Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-3383/2021 05.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X1, İddiaçı iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin 10 avqust 2021-ci il tarixli, 2(060)-2245/2021 saylı qərardadından İddiaçı verdiyi şikayət üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin 10 avqust 2021-ci il tarixli, 2(060)-2245/2021 saylı qərardadı ilə (hakim E.A.Abdullayev) İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh1 Biləcəri filialına qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 29 mart 2021-ci tarixli, 2(060)-2245/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlərin iddiaçıya qaytarılması qərara alınmışdır. İddiaçı şikayəti verib, Sumqayıt Şəhər Məhkəməsinin 10 avqust 2021-ci il tarixli, 2(060)- 2245/2021 saylı qərardadının ləğv edilərək, iddia müddətinin bərpa edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 13 sentyabr 2021-ci il tarixli, 2(060)-2245/2021 saylı qərardadı ilə şikayət təmin edilməyərək, işlə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ: Sumqayıt Şəhər Məhkəməsinin 29 mart 2021-ci il tarixli, 2(060)-2245/2021 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh1 Biləcəri filialına qarşı pul tələbinə dair iddia təmin edilməmişdir. İddiaçı həmin qətnamədən apelyasiya şikayəti vermişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: İddiaçı verdiyi şikayəti onunla əsaslandırmışlar ki, Sumqayıt Şəhər Məhkəməsi 10 avqust 2021-ci il tarixli qərardadı qəbul edərkən prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, Sumqayıt Şəhər Məhkəməsinin 29 mart 2021-ci il tarixli, 2(060)-2245/2021 saylı qətnaməsinin surətini 12 aprel 2021-ci il tarixdə poçt göndərişinin verilməsi barədə xəbərnaməyə imza etməklə almış və 16 may 2021-ci il tarixdə apellyasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə Ramazan bayramı ilə əlaqədar olaraq iş günlərində dəyişiklik edilmiş, həmin qərara əsasən 11 may və 12 may iş günləri ilə müvafiq olaraq 8 may və 16 may istirahət günlərinin yerləri dəyişdirilmişdir. Bununla da Ramazan bayramı günləri daxil olmaqla mayın 9dan 15-dək qeyri-iş günləri, iş günləri isə mayın 16-dan hesab edilmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilib, apelyasiya şikayətinin icraata qəbul edilərək mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı şikayəti müdafiə edib, təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada cavabdehlər Cavabdeh1nə və Cavabdeh1 Biləcəri filialına məlumat verilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən cavabdehlərin nümayəndələrinin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi apelyasiya şikayətinin icraata qəbul edilməsindən imtina etdikdə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin 29 mart 2021-ci il tarixli, 2(060)-2245/2021 saylı qətnaməsinin surətini 12.04.2021-ci il tarixdə poçt göndərişinin verilməsi barədə xəbərnaməyə imza etməklə rəsmi qaydada qəbul etsə də, apellyasiya şikayətini 16.05.2021-ci il tarixdə vermiş, bununla da apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddəti ötürmüşdür. Azərbaycan Respublikası MPM-nin 134.1.5-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxslərə birinci instansiya məhkəməsinin, apelyasiya və kassasiya məhkəmələrinin aktlarını rəsmi qaydada verməlidir. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə qanunverici heç bir istisna hal müəyyən etmədən iş üzrə məhkəmə aktlarının surətlərinin işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməsini mühüm şərt kimi müəyyən etmişdir. Mülki Prosessual Məcəllənin 135.1-ci maddəsinə görə bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Azərbaycan Respublikası MPM-nin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apelyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apelyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qanunverici qətnamədən şikayət verilməsi ilə bağlı 1 aylıq müddətin axımının, qətnamənin surətinin işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən başlanılmasını müəyyən etmişdir. “Q.Hüseynovun şikayəti üzrə məhkəməyə müraciət hüququnun pozulmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyun 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanunvericilik prosessual müddətin buraxılması dedikdə, qanunla müəyyən edilmiş müddətin buraxılmasını nəzərdə tutur. MPM-də müddətin axımının qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla qətnamənin (qərardadın) çıxarıldığı tarixdən deyil, onun təqdim olunduğu (alındığı) andan hesablanmasına dair birbaşa göstəriş nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası MPM-nin 128-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Həmin Məcəllənin 129.1-ci maddəsinə əsasən illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. Həmin Məcəllənin 129.2-ci maddəsinə əsasən müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur. Həmin Məcəllənin 129.3-cü maddəsinə əsasən edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. Nazirlər Kabinetinin 09 aprel 2021-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikasının ərazisində iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2021-ci ilin 11 və 12 may iş günləri ilə müvafiq olaraq 8 may və 16 may istirahət günlərinin yerləri dəyişdirilmiş, bununla da Ramazan bayramı günləri də daxil olmaqla mayın 9-dan 15-dək qeyriiş günləri olmuşdur. İş materiallarından müəyyən edilir ki, İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin 29 mart 2021-ci il tarixli, 2(060)-2245/2021 saylı qətnaməsinin surətini 12.04.2021-ci il tarixdə poçt göndərişinin verilməsi barədə xəbərnaməyə imza etməklə rəsmi qaydada qəbul etmiş və verdiyi apellyasiya şikayəti 16.05.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 71-cı maddəsinin İİ bəndinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən cavabdeh A.B.Xəlillinin verdiyi şikayətin dəlilləri ilə razılaşaraq hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qətnamədən apelyasiya şikayətinin qanunla müəyyən edilmiş müddət ərzində verilməsi halı ilə bağlı prosessual hüquq normalarına düzgün istinad etməmişdir. Azərbaycan Respublikası MPM-nin 398.0.3-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Məhkəmə kollegiyası hesab edir ki, şikayət qanuni və əsaslı olduğu üçün təmin edilməli, birinci instansiya məhkəməsinin 10 avqust 2021-ci il tarixli, 2(060)-2245/2021 saylı qərardadı və şikayətin təmin edilməyib baxılması üçün apelyasiya instansiya məhkəməsinə göndərilməsi barədə 13 sentyabr 2021-ci il tarixli, 2(060)-2245/2021 saylı qərardadı ləğv edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 29 mart 2021-ci il tarixli, 2(060)-2245/2021 saylı qətnaməsindən İddiaçı verdiyi apelyasiya şikayəti üzrə müddət ötürülməmiş hesab edilməli və apelyasiya icraatına qəbul olunmalıdır. Həmin Məcəllənin 402-ci maddəsinin tələbinə əsasən hazırkı iş üzrə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 365, 398-400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı verdiyi şikayət təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 10 avqust 2021-ci il tarixli, 2(060)-2245/2021 saylı qərardadı və şikayətin təmin edilməyib baxılması üçün apelyasiya instansiya məhkəməsinə göndərilməsi barədə məhkəmənin 13 sentyabr 2021-ci il tarixli, 2(060)-2245/2021 saylı qərardadı ləğv edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 29 mart 2021-ci il tarixli, 2(060)-2245/2021 saylı qətnaməsindən İddiaçı apelyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddət ötürülməmiş hesab edilsin və apelyasiya icraatına qəbul olunsun. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-3383/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-3383/2021
05.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver