Məhkəmə qərarları › İş №2(105)-3345/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-3345/2021

05.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-3345/2021 05.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, cavabdeh Borclu1 iştirakı ilə açıq məhkəmə iclasında, Sumqayıt Şəhər Məhkəməsinin 27 iyul 2021-ci il tarixli, 2(060)-4076/2019 saylı qərardadından ləğv prosesində olan iddiaçı “AtaBank” açıq səhmdar cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 27 iyul 2021-ci il tarixli, 2(060)-4076/2019 saylı qərardadı ilə (sədrlik edən, hakim Rəşad Qoşqarlı) iddiaçı “AtaBank” açıq səhmdar cəmiyyətinin cavabdehlər Borclu2 və Borclu1 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 14 iyul 2019-cu il tarixli, 2(060)-4076/2019 saylı qərardadının ləğv olunması və iş üzrə icraatın təzələnməsi barədə ləğv prosesində olan “AtaBank” açıq səhmdar cəmiyyətinin nümayəndəsinin ərizəsinin təmin olunmaması qərara alınmış, iddiaçı qərardaddan şikayət vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, “AtaBank” açıq səhmdar cəmiyyəti ərizə ilə məhkəməyə müraciət edərək edərək borclular Borclu2 və Borclu1 454 manat məbləğində əsas borcun, 819 manat məbləğində faiz borcunun, ümumilikdə 1273 manat məbləğində kredit borcunun, 20 manat məbləğində dövlət rüsumunun və 17 manat notariat xərclərinin tutulub cəmiyyətə ödənilməsi barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 02 may 2017-ci il tarixli, 2(060)-8052/2017 saylı məhkəmə əmri ilə Borclu2 və Borclu1 “AtaBank” açıq səhmdar cəmiyyətinin xeyrinə 454 manat əsas borc, 819 manat faiz borcu, cəmi 1273 manat, 17 manat digər xərclər və 20 manat dövlət rüsumu tutulmuşdur. Borclu1 etirazına əsasən Sumqayıt Şəhər Məhkəməsinin 28 fevral 2019-cu il tarixli, 2(060)-8052/2017 saylı qərardadı ilə etiraz təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 02 may 2017-ci il tarixli, 2(060)-8052/2017 saylı məhkəmə əmri ləğv edilmiş və mülki iş mahiyyəti üzrə baxılması üçün təyin edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 14 iyul 2019-cu il tarixli, 2(060)-4076/2019 saylı qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Həmin qərardadın ləğv edilməsi barədə “AtaBank” açıq səhmdar cəmiyyəti ərizə vermiş, Sumqayıt Şəhər Məhkəməsinin 27 iyul 2021-ci il tarixli, 2(060)-4076/2019 saylı qərardadı ilə ərizə təmin olunmamışdır. İş üzrə yuxarıda göstərilən mənkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSİN İZAHATİ: İddiaçı “AtaBank” açıq səhmdar cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu qərardaddan şikayətini onunla əsaslandırmışdır ki, cavabdehlərə “AtaBank” açıq səhmdar cəmiyyətinə olan mövcud kredit borclarının restrukturizasiya olunması ilə bağlı dəfələrlə müraciət olunmuş, həmçinin kütləvi informasiya vasitələrində də Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanının qəbul olunması, vətəndaşların kreditləri ilə bağlı onlara güzəştlərin tətbiq olunması barədə məlumat verilmişdir. Lakin buna baxmayaraq cəmiyyətin bütün müraciətləri nəticəsiz qalmış, cavabdehlər Fərmanla əlaqədar informasiya vasitələrində verilən xəbərlərə də məhəl qoymamış və Fərmanda nəzərdə tutulmuş güzəştlərdən yararlanmaq istəməmişlər. Nəticədə Fərmanın icrası üçün nəzərdə tutulması müddəti başa çatmışdır. Belə olan halda, iddianın baxılmamış saxlanılması barədə qərardad ləğv olunmalı və işə ümumi qaydada baxılmalıdır. Şikayətdə iş üzrə məhkəmə qərardadının ləğv edilərək, iş üzrə icraat təzələnməsi xahiş edilmişdir. Məhkəmə iclasında cavabdeh Borclu1 şikayətin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qərardadının dəyişdirilmədən, şikayətin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. İddiaçı “AtaBank” açıq səhmdar cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və cavabdeh Borclu2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, iddiaçı nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, cavabdeh isə məhkəmə iclasına gəlmədiyindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: İşdən görünür ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 259.0.12-ci maddəsinə əsasən baxılmamış saxlanılmış mülki işin təzələnməsinin mümkün olmamasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslı olmaqla, işə əlavə edilmiş sənədlərə tam uyğundur. İşdən görünür ki, iddiaçı “AtaBank” açıq səhmdar cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ərizəsi ilə məhkəməyə müraciət edərək Sumqayıt Şəhər Məhkəməsinin 14 iyul 2019-cu il tarixli, 2(060)-4076/2019 saylı qərardadının ləğv olunması və iş üzrə icraatın təzələnməsini xahiş etmişdir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının icrası ilə bağlı Azərbaycan Respublikası MPM-nin 259.0.12-ci maddəsinə əsaslanaraq iddia ərizəsini baxılmamış saxlamışdır. Azərbaycan Respublikası MPM-nin 260.5-ci maddəsinə əsasən məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, bu Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə görə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, həmin Məcəllənin 259.0.7-ci maddəsinə əsasən isə işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Hazırki iş üzrə iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin 259.0.6 və 259.0.7-ci maddələrində nəzərdə tutulan əsaslarla deyil, Azərbaycan Respublikası MPM-nin 259.0.12-ci maddəsində nəzərdə tutulan əsasla baxılmamış saxlanılmışdır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası iddiaçının şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası sadalanan halları, şikayətdə göstərilən dəlilləri araşdırıb hesab edir ki, iş üzrə məhkəmə qərardadı qanuni və əsaslı olduğundan və qərardadın apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 397, 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı ləğv prosesində olan “AtaBank” açıq səhmdar cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 27 iyul 2021-ci il tarixli, 2(060)-4076/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar