Məhkəmə qərarları › İş №2(105)-3401/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-3401/2021

05.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-3401/2021 05.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Əliyev Əliağa Vahid oğlunun katibliyi, Cavabdeh2, Apelyasiya şikayəti verən Maraqlı şəxs iştirakı ilə, İddiaçı "xxxx" BOKT ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 19 mart 2021-ci il tarixli, 2(012)-48/2021 saylı qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apelyasiya şikayətinin mümkünlüyünə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı BOKT ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, tərəflər arasında bağlanmış 10 avqust 2017-ci il tarixli, 2017/00478-01 saylı Kredit Müqaviləsinə xitam verilməsi, Cavabdeh1 İddiaçı BOKT ASC-nin xeyrinə 06.02.2019-cu il tarixə yaranmış 14324,92 (on dörd min üç yüz iyirmi dörd manat doxsan iki qəpik) manat məbləğində qalıq, ona hesablanmış 2092,93 (iki min doxsan iki manat doxsan üç qəpik) manat məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 3725 (üç min yeddi yüz iyirmi beş) manat məbləğində dəbbə pulu, cəmi 20142,85 (iyirmi min bir yüz qırx iki manat səksən beş qəpik) manat borcun və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində pulun tutulması, tələbin Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.08 ha torpaq sahəsinə və üzərində yerləşən 222.9 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsait hesabına yaranmış 14324,92 (on dörd min üç yüz iyirmi dörd manat doxsan iki qəpik) manat məbləğində qalıq, ona hesablanmış 2092,93 (iki min doxsan iki manat doxsan üç qəpik) manat məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 3725 (üç min yeddi yüz iyirmi beş) manat məbləğində dəbbə pulu, cəmi 20142,85 (iyirmi min bir yüz qırx iki manat səksən beş qəpik) manat borcun və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində pulun İddiaçı BOKT ASC -yə ödənilməsi, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra cavabdehlərin ən geci 1 (bir) ay ərzində ipotekapredmeti olan əmlakdan əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 19 mart 2021-ci il tarixli, 2(012)-48/2021 saylı qətnaməsilə iddia qismən təmin edilmişdir. (hakim H.Əhmədov) Qətnamədən Maraqlı şəxs apelyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 19 mart 2021-ci il tarixli, 2(012)-48/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Onun apelyasiya şikayəti bununla əsaslandırılmışdır ki, mübahisə məhkəmə tərəfindən tam araşdırılmamışdır. İş üzrə Cavabdeh1 onun keçmiş gəlini, digər cavabdeh X6 isə oğludur. Onların nikahları 2019-cu ilin avqust ayında pozulmuşdur. ünvan 2 ünvanında yerləşən 0,08 ha torpaq sahəsi və üzərində yerləşən 222.9 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evinin mülkiyyətçisi onun mərhum həyat yoldaşı X4 olmuşdur. O isə 19 oktyabr 2018-ci il tarixdə vəfat etmişdir. Hazırda mənzildə özü və oğlu yaşayır, qızı isə qeydiyyatdadır. Cavabdeh kimi mülki işə səhv olaraq cəlb edilmiş gəlini Cavabdeh1 nikahı pozulduqdan sonra bu evdən çıxıb getmişdir. Hazırda mərhum həyat yoldaşı X4 19 oktyabr 2018-ci il tarixdə vəlat etdiyindən vərəsəlik qaydasında mənzilin əsl mülkiyyətçisi o sayılır, İddiaçı BOKT ASC ilə Cavabdeh1 arasında kredit müqaviləsi formal olaraq bağlanmışdır. Bütün bunlar onu göstərir ki, iddia düzgün olmayan cavabdehlərə qarşı qaldırılmışdır. Məhkəmə isə əsl olmayan tərəfləri əsl cavabdehlə əvəz etməmiş, mülki işi formal araşdıraraq, aidiyyatı olmayan cavbdehə qarşı iddianı təmin etmişdir. ünvan 2 ünvanında yerləşən 0,08 ha torpaq sahəsi və üzərində yerləşən 222,9 kv.metr ümumi sahədən ibarət lərdi yaşayış evinin mülkiyyətçisi keçmiş həyat yoldaşı X4 olduğu halda məhkəmə onun oğlu X5 mənzilin mülkiyyətçisi kimi göstərmişdir. Nəticə etibarı ilə mülki işə cəlb olunmayan ölmüş şəxsin vərəsələrinin hüquq və mənafelərinə toxunulmuşdur. Belə ki, məhkəmə qətnaməsinin nəticə hissəsinin son hissəsi tamamilə əsassız olmuşdur, çünki orada göstərilir ki, tutma ipoteka ilə yüklü edilmiş cavabdeh X3 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 0,08 ha torpaq sahəsinə və üzərində yerləşən 222,9 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, borc məbləği tam ödənildikdən sonra qalan məbləğin Cavabdeh1 qaytarılması qət edilmişdir. Halbuki, həmin mənzilin mülkiyyətçisi onun mərhum əri X4 olmuşdur. Bundan başqa, məhkəmə tərəfindən İddiaçı BOKT ASC-nin iddia ərizəsində faiz və cərimə borcunun hesablanması hissəsində də məhkəmə işi obyektiv və hərtərəfli araşdırmayaraq faiz və cərimə borclarının əsassız və qanunsuz olduğuna diqqət yetirməmişdir. Buna görə də qətnamə ləğv edilməli, iddia təmin edilməməlidir. Apelyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş əsaslar mövcud olmadığından, məhkəmə kollegiyası apelyasiya şikayətinin mümkünlüyü məsələsini tərəflərin iştirakı ilə müzakirə etməyi zəruri hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında apelyasiya şikayəti verən Maraqlı şəxs şikayətini müdafiə edərək göstərdi ki, mərhum ərinə məxsus əmlak barədə qətnamə çıxarılmışsa, o, varis kimi işə cəlb olunmalı idi. Vərəsəliklə bağlı sənədləri məhkəməyə təqdim etsə də, qəbul edilməmişdir. Göstərilənlərə əsasən onun şikayəti mümkün hesab edilməli və işə mahiyyəti üzrə baxılmalıdır. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 da Maraqlı şəxs izahatı ilə oxşar məzmunda izahat verdi və şikayətin mümkün hesab edilməsini xahiş etdi. İş üzrə digər tərəflərə məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məhkəmə bildirişləri göndərilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə həmin tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apelyasiyanın mümkünlüyünü yoxlayır. Bura işə apelyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin mümkünlüyünü müzakirə edərək belə nəticəyə gəlir ki, mülki işə apelyasiya qaydasında baxılması hazırda qeyri-mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 357.2-ci maddəsinə əsasən həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. İş materiallarından görünür ki, "xxxx" BOKT ASC əvəvlcə tələbini X2 və Cavabdeh1 qarşı qaldırmışdır. İşdən görünür ki, ipoteka predmetinin mülkiyyətçisi X4 olmuş, o, öldüyündən məhkəmənin 17.04.2019-cu il tarixli qərardadı ilə icraat dayandırılmışdır. Sonradan məhkəmənin 18.05.2020-ci il tarixli qərardadı ilə icraat təzələnmişdirş İddiaçı məhkəmə gedişatında iddianın həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət etmiş, tələb son nəticədə hazırkı cavabdehlərə qarşı qaldırılmış, qət edilmiş qətnamə isə onlar tərəfindən mübahisələndirilməmişdir. İş materiallarından görünür ki, Maraqlı şəxs hazırkı iş üzrə tərəf deyildir. Lakin o, özünü işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs hesab edir. Bununla bağlı o, məhkəməyə heç bir sübut təqdim etməmişdir. Belə ki, o, özünü ünvan 2 ünvanında yerləşən 0,08 ha torpaq sahəsi və üzərində yerləşən 222,9 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evinin mülkiyyətçisi mərhum X1 arvadı kmi təqdim etsə də, bununla bağlı məhkəməyə heç bir sənəd, yəni nə nikah haqqında şəhadətnamə, nə vərəsəlik şəhadətnaməsi təqdim etməmişdir. İşə baxan məhkəmə bu halları araşdırmadan onu qəbul edilmiş qətnamə hüquq və vəzifələrinə toxunan şəxs kimi qəbul etmişdir. Mülki Prosessual Məcəllənin 366.2-ci maddəsinə görə əgər apelyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Abşeron Rayon Məhkəməsinin 19 mart 2021-ci il tarixli, 2(012)-48/2021 saylı qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apelyasiya şikayətinə apelyasiya qaydasında baxılması üçün prosessual əsaslar yoxdur. Buna görə də, bu apelyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Məhkəmə kollegiyası nəzərə alır ki, birinci instansiya məhkəməsi hazırkı iş üzrə heç bir hüquqi statusu olmayan Maraqlı şəxs tərəfindən verilmiş apelyasiya şikayətini qəbul edib mülki işlə birlikdə baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərərkən Azərbaycan Respublikası MPM-nin 364-cü maddəsinin tələbinə əməl etməmiş, həmin maddənin tələbini pozaraq Maraqlı şəxs apelyasiya şikayəti vermə hüququnun olubolmamasını araşdırmamış və apelyasiya şikayətini geri qaytarmaq əvəzinə mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan mülki prosessual hüquq normalarının tələblərini əsas tutub hesab edir ki, hazırki halda apelyasiya şikayəti üzrə işə apelyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və mülki iş sadalanan mülki prosessual pozuntuların aradan qaldırılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 361, 365, 366, 400 və 402-ci maddələrinirəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı "xxxx" BOKT ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 19 mart 2021-ci il tarixli, 2(012)-48/2021 saylı qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apelyasiya şikayətinə apelyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar