Məhkəmə qərarları › İş №2(105)-338/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-338/2021

16.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-338/2021 16.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Zümrüd Ruslan qızının katibliyi, Cavabdeh, onun vəkili X2 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Avtomobil Təsərrüfatının Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 2(027)-1405/2020 saylı, 07 avqust 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Quba Rayon Məhkəməsinin 2(027)-1405/2020 saylı, 07 avqust 2020-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi təmin edilərək, Cavabdeh 32038,63 manat məbləğində pulun tutularaq DİN-nin Avtomobil Təsərrüfatının xeyrinə ödənilməsi qət edilmişdir. (hakim R.Həsənov) Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, real zərərin müəyyən edilərək iddianın qismən təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Avtomobil Təsərrüfatı məhəkəməyə iddia ərizəsi ilə müraciət edərək, DİN-nin Avtomobil Təsərrüfatının balansında olan “Mersedes Benz” markalı, **-YP-*** dövlət qeydiyyat nişanlı patrul avtomobilinə dəymiş 32038,68 manat məbbləğində maddi ziyanın Cavabdeh alınıb DİN-nin Avtomobil Təsərrüfatı nəfinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, DİN-nin Maddi-Texniki Təminat Baş İdarəsinə bilavəsitə tabe olan Avtomobil Təsərrüfatının balasında olan və BDYPİ-nin xidməti istifadəsinə verilmiş “Mersedes Benz” markalı, **-YP-*** dövlət qeydiyyat nişanlı patrul avtomobili xidmətdə olarkən Bakı-Quba magistral yolunda vətəndaş Cavabdeh idarə etdiyi “Mercedes” markalı, **-GX-*** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş və anlaqsız vəziyyətdə idarə edərkən patrul avtomobilinə arxadan çırpılmış, nəticədə dövlət əmlakına 32038,63 manat məbləğində maddi ziyan vurulmudur. Göstərilənlərə əsasən vurulmuş ziyan ödənilməli, iddia təmin olunmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə iclasında iddiaçı tərəf iştirak etmədiyi halda, hakim iddia ərizəsini baxılmamış saxlamaq əvəzinə, işə mahiyyəti üzrə baxaraq qətnamə qəbul etmişdir. Bundan başqa, tutulmuş məbləğ real zərərin həcmini əks etdirmir və şişirdilmişdir. Tələb olunan pul məbləği yeni avtomobilin yarı qiymətinə bərabərdir. Buna görə də qətnamə ləğv edilməli, real zərər müəyyən edilərək iddianın qismən təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh, nümayəndəsi və vəkli X5 apelyasiya şikayətini müdafiə edib və onun təmin edilməsini xahiş etdilər. Əlavə etdilər ki, ekspert rəyi ilə dəymiş ziyanın məbləği azaldılsa da, real zərər bu miqdarda da deyil. Bununla belə ekspert rəyi ilə razıdırlar. Məhkəmə kollegiyasının iştirak etdiyi iclasında iddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin vəkili və nümayəndəsi X3 şikayətlə razılaşmadı və onun rədd edilməsini xahiş etdi. Lakin ekspertiza rəyi alınandan sonra keçirilən sonuncu məhkəmə iclasında iddiaçının nümayəndəsi lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq səbəbələrini məhkəməyə bildirmədən iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır: İşdə olan 16.02.2020-ci il tarixli “sərxoşluq vəziyyətinin tibbi müayinəsi” barədə aktdan görünür ki, Cavabdeh baş vermiş yol-nəqliyyat hadisəsi zamanı sərxoş vəziyyətdə olmuşdur. Yenə işdə olan Cavabdeh izahatından görünür ki, o, 16 fevral 2020-ci il tarixdə, saat 20:00-da idarə etdiyi “Mercedes Benz 220” markalı, ** GX *** dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən idarə etməni itirmiş və “Mersedes-Benz” markalı, **-YP-*** dövlət qeydiyyat nişanlı yol patrulu avtomobilinə ziyan vurmuşdur. İş materiallarında olan “X4” MMC-nin 20 fevral 2020-ci il tarixli ziyan aktından görünür ki, “Mersedes-Benz” markalı, **-YP-*** dövlət qeydiyyat nişanlı yol patrulu avtomobilinə yol-nəqliyyat hadisəsi zamanı 32038,63 manat məbləğində ziyan dəymişdir. Yenə iş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin 17.05.2021-ci il tarixli, 9/2377 nömrəli rəyindən görünür ki, “X4” MMC-nin 20 fevral 2020-ci il tarixli ziyan aktındakı məlumatlar nəzərə alınmaqla, “Mersedes-Benz” markalı, **-YP-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərcləri, hadisə baş verən tarixə təxminən 26102 manat təşkil edir. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, cavabdehin apelyasiya şikayəti qismən təmin olunmalı, Quba Rayon Məhkəməsinin 2(027)-1405/2020 saylı, 07 avqust 2020-ci il tarixli qətnaməsi dəyişdirilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, DİN-nin Avtomobil Təsərrüfatının balasında olan və BDYPİ-nin xidməti istifadəsinə verilmiş “Mersedes Benz” markalı, **-YP-*** dövlət qeydiyyat nişanlı patrul avtomobili xidmətdə olarkən cavabdeh Bakı-Quba magistral yolunda “Mercedes Benz 220” markalı, ** GX *** dövlət nömrə nişanlı avtomobili sərxoş və anlaqsız vəziyyətdə idarə edərkən patrul avtomobilinə arxadan çırpılmış, nəticədə dövlət əmlakına maddi ziyan vurulmudur. Mübahisə ilə bağlı məhkəmə kollegiyasının hüquqi mövqeyi aşağıdakı normalara əsaslanır. Hər şeydən əvvəl, qeyd olunmalıdır ki, hazırki iş üzrə yol hərəkəti qaydalarının pozulması və bu hadisədə cavabdehin təqsirli olması işin mübahisəsiz halıdır. “Yol hərəkəti haqqında” AR Qanununun 81-ci maddəsinin tələblərinə görə bu Qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Yenə həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Yenə də həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Sadalanan maddi hüquq normalarına görə hazırkı iş üzrə zərərin ödənilməsi barədə iddianın təmin olunması üçün aşağıdakı əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. İş materialları ilə müəyyən edilmişdir ki, zərəri bilavasitə Cavabdeh törətmişdir və ziyan onun təqsirli hərəkəti nəticəsində dəymişdir. Bununla belə, işdən görünür ki, dəymiş zərərin miqdarı barədə tərəflər arasında mübahisə vardır. İş materiallarından həmçinin görünür ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən “X4” MMC-nin 20 fevral 2020-ci il tarixli qüsur aktına istinad etmişdir. Həmin ziyan aktından görünür ki, “Mersedes-Benz” markalı, **-YP-*** dövlət qeydiyyat nişanlı patrul avtomobilinə yol-nəqliyyat hadisəsi zamanı 32038,63 manat məbləğində ziyan dəymişdir. Hazırda cavabdeh tərəf həmin rəy əsasında qət edilmiş məbləği mübahisələndirir. Bu səbəbdən məhkəmə kollegiyasının 27.11.2020-ci il tarixli qərardadı ilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və müvafiq rəyin verilməsi üçün iş materialları Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 17.05.2021-ci il tarixli, 9/2377 nömrəli rəyindən görünür ki, “X4” MMC-nin 20 fevral 2020-ci il tarixli ziyan aktındakı məlumatlar nəzərə alınmaqla, “Mersedes-Benz” markalı, **-YP-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 26102 manat təşkil edir. Məhkəmə kollegiyası ekspert rəyi ilə razılaşır və hesab edir ki, delikt nəticəsində Cavabdeh tərəfindən iddiaçıya vurulan ziyanın məbləği məhz rəydəki kimi 26102 manat müəyyən edilməlidir. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin bir çox qərarlarında da (“Delcourt Belçikaya qarşı” iş üzrə 17.01.1970-ci il tarixli, “Piersack Belçikaya qarşı” iş üzrə 01.10.1982-ci il tarixli, “X7rşı” iş üzrə 26.10.1984-cü il tarixli qərarları) ifadə olunmuş mövqeyinə görə “ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, dəymiş zərərə görə cavabdehdən 26102 manat məbləğində pulun tutulması hər iki tərəfə münasibətdə ədalətlidir. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, mübahisə üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməli, dəymiş zərərin məbləği məlum ekspert rəyinə uyğun həddə, yəni 26102 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.3-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPMnin 119-cu maddəsinə əsasən apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid olunmalı, ekspertiza xərci olaraq hesablanmış 100 manat pul isə cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.3, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh apelyasiya şikayəti qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin 2(027)-1405/2020 saylı, 07 avqust 2020-ci il tarixli qətnaməsi dəyişdirlsin. Cavabdeh 26102 manat məbləğində pul tutularaq DİN-nin Avtomobil Təsərrüfatının xeyrinə ödənilsin. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 manat vəsait Cavabdeh tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin (Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab Az.41 NABZ******************** SWİFT BİK CTREAZ.22 Hesab AZ34CTRE********************) hesabına köçürülsün. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar