Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3336/2021 11.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X13, İddiaçı və Cavabdeh iştirakları ilə açıq məhkəmə iclasında Sumqayıt Şəhər Məhkəməsinin 29.07.2021-ci il tarixli, 2(060)-5918/2021 saylı qətnaməsindən İddiaçı apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 29.07.2021-ci il tarixli, 2(060)-5918/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Emin Abdullayev) İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, 09.11.2007-ci il təvəllüdlü X5 və 11.01.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana qədər saxlanmaları üçün Sumqayıt Şəhər Məhkəməsinin 09.01.2015-ci il tarixli, 2(060)-488/2015 saylı qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarının artırılaraq hər ay hər uşaq üçün 130 manat olmaqla, ümumilikdə 260 manat məbləğində müəyyən edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmiş, iddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək Sumqayıt Apellyasiya Məhkəməsinin 06 aprel 2015-ci il tarixli, 2(105)-754/2015 saylı qətnaməsi ilə Cavabdeh tutulan alimentin miqdarının dəyişdirilərək, cavabdehdən hər ay 350 manat sabit pul məbləğində alimentin alınıb, birgə nikahlarından olan 09.11.2007-ci il təvəllüdlü X5 və 11.01.2012-ci il təvəllüdlü X1 üçün ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2006-cı ildə nikaha daxil olmaqla ailə qurmuş, birgə nikahlarındandan 09.11.2007-ci il tarixdə X9 və 11.01.2012-ci il tarixdə X7 anadan olmuşlar. Cavabdehlə ailə həyatı qurduqdan sonra bir müddət mehriban yaşasalar da, sonradan xasiyyətləri uyğun gəlməmiş, aralarında sözsöhbət yaranmış, ər-arvad münasibəti qalmamışdı. Nəticədə 2015-ci ildə cavabdehdən ayrılmışdır. Ayrıldıqdan sonra cavabdeh ailəsinə baxmamış, uşaqların saxlanması üçün ona maddi cəhətdən heç bir köməklik etməmişdir. Cavabdeh tərəfindən 2015-ci il tarixdə verilən nikahın pozulması barədə iddiaya qarşılıqlı iddia verərək 09.11.2007-ci il təvəllüdlü X9 və 11.01.2012-ci il təvəllüdlü X2 onun himayəsinə verilməsi və cavabdehdən uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün onun xeyrinə hər ay hər bir uşağa görə 108 manat olmaqla, ümumilikdə 216 manat sabit pul məbləğində alimentin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdi. Sumqayıt Şəhər Məhkəməsinin 09 yanvar 2015-ci il tarixli, 2(060)-488/2015 saylı qətnaməsi ilə həm ilk iddia, həm də qarşılıqlı iddia təmin edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 09 yanvar 2015-ci il tarixli, 2(060)-488/2015 saylı qətnaməsindən narazı qalan ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə Cavabdeh apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 06 aprel 2015-ci il tarixli, 2(105)-754/2015 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. O, övladlarının maddi ehtiyaclarını ödəməkdə çətinlik çəkir. Bazar qiymətlərinin qalxması, uşaqlarının böyüməsi ilə əlaqədar ehtiyaclarını ödəmək üçün iki uşağa 216 manat aliment kifayət etmir. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin qətnaməsini tamamilə qanunsuz və əsassız hesab edir. Belə ki, Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək Sumqayıt Şəhər Məhkəməsinin 06.04.2015-ci il tarixli, 2(105)-754/2015 saylı qətnaməsi ilə cavabdehdən 09.11.2007-ci il təvəllüdlü X5 və 11.01.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün müəyyən edilmiş alimentin məbləğinin dəyişdirilərək cavabdehdən hər ay 350 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdi. Belə ki, Sumqayıt Şəhər Məhkəməsinin 06.04.2015-ci il tarixli qətnaməsi ilə uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün cavabdehdən hər ay hər uşaq üçün 108 manat olmaqla, cəmi 216 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Lakin həmin məbləğ uşaqların saxlanmaları üçün kifayət deyildir. Buna görə də yenidən Sumqayıt Şəhər Məhkəməsinə alimentin miqdarının artırılması üçün müraciət etmək məcburiyyətində qalmışdı. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5918/2021 saylı, 29 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddiası qismən təmin olunmuşdur. Pandemiya dövründə maddi vəziyyəti daha da pisləşmişdir. Həmçinin qarşıdan yeni məktəb ilinin gəlməsi, uşaqların məktəbə getməsi üçün geyim və sair əşyalarının alınması, vaxtlı-vaxtında yeməyi, içməyi, bir sözlə, sağlam qidalanmaları olduqca böyük xərc tələb edir və bu xərci tək qarşılamaq bir ana kimi ona çox çətin gəlir. Cavabdehin aliment borcunu vaxtlı-vaxtında ödəməməsi bu çətinliyi daha da artırır. Cavabdeh uşaqlara nə maddi, nə də mənəvi köməklik etmir, ata kimi qayğılarına qalmır. Apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilərək, iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə çıxarılması xahiş olunmuşdur. İddiaçı məhkəmə iclasında apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, işləyir və 368 manat əmək haqqı alır, cavandehin hər ay hər uşağa görə 140 manat sabit pul məbləğində aliment ödəməsinə razıdır. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi və əlavə olaraq göstərdi ki, hər ay hər uşağa görə 140 manat sabit pul məbləğində aliment ödəməyə razıdır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinə alimentin məbləğinə aid hissədə dəyişiklik edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin alimentin məbləğinə aid hissədə dəyişiklik edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı bu hissədə yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Cavabdeh ilə Əliməmmədova (Paşayeva) Gülnarə Mirtalıb qızının nikahından 09.11.2007ci il tarixdə X9 və 11.01.2012-ci il tarixdə X7 anadan olmuşlar. İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X8 arasında olan nikahın pozulması 19 avqust 2015-ci il tarixdə Sumqayıt şəhər Qeydiyyat şöbəsində 335 nömrə ilə qeydə alınmışdır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 09 yanvar 2015-ci tarixli, 2(060)-488/2015 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh Əliməmmədova Gülnarə Mirtalıb qızına qarşı nikahın ləğv edilməsi tələbinə dair ilk, X3 Cavabdeh qarşı uşaqların himayədə qalması və sabit pul məbləğində aliment tələbinə dair qarşılıqlı iddialarına mülki iş üzrə ilk və qarşılıqlı iddialar təmin edilmiş, Cavabdeh ilə X8 arasında 26 dekabr 2006-cı il tarixdə Bakı şəhəri Səadət sarayında bağlanmış 4576 nömrəli akt qeydli nikahın pozulması, birgə nikahdan anadan olmuş 09.11.2007-ci il təvəllüdlü X9 və 11.01.2012-ci il təvəllüdlü X2 anaları X3 yanında qalmaları, 09.11.2007-ci il təvəllüdlü X9 və 11.01.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər bir uşaq üçün ayda 108 manat olmaqla, ümumilikdə 216 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq X6 verilməsi qət edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-754/2015 saylı, 06.04.2015-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 09 yanvar 2015-ci tarixli, 2(060)-488/2015 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X10 25.06.2017-ci il tarixdə, X11 21.09.2019-cu il tarixdə anadan olmuşlar, ataları Cavabdeh, anaları X12r. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının Baş Prokurorluğunun 10.11.2021-ci il tarixli, 20/2097 saylı arayışından görünür ki, Cavabdeh 2021-ci ilin aprelindən Azərbaycan Respublikasının Baş Prokurorluğunun maddi-texniki təminat şöbəsində müqaviləyə əsasən fəhlə vəzifəsində işləyir və onun aylıq əmək haqqı 450 manat, vergilər tutulduqdan sonra aylıq əmək haqqı 390 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. “Uşaq hüquqları haqqında” qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” qanunun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına dair 7 saylı protokolun 5-ci maddəsinə əsasən ər-arvad nikaha daxil olmaq və boşanmaq ilə bağlı məsələlərdə öz aralarında və uşaqları ilə münasibətlərdə bərabər hüquqa malikdirlər və bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası MPM-nin 233.4-cü maddəsinə görə cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Məhkəmə kollegiyası qanunvericiliyin qeyd edilən normalarından çıxış edərək və iş materiallarının araşdırılmasına əsasən belə nəticəyə gəlir ki, iddiaçı alimentin miqdarının artırılması barədə iddia tələbi irəli sürməkdə haqlı olmuşdur və birinci instansiya məhkəməsinin qətnaməsi alimentin miqdarına aid hissədə qanuni və əsaslı deyildir. Belə ki, iş materiallarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 09 yanvar 2015-ci tarixli, 2(060)-488/2015 saylı qətnaməsi ilə 09.11.2007-ci il təvəllüdlü X9 və 11.01.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər bir uşaq üçün ayda 108 manat olmaqla, ümumilikdə 216 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq X4 verilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-754/2015 saylı, 06.04.2015-ci il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 09.01.2015-ci tarixli, 2(060)-488/2015 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır. “Azərbaycan Respublikasında 2015-ci il üçün yaşayış minimumu haqqında” qanuna əsasən 2015-ci ildə yaşayış minimumu uşaqlar üçün 108 manat məbləğində müəyyən edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 09 yanvar 2015-ci tarixli, 2(060)-488/2015 saylı qətnaməsi qəbul olunan vaxtdan keçən 6 ildən çox müddət ərzində uşaqların yaşayış minimumu üçün müəyyən edilmiş məbləğ artmış, bu isə iddiaçının uşaqların saxlanmasına, tələbatlarının ödənilməsinə daha çox vəsait sərf etməsinə, başqa sözlə, onun maddi vəziyyətinin dəyişilməsinə səbəb olmuşdur. Həmçinin “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” qanuna əsasən 2021-ci ildə yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə kollegiyası nəzərə alır ki, 09.11.2007-ci il təvəllüdlü X9 və 11.01.2012-ci il təvəllüdlü X7 iddiaçının himayəsindədir, uşaqlara qulluq, onların təhsil, sağlamlıq, inkişaf, məişət qayğılarının çəkilməsi iddiaçının üzərinə düşür. Digər tərəfdən, Sumqayıt Şəhər Məhkəməsinin 09 yanvar 2015-ci tarixli, 2(060)- 488/2015 saylı qətnaməsi ilə alimentin miqdarının müəyyən edildiyi 2015-ci ildən sonra istehlak mallarının qiymətində bahalaşma olduğundan, uşaqların saxlanılması üçün 260 manat miqdarında aliment istehlak bazarında mövcud olan hazırki real qiymətlərlə uzlaşmır və uşaqların minimal tələbatlarının ödənilməsi üçün kifayət deyildir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 8.13-cü bəndində göstərilir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmə kollegiyası qeyd edilən halları, tərəflərin razılığını nəzərə alaraq hesab edir ki, cavabdeh hər ay hər uşağa görə 140 manat sabit pul məbləğində aliment ödəmək iqtidarındadır. Digər tərəfdən, qanunun mənasına görə heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək valideynləri öz uşaqlarını saxlamaq, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də hüquqi vəzifəsidir. İddiaçı iddia ilə məhkəməyə müraciət edərək Sumqayıt Apellyasiya Məhkəməsinin 06 aprel 2015-ci il tarixli, 2(105)-754/2015 saylı qətnaməsi ilə Cavabdeh tutulan alimentin miqdarının dəyişdirilməsini xahiş etsə də, faktiki olaraq Sumqayıt Şəhər Məhkəməsinin 09 yanvar 2015-ci tarixli, 2(060)-488/2015 saylı qətnaməsinin dəyişdirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinə alimentin məbləğinə aid hissədə dəyişiklik edilməlidir. İşdən görünür ki, birinci instansiya məhkəməsi artırılmış məbləğdə alimentin tutulmasının nə vaxtdan hesablanmasını qətnamədə göstərməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 26-cı bəndinə görə məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Həmin Məcəllənin 112.1.6-cı maddəsinə görə ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda iddianın qiyməti ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. İşdən görünür ki, iddiaçının əvvəlki məhkəmə qətnaməsi ilə hər ay hər uşaq üçün aldığı alimentin illik məbləği 2592 (216 manat x 12 ay) manat olmuşdur. Hazırki iddia tələbində isə iddiaçı alimentin miqdarının artırılaraq hər ay hər uşaq üçün 175 manat, başqa sözlə, illik 4200 (350 manat x 12 ay) manat müəyyən edilməsini tələb etmişdir. Göründüyü kimi, iddiaçının artırılmasını tələb etdiyi alimentin illik məbləği 1608 (4200 manat-2592 manat) manatdır, yəni beş min manatdan azdır. Ona görə də Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinin tələbinə əsasən hazırki iş üzrə qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.3, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. İs üzrə Sumqayıt Şəhər Məhkəməsinin 29.07.2021-ci il tarixli, 2(060)-5918/2021 saylı qətnaməsinə alimentin məbləğinə aid hissədə dəyişiklik edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 09 yanvar 2015-ci tarixli, 2(060)-488/2015 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılaraq Cavabdeh 09.11.2007-ci il təvəllüdlü X5 və 11.01.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 140 (bir yüz qırx) manat aliment tutularaq İddiaçı verilsin. Alimentin bu məbləğdə tutulmasının əvvəli 11.11.2021-ci il tarixdən hesablansın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-3336/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3336/2021
11.11.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver