Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-341/2021 23.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, iddiaçı «İddiaçı” QSC-nin cavabdehlər Cavabdeh, Zamin1, Zamin2, Zamin3, Zamin4, Zamin5 qarşı borcun qaytarılması tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(027)-153/2020 saylı qətnaməsindən cavabdeh Zamin2 tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Quba Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(027)-153/2020 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdehn, Zamin1, Zamin2, Zamin3, Zamin4, Zamin5 müştərək qaydada «İddiaçı” QSC-nin xeyrinə 032R********** saylı kredit razılaşması üzrə ödənilməmiş 18610.51 (on səkkiz min altı yüz on ABŞ dolları, əlli bir sent) ABŞ dolları əsas, 10304.47 (on min üç yüz dörd ABŞ dolları, qırx yeddi sent) ABŞ dolları faiz borcu, 5 (beş) ABŞ dolları cərimə borcu olmaqla, cəmi 28909.98 (iyirmi səkkiz min doqquz yüz doqquz ABŞ dolları, doxsan səkkiz sent) ABŞ dolları, habelə ödənilmiş dövlət rüsumunun əvəzi ilə bağlı 30 (otuz) manat məbləğində pulun tutulması qət edlmişdir ) hakim Rahim Həsənov) Qətnamədən Zamin2 apelyasiya şikayəti verərək Quba Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(027)-153/2020 saylı qətnaməsinin ona münasibətdə ləğv edilməsini xahiş etmişdir. İ Ş İ N H A L LA R İ: İddiaçı «İddiaçı” QSC ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh, Zamin1, Zamin2, Zamin3, Zamin4, Zamin5 müştərək qaydada 032R********** saylı kredit müqaviləsi üzrə kredit borcuna görə 18610.44 ABŞ Dolları, faiz borcuna görə 10304.47 ABŞ Dolları, cərimə borcuna görə 10786.44 ABŞ Dolları, cəmi 39701.42 ABŞ Dolları məbləğində pulun və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində vəsaitin iddiaçı «İddiaçı” QSC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında iştirak edərkən cavabdeh Zamin2 apelyasiya şikayətini müdafiə edərək göstərdi ki, qətnamə ona münasibətdə əsassızdır və həmin hissədə ləğv edilməli və icraata xitam verilməlidir. Belə ki, xx.xx.2013-cü il tarixli, 32S000001208 saylı zaminlik müqaviləsi bağlanılmışdır. Müqavilə borclu Cavabdeh ilə İddiaçı arasmda bağlanılmış 11L000000088 saylı kerdit xətti müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasmı təmin etmək məqsədi ilə bağlanılmışdır. Zaminlik müqaviləsinə əsasən kredit xəttinin məbləği 30000 ABŞ dollan, kredit xəttinin müddəti isə 172 ay təşkil etmişdir. İddia ərizəsində də qeyd edildiyi kimi, X1 ilə İddiaçı-nin bağladığı xx.xx.2014-cü il tarixli, 032R********** saylı kredit razılaşması əsasında 30 ay müddətində aylıq faiz dərəcəsi 2.1667% olmaqla ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 25000 ABŞ dollan, məbləğində kredit götürülmüşdür. Tərəflərin imzaladıqlan xx.xx.2015-ci il tarixli, 032R**********S .saylı, xx.xx.2015-ci il tarixli, 032R**********SA saylı, xx.xx.2016- cı il tarixli 032R**********SB saylı, xx.xx.2016-cı il tarixli 032R**********SC saylı, xx.xx.2017-ci il tarixli 032R**********SD saylı,xx.xx.2018-ci il tarixli 032R**********SE saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişildik edilmişdir. Bütün bunlar xx.xx.2013-cü il tarixli 32S000001208 saylı zaminlik müqaviləsi bağlanıldıqdan sonra baş vermişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 477.0.1 -ci maddəsinə əsasən zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. Yuxanda da qeyd edildiyi kimi X1 ilə İddiaçı-nin bağladığı xx.xx.2014-cü il tarixli 032R********** saylı kredit razılaşması zaminlik müqaviləsindən sonra bağlanılmış və zaminin xəbəri, razılığı olmadan 3 il ərzində 6 dəfə kredit müqaviləsinə əlavə və dəyişikliklər edilmişdir. Bundan başqa kredit xətti müqaviləsinin 1,2-ci maddəsinə əsasən istənilən məbləğ 60 ay, x xxxxxx 2013-cü il tarixindən gec olmayaraq verilməlidir. Bu səbəbdən zamin də, öz növbəsində həmin tarixədək alınmış borlara görə məsuliyyət daşıyır. Bu səbəbdən x xxxxxx 2013-cü il tarixindən sonra verilmiş borclara görə zamin məsuliyyət daşıya bilməz. Halbuki məhkəmə qətnaməsinə əsasən tələb olunan borc xx xxxxxx 2013-cü ildən sonra verilmiş xx.xx.2014cü il tarixli, 032R********** saylı, kredit razılaşmasına aiddir ki, bu borc əsasında zamin məsuliyyət daşıya bilməz. Məhkəmə işə baxılarkən onun iştirakı təmin olunmayıb. AR MPM-nin 9.2-ci maddəsinə görə məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. Odur ki, qeyd edilənləri nəzərə alaraq apellyasiya şikayətinin təmin edilməsini, Quba Rayon Məhkəməsinin 2(027)-153/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsinin ona, münasibətdə olan hissədə ləğv edilməsini və həmin hissədə icraata xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edərkən Cavabdeh izahatında göstərdi ki,o, əvvəl 19000 ABŞ dolları ödəniş etmişdir. İndi isə qalan puldan 4.000 ABŞ dolları ödəniş etmiş və ödənilməmiş məbləğ 5.500 ABŞ dollarıdır. Dekabr ayının 22-nə kimi bütün ödənilməmiş məbləği ödəyib qəbzləri məhkəməyə təqdim edəcəkdir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: İş üzrə iddiaçı «İddiaçı” QSC-nə, cavabdehlər Zamin1, Zamin3, Zamin4, Zamin5 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də iddiaçının nümayəndəsi və cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2ci maddəsinə əsasən məhkəmə kollegiyası qeyd edilən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh Zamin2 qətnaməni yalnız iddianın ona qarşı təmin olunan hissədə mübahisələndiridiyi üşün kollegiya da Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə uyğun olaraq qətnaməni həmin hissədə müzakirə edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçının və vəkilini dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməli, Quba Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(027)-153/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə – iddianın Zamin2 qarşı təmin edilən hissəsində ləğv edilməli, iddia tələbi Zamin2 qarşı hissədə təmin edilməməlidir. Barəsində şikayət verilən qətnamədən görünür ki, birinci instansiya məhkəməsi iddianı cavabdeh (kredit müqaviləsi üzrə zamin) Zamin2 qarşı qismən təmin edərkən iddiaçı «İddiaçı” QSC-nin cavabdehlər Sultanov Aydın Cahangir oğlu arasıdna bağlanmış kredit sazişinə Zamin2 zamin durmasına istinad etmiş, həmin hissədə gəldiyi nəticəni də Mülki Məcəllənin 472.1-ci maddəsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki qətnamə cavabdeh (zamin) Zamin2 qarşı iddianın təmin edilən hissəsində işin faktiki hallarına uyğun deyil və Zamin2 qarşı iddia tələbini təmin etməklə birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Belə ki, iş materiallarında olan «İddiaçı” QSC ilə borclu Cavabdeh arasında bağlanmış xx xxxxxx 2008-ci il tarixli 11 L000000088 saylı kredit müqaviləsinə əsasən borc alan Cavabdeh 60 ay müddətinə 30000 ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. xx.xx.2012-ci il tarixli 088 saylı sazişə əsasən kredit xətti müqaviləsinin müddəti artırlaraq 172 ay olaraq müəyyən olunmuşdur. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh «İddiaçı” QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli 032R********** kredit razılaşması əsasında 30 ay müddətinə aylıq faiz dərəcəsi 2.1667% olmaqla ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 25000 ABŞ Dolları məbəğində kredit götürmüşdür. İş materiallarında olan xx.xx.2013-cü il tarixli, 32S000001208 saylı zaminlik müqaviləsindən görünür ki, Zamin2 «İddiaçı” QSC ilə borclu Cavabdeh arasında bağlanmış xx xxxxxx 2008-ci il tarixli 11 L000000088 saylı kredit müqaviləsinə əsasən bank qarşısında zamin kimi öhdəlik götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2015-ci il tarixli 032R**********S saylı, xx.xx.2015-ci il tarixli 032R**********SA saylı, xx.xx.2016-cı il tarixli 032R**********SB saylı, xx.xx.2016-cı il tarixli 032R**********SC saylı, xx.xx.2017-ci il tarixli 032R**********SD saylı, xx.xx.2018-ci il tarixli 032R**********SE saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Yuxarıdakı normaların tələblərindən də aydın olur ki, başqasının öz öhdəliyini yerinə yetirəcəyinə təminat verən zamin durmaq son dərəcə məsuliyyətli bir hərəkətdir. Buna görə də şərh olunan maddədə belə bir təşəbbüslə çıxış edən zaminin məsuliyyəti tam dəqiqliyi ilə tənzimlənmişdir. Zaminlik müqaviləsinə əsasən zamin kreditor qarşısında borclunun öhdəliyini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu müqavilə üzrə öhdəliklərini yerinə yetirmədikdə kreditorun bunu tələb etmək hüququ yaranır və zaminlər kredit xətti müqaviləsi üzrə öhdəliyin icra edilməməsinə görə kreditor qarşısında borclu ilə birgə məsuliyyət daşıyırlar. Məhkəmə kollegiyası nərəzə alır ki, İddiaçı” QSC ilə borclu Cavabdeh arasında bağlanmış xx xxxxxx 2008-ci il tarixli 11 L000000088 saylı kredit müqaviləsinə əsasən borc alan Cavabdeh 60 ay müddətinə 30000 ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. xx.xx.2012-ci il tarixli 088 saylı sazişə əsasən kredit xətti müqaviləsinin müddəti artırlaraq 172 ay olaraq müəyyən olunmuşdur. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən verilən hər bir kreditin məbləği, faiz dərəcəsi, müddəti, məqsədi və digər şərtləri hər dəfə tərəflər arasında bağlanan və bu müqavilənin ayrılmaz hissəsi olan kredit razılaşmaları ilə müəyyən edilir. İddiaçı və Zamin2 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 32S000001208 saylı zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra edilməsi üçün zaminin bank qarşısında tam məsuliyyəti öz üzərinə götürdüyü və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıdığı müəyyən edilmişdir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən borclu kredit xətti müqaviləsi üzrə ödəməli olduğu məbləğlərdən hər hansı birini ödəyə bilmədikdə, zamin kreditdən istifadə üçün faiz və bank tərəfindən kreditin verilməsi və qaytarılması ilə əlaqədar hesablanmış məbləğlər də daxil olmaqla borclunun kredit xətti müqaviləsi üzrə icra etməli olduğu bütün öhdəlikləri bankın ilk tələbi ilə yerinə yetirməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 470.2-ci maddəsində zaminlik müqaviləsinin gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlanmasının mümkünlüyü nəzərdə tutulmuşdur. Bu zaman nəzərə almaq lazımdır ki, gələcəkdə yaranacaq öhdəlik üzrə zaminlik müqaviləsi tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılıq əldə etdikdə bağlana bilər. Tərəflər arasında bağlanmış xx xxxxxx 2008-ci il tarixli 11 L000000088 saylı kredit xətt müqaviləsində gələcəkdə bağlanacaq kredit sazişlərinin predmeti, müddəti, tərəflərin, o cümlədən də zaminlərin hüquq və vəzifələri öz əksini təfsilatı ilə tapmamış və kredit məbləğinə hesablanacaq faizlərin hansı məbləğdə müəyyən ediləcəyi əksini tapmamışdır. Bununla da sözügedən kredit xətti üzrə bağlanacaq kredit sazişləri bağlandıqda zaminlərlə hər dəfə müqavilənin bağlanması nəzərdə tutulur. İş üzrə İddiaçı və Zamin2 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 32S000001208 saylı zaminlik müqaviləsində tərəflər arasında kredit məbləğinə hesablanacaq faizlərin hansı məbləğdə olması öz əksini tapmamış və müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair” xx xxxxxxxx 2012-ci il tarixli qərarında qeyd etmişdir ki, zaminlik müqaviləsi məhz əsas öhdəliyin icrasını təmin edən üsullardan biri olduğundan belə müqavilədə zaminliklə təmin edilən əsas öhdəliyin müəyyən olunması və ya müəyyən edilə bilməsi mümkün olmalıdır. Buna müvafiq olaraq zaminlik müqaviləsində aşağıdakılar göstərilməlidir: hansı əsas müqaviləyə dair zaminlik yaranır (müqavilənin tərəfləri, tarixi və nömrəsi göstərilməklə); əsas öhdəliyin (borclunun kreditor qarşısında öhdəliyinin) həddi barədə göstəriş. Zaminliklə təmin edilmiş öhdəliyin konkret məbləğinin müqavilədə göstərilməsi mühüm şərtlərdən biridir və zaminin qanuni maraqlarını qorumaq məqsədi daşıyır. Zaminin razılığı alınmadan bağlanmış kredit müqavilələrində nəzərdə tutulmuş öhdəliyin konkret həcmi kredit xətti müqaviləsi ilə müəyyən edilmiş ümumi məbləğ və müddət həddində olmalıdır. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə bağlanmış kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin razılığı alınmalıdır. Belə razılığın olmaması zaminin məsuliyyətinin artması kimi qiymətləndirilməlidir”. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 324.4, 385.1, 386.1, 405.1 və 739-cu maddələrinə uyğun olaraq tərəflərin iradə ifadəsini əks etdirən və onların qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən kredit xətti müqaviləsi niyyət razılaşması deyil, müqavilə kimi qəbul olunmalıdır… Zaminlik müqaviləsinin bağlanması üçün kredit xətti müqaviləsinin əsas şərtləri aydın müəyyən olunmalıdır. Zaminin sonradan əmələ gələcək öhdəliyə görə məsuliyyətinin həcmini müəyyən etməyə imkan verən hallar mühüm şərtlər hesab edildiyindən onlar kredit xətti müqaviləsində dəqiq göstərilməlidir… Kredit müqaviləsinin mühüm şərtlərinə kreditin məbləği, müddəti, illik faiz dərəcəsi və s. aid edilə bilər... Zaminin razılığı alınmadan bağlanmış kredit müqavilələrində nəzərdə tutulmuş öhdəliyin konkret həcmi kredit xətti müqaviləsi ilə müəyyən edilmiş ümumi məbləğ və müddət həddində olmalıdır. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə bağlanmış kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin razılığı alınmalıdır. Belə razılığın olmaması zaminin məsuliyyətinin artması kimi qiymətləndirilməlidir.» Göründüyü kimi, qanunuvericilik fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilmək hüququnu, müqavilənin ləğv edilmə qaydasını müəyyən etmiş, eyni zamanda öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər birinin vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə əməl etməli olmasını təsbit etmişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, zaminliyə xitam verilməsinin əsasları Mülki Məcəllənin 477-ci maddəsində nəzərə tutulmuşdur. Həmin normaya əsasən zaminliyə aşağıdakı hallarda xitam verilir: zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə; kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə; zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Zaminlik müqaviləsinə xitam verilməsinə dair əsaslardan göründüyü kimi zaminliyin təmin etdiyi öhdəliyə müqavilə üzrə nəzərdə tutulmuş kredit müqaviləsi üzrə xx.xx.2015-ci il tarixli 032R**********S saylı, xx.xx.2015-ci il tarixli 032R**********SA saylı, xx.xx.2016-cı il tarixli 032R**********SB saylı, xx.xx.2016-cı il tarixli, 032R**********SC saylı, xx.xx.2017-ci il tarixli 032R**********SD saylı, xx.xx.2018-ci il tarixli 032R**********SE saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir . Həmim razılaşmalar üzrə zamin – Zamin2 razılığı olmadan həmin öhdəlik dəyişdirildiyindən, yəni müqavilə üzrə yeni qaydalar müəyyən edildiyindən, bu hal heç də kredit xətti üzrə razılaşmanın davamı kimi qəbul edilməməlidir və Zamin2 həmin öhdəliklərin icrası kimi qəbul edilməsinə əsaslar verə bilməz. Məlum olduğu kimi zaminlik öhdəliklərin icrasının təmin edilməsi üsullarından biri kimi çıxış edir və daha çox bank-kredit münasibətlərində tətbiq olunması ilə xarakterikdir. Göründüyü kimi zamin üzərinə birgə məsuliyyət götürdüyü halda onun kreditor qarşısında məsuliyyəti də borclu ilə eyni həcmdə olur və onların hər ikisi də öhdəliklərin icrası üçün kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Hətta, mülki qanunvericilik zaminliyin gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də verilməsini istisna etməmişdir. Ancaq, nəzərə almaq lazımdır ki, hər bir halda, zaminlik müqaviləsi mülki məcəllə ilə nəzərdə tutulmuş tələblərə uyğun şəkildə tərtib olunmalı və müqavilədə zaminliklə təmin edilən əsas öhdəliyin mahiyyəti tam olaraq əks olunmalıdır. Zaminlik mücərrəd öhdəliklər üzrə verilə bilməz. Əks təqdirdə, zamin hansı öhdəliyin icrası üçün zəmanət verməsindən məlumatlı olmayacaqdır ki, bu da onu gələcəkdə ağır şərtlər qarşısında qoya bilər. Lakin işin hallarından da göründüyü kimi, İddiaçı və Zamin2 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 32S000001208 saylı zaminlik müqaviləsi ümumi xarakter daşımış və gələcəkdə kreditorla borclu arasında bağlanacaq kredit razılaşmaları üzrə verilməsi nəzərdə tutulan kreditin (kreditlərin) icrasını təmin etmək məqsədini daşımışdır. Kredit xəttinin ümumi məbləği 30.000 ABŞ dolları, müddəti isə 172 ay təşkil etmişdir, özü də bu müddət öhdəliyin icrası müddətini yox, müqavilənin 1.2-ci bəndinə görə, kredit razılaşmaları əsasında istənilən (tələb olunan) məbləğin 172 aydan gec olmayaraq verilməsini ehtiva etmişdir. Nəzərə almaq vacibdir ki, uzunmüddətli kredit müqaviləsi ilə yalnız kreditorun öhdəlikləri yaranır, belə ki, kredit xətti müqaviləsinə görə, kreditor müəyyən müddətədək bir və ya bir neçə dəfə borcluya kredit verməyi öhdəsinə götürür. Borclunun öhdəlikləri isə krediti aldıqdan sonra yaranır. O da nəzərə alınmalıdır ki, zaminlik müqaviləsinin özündə zaminliklə təmin edilən öhdəliyin yaranması kreditorla borclu arasında gələcəkdə bağlanacaq kredit razılaşmaları ilə şərtləndirilmiş, lakin zaminlik müqaviləsində gələcəkdə borcluya verilməsi nəzərdə tutulan kreditin (kreditlərin) məbləği, geri qaytarılması müddəti, faiz dərəcəsi, öhdəliyin pozulması halında məsuliyyətin ölçüsü (dəbbə pulu) və s. şərtlər öz əksini tapmamışdır. Halbuki, gələcəkdə yaranacaq öhdəlik üzrə zaminlik müqaviləsi tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılıq əldə etdikdə bağlana bilər. Tərəflər müqavilə bağlmaqda sərbəstdirlər və müqavilə şərtlərini müəyyənləşdirərkən iradələrinə uyğun hərəkət edirlər, ancaq, bağlanan müqavilələr qanunvericiliyin tələblərinə zidd olmamalı, qeyri-müəyyənliyə yol verilməməlidir. Göründüyü kimi, tərəflərin müqavilə azadlığı qanunvericiliyin tələbləri ilə məhdudlaşdırılır və tərəflər öz aralarında qanunvericiliyə zidd olan, o cümlədən mahiyyəti aydın olmayan müqavilə şərtləri müəyyən edə bilməzlər. Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı hüquqi yanaşmaya görə, zaminlik müqaviləsində zaminliklə təmin edilən əsas öhdəliyin müəyyən olunması və ya müəyyən edilə bilməsi zəruri şərt kimi nəzərdə tutulmuşdur. Müqavilədə hansı əsas müqaviləyə dair zaminliyin yaranması və əsas öhdəliyin həddi barədə göstərişlər olmalı, zaminliklə təmin edilmiş öhdəliyin konkret məbləği göstərilməlidir. Həmçinin, gələcəkdə yaranacaq öhdəlik üzrə zaminlik müqaviləsi tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılıq əldə etdikdə bağlana bilər. Kredit xətti müqaviləsi niyyət razılaşması deyil, müqavilə olduğundan, müvafiq olaraq həmin müqavilədə zaminliklə təmin edilmiş əsas öhdəliyin bütün mühüm şərtləri, əsasən də faiz dərəcəsi göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə həmin müqavilə çərçivəsində bağlanan kredit razılaşmasında faiz dərəcəsi barədə zaminin razılığı alınmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu vurğuladığı kimi, qanunverici borclunun kreditor qarşısında öhdəliyinin zaminliklə təmin edildiyi halı tənzimləyərək, məhz müqavilə ilə müəyyən edilən konkret öhdəliyi nəzərdə tutur. Lakin, artıq qeyd olunduğu kimi, hər bir zaminlə gələcəkdə yaranacaq öhdəlik (öhdəliklər) üzrə zaminlik müqaviləsi bağlanaraq ümumi məbləğ və müddət göstərilsə də, faiz dərəcəsi əks olunmamışdır. Ona görə də banka lazım gəlirdi ki, kredit xətti müqaviləsi çərçivəsində borclu ilə kredit razılaşması bağlayarkən verilən kreditin faizi barədə zaminin razılığını alsın. Hazırki işin materiallarından isə görünür ki, xx.xx.2015-ci il tarixli 032R**********S saylı, xx.xx.2015-ci il tarixli, 032R**********SA saylı, xx.xx.2016-cı il tarixli, 032R**********SB saylı, xx.xx.2016-cı il tarixli 032R**********SC saylı, xx.xx.2017-ci il tarixli, 032R**********SD saylı, xx.xx.2018-ci il tarixli, 032R**********SE saylı sazişlə razılaşmalar üzrə cavabdeh Zamin2 zamin kimi razılığı alınmamışdır. Kredit razılaşmaları ilə bağlı ödəniş cədvəllərini yalnız bank və Cavabdeh imzalamışdır. Halbuki, ödəniş cədvəli kredit razılaşmasının (müqaviləsinin) tərkib hissəsi olduğundan və həmin cədvəldə faiz dərəcəsi, verilən kreditin məbləği, valyutası, öhdəliyin icra edilməməsi halında məsuliyyət tədbiri və s. barədə hallar öz əksini tapır. Beləliklə, Zamin2 ödəniş cədvəli ilə tanış olmamış, nə də faiz dərəcəsi onunla başqa qaydada razılaşdırılmamışdır. Belə razılığın alınmaması isə zaminin məsuliyyətinin artması kimi qiymətləndirilməlidir. Beləliklə, məhkəmə kollegiyası cavabdeh Zamin2 apelyasiya şikayətində göstərdiyi dəlilləri qiymətləndirərək hesab edir ki, bu dəlillər iddia tələbinin zaminlərə münasibətdə təmin edilməməsi üçün əsasdır. Buna görə də məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi işin şərh olunan bu hallarına düzgün qiymət verməmiş və Zamin2 qarşı iddia tələbini təmin etməklə maddi və prosessual hüquq normalarının təbiqində səhvə yol vermişdir. Bu da qətnаmənin həmin hissədə ləğvi üçün əsasdır. Belə ki, Mülki Prosessual Məcəllənin 385.1.1 və 385.1.3-cü maddələrinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Bu baxımdan, qətnamə iddia tələbinin Zamin2 qarşı təmin edilən hissəsində ləğv edilməli, yuxarıda göstərilənlərə əsasən iddia tələbi Zamin2 dair hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdeh Zamin2 apelyasiya şikayəti təmin edilməli, Quba Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(027)- 153/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə – iddianın Zamin2 dair təmin edilən hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh Zamin2 apelyasiya şikayəti təmin edilsin. Quba Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(027)-153/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə – iddianın Zamin2 qarşı təmin edilən hissəsində ləğv edilsin. İddia tələbi Zamin2 dair hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-341/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-341/2021
23.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver