Məhkəmə qərarları › İş №2(105)-3396/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-3396/2021

05.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Torpaq icarə müqaviləsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-3396/2021 05.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Ağayeva Elnarə Nəriman qızının katibliyi, Cavabdeh2-nin nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh1 Mütəllim oğluna qarşı torpaq sahəsi üzərində icarə hüquqlarına xitam verilməsi tələbinə dair Siyəzən Rayon Məhkəməsinin 2(059)-735/2017 saylı 04 oktyabr 2017-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılmasının mümkünlüyünü Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında yoxlayıb məhkəmə kollegiyası, MÜƏYYƏN ETDİ Siyəzən Rayon Məhkəməsinin 04 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh1 Mütəllim oğlunun Siyəzən RİHB-nın Zarat kənd İƏD üzrə nümayəndəliyinin ərazisində olan dövlət mülkiyyətinə məxsus sahibkarlıq məqsədləri üçün verilmiş 5,3 ha torpaq sahəsi üzərində icarə hüquqlarına xitam verilməsi qət edilmişdir. Cavabdeh2 qətnamədən apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası Siyəzən Rayon Məhkəməsinin 04 oktyabr 2017-ci il tarixli qətnaməsindən Cavabdeh2-nin apellyasiya şikayəti üzrə apellyasiya qaydasında baxılmasının mümkünlüyünü yoxlayıb, hesab edir ki, aşağıdakı əsaslara görə şikayət üzrə işə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməlidir. Birinci instansiya məhkəməsi tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər (Mülki Prosessual Məcəllənin 357.1. maddəsi) Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Prokuror bu Məcəllənin 50-ci və 306-cı maddələrində göstərilən hallarda məhkəmə baxışında iddiaçı və ya ərizəçi olarsa, məhkəmə aktlarından protest verə bilər. (Mülki Prosessual Məcəllənin 357.2. maddəsi) Qanunun mənasına görə birinci instansiya məhkəməsinin qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan işdə iştirak edən şəxslər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilərlər. Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən məhkəmə aktı onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Göründüyü kimi qanunvericilik birinci instansiya məhkəməsinin qanuni qüvvəyə minməmiş aktlarından şikayət verə bilən şəxslərin dairəsi konkret olaraq müəyyən etmişdir. İşdən görünür ki, İddiaçı Cavabdeh1 Mütəllim oğluna qarşı torpaq sahəsi üzərində icarə hüquqlarına xitam verilməsini xahiş etmiş, Siyəzən Rayon Məhkəməsinin 04 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsindən Cavabdeh2 tərəfindən şikayət verilmiş, lakin məhkəmə onun işdə hansı prosessual statusa malik olmasını aydınlaşdırmadan və qəbul edilmiş məhkəmə aktının onun hansı hüquq və mənafelərinə toxunmasını müzakirə etmədən, şikayətin baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərmişdir. “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 avqust 2012-ci il qərarında göstərmişdir ki, MPM-in 361, 363 və 366-cı maddələrində apellyasiya şikayətinə dair müəyyən edilmiş şərtlər (irəli sürülmüş tələbin və şikayətin hüquqi əsaslarına dair şərtlərlə yanaşı) həmin şikayətin müvafiq subyektiv hüquqa malik olan şəxs tərəfindən verilib-verilməməsinin araşdırılmasına yönəlmişdir. Həmçinin həmin qərarda göstərmişdir ki, belə hüquqa malik olan şəxs apellyasiya şikayətində mübahisələndirilən birinci instansiya məhkəməsinin qətnaməsi ilə onun hüquqlarını məhdudlaşdıran və ya üzərində vəzifələri müəyyən edilən dəlilləri əsaslandırmalıdır. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər (Mülki Prosessual Məcəllənin 364.1., 364.2 maddələri). Bu baxımdan məhkəmə kollegiyası qeyd edir ki, bu qətnamənin Cavabdeh2-nin hansı hüquqlarına və qanunla qorunan maraqlarına toxunması və onun işdə olan prosessual statusu birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmədən apellyasiya şikayətinin apellyasiya instansiya məhkəməsinə göndərilməsi, şikayətin apellyasiya icraatına qəbul edilməsi üçün əsas ola bilməz. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin MPM-nin 360, 362-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş Siyəzən Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 366.2. maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 263, 264, 366.2, 366.3. və 366.4. maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ Siyəzən Rayon Məhkəməsinin 04 oktyabr 2017-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş şikayətin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360, 362-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş Siyəzən Rayon Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar