Məhkəmə qərarları › İş №2(105)-341/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-341/2025

06.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-341/2025 06.03.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: borcun tutulması) X2 Süleymanovanın sədrliyi və məruzəsi, X1 və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı "borcun ödənilməsi" tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 16 dekabr 2024-cü il tarixli, e- 2(060)-7773/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 1526,75 manat əsas, 221,24 manat faiz, cəmi 1747,99 manatın və 37,48 manat dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış xx.xx.2024-cü il tarixli BUMM8338378B299 saylı Kredit müqaviləsinə əsasən onun kartına 59 ay müddətinə, illik 27 faiz dərəcəsi ilə 1528 manat olan kredit vəsaiti mədaxil edilmişdir. Kredit nəğd qaydada deyil, cavabdehin elektron imzası ilə ona məxsus hesaba pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirmir. Cavabdehin xx.xx.2024-cü il tarixə İddiaçı ASC-yə 1526,75 manat əsas, 221,24 manat faiz, cəmi 1747,99 manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir.

3. İddia ərizəsinə yazılı etiraz daxil olmamışdır.

4. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2024-cü il tarixli BUMM8338378B299 saylı kredit müqaviləsinə əsasən cavabdehə 59 ay müddətinə illik 27 faiz dərəcəsi ilə, 1528 manat kredit verilmişdir və cavabdeh öz öhdəliyini tam şəkildə yerinə yetirməyi öhdəsinə götürmüşdür.

5. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh kredit müqaviləsinə əsasən 1526,75 manat əsas, 221,24 manat faiz, cəmi 1747,99 manat borcu yaranmışdır.

6. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehin ünvanına göndərilən xəbərdarlıq məktubunun surətindən görünür ki, cavabdeh borcun qaytarılmasına dair xəbərdar edilmişdir.

7. Pretenziya məktublarından görünür ki, cavabdeh öhdəliklərini yerinə yetirmədiyi təqdirdə, məhkəmə qaydasında ondan pul tələb olunması barədə xəbardarlıq edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

Birinci instansiya məhkəməsində icraat

8. Sumqayıt Şəhər Məhkəməsinin 16 dekabr 2024-cü il tarixli, e-2(060)- 7773/2024 nömrəli qətnaməsi ilə (hakim Elmir Hüseynov) iddianın təmin edilməsi, Cavabdeh 1526,75 manat əsas borc, 221,24 manat faiz borcu, cəmi 1747,99 manat borc və ödənilmiş 37,48 manat dövlət rüsumunun əvəzinin İddiaçı ASC-nin xeyrinə tutulması qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1, 385.1, 442, 448.1, 739.1 və 5.3-cü maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5.3, 119.1, 77.1, 217.4, 216-220, 284-6 və 360-cı maddələri ilə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

Apellyasiya şikayəti və onun dəlilləri

10. Cavabdeh apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 16 dekabr 2024-cü il tarixli, e-2(060)-7773/2024 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

11. Apellyator şikayəti onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin e- 2(060)-7773/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli qətnaməsinin qanunsuz və əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi sübuta yetirilir və bu səbəbdən sözügedən qətnamə ləğv edilməlidir. Nəzərə çatdırır ki, onun kredit müqaviləsindən xəbəri yoxdur. Ümumiyyətlə o, pul götürmək üçün heç bir formada banka müraciət etməmişdir. Hesab edir ki, məhkəmə tərəfindən elektron qaydada onun adından kimin müraciət etməsi aydınlaşdırılmalı və iddia tələbi ona münasibətdə rədd olunmalıdır. Bank onun tərəfindən onlayn qaydada kredit götürüldüyünü bildirsə də, bu təmamilə səhvdir.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

13. Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Əlavə olaraq göstərdi ki, onun mobil telefonunda Birbank mobil tətbiqi olmuşdur. Eləcə də onlyan qaydada müraciəti əsasında Bankdan kart almışdır.

14. İddiaçının nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.

Apellyasiya baxışının hədləri

15. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi Cavabdeh verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.

Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

18. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini müqaisəli araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

19. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

20. Məhkəmə kollegiyası tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli Kredit müqaviləsinə əsasən ona illik 27 faiz dərəcəsi ilə 1528 manat kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixə İddiaçı ASC-yə xx.xx.2024-cü il tarixli Kredit müqaviləsinə əsasən 1526,75 manat əsas; 221,24 manat faiz; cəmi 1747,99 manat borcu yaranmışdır. Qeyd olunanlara əsasən iddiaçı araşdırılan iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

21. Göründüyü kimi birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbi təmin edilmişdir.

22. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, Cavabdeh iddiaçıdan aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur, lakin o, xx.xx.2024-cü il tarixli kredit müqaviləsinin şərtlərini pozaraq, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Ona görə də iddiaçının xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə əsas və faiz borcunun cavabdehdən tutulması barədə iddia tələbi əsaslıdır.

23. Cavabdeh apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 16 dekabr 2024-cü il tarixli, e-2(060)-7773/2024 nömrəli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

24. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

25. Məhkəmə kollegiyası tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, apellyasiya şikayətinin dəlilləri ilə bağlı hüquqi dəyərləndirmə apararaq aşağıda şərh olunanları qeyd etməyi zəruri hesab edir.

26. Apellyatorun şikayətinin dəlilləri ondan ibarətdir ki, onun belə bir müqavilədən xəbəri yoxdur. Ümumiyyətlə o, pul götürmək üçün heç bir formada banka müraciət etməmişdir.

27. Məhkəmə kollegiyası şikayətin dəlilləri ilə bağlı aşağıda şərh olunanları da qeyd etməyi zəruri hesab edir:

28. Mülki məhkəmə icraatında qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosessual qanunvericilik sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz.

29. Mülki prosessual qanunvericilik məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Kollegiya qeyd edir ki, cavabdeh apellyasiya şikayətinin dəlillərini məhkəmədə sübuta yetirə bilməmiş, istinad etdiyi etirazının əsaslarına dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir.

31. Əksinə məhkəmə araşıdrması zamanı müəyyən edilmiş hallar- cavabdehin Bankdan onlayın müraciət əsasında kredit kartı göstərməsinə dair bildirdikləri, iddiaçı tərəfindən onlayın müraciəti özündə əks edən videosdiskdə cavabdehin tətqiq edilmiş görüntüləri şikayətin dəlillərinin əsassız olması qənaəti yaradır.

32. Kollegiya hesab edir ki, işin müəyyən edilmiş faktiki halları və bu faktların təkzib olunmasına dair cavabdeh tərəfindən heç bir sübutun təqdim edilməməsi belə nəticəyə gəlməyə imkan verir ki, Cavabdeh iddiaçı qarşısında kredit öhdəliklərinin vaxtında və lazımınca yerinə yetirilməməsinə dair məsuliyyət daşıyır. Birinci instansiya məhkəməsi mübahisəni mahiyyəti üzrə düzgün həll etmiş, tərəflərin qarşılıqlı münasibəti üzrə düzgün nəticəyə gəlmişdir.

33. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

34. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384-385, 392-393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 16 dekabr 2024-cü il tarixli, e-2(060)-7773/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə dərhal qanuni qüvvəsini alır. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar