Məhkəmə qərarları › İş №2(105)-3391/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3391/2021

15.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3391/2021 15.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Elman Məmməd oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məmmədova Rəxşəndə Elşad qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə qalıq borc məbləğinin borc alandan tutulması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 28 iyul 2021-ci il tarixli, 2(060)-1493/2021-014 nömrəli qətnaməsindən cavabdehin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 28 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakim R.Qoşqarlı) iddianın qismən təmin edilməsi, əsas borc məbləğinin tam şəkildə qaytarıldığı 19.12.2019-cu il tarixədək 6.191 manat 98 qəpik məbləğində hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc, 100 manat dəbbə pulu və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 6.321 manat 98 qəpik pul vəsaiti Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı "xxxx" ASC Cavabdeh qarşı 30.04.2014-cü il tarixli **********91114 saylı kredit müqaviləsi üzrə qalıq borc məbləğinin borc alandan tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 30.04.2014-cü il tarixli **********91114 saylı kredit müqaviləsi üzrə Cavabdeh iddiaçı "xxxx" ASC qarşısında əsas borc məbləğinin tam şəkildə qaytarıldığı 19.12.2019-cu il tarixədək 6.191 manat 98 qəpik məbləğində hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləği, əsas borc məbləğinin tam şəkildə qaytarıldığı 19.12.2019-cu il tarixədək gecikdirilmiş məbləğə illik 15 faiz dərəcəsi ilə hesablanmış 9.426 manat 84 qəpik məbləğində penya, 30.04.2018-ci il tarixdən 19.12.2019-cu il tarixə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 19 % dərəcəsi ilə hesablanmış 6.477 manat 06 qəpik məbləğində zərərin (əldən çıxmış faydanın) əvəzi olmaqla, cəmi 22.095 manat 89 qəpik məbləğində pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı (kreditor) "xxxx" ASC ilə Cavabdeh (borc alan) arasında bağlanmış 30.04.2014-cü il tarixli **********91114 saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə yaşayış sahəsinin təmiri məqsədi ilə 48 ay müddətinə, illik 19 % ödənilməsi şərti ilə, 27.000 manat məbləğində kredit verilmişdir. Bank qarşısında müvafiq kredit öhdəliklərinin icrasını təmin etmək üçün cavabdeh Sumqayıt şəhər «Samur-Abşeron» kanalının şimalı, Yeni yaşayış massivi, 3-cü məhəllədə yerləşən 0,0548 ha torpaq sahəsinin və həmin torpaq sahəsi üzərindəki 2 mərtəbəli, 7 otaqlı, 120,0 m2 yaşayış 94,0 m2 yardımçı, 214,0 m2 ümumi sahədən ibarət 142 saylı fərdi yaşayış evini 30.04.2014-cü il tarixli **********91114/ip saylı ipoteka müqaviləsi üzrə banka ipotekaya qoyulmuşdur. Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməməsinə görə iddiaçı "xxxx" ASC kredit müqaviləsi üzrə iddiaçının tələblərinin təmin edilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında iddia tələbi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin 06 noyabr 2017-ci il tarixli 2(060)-587/2017 saylı qətnaməsi ilə Cavabdeh 22.389 manat 36 qəpik məbləğində əsas borc, 5.453 manat 29 qəpik məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə məbləğ, 40 manat 91 qəpik məbləğində cərimə, cəmi 27.883 manat 56 qəpik, dövlət rüsumu kimi ödənilmiş 30 manatın və sənədlərin notarial qaydada təsdiq edilməsi üçün ödənilmiş 15 manatın "xxxx" ASC-nin xeyrinə tutulması; tutmanın bank qarşısında ipoteka ilə yüklü edilmiş Cavabdeh məxsus olan fərdi yaşayış evinə yönəldilməsi və ipoteka predmetinin ilkin satış qiymətinin 87.000 manat olmaqla hərrac yolu ilə satılması qət edilmişdir. Sonradan Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 iyun 2018-ci il tarixli 2(105)-1063/2018 saylı qətnaməsi ilə bankın vəkilinin apellyasiya şikayəti qismən təmin olunaraq, Sumqayıt şəhər Məhkəməsinin 06 noyabr 2017-ci il tarixli 2(060)- 587/2017 saylı qətnaməsinin qismən ləğv edilmiş, iddia «mənzil satıldıqdan sonra mənzildə yaşayan Cavabdeh mənzili bir ay ərzində tərk etmədiyi halda, həmin şəxsin mənzildən məcburi qaydada çıxarılması» hissəsində təmin edilmiş, Sumqayıt şəhəri «Samur-Abşeron» kanalının şimalı, Yeni yaşayış massivi, 3-cü məhəllədə yerləşən 0,0548 ha torpaq sahəsinin və həmin torpaq sahəsi üzərindəki 2 mərtəbəli, 7 otaqlı, 120,0 kv.m. yaşayış 94,0 kv.m. yardımçı, 214,0 kv.m. ümumi sahədən ibarət 142 saylı fərdi yaşayış evi satıldıqdan sonra mənzildə yaşayan Cavabdeh bir ay ərzində tərk etmədiyi halda, mənzildən məcburi qaydada çıxarılması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanması qət edilmişdir. Daha sonra Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 23 noyabr 2018-ci il tarixli 2(102)-7600/2018 saylı qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 iyun 2018-ci il tarixli 2(105)- 1063/2018 saylı qətnaməsindən verilmiş kassasiya şikayətləri təmin edilməmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra Cavabdeh yuxarıda göstərilən borc məbləğini 19.12.2019-cu il tarixdə tam şəkildə ödəməsinə baxmayaraq, cavabdehin kredit müqaviləsi üzrə iddiaçı qarşısında əsas borc məbləğinin tam şəkildə qaytarıldığı 19.12.2019-cu il tarixədək hesablanmış 6.191 manat 98 qəpik məbləğində hesablanmış və ödənilməmiş adi faizlər üzrə borcu qalmışdır. Bundan əlavə, cavabdeh kredit üzrə ödənişlərin həyata keçirilməsinin gecikdirilməsi ilə əlaqədar olaraq banka kredit müqaviləsinin 6.2-ci bəndinə əsasən ödənilməsi gecikdirilmiş məbləğə illik 15 % dərəcəsi ilə hesablanan penya da ödəməlidir ki, əsas borcun tam şəkildə qaytarıldığı – 19.12.2019cu il tarixə bu məbləğ 9.426 manat 84 qəpik təşkil edir. İddiaçı ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən həmin müqavilə tərəflərin öz üzərinə götürdükləri öhdəliklərin tam icra edilməsi anına qədər qüvvəsini saxlayır və bu şərt Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsində ifadə olunmuş normaya tam uyğundur. Bu normanın hüquqi mahiyyəti bir daha «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında öz təsdiqini tapmışdır. Həmin qərarda Konstitusiya Məhkəməsi qeyd edir ki: «Həmin norma müqavilədən yaranan öhdəliklərin icra olunma anına qədər müqavilənin qüvvədə olması prezumpsiyasına əsaslanır. Bu prezumpsiya isə «öhdəliklər vicdanla yerinə yetirilməlidir» (pacta sunt servanda) hüquqi prinsipindən yaranır. Belə ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması və bununla əlaqədar müqavilə üzrə öhdəliklərin də xitamı şərtləri müqavilədə dəqiq göstərilməlidir. Əks təqdirdə, Mülki Məcəllənin 399.3-cü maddəsində qeyd olunduğu kimi, belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır.» Konstitusiya məhkəməsi yuxarıda qeyd edilmiş əsaslardan çıxış edərək daha sonra həmin qərarda növbəti hüquqi mövqeyini ifadə edərək, göstərir ki, «kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər». Bu zaman Konstitusiya məhkəməsi həmin qərarda göstərir ki, kreditora ödənilməsi gecikdirilən əsas borc üzrə faizlər şəklində zərərin (əldən çıxmış fayda formasında) ödənilməsini tələb etmək üçün həmin zərərin mücərrəd qaydada hesablanmasını həyata keçirmək kifayətdir. Yəni, kreditora həyata keçirdiyi kredit əməliyyatlarının tərkibi və müvafiq növ kredit əməliyyatları üzrə bazara uyğun orta hesabla əldə etdiyi faiz gəlirlərinin miqdarı (müəyyən etdiyi faiz dərəcəsi) barədə məlumatların məhkəməyə təqdim edilməsi kifayətdir. Konstitusiya məhkəməsi yuxarıda qeyd edilmiş qərarda göstərdiyi kimi, həmin mücərrəd qaydada hesablama metodu belə bir ehtimala əsaslanır ki, kreditor işlərin adi gedişatına əsasən borc məbləği vaxtında ona qaytarıldığı təqdirdə, bu məbləğdən tez bir zamanda müvafiq faizlər şəklində gəlir əldə etməklə kreditləşmə əməliyyatlarının aparılması üçün yenidən istifadə edə bilərdi. Bu zaman, sözügedən qayda kredtorun konkret olaraq yeni bir kredit əməliyyatı aparmış olacağını sübuta yetirməsini tələb etmir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdehin nümayəndəsi Nümayəndə Sumqayıt Şəhər Məhkəməsinin 28 iyul 2021ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin olunan hissəsində ləğv edilərək həmin hissədə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Tətbiq edilməli olan qanunu tətbiq etməmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini və tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İddia tələbini qismən təmin edən birinci instansiya məhkəməsi cavabdehin iddiaçı qarşısında götürdüyü öhdəliyini icra etməməsi ilə əsaslandırmış, cavabdehin nümayəndəsi Nümayəndə verdiyi apellyasiya şikayətində qətnaməni iddianın təmin edilən hissəsində mübahisələndirmişdir. Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplər təsbit edilmişdir. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanmaqla, bütün mülki mühakimə icraatının, o cümlədən apellyasiya icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsiplərində öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında göstərilən prinsiplərin mahiyyətini açıqlayaraq, bu prinsiplər baxımından apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərinə dair öz mövqeyini ifadə etmişdir (Konstitusiya Məhkəməsinin 09.12.2013-cü il tarixli qərarı). “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə cavabdehin nümayəndəsinin mübahisələndirdiyi hissədə baxılaraq hüquqi qiymət verilməlidir. İlk növbədə qeyd olunmalıdır ki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. Yalnız bundan sonra məhkəmə tərəflər arasında mübahisəli hallarla bağlı sübutetmə yükünü müəyyən etməli və MPM-nin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Prosessual qanunvericilik sübutetmə yükünün bir qayda olaraq tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirir. Sözsüz ki, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. İşin mübahisə olunmayan halı ondan ibarətdir ki, tərəflər arasında 30.04.2014-cü il tarixli **********91114 saylı kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən cavabdehə 48 ay müddətinə 19 faiz ödəmək şərtilə 27.000 manat kredit verilmişdir. Baxılan iş üzrə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 739-cu maddəsi təşkil edir. Həmin maddənin dispozisiya şərtlərinə görə bu cür iddiaların təmin olunması üçün tərəflər arasında etibarlı borc (kredit) müqaviləsi bağlanmış olmalı, müqavilə üzrə Bankın öhdəliyini yerinə yetirdiyi – müəyyən olunmuş məbləği cavabdehə verdiyi sübuta yetirilməlidir. Bu cür tələblər üzrə pulun borcluya verildiyini sübut etmək yükü Bankın üzərindədir. Bank həmin halı sübut etmək yükündən o vaxt azad edilə bilər ki, cavabdeh kredit müqaviləsi üzrə müəyyən edilən pulun ona verildiyini mübahisələndirməsin. Eyni zamanda mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Göründüyü kimi tərəflər arasında kredit müqavilələrindən, irəli gələn öhdəlik hüquq münasibəti yaranmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini cavabdehə vermiş, lakin cavabdeh kredit və hesablanmış faizləri hər ay ödəməli olduğu halda vaxtında ödəniş etməmiş, bununla da müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmiş və nəticədə cavabdehin iddiaçı qarşısında icra etməmiş pul öhdəliyi yaranmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə gəldikdə hesab edir ki, tərəflər bağladıqları kredit müqaviləsində hesablanmış faizin ödənilməsi barədə razılığa gəlmiş və ödənişin vaxtında yerinə yetirilməməsi nəticəsində cavabdehdən tələb olunan faiz məbləğində borcu yaranmışdır. Bu hal birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş 11.06.2021-ci il tarixli 9/3241 saylı ekspert rəyi ilə də öz təsdiqini tapmışdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmədiyindən Mülki Məcəllənin 385.1, 425.1, 442, 445, 448.1, 739-cu maddələrinin tələblərinə uyğun olaraq iddiaçı tələb olunan məbləği cavabdehdən tələb etməkdə haqlı olmuş və məhkəmədə bu iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə mübahisələndirilən hissədə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli və qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 28 iyul 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar