Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-335/2021 13.08.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Məmmədov Fuad Əli oğlu (sədrlik edən və məruzəçi), Əsgərova Ruhiyyə Orucəli qızı və Rzayev Məhəmmədəli Əsəd oğlundan ibarət tərkibdə, Tahirova Lətafət Almazxan qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 və Cavabdeh iştirakları ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı daşınar əmlaka vurulmuş zərərə görə pul tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-571/2020 saylı, 10 mart 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin 2(012)-571/2020 saylı, 10 mart 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh 20000 ABŞ dollarının iddia ərizəsinin məhkəməyə verildiyi 05 dekabr 2019-cu il tarixə olan məzənnəsi ilə 1 ABŞ dolları 1.7000 manat olmaqla, cəmi 34000 manat məbləğində pulun "xxxx" MMC-nin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim Cəmilə Səfiyeva) Qətnamədən Cavabdeh apelyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı daşınar əmlaka vurulmuş zərərə görə pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin təqsiri üzündən avtomaşınlara vurulmuş 60000 manat maddi zərərin birdəfəlik olmaqla cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin 09.06.2017-ci il tarixli, 2(012)-3888/2017 saylı qətnaməsinin avtomaşınların və yarımqoşquların qaytarılması hissəsi 2 ildir ki, qanuni qüvvəyə minməsinə baxmayaraq cavabdeh Cavabdeh Turan Yurdakalanla razılığa gələrək avtomaşının biri sonuncunun, ikisi isə Turan Yurdakalana verməklə istsmar ediblər, pul qazanmışlar. "xxxx" MMC-yə məxsus avtomaşınları dağıdıb yararsız vəziyyətə salaraq vaxtlı-vaxtında texniki xidmət göstərməmişlər. Cavabdeh qaynı X2 ilə şirkətə gəlmiş, Cavabdeh maşınların təmir edilərək ona verilməsini, o isə iş taparaq borcunu qaytaracağanı təklif etmişdir. "xxxx" MMC-yə məxsus avtomaşınlar T.P.Abdullayevin hərəkətlərinə görə yararsız vəziyyətə düşmüşdür. Cavabdeh avtomaşınları təmir etdirmək adı ilə 20000 ABŞ dolları cəmiyyətdən borca pul almış, Trabzona təmir etdirmək adı ilə aparmış, 2 il yenə avtomaşınları istismar etmiş və qarşılığında pul ödəməmişdir. Avtomaşınların alınması üçün sərf olunan 80000 avro demək olar ki, puç olub getdi. Həmin pulların bugünkü məzənnə ilə dəyəri 151000 manatdan çox edir. Bunlardan əlavə, 20000 manat Turana təkərlər üçün verilən pulları və 20000 ABŞ dolları Yusifə verilən pulları mənimsəmişlər. Beləliklə, Allahverdiyev Yusif ümumilikdə "xxxx" MMC-yə 60000 manat zərər vurmuşdur. Hər 2 avtomaşın tam saz vəziyyətdə 22.06.2016-ci il tarixli akta əsasən təhvil verilməsinə baxmayaraq Cavabdeh qəsdən dövlət dayanacağında nəzarətdə altında olan avtomaşınların beyin hissələrini və digər hissələrini tam yararsız vəziyyətə gətirmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, 31.06.2012-ci il tarixdə "xxxx" MMC-yə hələ gəlməmiş 3 ədəd “Mersedes-Benz Axor 1836” markalı avtomaşınları lizinq yolu ilə almaq üçün 29111 manat pul ödəmişdir. Bundan 3 ay sonra həmin avtomaşınlar gömrükdən keçməklə Azərbaycan Respublikasına gətirilmişdir. "xxxx" MMC şifahi öhdəliyə əməl etməmiş, onunla müqavilə bağlamaqdan imtina etmişdir. 2014-cü ilin oktyabr ayında təkrar ofisə dəvət olunmuş, danışıqlarını davam etdirmişlər və məlum olmuşdur ki, həmin avtomaşınlar yararsız haldadır. O, danışıqlardan imtina etmişdir. Belə olan halda şirkətin təsisçisi olan Axmed Hayatoğlu öz vətəni olan Türkiyə Repsublikasından avtomaşınların təmirini təşkil etməyi öz üzərinə götürmüşdür. O, sürücü ilə maşınları Türkiyə Respublikasına aparıb gətirməyi öhdəsinə götürmüşdür. “Mersedes-Benz Axor 1836” markalı H024106 və H024107 nömrəli avtomaşınları Türkiyə Respublikasının Trabzon şəhərində təmir etdirmiş və şirkətin göstərişi ilə Sumqayıt alüminium zavodunun dayanacağına yerləşdirmişdir. Çünki idarə İçərişəhərdə olduğundan idarənin həyətində saxlamaq üçün şəriat olmayıb və şirkətin icraçı direktoru Nəbiyeva Səbinə həmin maşınlardan birini onun razılığı olmadan anası Məmmədova Ruqiyyənin adına özəlləşdirərək satmış və özgəninkiləşdirmişdir. Beləliklə o, onun avtomaşınlara olan hüquqlarını tanımamışdır. Hansı ki, o, ilkin ödəniş etmiş və təmirini təşkil etmişdir. Bundan sonra "xxxx" MMC onu məhkəməyə verərək 11.06.2016-cı il tarixində həmin avtomaşınlara onun səlahiyyətlərinin tanınmaması haqqında Abşeron Rayon Məhkəməsində qərardad çıxartdırıb, digər maşınları ona məlum olmayan cərimə meydançasına yerləşdirmişlər. Bu vaxtı tərtib olunan məhkəmə icraçıları ilə "xxxx" MMC-nin aktından görünür ki, avtomaşında heç bir çatışmazlıq aşkar edilməmiş, sadəcə olaraq mühərriki işə sala bilməmişdirlər. Əgər lazım bilsəydilər avtomaşınların işə salınmasında yardımçı olardı. Çünki onu həmin şirkətə bağlayan səbəb var idi. Artıq 22.06.2016-cı il tarixindən avtomaşınlar dövlət nəzarətində olan cərimə meydançasındadır, onun sahiblik hüququ yoxdur və Nəbiyeva Səbinənin 102 xidmətinə, digər hüquq mühafizə orqanlarına şikayətindən bəlli olur ki, avtomaşınlar tamamilə onun nəzarətindədir. 3 ildən artıq müddət keçdikdən sonra onu məhkəməyə verməsi absurddur. Hansı ki, mübahisələri Ali Məhkəmənin qərarı ilə icra prosesindədir. İki avtomobilin təmirini "xxxx" MMC-nin sövdələşməsi əsasında onların müəyyənləşdirdiyini və onun vasitəsilə ödənildiyi haqqında sənədlərin surətini onlara və təkrar 2(012)-3888/2017 saylı işə əlavə etmişdir. Bu şirkətlə heç bir müqavilə bağlamamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apelyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X3 apelyasiya şikayətinin təmin edilmədən birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apelyasiya şikayətlərinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməlidir. Birinci instansiya məhkəməsi qətnaməsində göstərmişdir ki, işin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilir ki, iddiaçının kommersiya fəaliyyəti ilə məşğul olmaqla əsas fəaliyyəti müxtəlif növ nəqliyyyat vastələrinin satışı, icarəyə verilməsi, yüklərin daşınması və digər xidmətlərin göstərilməsindən ibarətdir. İddiaçı şifahi razılaşma əsasında mülkiyyətində olan H024108 dövlət qeydiyyat nişanlı “Mercedes Benz 1836 AXOR” yük markalı, H024107 dövlət qeydiyyat nişanlı “Mercedes Benz 1836 AXOR” yük markalı, **- HZ-*** dövlət qeydiyyat nişanlı “Meiller” yarım qoşqu markalı, **-HZ-*** dövlət qeydiyyat nişanlı “Meiller” yarım qoşqu markalı avtomobilləri Cavabdeh istifadəsinə vermiş, sonuncu avtomobilləri digər şəxslərin icarəsinə verməklə razılaşdırılmış haqqı ödəməyi öhdəsinə götürmüşdür. Bununla bağlı tərəflər arasında məhkəmə mübahisəsi yaranmış və yuxarıda qeyd edilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Həmin məhkəmə qətnamələrindən göründüyü kimi iddiaçının cavabdeh Yusif Allahverdiyə qarşı iddia tələbləri avtomobillərin icarəsinə görə ödənməmiş hesab etdiyi 70000 manat icarə haqqı və 15000 manat ziyan tələbi olmuşdur. Hazırkı iddia ərizəsinin məzmunundan göründüyü kimi iddiaçının cavabdehdən tələb etdiyi 60000 manat pulun 20000 manat hissəsi təkərlər üçün Turana verilən pullardır, 20000 ABŞ dolları isə avtomobillərin təmiri üçün cavabdehə verilən pulun iddia ərizəsi məhkəməyə verilən vaxta məzənnəsi ilə borc pul tələbidir. İddia tələbinin 20000 ABŞ dolları borc tələbinə dair hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, mülki işin materiallarında olan 05.11.2014-cü il tarixli mədaxil qəbzində 10000 ABŞ dolları, 27.11.2014-cü il tarixli mədaxil qəbzində 5000 ABŞ dolları, 28.11.2014cü il tarixli mədaxil qəbzində 5700 ABŞ dolları Cavabdeh avtomaşınların təmiri üçün vəsaitlər ödənildiyi görünür. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında həmin avtomaşınların təmirinə görə ona verilən pulları istismar prosesində avtomaşınların dəyərinin hesabından iddiaçıya qaytarmalı olmasını, tərəflər arasında münasibətlər pozulduğundan avtomaşınları təmir etdirsə də, onlardan istifadə olunmadı kimi verdiyi izahatına hüquqi qiymət verərək məhkəmə qeyd etmişdir ki, avtomobillərin təmirinə görə cəmi 20700 ABŞ dolları məbləğində pulun 2014-cü ilin noyabr ayında cavabdehə verilməsi artıq sübutdur. Lakin həmin pulların avtomobillərin təmirinə xərclənməsini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Birinci instansiya məhkəməsi göstərilənlərə əsasən iddia tələbini qismən təmin etmiş, gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1, 385.1, 442, 448.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərkən işin bütün faktiki hallarını araşdırmamışdır. Belə ki, birinci instansiya məhkəməsi tərəflər arasında borc münasibətlərinin olduğuna istinad etsə də, hazırkı işin hallarından tərəflər arasında borc münasibətlərinin və ya hər hansı öhdəliyin olması müəyyən olunmur. Mülki işin materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-3888/2017 saylı 09 iyun 2017-ci il tarixli qətnaməsinin surətindən gğrünür ki, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" MMC Cavabdeh qarşı “borcun və maddi ziyanın ödənilməsi, avtomobillərin geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh razılaşmaya əsasən 70000 manat icarə haqqı və dəymiş zərər 15000 manatın alınaraq iddiaçı "xxxx" MMC şirkətinə ödənilməsi, "xxxx" MMC-yə məxsus H024108 dövlət qeydiyyat nişanlı “Mercedes Benz 1836 AXOR” yük markalı, H024107 dövlət qeydiyyat nişanlı “Mercedes Benz 1836 AXOR” yük markalı, **-HZ-*** dövlət qeydiyyat nişanlı “Meiller” yarım qoşqu markalı, **-HZ-*** dövlət qeydiyyat nişanlı, “Meiller” yarım qoşqu markalı avtomobillərin cavabdehdən alınaraq iddiaçıya qaytarılması, 30 manat dövlət rüsmunun, iddiaçının öz hüquqlarının müdafiəsi üçün çəkdiyi 2000 manatın Cavabdeh alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" MMC-yə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi, avtomobillərin geri qaytarılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" MMC-dən 68700 manat məbləğində maddi ziyanın, 50000 manat mənəvi ziyanın ödənilməsi, avtomobillərin “Mercedes Benz 1836 AXOR” yük markalı AZ **-TZ-*** dövlət qeydiyyat nişanlı (köhnə dövlət qeydiyyat nişanlı H 024106) və “Meiller” yarım qoşqu markalı, AZ **-ZB-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz 1836 AXOR” yük markalı, H024108 dövlət qeydiyyat nişanlı, “Mercedes Benz 1836 AXOR” yük markalı, H024107 dövlət qeydiyyat nişanlı və dövlət qeydiyyat nişanlı marka “Meiller” yarım qoşqu avtomobillərin və 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qeyd edilən qətnaməsi ilə ilk iddia qismən təmin edilərək, H024108 dövlət qeydiyyat nişanlı, “Mercedes Benz 1836 AXOR” yük markalı, H024107 dövlət qeydiyyat nişanlı, “Mercedes Benz 1836 AXOR” yük markalı, **-HZ-*** dövlət qeydiyyat nişanlı, “Meiller” yarım qoşqu markalı, **-HZ-*** dövlət qeydiyyat nişanlı, “Meiller” yarım qoşqu markalı avtomobillərin Cavabdeh alınaraq "xxxx" MMC-yə təhvil verilməsi, 10 (on) manat dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-yə verilməsi, ilk iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh "xxxx" MMC-yə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi, avtomobillərin geri qaytarılması” tələbinə dair qarşılıqlı iddiasının rədd edilməsi qət edilmişdir. Həmin iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin 15 mart 2019-cu il tyarixli qətnaməsinə əsasən cavabdeh-qarşılıqlı iddiaçı Yusif Allahverdiyevin apelyasiya şikayəti təmin edilməmiş Abşeron Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi Cavabdeh "xxxx" MMC-yə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi, avtomobillərin geri qaytarılması” tələbinə dair qarşılıqlı iddiasının rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. Həmin iş üzrə Ali Məhkəmənin 26 sentyabr 2019-cu il tarixli 2(02)-6111/2019 saylı qərarı ilə Cavabdeh kassasiya şikayəti təmin edilərək, Sumqayıt Apelyasiya Məhkəməsinin 15 mart 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək, qarşılıqlı iddia qismən təmin edilmiş, "xxxx" MMC-dən 32.111 manat məbləğində pul vəsaitinin alınaraq Allahverdiyev Yusif Vəli oğluna verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-6111/2019 saylı, 26 sentyabr 2019-cu il tarixli qərarında göstərilmişdir ki, məhkəmə kollegiyası tərəflər arasındakı münasibətlərin mövcudluğuna və mahiyyətinə toxunmayaraq qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən həmin məsələ araşdırılmaqla qiymətləndirilmiş, tərəflər arasında hər hansı müqavilənin olmasının sübut edilmədiyi müəyyən edilmiş və ilk iddiaçının müqavilə üzrə öhdəliklərin icrası kimi tələb etdiyi məbləğin tutulması barədə tələbi rədd edilmişdir. Beləliklə, birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissədə mübahisələndirilməmiş, qətnamə həmin hissədə qüvvəyə minmişdir. İş materiallarında olan Sumqayıt şəhər Pİ-nin 4-cü PB-nin təhqiqatçısı Kamil Hüseynovun “cinayət işinin başlanmasının rədd edilməsi barədə” 03.02.2018-ci il tarixli qərarının surətindən görünür ki, 24.01.2018-ci il tarixdə saat 15:36-da ünvan 1 ünvanında yaşayan X4 Azərbaycan Respublikası DİN-in 102 xidməti zəng mərkəzi sisteminə müraciət edərək sahibi olduğu “İddiaçı” şirkətinə məxsus “Mercedes-Benz” markalı H-024-106 dövlət qeydiyyat nişanlı və H-024-107 dövlət qeydiyyat nişanlı avtomaşınların 17.01.2018-ci il tarixdə Sumqayıt şəhər Pİ-nin DYPŞ-nin müvəqqəti dayanacağından qaçırılmasını bildirmişdir. Qərardan həmçinin görünür ki, S.Nəbiyevanın ərizəsində qeyd etdiyi oğurluq faktı öz təsdiqini tapmadığı üçün, digər məsələlər ilə bağlı Abşeron Rayon Məhkəməsinin qüvvədə olan ləğv edilməmiş qərarı olduğuna görə və bu barədə Sumqayıt Appelyasiya Məhkəməsində mülki qaydada araşdırma həyata keçirildiyi üçün sonuncunun müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İş materiallarında olan (səh.216-218) 05.11.2014-cü il, 27.11.2014-cü il, 28.11.2014-cü il tarixli mədaxil qəbzlərindən müəyyən edilir ki, Səbinə Nəbiyeva “Mersedes-Benz Axor” markalı avtomobillərin təmiri üçün Cavabdeh ümumilikdə 20700 ABŞ dolları məbləğində pul vermişdir. İş materiallarından görünür ki, cavabdeh 05.11.2014-cü il tarixli, 27.11.2014-cü il tarixli və 28.11.2014-cü il tarixli mədaxil qəbzlərindəki imzaların ona məxsus olmadığını göstərərək iş üzrə ekspertiza keçirilməsini tələb etmiş və məhkəmənin 05.03.2021-ci il tarixli qərardadı ilə vəsatət təmin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 4/848 nömrəli, 14 iyul 2021-ci il tarixli rəyindən görünür ki, mülki işin 216-218-ci vərəqələrində olan 05.11.2014-cü il tarixli, 27.11.2014-cü il tarixli və 28.11.2014-cü il tarixli mədaxil qəbzlərində “Kimə” qrafasında “Cavabdeh” yazılarının qarşısındakı imzalar – Cavabdeh tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş mülki işin 216-218-ci vərəqələrində olan 05.11.2014-cü il tarixli, 27.11.2014-cü il tarixli və 28.11.2014-cü il tarixli mədaxil qəbzlərində “Kimə” qrafasında “Cavabdeh” yazılarının qarşısındakı imzalarda imzaların qəsdən dəyişdirilməklə icra olunma əlamətləri müşahidə olunmadı. Göründüyü kimi, Cavabdeh iddiaçı MMC-nin direktoru Səbinə Nəbiyeva tərəfindən avtomobillərin təmiri üçün pul vəsaiti verilməsi öz təsdiqini tapır. Lakin, tərəflər arasında borc müqaviləsindən irəli gələn hər hansı öhdəliyin mövcud olduğu müəyyən edilmir. Belə ki, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. (Mülki Məcəllənin 739.1-ci maddəsi) Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı MMC-nin yuxarıda adı çəkilən qəbzlər əsasında cavabdehə verdiyi pul vəsaiti onun tapşırığının həyata keçirilməsi, yəni mülkiyyətindəki avtomobillərin təmiri üçün verilmişdir. Belə ki, hər üç qəbzin üzərində-27.11.2014-cü il tarixli və 28.11.2014-cü il tarixli mədaxil qəbzləri ilə verilmiş pul vəsaitinin “Mersedes Axor” H024107 nömrəli avtomobilin təmiri üçün, 05.11.2014-cü il tarixli qəbzdə isə pul vəsaitinin “Mersedes Axor”-un təmiri üçün verildiyinə dair açıqlama qeyd olunmuşdur. İş materiallarında olan (səh.35 və 42) 28.11.2014-cü il tarixli və 05.12.2014-cü il tarixli fakturalardan görünür ki, “Mersedes-Benz Axor 1836” markalı H024106 və H024107 nömrəli avtomaşınlar Türkiyə Respublikasında təmir edilmiş, təmir üçün müvafiq olaraq 19500,11 və 26240,89 türk lirəsi ödəniş edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, avtomobillərin təmiri üçün iddiaçı tərəfindən ödənilmiş pul vəsaiti ilə cavabdehin təqdim etdiyi fakturalarda türk lirəsi ilə göstərilən məbləğlər həmin vaxt ABŞ dollarının məzənnəsi ilə hesablandıqda uyğunluq təşkil edir. Həmçinin, mövcud iddia ərizəsindən də görünür ki, iddiaçı ərizədə maşınların Türkiyənin Trabzon şəhərinə təmir üçün aparıldığını və bundan sonra maşınların 2 il yenidən istismar edildiyini göstərmişdir. Digər tərəfdən, iş materiallarında olan tərəflər arasında əvvəllər mövcud olmuş yuxarıda adı çəkilən mübahisəyə dair iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin 15.03.2019-cu il tarixli qətnaməsinin surətindən (səh. 68) görünür ki, iddiaçı ərizəsini əsaslandırarkən eyni zamanda-cavabdehin maşınların təmirə ehtiyacının olduğunu bildirərək MMC-dən qaytarmaq şərtilə 20.700 ABŞ dolları məbləğində pul aldığını, maşınlar təmirdən qayıtdıqdan sonra işləsə də, cavabdehin qeyd edilən pulu qaytarmadığını göstərmişdir. Mülki Məcəllənin 777.1-ci maddəsinə əsasən, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 777.2-ci maddəsinə əsasən, tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Həmin Məcəllənin 779-cu maddəsinə əsasən, 779.1. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. 779.2. Vəkalət alanın məsuliyyət daşıdığı vicdanlılıq dərəcəsi aşağıdakılar nəzərə alınmaqla tapşırığın növü ilə müəyyənləşdirilir: 779.2.1. peşə fəaliyyəti ilə bağlı risk və tapşırığın həyata keçirilməsi üçün zəruri olan xüsusi biliklər; 779.2.2. vəkalət verənin bildiyi və ya bilməli olduğu, vəkalət alanın qabiliyyəti və keyfiyyətləri. Bundan başqa, iddiaçı avtomaşınların cavabdehə icarəyə verildiyini bildirir. Bu hal iş materialları ilə öz təsdiqini tapmasa da, məhkəmə kollegiyası nəzərə çatdırır ki, kirayəçi kirayəyə götürdüyü əşyanın müqavilə üzrə istifadəsi nəticəsində dəyişməsi və ya pisləşməsi üçün məsuliyyət daşımır. (Mülki Məcəllənin 682-ci maddəsi) Göründüyü kimi, göstərilən pul məbləğinin cavabdehə avtomaşınların təmiri üçün verilməsi və avtomaşınların təmir edilməsi işin araşdırılmış halları ilə öz təsdiqini tapır. Odur ki, iddiaçının sahibi olduğu avtomobillərin təmir edilməsi üçün cavabdehə verdiyi həmin pul vəsaitini geri tələb etməsi əsassızdır və həmin tələb təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 2(012)-571/2020 saylı 10 mart 2020-ci il tarixli qətnaməsi qismən-Cavabdeh 20000 ABŞ dollarının iddia ərizəsinin məhkəməyə verildiyi 05 dekabr 2019-cu il tarixə olan məzənnəsi ilə 1 ABŞ dolları 1.7000 manat olmaqla, cəmi 34000 manat məbləğində pulun "xxxx" MMC-nin xeyrinə tutulması hissəsində ləğv edilməli, bu hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, həmin hissədə iddia tələbi təmin edilməməli, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 117.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. İş materiallarından görünür ki, iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası cavabdehin vəsatəti əsasında təyin edilmişdir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizası tədqiqatının dəyəri - 138 (bir yüz otuz səkkiz) manat Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-in 382, 384.0.2, 392, 393 və 402-ci maddələrini rəhbər tuturaq məhkəmə kollegiyası QƏT ETDİ: Apelyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-571/2020 saylı, 10 mart 2020-ci il tarixli qətnaməsi qismən-Cavabdeh 20000 ABŞ dollarının iddia ərizəsinin məhkəməyə verildiyi 05 dekabr 2019-cu il tarixə olan məzənnəsi ilə 1 ABŞ dolları 1.7000 manat olmaqla, cəmi 34000 manat məbləğində pulun "xxxx" MMC-nin xeyrinə tutulması hissəsində ləğv edilsin və bu hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. Həmin hissədə iddia tələbi təmin edilməsin. Qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizası tədqiqatının dəyəri - 138 (bir yüz otuz səkkiz) manat Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-335/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-335/2021
13.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver