Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3330/2021 07.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camaləddin qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Mənzil Tikinti Kooperativinə qarşı pul tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 14 iyun 2021-ci il tarixli, 2(012)-3012/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin 14 iyun 2021-ci il tarixli, 2(012)-3012/2021 saylı qətnaməsi ilə İddiaçı yuxarıda qeyd olunan iddiası rədd edilmişdir. (hakim M.Abbasova) Qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 14 iyun 2021-ci il tarixli, 2(012)-3012/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 Mənzil Tikinti Kooperativinə qarşı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, 2700 manat pul vəsaitinin cavabdehlərdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir İddia tələbi bununla əsaslandırılmışdır ki, o, öz briqadası ilə tikinti və təmir işləri ilə məşğul olur, tikinti və təmir sifarişləri qəbul edib, inşaat təmir işləri həyata keçirir. Cavabdeh1 ilə təsadüfən tanış olmuşdur. Həmin zamanlar iddiaçı Şəmkir rayonunda tikinti işləri görürdü. Cavabdeh1 iddiaçıya zəng edərək, Abşeron rayonunda bir mənzil aldığını və həmin mənzili təmir etdirmək istədiyini bildirmiş, o, cavabdehlə razılaşmış və Şəmkir rayonunda işlərini qurtardıqdan sonra, onunla görüşmüşdür. Cavabdeh2 MTK-nın tikdiyi binaya gəlmiş və cavabdeh ona mənzili göstərərək, mənzili MTK-dan təmirsiz aldığını, həmin mənzili təmir etdirmək istədiyini bildirmişdir. O, mənzili təmir etməyə razılaşmış və mənzilə dair cavabdehin xüsusi mülkiyyət hüququ barədə çıxarışı olmadığına görə, bununla əlaqədar Cavabdeh2 MTK-nın da razılığını almalı olduğunu bildirmişdir. Belə ki, iddiaçı bilirdi ki, mənzili təmir etdikdən sonra, əgər onun əsl mülkiyyətçisi mənzili cavabdehə verməzsə, cavabdeh iddiaçının pulunu verməyəcəkdir. Ona görə də bununla əlaqədar Cavabdeh2 MTK-nın rəhbərliyi ilə görüşmüş və Cavabdeh2 MTK-nın rəhbərliyi mənzilin təmirinə razılıq vermişdir. Cavabdehlə arasında heç bir yazılı müqavilə bağlanmasa da, o, həmin mənzili təmir etməyə razılaşmışdır. Əldə olunmuş razılığa əsasən, mənzilin təmirinə görə Cavabdeh2 MTK (direktor İlqar müəllim) tərəfindən 10000 manat, qalan məbləğin isə Cavabdeh1 tərəfindən verilməli, ümumilikdə 17500 manat pul vəsaiti iddiaçıya verilməli, iddiaçı isə öz növbəsində bütün işləri görməli və bütün materialları özü almalı idi. Cavabdeh iddiaçıya pulunun az olması səbəbindən bahalı təmir etdirmək istəmədiyini bildirdiyinə görə, iddiaçı cavabdehin mənzilinin təmiri üçün 17500 manata razılaşmışdır. Əldə olunmuş razılığa əsasən, divar kağızı 25-30 manatlıq, metlax 8-10 manatlıq, laminat 7-8 manatlıq, qapılar 120-180 manatlıq olmalı, tavanda fiqur olmamalı, kombi isə cavabdehin özü tərəfindən alınmalı idi. Cavabdeh bununla əlaqədar müxtəlif vaxtlarda iddiaçıya 15300 manat pul vermiş, iddiaçı isə mənzili təmir edib qurtarmış, mənzilin bütün işlərini görmüş, mənzildə sanitar qovşağını sökərək yerini dəyişdirmiş, hörgü işləri aparmış, bütün istilik, elektrik, rəngsaz, santexnik işlərini görmüş, divar kağızlarını, kafelləri vurmuş, demək olar ki, görülməmiş çox az iş qalmış, bütün bunlara görə iddiaçı 15800 manat pul xərcləmiş, xərclədiyi bütün pulların hesabatını aparmış, aldığı malların qaimələrini toplamışdır. İddiaçı bütün bu işləri cavabdehin nəzarəti altında görmüş, hər bir materialı alan zaman cavabdehlə razılaşdırmış, cavabdehin məlumatı olmadan heç bir material istifadə etməmişdir. Lakin cavabdeh işin sonunda iddiaçıdan mənzilə 440 manatlıq qapı qoyulmasını, 100 manatlıq divar kağızı çəkilməsini, kombinin iddiaçı tərəfindən qoyulmasını və 1400 manatlıq olmasını tələb etmiş, bu səbəbdən iddiaçıya ödəməli olduğu məbləği ödəməkdən imtina etmişdir. Cavabdehin bu gün istədiyi və iddiaçıdan tələb etdiyi təmir işlərinin qiyməti isə təxminən 28000 manat təşkil edə bilərdi. O, cavabdehdən etdiyi təmirin pulunu tələb etdikdə isə cavabdeh iddiaçını polisə verəcəyi ilə hədələmiş və pulu verməkdən imtina etmişdir. Halbuki, aralarında olan şifahi razılaşmaya əsasən, o, öhdəsinə götürdüyü bütün işləri görmüş, cavabdeh isə öhdəliyindən yayınaraq iddiaçıya ödəməli olduğu məbləği ödəməmişdir. İşin hallarından da görünür ki, tərəflər arasında podrat münasibəti olmuş, cavabdeh ona məxsus mənzili təmir etməyi iddiaçıya sifariş vermiş, iddiaçı həmin sifarişə əsasən, cavabdehə məxsus mənzili təmir etmişdir. Həmin sifarişə əsasən cavabdeh iddiaçıya 17500 manat ödəməli olduğu halda, cəmi 15300 manat məbləğində pul vəsaiti ödəmiş, 2700 manat pul vəsaitini ödəməmişdir. İddiaçının təmir etdiyi mənzil Cavabdeh2 MTK-ya məxsus olduğuna görə həmin pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MTK-dan tutularaq ona ödənilməlidir. Eyni zamanda, o, həmin müqavilə əsasında işə usta və fəhlə cəlb etmiş, müqavilənin icrası ilə əlaqədar tikinti materialları almış, işi tam görüb öhdəliyini yerinə yetirmişdir. Belə olan halda da məhkəməyə müraciət etmək zərurəti yaranmışdır və göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İddiaçı apelyasiya şikayətini bununla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qanunsuz qətnamə qəbul etmişdir. Belə ki, məhkəmə mübahisəni həll edərkən bir sıra maddi və prosessual hüquq normalarını pozmuş və qanunsuz nəticəyə gəlmişdir. Məhkəmə tərəflər arasında podrat münasibətlərin olmasına, onun götürdüyü öhdəlikləri tam yerinə yetirməsinə, cavabdehlərin isə öz öhdəliklərini yerinə yetirməmələrinə, xidmət haqqı kimi verilməli olan 17500 manat puldan 15300 manat ödənilməsinə, lakin 2700 manat borc qalmasına düzgün qiymət verməmiş, bununla da mübahisə üzrə səhv nəticəyə gəlmişdir. Bu hallara məhkəmə diqqət yetirməyərək qeyri-obyektiv və ədalətsiz qətnamə qəbul etmişdir. Buna görə də qətnamə ləğv edilməli, iddia isə təmin olunmalıdır. Məhkəmə kollegiyasının iştirak etdiyi iclasında Cavabdeh1 və onun nümayəndəsi X6 şikayətlə razılaşmadılar və onun rədd olunmasını xahiş etdilər. İş üzrə digər tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan 23.09.2020-ci il tarixli, ******* saylı qaimə-fakturanın surətindən görünür ki, İddiaçı Ramiz adlı şəxsə tikinti materiallarının alınması müqabilində 2740 manat ödəniş etmişdir. Yenə iş materiallarında olan 15.09.2020-ci il tarixli müəssisədaxili qaimənin surətindən görünür ki, İddiaçı Azər adlı şəxsə tikinti materiallarının alınması müqabilində 816,6 manat ödəniş etmişdir. Yenə də iş materiallarında olan Abşeron Rayon Polis İdarəsinin 07.04.2021-ci il tarixli qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və icraata götürülməklə istintaqının aparılması qərara alınmışdır. İşdə olan Abşeron Rayon Polis İdarəsinin 14.04.2021-ci il tarixli qərarından görünür ki, xx.xx.1981-ci ildə Qazax rayonunun Çaylı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, subay, fərdi əməklə məşğul olan Qazax rayonu, Çaylı kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan İddiaçı Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ittiham elan edilməsi üçün barəsində axtarışın elan olunması və onun tutularaq Abşeron Rayon Polis İdarəsinin müvəqqəti saxlama yerinə təhvil verilməsi qərara alınmışdır. Yenə işdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 mart 2021-ci il tarixli, 10/417 saylı rəyindən görünür ki, X4 məxsus Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən təzə tikilidə 87.4 kv.metr ölçüdə olan 2 otaqlı suvaq vurulmuş mənzildə aparılan təmir-bərpa işlərinin dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq ümumi qiymətinin təqribən 2526 manat məbləğində olduğu müəyyən edilmişdir. Yenə də işdə olan Cavabdeh2 MTK ilə alıcı X6 arasında bağlanmış 16.08.2020-ci il tarixli mənzil müqaviləsinin surətindən görünür ki, satıcı qiymət razılaşdırılma protokolunda müəyyən olunmuş məbləğ tam ödədikdən sonra Abşeron rayonu Masazır qəsəbəsində inşa edilmiş 1 saylı yaşayış binasının 1-ci blokunun 13-cü mərtəbəsində yerləşən 2 otaqlı ümumi sahəsi 87.4 kv.metr olan mənzili alıcıya təhvil verməyi öhdəsinə götürmüşdür. İşə əlavə edilmiş Cavabdeh2 MTK ilə alıcı X6 arasında bağlanmış 16.08.2020-ci il tarixli müqaviləyə 1 saylı Əlavə - qiymətin razılaşdırılması protokolunun surətindən görünür ki, Abşeron rayonu Masazır qəsəbəsində inşa edilmiş 1 saylı yaşayış binasının 1- ci blokunun 13-cü mərtəbəsində yerləşən 2 otaqlı ümumi sahəsi 87.4 kv.m olan mənzilin 1 kv.m-nin dəyəri 775 manat olmaqla ümumi dəyəri 67800 manat dəyərində razılaşdırılmışdır. Yenə işə əlavə edilmiş Cavabdeh2 MTK-nın 22.01.2021-ci il tarixli, 01 saylı arayışından görünür ki, X3 həqiqətən, 16.08.2020-ci il tarixdə, 1/13-82 saylı müqaviləyə əsasən, Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsində inşa olunan Cavabdeh2 MTK-ya məxsus 1 saylı yaşayış binasının, 1-ci blok, 13-cü mərtəbəsində, 82 saylı ümumi sahəsi 87,4 kv.m olan, 2 otaqlı mənzil satılmışdır. Mənzilin təmir olunması üçün Könül Məmmədova Cavabdeh2 MTK-ya 17500 manat ödəmişdir, sonradan Könül Məmmədova MTK-nın onun evini təmir etməsinə razı olmamış və MTK-ya verilən pulun 5000 manat hissəsi Könül Məmmədovaya qaytarılmış, qalan 12500 manat pul hissə-hissə 1 ay müddətində Könül Məmmədovanın razılığı əsasında evini təmir etmək üçün razılaşdığı Elnur adlı ustaya verilmişdir. Beləliklə, Könül Məmmədovanın təmir üçün MTKya ödədiyi pul tam olaraq geri qaytarılmışdır və Cavabdeh2 MTK-nın Könül Məmmədovaya borcu qalmamışdır. MƏHKƏMƏNİN HÜQUQİ MÖVQEYİ Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən, apelyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 14 iyun 2021-ci il tarixli, 2(012)-3012/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, Cavabdeh1 həyat yoldaşı X2 Cavabdeh2 MTK ilə bağladığı 16.08.2020-ci il tarixli mənzil müqaviləsinə əsasən satıcı MTK alıcıya Abşeron rayonu Masazır qəsəbəsində inşa etdiyi 1 saylı yaşayış binasının 1-ci blokunun 13-cü mərtəbəsində yerləşən 2 otaqlı ümumi sahəsi 87,4 kv.metr olan 92 saylı mənzili 67800 manata satmışdır. İddiaçı iddiasına görə alıcının həyat yoldaşı Cavabdeh1 ilə həmin mənzilin 17500 manat dəyərində təmirinə dair şifahi razılığa gəlmişlər. Lakin cavabdeh həmin puldan 15300 manat ödəniş etsə də, 2700 manat borcu qalmışdır. Eyni zamanda mənzilin mülkiyyətçisi kimi onun təmir olunmasına razılıq vermiş Cavabdeh2 MTK da bu borcda müştərək cavabdehlik daşıyır. Cavabdeh1 isə iddiaçının onları aldatdığını, pullarını mənimsədiyini, bu səbəbdən də onların ərizəsi əsasında onun barəsində Abşeron rayon Pois İdarəsində cinayət işinin başlandığını bildirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Yenə həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Yenə də həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Eyni Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Yenə həmin Məcəllənin 752.3-cü maddəsinə əsasən podratla bağlı smetanın tərtibi, əgər razılaşmada ayrı qayda müəyyənləşdirilməyibsə ödənilmir. İş materiallarından görünür ki, Cavabdeh1 arvadı X2 şikayəti əsasında Abşeron Rayon Polis İdarəsinin 07.04.2021-ci il tarixli qərarına əsasən iddiaçı barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və icraata götürülməklə istintaqının aparılması qərara alınmış, eyni zamanda Abşeron Rayon Polis İdarəsinin 14.04.2021-ci il tarixli qərarına əsasən aparılmış ilkin istintaqla İddiaçı tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə X3 məxsus Abşeron rayonu Masazır qəsəbəsi “Uğur Palace” adlı restoranla üzbəüz "xxxx" MTK-nın inşa etdiyi binanın 13-cü mərtəbəsində yerləşən 2 otaqlı 87.4 kv.metr sahəsi olan mənzili 16770 manata təmir edəcəyinə vəd verib aldadaraq 06.08.2020-ci il tarixdən 06.09.2020-ci il tarixədək olan müddət ərzində Abşeron rayonu Masazır qəsəbəsi ərazisində hissə-hissə olmaqla ümumilikdə 16770 manat pulunu alıb ələ keçirərək vədinə əməl etməyib zərərçəkmiş şəxs X3 16770 manat məbləğində - xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etməsi müəyyən edildiyindən İddiaçı barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ittiham elan edilməsi üçün axtarışın elan olunması və onun tutularaq Abşeron Rayon Polis İdarəsinin müvəqqəti saxlama yerinə təhvil verilməsi qərara alınmışdır. Məhkəmə araşdırması zamanı eyni zamanda müəyyən olunmuşdur ki, İddiaçı izahatında Cavabdeh1 onun həyat yoldaşı X3 məxsus Cavabdeh2 MTK-nın inşa etdiyi binanın 13-cü mərtəbəsində yerləşən 2 otaqlı, 87.4 kv.metr sahəsi olan mənzilin təmiri üçün 15300 manat məbləğində pul aldığını, lakin həmin təmir işləri ilə əlaqədar cavabdehin ona 2700 manat borcu olduğunu iddia etsə də, mülki işin materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 mart 2021-ci il tarixli, 10/417 saylı rəyi ilə mübahisəli mənzildə aparılan təmir-bərpa işlərinin dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq ümumi qiymətinin təqribən 2526 manat məbləğində olduğu müəyyən edilmişdir. Beləliklə, 15300 manat pulun Cavabdeh1 tərəfindən iddiaçıya ödənilməsi işin mübahisəsiz halı olduğundan, eləcə də ekspert rəyi ilə həmin mənzildə aparılmış təmir-bərpa işlərinin dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq ümumi qiyməti təqribən 2526 manat məbləğində müəyyən edildiyindən məhkəmə belə nəticəyə gəlmişdir ki, iddia tələbi əsaslı deyildir və təmin edilməməlidir. Başqa sözlə, mübahisəli mənzil üçün görülmüş təmir işlərinə görə cavabdehlərin 2700 manat borcları qalması barədə iddiaçının dəlilləri ağlabatan deyildir və işin tədqiq olunan faktiki hallarına uyğun gəlmir. İşin tədqiq olunan faktiki hallarına qiymət verərək məhkəmə kollegiyası da hesab edir ki, İddiaçı cavabdehlərin podrat münasibətlərinə görə təmir işləri üçün ona 2700 manat borclu qalmalarını sübuta yetirə bilməmişdir və onun tələbinin rədd olunması barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə podrat münasibətlərindən doğan bu tipli əmlak münasibətlərində başqa mövqenin tutulması düzgün olmayan presedent yaratmaqla arzuolunmaz nəticələrə gətirib çıxara bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, sübuta yetirilmədiyindən İddiaçı hazırkı iddiası təmin edilməməlidir və mübahisə üzrə məhkəmənin gəldiyi nəticə işin həm faktiki hallarına, həm də qüvvədə olan maddi hüquq normalarına uyğundur. Bu hallara məcmu halda qiymət verərək, məhkəmə kollegiyası hesab edir ki, iddia, o cümlədən apelyasiya şikayətinin dəlilləri əsassızdır və təmin olunmamalıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki halda məhkəmə kollegiyası hesab edir ki, İddiaçı sübutetmə yükü üzərinə düşməsinə baxmayaraq həm iddiasının, həm apelyasiya şikayətinin əsaslarına dair dəlillərini sübut edə bilməmişdir. Bu baxımdan, məhkəmə kollegiyası onun apelyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən, qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 14 iyun 2021-ci il tarixli, 2(012)-3012/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı özünə aid edilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-3330/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3330/2021
07.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver