit pul məbləğində alimentin alınıb 09 fevral 2010-cu il tarixdə anadan olmuş Tunar adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı verilməsi qət edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
7. Abşeron Rayon Məhkəməsinin 13 sentyabr 2023-cü il tarixli, 2(012)- 3895/2023 nömrəli qətnaməsi ilə (hakim Elman Məmmədov) iddianın qismən təmin edilməsi, Tovuz Rayon Məhkəməsinin 2(62)-5169/2016 saylı, 20 oktyabr 2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək, 09 fevral 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq, İddiaçı ödənilməsi, qətnamənin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulmasının hesablanması, Cavabdeh 32,36 (otuz iki manat otuz altı qəpik) manat dövlət rüsumunun tutularaq dövlət nəfinə keçirilməsi, iddia tələbinin 50 manat mediasiya haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində rədd edilməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3, 119.1, 119.2, 14.2, 77.1, 217.3, 217.4, 218.3, 216-220 və 360-cı maddələri ilə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Apellyasiya şikayəti və onun dəlilləri
9. Cavabdeh apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 13 sentyabr 2023-cü il tarixli, 2(012)-3895/2023 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin qismən, yəni hər ay 160 (bir yüz altmış) manat məbləğində alimentin alınaraq İddiaçı verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamə qəbul qəbul edən zaman onun maddi durumunu nəzərə almamış, iddiaçının ərizəsində qeyd etdiyi kimi qətnamə qəbul etmişdir. Belə ki, məhkəmə qətnamə qəbul edən zaman onun himayəsində iki nəfər xəstə və daimi müalicəyə ehtiyacı olan valideyinlərini, iki nəfər məktəbli övladlarını və bir nəfər işsiz arvadının olmağını nəzərə almadan qətnamə qəbul etmişdir. O, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş 220 manatı ödəməyə imkanının olmadığını məhkəmədə bildirsə də, məhkəmə onun maddi durumunu nəzərə almadan bir uşaq üçün yüksən məbləğdə alimentin ondan alınıb İddiaçı verilməsini qət etmişdir. Məhkəmə qətnamə qəbul edərkən işin hallarını tam və obyektiv araşdırmamış, belə ki, iddiaçının yalan ifadələri əsasında yüksək məbləğdə alimentin alınmasına dair əsassız qətnamə qəbul edilmişdir.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
12. İddiaçı 16 yanvar 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında apellyasiya şikayətini qəbul etməyərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etmişdir.
13. Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq, işə onun iştirakı olmadan baxılmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin qismən, yəni, hər ay 160 manat məbləğində alimentin alınaraq İddiaçı verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.
Apellyasiya baxışının hədləri
15. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi cavabdeh verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 17.1. Cəmiyyətin özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə, eləcə də uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir.
17. “Uşaq hüquqları haqqında” Konvensiya: Maddə 3. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericlik orqanları tərəfindən görülsün; Maddə 27. (bənd 2) Valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar.
18. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; Maddə 19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
19. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarının 8.13-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır.
20. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
21. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.
24. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
25. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, iddiaçı məhkəmə qətnaməsi ilə müəyyən olunmuş aliment miqdarını mübahisələndirərək həmin məbləğin (117 manat) hazırda uşağın saxlanılması üçün kifayət etmədiyini, uşağın böyüməsi ilə əlaqədar onun maddi tələbatının artdığını, uşağı saxlamaqda maddi baxımdan çətinlik çəkdiyini iddia edərək aliment miqdarının artırılmasını, hər ay 300 manat sabit pul məbləğində alimentin tutulması ilə bağlı məhkəməyə müraciət etmişdir.
26. Göründüyü kimi mübahisələndirilən məhkəmə qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Tovuz Rayon Məhkəməsinin 2(62)-5169/2016 saylı, 20 oktyabr 2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək, 09 fevral 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq, İddiaçı ödənilməsi qət edilmişdir.
27. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir.
28. Birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşmayan Cavabdeh apellyasiya şikayəti vermişdir.
29. Məhkəmə kollegiyası tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, apellyasiya şikayətinin dəlilləri ilə bağlı hüquqi dəyərləndirmə apararaq aşağıda şərh olunanları qeyd etməyi zəruri hesab edir.
30. Göründüyü kimi apellyator şikayətin dəlillərini himayəsində iki nəfər xəstə və daimi müalicəyə ehtiyacı olan valideyinlərinin olması, yenidən ailə qurması, həyat yoldaşının işsiz olması, iki nəfər məktəbli övladlarının olması ilə əsaslandırmışdır.
31. Məhkəmə kollegiyası şikayətin dəlillərini əsaslı hesab etmir.
32. Kollegiyanın qənaətincə şikayətin qeyd olunan dəlilləri cavabdehin hazırkı aliment öhdəliyindən azad olunması, yaxud alimentin miqdarının azaldırmasına əsas verən hal kimi çıxış edə bilməz.
33. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab ki, iddiaçı məhkəmə aktı ilə təyin edilmiş aliment miqdarının dəyişdirilməsini tələb etmişdir.
34. Qeyd olunmalıdır ki, qanunverici alimentin miqdarının müəyyən olunması ilə bağlı məhkəmə qərarını daimi və son olaraq qətiləşdirmir, tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğu hallarda alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsi və tərəflərin diqqətəlayiq başqa maraqlarının nəzərə alınmasını istisna etmir.
35. Məhkəmə uşaqların üstün maraqlarını və minimum maddi təminat almaq hüququnu nəzərə alaraq, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək uşaqların saxlanılması üçün minimum dolanışıq xərclərinə yaxın məbləğdə alimentin cavabdehdən iddiaçının xeyinə tutulmasını əsaslı və ədalətli, eləcə də valideynlərin üzərinə uşaqların saxlanılması vəzifəsinin qoyulması ilə bağlı konstitusiya prinsipinə uyğun hesab edir.
36. Bununla yanaşı kollegiya qeyd edir ki, qanunverici uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnu tanımaqla yanaşı, aliment təyini zamanı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa halların nəzərə alınması da göstərilmişdir.
37. Aliment məsələləri həll edilərkən alimentin miqdarı aliment ödəmək vəzifəsi qoyulan valideynin hüquq və mənafelərini zərbə altında qoymamalı, hüquqlarını pozmamalıdır.
38. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, Əkbərov X4 İB-də mühəndis işləyir və əmək haqqı 888 manat təşkil edir.
39. İşin müəyyən edilmiş faktiki hallarına istinadən məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda alimentin təyin edilmiş məbləği öhdəliyi yerinə yetirən şəxsin hüquq və mənafeləri ilə ziddiyyət təşkil etmir, onun əlverişsiz vəziyyətə düşməsinə şərait yaradacaq məbləğ kimi qiymətləndirilə bilməz. Məhkəmə qətnaməsi ilə müəyyən edilmiş miqdarda alimentin müəyyən edilməsini məhkəmə hər iki tərəfə münasibətdə ədalətli və işin faktiki hallarına, tərəflərin əmlak vəziyyətinə uyğun hesab edir.
40. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
41. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Abşeron Rayon Məhkəməsinin 13 sentyabr 2023-cü il tarixli, 2(012)-3895/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə dərhal qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.