Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-341/2023 24.01.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camaləddin qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1 iştirakı ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Şuşa Rayon Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli, e-2(077)-313/2022 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ Şuşa Rayon Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli, e-2(077)-313/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin olunmuş, Cavabdeh1 2280 (iki min iki yüz səksən) manat maddi ziyan, 100 (bir yüz) manat hüquqi yardımla əlaqədar ödənilmiş xidmət haqqı və ödənilmiş 44 (qırx dörd) manat dövlət rüsumu olmaqla,cəmi 2424 (iki min dörd yüz iyirmi dörd) manat pul vəsaitinin tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmiş, iddia tələbi Cavabdeh2 münasibətdə təmin edilməmişdir.(hakim E.Məmmədov) Cavabdeh1 qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİ N H A L L A R İ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,cavabdehlər Cavabdeh1 və və Cavabdeh2 2280 (iki min iki yüz səksən) manat maddi ziyan,100 (bir yüz) manat hüquqi yardımla əlaqədar ödənilmiş xidmət haqqı və 44 (qırx dörd) manat dövlət rüsumu olmaqla,ümumilikdə 2424 (iki min dörd yüz iyirmi dörd) manat pul vəsaitinin tutulması barədə qətnamə çıxarılması xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli, ALY-14 saylı “X2” əsasında “Ravon Nexia R3 minik” markalı, **-PX- *** dövlət qeydiyyat nişanlı (qeydiyyat şəhadətnaməsi AD№763859 seriyalı,2020-ci il buraxılışlı, Ban: XWBTF69V9LA036112,ağ rəngli) avtomobil 48 ay müddətinə lizinqə verilmişdir. Qeyd edilən avtomobili İddiaçı etibarnamə ilə idarə olunması üçün tanışı Cavabdeh2 vasitəsilə tanıdığı Cavabdeh1 istifadəsinə vermişdir. Avtomobili istifadəyə verərkən Cavabdeh2 Cavabdeh1 ilə birgə öhdəlik daşımasına dair şifahi razılıq vermişdir. Cavabdeh1 avtomobili idarə edərkən 16 fevral 2022-ci il tarixdə,saat 22:40 radələrində Xətai rayonu,8 Noyabr prospektində ara məsafəsi qaydalarını pozmuş və barəsində 17 fevral 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında TP4857448 nömrəli qərar qəbul edilərək, Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə əsasən 40 manat məbləğində cərimə edilmişdir. Qeyd edilən hadisə nəticəsində avtomobilə maddi ziyan dəymişdir. Belə ki,avtomobil təmir olunması üçün “RS Avtoservis” aparılmış və servisin tərtib etdiyi qüsur aktına görə avtomobilin təmiri üçün 2280 manat məbləğində pul tələb olunmuşdur. Göründüyü kimi Cavabdeh1 tərəfindən avtomobilə maddi ziyan vurulmuş, lakin Cavabdeh1 və Cavabdeh2 həmin məbləği ödəməkdən imtina etmişlər. Göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Şİ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsi ilə razı deyil. Hesab edir ki, həmin qətnamə onun hüquqlarının pozulması ilə qəbul edilmişdir. Məhkəmə işin faktiki hallarını tam araşdırmamış, yalnız iddiaçının formal mülahizələri əsasında qətnamə qəbul etmişdir. Mövcud qanunvericilik real zərərə anlayış verərkən hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərcləri nəzərdə tutmuşdur. Lakin birinci instnasiya məhkəməsində araşdırma aparılarkən real zərərin miqdarı düzgün hesablanmamış, məhkəmə əsassız olaraq iddiaçının təqdim etdiyi ziyan aktı ilə kifayətlənmişdir. Lakin həmin ziyan aktının səlahiyyətli qurum tərəfindən verilməsi, oradakı qiymətlərin həqiqəti əks etdirməsi araşdırılmamış və dəymiş ziyanın dəqiq məbləğinin müəyyən edilməsi üçün ekspertiza təyin edilməmişdir. Bundan başqa məhkəmə tərəfindən avtomobilin mülkiyyətçisi "xxxx" MMC olduğu halda iddianın iddia qaldrımaq üçün subyektiv hüququ olmayan İddiaçı tərəfindən qaldırılmasına əhəmiyyət verməmişdir. Göründüyü kimi məhkəmə iş üzrə müəyyən edilən hallara və tərəflərin qarşılıqlı münasibətinə əsaslanmadan qətnamə qəbul etmişdir. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməlidir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Əlavə etdi ki, iddia tələbini qaldırmağa iddiaçının subyektiv hüququ yoxdur. Belə bir tələblə çıxış etmək hüququ "xxxx" MMC-yə məxsusdur. Bundan başqa avtomobilə dəymiş ziyanın məbləği iddiada qeyd olunan məbləğdən aşağıdır. Məhkəmə bu kimi vacib halları araşdırmamışdır. Göstərilənlərə əsasən şikayətin təmin edilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı İddiaçı nümayəndəsi və vəkili Vəkil şikayətlə razılaşmadı, əlavə olaraq bildirdi ki, şikayət tam formal xarakter daşımaqla, qətnamənin icrasının gecikdirilməsinə xidmət edir. Bu səbəbdən şikayətin rədd edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan AD № 763859 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, 2020-ci il buraxılışlı ağ rəngli “Ravon Nexia R3 minik” markalı **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi "xxxx" MMC-dir. Yenə iş materiallarında olan "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli ALY-14 saylı “X2”ndən görünür ki, lizinq verən "xxxx" MMC mülkiyyətindəki dəyəri 12450 manat olan “Ravon Nexia R3 minik” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobili 48 ay müddətinə illik 17% mükafat hesablanmaqla İddiaçı müvəqqəti sahibliyinə və istifadəsinə vermişdir. Yenə də işdə olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, POA********** nömrəli etibarnamədən görünür ki, Cavabdeh1 “Ravon Nexia R3 minik” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixi daxil olmaqla yalnız Azərbaycan Respublikası ərazisində idarə edilməsində səlahiyyətlidir. Mülki işdə olan İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 27 fevral 2021-ci il tarxli, 74 nömrəli icarə müqaviləsindən görünür ki,İddiaçı “Ravon Nexia R3 minik” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh1 icarəyə vermişdir. Mülki işə əlavə edilmiş Bakı şəhər BPİ X3 İdarəsinin tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 051542 nömrəli nəqliyyat vasitələrinin zədələnməsi barədə arayışdan görünür ki,xx.xx.2022-ci il tarixdə Xətai rayonu, 8 Noyabr prospektində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Ravon Nexia R3 minik” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qabaq hissəsi əzilmişdir. İş materiallarındakı inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli, TP4857448 nömrəli qərarın surətindən görünür ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixli, İXP4456473 nömrəli protokola əsasən xx.xx.2022-ci il tarixində, saat 22:40-da, 8 Noyabr küçəsi “Nargilə” kafesi ərazisində “Ravon Nexia R3 minik” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən ara məsafəsi qaydalarını pozması nəticəsində qəza törətmiş, barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə əsasən 40 manat cərimə edilmə haqqında inzibati tənbeh tətbiq edilmişdir. Yenə işdə olan “RS” Avtoservis tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli dəymiş zərərin hesablanmasına dair aktdan görünür ki,“Ravon Nexia R3 minik” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ümumilikdə 2280 manat məbləğində ziyan dəymişdir. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli, 484424 nömrəli mədaxil qəbzindən görünür ki, “RS” Avtoservisin sahibi kimi fizii şəxs Ağazadə qşin Məmməd oğluna 1230 manat ehtiyat hissələri və 1050 manat zəhmət haqqı olmaqla, ümumilikdə 2280 manat məbləğində pul ödənilmişdir. Yenə də mülki işin materiallarında olan "xxxx" MMC tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 633 nömrəli məktubdan görünür ki, "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 10 mart 2020-ci il tarixli, ALY-14 saylı "Daxili Lizinq" miiqaviləsi üzrə sonuncunun müvəqqəti istifadəsinə verilmiş "RAVON NEXİA R3 MiNiK" markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobilə etibarnamə əsasında idarə edən Cavabdeh1 tərəfindən vurulmuş ziyan üzrə təmir-bərpa işləri lizinq alan İddiaçı tərəfindən öz hesabına aparılmışdır. Odur ki,yuxarıda qeyd edilənləri nəzərə alaraq İddiaçı Cavabdeh1 qarşı dəymiş ziyanın ödənilməsi ilə bağlı Şuşa Rayon Məhkəməsində qaldırılan iddianın təmin olunmasına heç bir etirazı yoxdur. MƏHKƏMƏNİNMÖVQEYİ Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddia tələbinin təmin edilməyən hissəsindən şikayət verilmədiyindən məhkəmə kollegiyası, AR MPM-in 372.6-cı maddəsinə əsasən həmin hissədə araşdırma aparmır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini, işdə iştirak edən şəxslərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Şuşa Rayon Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli, e-2(077)-313/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, "xxxx" MMC-nin mülkiyyətində olan "Ravon Nexia R3 minik" markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobili İddiaçı X2nə əsasən əldə etmiş və sonuncu icarə müqaviləsinə əsasən həmin avtomobili müvəqqəti olaraq Cavabdeh1 vermişdir. Cavabdeh1 xx.xx.2022-ci il tarixdə idarə etdiyi "Ravon Nexia R3 minik" markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman yol-nəqliyyat hadisəsi törətmiş, həmin yol-nəqliyyat hadisəsində Cavabdeh1 təqsirli bilinərək cərimə edilmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilə 2280 manat məbləğində maddi ziyan dəymiş və həmin məbləğ İddiaçı tərəfindən ödənilərək avtomobil təmin edilmişdir. Hazırda iddiaçı qeyd olunan iddia tələbi ilə məhkəməyə müraciət etmiş, mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd olunan formada həll edilmiş, qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti vermişdir. Birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılşan məhkəmə kollegiyası mübahisə ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Bu Məcəlllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Yenə Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. İstinad olunan maddi hüquq normalarının tələblərindən göründüyü kimi zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İşin tədqiq olunan faktiki hallarından göründüyü kimi cavabdehin günahı üzündən yol-nəqliyyat hadisəsi baş vermiş və nəticədə iddiaçının sahibliyində olan avtomobilə zərər vurulmuşdur. Daha öncə qeyd olunduğu kimi zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. İş üzrə iddiaçı da lizinq müqaviləsi üzrə sahibliyinə verilmiş nəqliyyat vasitəsini öz vəsaiti hesabına təmir etdirmiş, bu səbəbdən də onun vurulmuş zərərin əvəzini tələb etmək hüququ yaranmışdır. Apellyasiya kollegiyası cavabdehin apellyasiya şikayətinin subyektiv hüquqa dair dəlili ilə bağlı bildirir ki, işin tədqiq olunan faktiki hallarından bəlli olduğu kimi mübahisə predmetini təşkil edən "Ravon Nexia R3 minik" markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" MMC-nin mülkiyyətindədir. Həmin avtomobilə dair MMC ilə İddiaçı arasında X2 bağlanmış və avtomobil icarə müqaviləsinə əsasən etibarnamə əsasında Cavabdeh1 vermişdir. Avtomobilə dəymiş ziyan İddiaçı tərəfindən ödənilmiş və hazırda həmin ziyan məbləğinin cavabdehdən İddiaçı xeyrinə tutulmasına avtomobilin mülkiyyətçisi etiraz etmir. Göründüyü kimi iddiaçı lizinq müqaviləsi əsasında istifadəsində olan avtomobilə cavabdehin təqsiri nəticəsində dəymiş ziyanının (həmin ziyan məbləği iddiaçı tərəfindən ödənilmişdir) ödənilməsini tələb edir ki, bu formada iddianın hüquqi əsası mövcud olduğu kimi, iddiaçı bu tələbdə subyektiv hüquqa da malikdir. Cavabdehin digər dəlili ondan ibarətdir ki, real zərərin miqdarı düzgün hesablanmamış, məhkəmə əsassız olaraq iddiaçının təqdim etdiyi ziyan aktı ilə kifayətlənmişdir. Məhkəmə kollegiyası, cavabdehin bu dəlilini də qəbul etmir. Belə ki, iddiaçı avtomobilə vurulmuş zərərin miqdarı və çəkilmiş xərclər barədə öz dəlilini rəsmi sənədlərlə sübut etsə də, cavabdeh tərəfindən bu barədə məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Beləliklə, apellyasiya kollegiyası sadalanan maddi hüquq normlarının məzmunundan çıxış edərək hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi yekun nəticə işin faktiki hallarına uyğundur. AR MPM-nin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh apellyasiya şikayətinin dəlillərini məhkəmə iclasında əsaslı şübhələrdən kənar sübutlarla sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, şikayətdə göstərilən dəlillər apellyasiya şikayətinin təmin edilməsi üçün əsas ola bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikasının MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən saxlanması, apellyasiya şikayətinin isə təmin edilməməsi üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Şuşa Rayon Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli, e-2(077)-313/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə dərhal qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-341/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-341/2023
24.01.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver