Məhkəmə qərarları › İş №2(105)-337/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-337/2022

12.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-337/2022 12.01.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi, iddiaçının hüquqi varisinin nümayəndəsi Vəkil2, Cavabdeh2, cavabdehin nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 03 mart 2020-ci il tarixli, 2(060)-571/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 03 mart 2020-ci il tarixli qətnaməsi ilə (hakim G.C.Tanrıverdiyeva) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddianın təmin edilməməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər G.F.Tağızadə sədrlik edən, məruzəçi, L.M.Məmmədova və T.O.Quliyev) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 03 mart 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi mülki kollegiyasının 07 sentyabr 2021-ci il tarixli qərarı ilə (hakimlər Ə.Əhmədov (sədrlik edən və məruzəçi), V.Həsənov və İ.Şəfiyev) İddiaçı prosessual hüquq varisi Novruzova Nazilə Təvəkkül qızının kassasiya şikayətinin təmin edilməsi, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 mart 2021-ci il tarixli, 2(105)-688/2021 saylı qətnaməsinin ləğv edilməsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 onun xeyrinə 11.850 manat məbləğində pulun və ödədiyi 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh1 həmin mənzili 11.850 manata ona satmaga və həmin evin onun adına sənədləşdirilməsinə kömək etməyə razılaşmışdır. Buna görə də o, X1 iştirakı ilə Cavabdeh1 1000 manat, 2 gün sonra isə N.K.Bünyadov və V.Musayevin iştirakı ilə Ziyadxanın atası Cavabdeh2 10850 manat pul vermişdir. Lakin evə köçəndən sonra MİSdən ona aldadıldığı və evi boşaltmalı olduğu, həmin evi satmagın mümkün olmadıgı bildirmişdir. Sonradan Sumqayıt şəhər Məhkəməsinin qərarı ilə o, həmin mənzildən çıxarılmış və buna görə də onu aldadaraq 11850 manatını mənimsəmiş, Cavabdeh1 Sumqayıt Hərbi Prokurorluguna şikayət etmişdir. Sumqayıt Hərbi Prokurorlugunda aparılan araşdırma zamanı da Cavabdeh1 atası Cavabdeh2 ilə birlikdə ondan 11.850 manat aldığını etiraf etmişdir. Sumqayıt Hərbi Prokurorluğunun araşdırma ilə bağlı ona göndərdiyi məktubunu ərizəsinə əlavə etmişdir. Cavabdeh bu günədək onun pulunu qaytarmadıgına görə iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin 03 mart 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla çıxarılmışdır. Məhkəmə sübutlara düzgün qiymət verməmiş, tərəflərin qarşılıqlı münasibətləri üzrə yanlış hüquqi nəticəyə gəlmişdir. Tərəflər arasında münasibətin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinin tələblərini nəzərə almamışdır. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının hüquqi varisinin nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh2 apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh2 nümayəndəsi Vəkil1 apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində onun əvvəllər istintaq zamanı da dindirildiyini və onda da indi də bildirmək istəyir ki, 2018-ci ilin yanvar ayının əvvəllərində İddiaçı onun yanında mübahisəli mənzilə görə Cavabdeh1 1.000 manat beh kimi vermiş, 26 yanvar 2018-ci il tarixdə isə İddiaçı həmin mənzildə mənzili ona təhvil verməsi üçün Vüqar Musayevin və Cavabdeh1 15 yaşlı oğlunun yanında onun atası hazırkı iş üzrə Cavabdeh2 10.850 manat pul vermişdir. Bütün bunlara o, özü şahidlik etmişdir. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə Cavabdeh1 məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatlarını, şahid ifadəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 03 mart 2020-ci il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbinin təmin edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsini iddiaçının cavabdehlərə pul verməsinin iş materialları ilə öz təsdiqini tapmaması əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticədən narazı qalan iddiaçı apellyasiya şikayəti vermiş, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlanılması barədə qətnamə qəbul etmişdir. Bu nəticədən narazı qalan iddiaçı qətnamədən kassasiya şikayəti vermiş və işə kassasiya qaydasında baxan kassasiya instansiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qətnaməni ləğv edərək, işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması qərara alarkən iddiaçının tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə təqdim etdiyi çoxsaylı müraciətlərini, şikayət ərizələrini, o cümlədən işdə iştirak edən şəxslərin izahatlarını, habelə istintaq orqanında dindirilmiş Natiq Bunyadov və Vüqar Musayevin ifadələrini iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlayıb qiymətləndirmədiyini, mübahisəli mənzil xidməti mənzil fonduna aid olduğundan cavabdehlərin istəsələr də belə həmin mənzili mərhum İddiaçı sata bilməməklərini araşdırmadığını, tərəflərin təqdim etdikləri və iş üzrə toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməsini, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, kassasiya instansiya məhkəməsi qərarında şərh edilən məcburi göstərişin tam, hərtərəfli və obyektiv araşdırılmaqla birinci instansiya məhkəmənin qəbul etdiyi qətnamənin qanuniliyi və əsaslılığı məsələsinə apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla iddia tələbi üzrə hüquqi dəyərləndirmə aparmaqla, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk növbədə qeyd olunmalıdır ki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. Yalnız bundan sonra məhkəmə tərəflər arasında mübahisəli hallarla bağlı sübutetmə yükünü müəyyən etməli və MPM-nin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Hazırkı iş üzrə iddia tələbi pulun geri qaytarılması barədədir. İşin mübahisə olunmayan halı ondan ibarətdir ki, İddiaçı 12 may 1976-cı il tarixdə doğulub və ailəli olmaqla iki övladı var. 30 oktyabr 1994-cü il tarixdə o, Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmətə qəbul edilib və 14 may 2011-ci ildən 18 iyul 2018-ci il tarixədək H.Z.Tağıyev qəsəbəsində yerləşən N saylı hərbi hissədə şəxsi heyət üzrə bölmənin psixoloqu, həmin tarixdən isə N saylı hərbi hissənin 2-ci tabor komandirinin şəxsi heyət üzrə müavini vəzifələrində xidmət edib və 14 iyul 2020-ci il tarixdə Tovuz rayonu istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. İşin mübahisə olunmayan digər halı isə ondan ibarətdir ki, Sumqayıt Şəhər Məhkəməsinin 22 iyul 2018-ci il tarixli qətnaməsi ilə Müdafiə Nazirliyinin Hacı Zeynalabdin Mənzil İstismar Hissəsinin İddiaçı qarşı “xidməti mənzildən çıxarılma” barədə iddiası təmin edilərək, İddiaçı Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, F.Qayıbov küçəsi, 19 saylı evin 14 saylı xidməti mənzilindən çıxarılması qət edilmişdir. Baxılan iş üzrə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 439.4., 1092.1-ci maddələri təşkil edir. İşdən göründüyü kimi iddiaçı mübahisəli mənzili satın almaq və həmin mənzilə qeydiyyata düşmək üçün cavabdehlərə iki dəfəyə cəmi 11.850 manat pul verdiyini, cavabdehlərə iki dəfəyə cəmi 11.850 manat pul verdiyini, cavabdehlər isə Mənzil İstismar Hissəsinin rəhbərliyinin razılığı ilə mənzili öz adına sənədləşdirdikdən sonra mənzilə çəkdiyi 7000 manat təmir xərclərini ödəmək şərti ilə 26 yanvar 2018-ci il tarixdə mənzili içərisində olan əşyaları ilə birlikdə İddiaçı təhvil verdiyini, lakin ondan pul almadıqlarını bildirmişdir. İş materiallarına əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardakı şahid ifadələrindən görünür ki, istintaq zamanı izahatı alınmış Natiq Bünyadov İddiaçıla 2018-ci ilin yanvar ayının əvvəllərində Sumqayıt şəhərindən Bakı şəhəri istiqamətində çıxacağında, İddiaçı “VAZ-2107” markalı avtomobilin içərisində Cavabdeh1 mübahisəli mənzilin ona təhvil verilməsi üçün beh olaraq 1000 manat, eləcə də 26 yanvar 2018-ci il tarixdə axşam radələrində İddiaçı eyni məqsədlə onun və Vüqar Musayevin yanında Cavabdeh1 atası Cavabdeh2 50 və 100 manatlıq əskinazlarla 10.850 manat pul verdiyini təsdiq etmişdir. Həmçinin istintaq zamanı izahatı alınmış X3 da 26 yanvar 2018-ci il tarixdə, axşam ailəvi dostu Cavabdeh1 atası Cavabdeh2, bir qədər sonra Cavabdeh1 onun mobil telefonuna zəng vurub yaşadıqları H.Z.Tağıyev qəsəbəsi, F.Qayıbov küçəsi 19, 41 saylı mənzilə dəvət etdiklərini, Cavabdeh2 evi İddiaçı adlı zabitə təhvil verib gedəcəkləri barədə bildirdiklərini, bu vaxt Anarın sonradan tanıdığı Natiq Bunyadovla birlikdə həmin evə gəldiklərini, daha sonra 50 və 100 manatlıq əskinazlarla İddiaçı onun və N.Bunyadovun yanında Cavabdeh2 pul verdiyini, sonuncunun da pulu sayaraq götürdüyünü təsdiq etmişdir. Qeyd olunan şahidlər məhkəmə kollegiyasının iclasına dəvət olunsalar da, V.Musayev məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin məhkəmə kollegiyasının iclasında dindirilən şahid Natiq Bunyadov istintaq zamanı verdiyi izahatına oxşar izahat verərək bir daha mənzillə bağlı iddiaçının cavabdehlərə 11.850 manat verdiyini təsdiq etmişdir. Göründüyü kimi mənzilə görə pul verilməsində iştirak etmiş hər iki şəxs istər N.Bunyadov, istərsə də V.Musayev tərəflərin razılaşmalarına görə İddiaçı tərəfindən cavabdehlərə pul vəsaitinin verilməsi öz təsdiqini tapmışdır. Odur ki, məhkəmə kollegiyası cavabdehlərin sözügedən mənzili iddiaçıya əşyaları ilə birlikdə əvəzsiz olaraq verməsi barədə izahatlarını inandırıcı hesab etmir. Mülki Məcəllənin 439.4. maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır (Mülki Məcəllənin 1091.1., 1092.1. maddələri). Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 03 mart 2020-ci il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbinin təmin edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 03 mart 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 11.850 (on bir min səkkiz yüz əlli) manat məbləğində pul və ödədiyi 30 manat dövlət rüsumu tutularaq iddiaçının hüquqi varisi Novruzova Nazilə Təvəkkül qızına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar