Məhkəmə qərarları › İş №2(105)-3398/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-3398/2021

11.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-3398/2021 11.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Əhmədov Elman Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə açıq məhkəmə iclasında Sumqayıt Şəhər Məhkəməsinin 30 avqust 2021-ci il tarixli, 2(060)-6972/2021 saylı qərardadından iddiaçı bank olmayan kredit təşkilatı "xxxx" MMC-nin şikayətinə əsasən işə apellyasiya qaydasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 30 avqust 2021-ci il tarixli, 2(060)-6972/2021 saylı qərardadı ilə (sədrlik edən, hakim Almaz Süleymanova) iddiaçı bank olmayan kredit təşkilatı "xxxx" MMC-nin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki iş üzrə 2(060)-6972/2021 saylı, 09.08.2021-ci il tarixli məhkəmə qərardadından iddiaçının nümayəndəsi tərəfindən verilmiş şikayətin geri qaytarılması qərara alınmış, iddiaçı qərardaddan şikayət vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, bank olmayan kredit təşkilatı "xxxx" MMC iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh 601,28 manat əsas, 70,95 manat faiz, 60,12 manat cərimə, müqavilə müddəti bitdikdən sonra illik 5 faiz olmaqla 30,70 manat faiz borcu, cəmi 762,42 manatın və 30 manat ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması və həmin borcun istilik sistemi “Baymak 24KV” kombi və aksessuarlarına yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən qərardad qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ: İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, iddia ərizəsinə dövlət rüsumunun qəbzinin əsli əlavə olunmadığına görə geri qaytarılması barədə qərardaddan verdikləri şikayət geri qaytarılmışdır. Qərardadda səbəb kimi haqlı olaraq Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərardadından şikayət verilməsi qeyd edilmişdir. Belə ki, şikayətdə Sumqayıt Şəhər Məhkəməsi əvəzinə, səhvən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi sözü yazılmışdır. Qərardad edilən texniki səhvə görə çıxarılmış və həmin səhv aradan qaldırılmışdir. Şikayətdə iş üzrə məhkəmə qərardadının ləğv olunması xahiş edilmişdir. İddiaçı bank olmayan kredit təşkilatı "xxxx" MMC və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, iddiaçı nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, cavabdeh məhkəmə iclasına gəlmədiyindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməməli, iş üzrə məhkəmə qərardadı dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının şikayəti iş üzrə məhkəmə qərardadının ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qərardadının qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İşdən görünür ki, birinci instansiya məhkəməsi qərardaddan şikayəti geri qaytararkən barəsində şikayət verilən qərardadı qəbul etmiş məhkəmənin adının Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi göstəriməsinə istinad etmiş, gəldiyi nəticəni Azərbaycan Respublikası MPM-nin 361-ci maddəsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslıdır. İş materiallarından görünür ki, bank olmayan kredit təşkilatı "xxxx" MMC iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh 601,28 manat əsas, 70,95 manat faiz, 60,12 manat cərimə, müqavilə müddəti bitdikdən sonra illik 5 faiz olmaqla 30,70 manat faiz borcu, cəmi 762,42 manat və 30 manat ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması və həmin borcun istilik sistemi “Baymak 24KV” kombi və aksessuarlarına yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bank olmayan kredit təşkilatı "xxxx" MMC-nin iddia ərizəsinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilmədiyindən Sumqayıt Şəhər Məhkəməsinin 09.08.2021-ci il tarixli, 2(060)-6972/2021 saylı qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. 27.08.2021-ci il tarixdə iddiaçının həmin qərardaddan şikayəti Sumqayıt Şəhər Məhkəməsinə daxil olmuş, şikayətdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 09.08.2021-ci il tarixli, 2(060)-6972/2021 saylı qərardadının ləğv edilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikasının MPM-nin 361-ci maddəsində apellyasiya şikayətinin məzmunu nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası MPM-nin 361.1.1-ci maddəsinə görə şikayətdə, şikayətin verildiyi məhkəmənin adı və ünvanı göstərilməlidir. Göründüyü kimi, iddiaçı Sumqayıt Şəhər Məhkəməsinin 09.08.2021-ci il tarixli, 2(060)-6972/2021 saylı qərardadını deyil, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 09.08.2021-ci il tarixli, 2(060)-6972/2021 saylı qərardadını mübahisələndirmişdir. Məhkəmə kollegiyası yuxarıda sadalanan mülki prosessual hüquq normalarının tələblərini əsas tutub, hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası iddiaçının şikayətdə göstərdiyi dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası sadalanan halları, şikayətdə göstərilən dəlilləri araşdırıb hesab edir ki, iş üzrə məhkəmə qərardadı qanuni və əsaslı olduğundan və qərardadın apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, şikayət təmin edilməməli, iş üzrə məhkəmə qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264 və 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı bank olmayan kredit təşkilatı "xxxx" MMC-nin şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 30 avqust 2021-ci il tarixli, 2(060)-6972/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar