Məhkəmə qərarları › İş №2(105)-3419/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3419/2021

25.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3419/2021 25.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X4 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi, İddiaçının nümayəndəsi: X2 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 13 iyul 2021-ci il tarixli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Abşeron Rayon Məhkəməsinin 13 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakim H.Y.Əhmədov) iddia ərizəsinin qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 07.08.2019-cu il tarixli, 056R**********S saylı kredit razılaşması üzrə 2820.5 (iki min səkkiz yüz iyirmi manat əlli qəpik) manat əsas, 702.08 (yeddi yüz iki manat səkkiz qəpik) manat faiz və 200 (iki yüz) manat cərimə borcu olmaqla, cəmi 3722,58 (üç min yeddi yüz iyirmi iki manat əlli səkkiz qəpik) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun iddiaçı AccessBank QSC-nin xeyrinə tutulması, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 2820.5 manat əsas, 702.08 manat faiz və 1194.82 manat cərimə olmaqla cəmi 4717.40 manat borcun, ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 19.03.2009-cu il tarixli 10L000000627 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 20000 ABŞ dolları kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Tərəflərin imzaladıqları 27.09.2017-ci il tarixli 10L000000627S saylı sazişə əsasən kredit xətti müqaviləsinin müddəti 222 ay, məbləği 50000 ABŞ dolları müəyyən edilmişdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 05.09.2018-ci il tarixli 056R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 5000 manat kredit götürmüşdür. Tərəflərin imzaladıqları 07.08.2019-cu il tarixli 056R**********S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 20.02.2020-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 2179.5 manat ödəmiş, onun 2820.5 manat kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdırlar ki, iddiaçı tərəfin onlara açmış olduğu kredit xətti üzrə ayrılmış 5000 manat məbləğindən 4000 manat pulu tərəfindən iddiaçı tərəfin hesabına ödəmişlər. Qalan məbləği isə iş yerinin bağlanması səbəbindən həyata keçirə bilməmişdir. Pandemiya ilə əlaqədar olaraq iş yerləri dayandırılmışdır. Bu səbəbdən də ailədə işsizlik böhranı baş vermişdir. Dəfələrlə iddiaçı tərəfə müvəqqəti olaraq kredit xəttinin dayandırılmasını xahiş etməyinə baxmayaraq heç bir köməklik olunmamışdır. Götürülən məbləgin üzərinə yüksək faizin gəlməsi də ödəniləcək məbləgə güclü təsir etmişdir. Məhkəmə tərəfindən bir çox maddi prosessual normalarının tələbləri pozulmuşdur. Abşeron Rayon Məhkəməsinin 13 iyul 2021-ci il tarixli 2(012)-3135/2021 saylı qətnaməsini ləğv edib, yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişlər. İddiaçının nümayəndəsi A.Z.Əhmədova apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, iddia ərizəsinə uyğun izahat verdi və apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəfin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə apellyasiya şikayəti təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddianı qismən təmin edərkən, tərəflər arasında kredit, zamin müqaviləsinin olmasına, cavabdehlər tərəfindən müqavilənin şərtlərinin pozulmasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış sübutlara tam uyğundur. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İşdə olan İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 19.03.2009-cu il tarixli, 10L000000627 saylı kredit xətti müqaviləsindən görünür ki, cavabdehə 120 ay müddətinə, 20 000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış kredit xətti müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında 27.09.2017-ci il tarixli 10L000000627S saylı sazişdən görünür ki, bank tərəflər kredit xətti müqaviləsinin bəndlərinə aşağıdakı 1.1, 1.2 və 1.3-cü bəndlərindəki aşağıdakı dəyişiklik və əlavələr edilməsi barədə razılığa gəlmişlər. Bank bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün kredit alana 50 000 ABŞ dolları kredit xətti müqaviləsini açır. Kredit xətti bu müqavilə üzrə və onun qüvvədə olduğu müddətdə istənilən zaman kredit alanın bank qarşısında faizlər nəzərə alınmadan maksimum borclanma həddidir. Kreditlər tərəflər arasında “kredit razılaşması”, “bank qarantiyası verilməsi haqqında müqavilə” və “akkreditiv açılması üçün razılaşma” formasında bağlanacaq ayrıca razılaşmalar əsasında veriləcək. Bu müqavilə bankın kredit vermə vədini ifadə etmir. Bu müqavilə və kredit razılaşmaları əsasında istənilən məbləğ 222 ay müddətinə 19 sentyabr 2027-ci il tarixdən gec olmayaraq verilməlidir. Verilən hər bir kredit məbləğli, faiz dərəcəsi, müddəti, məqsədi və digər şərtləri hər dəfə tərəflər arasından bağlanan və bu müqavilənin ayrılmaz hissəsi olan kredit razılaşmaları ilə müəyyən edilir. İşdə olan borcverən İddiaçı QSC ilə borcalan Cavabdeh1 arasında bağlanmış 05.09.2018-ci il tarixli 056R********** saylı kredit razılaşmasından müəyyən olunur ki, bank borcalana bu müqavilənin şərtlərinə uyğun olaraq aylıq faiz dərəcəsi 2,1667 % olmaqla 07.10.2019-cu il tarixdən 07.09.2020-ci il tarixədək aylıq faiz dərəcəsi 2 faiz olmaqla 24 ay müddətinə qaytarmaq şərti ilə 5000 manat kredit verməyi öhdəsinə götürmüşdür. İşə əlavə olan 19.03.2009-cu il tarixli, 10L000000627 saylı kredit xətti müqaviləsi üzrə ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 ona verilmiş kredit üzrə əsas və faiz borclarını 05.10.2018-ci il tarixdən başlayaraq, 07.09.2020-ci il tarixədək, 5000 manat əsas, 1466.17 manat faiz borcu olmaqla, 6466.17 manat ümumi borc məbləğindən hər ay banka 269 manat (sonuncu ay 279.17 manat) ödəməklə qaytarmalıdır. Kreditin verilməsi-köçürmə barədə 09.05.2018-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh1 5000 manat kredit məbləğini İddiaçı QSC-dən imza edərək qəbul etmişdir. İş materiallarında olan 05.09.2018-ci il tarixli 056R********** saylı kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilməsi haqqında 07.08.2019-cu il tarixli 056R**********S nömrəli Sazişdən görünür ki, bank ilə kreditalan arasında 19.03.2009-cu il tarixli, 10L000000627 saylı kredit xətti müqaviləsi üzrə 05.09.2018-ci il tarixdə bağlanmış 056R********** saylı kredit razılaşması (“kredit razılaşması”) əsasında kredit alan, kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu sazişə əlavə olunan 07.08.2019-cu il tarixli ödəniş planına uyğun olaraq banka ödəməlidir. İşdə olan 19.03.2009-cu il tarixli, 10L000000627 saylı kredit xətti müqaviləsi üzrə ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 ona verilmiş kredit üzrə əsas və faiz borclarını 20.08.2019-cu il tarixdən başlayaraq, 22.09.2020-ci il tarixədək, 3359.58 manat əsas, 624.05 manat faiz borcu olmaqla, 4211.57 manat ümumi borc məbləğindən hər ay banka 385 manat (sonuncu ay 616.57 manat) ödəməklə qaytarmalıdır. İşə əlavə olan İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış 27.09.2017-ci il tarixli 056S**********02 saylı zaminlik müqaviləsindən görünür ki, zamin zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüş və borclu ilə bank qarşısında birgə məsuliyyət daşımalıdır. İddiaçı QSC-nin 26.05.2021-ci il tarixli hesabdan çıxarışından görünür ki, borclu 21.01.2020-ci il tarixdə sonuncu ödəniş olaraq 87.95 manat ödəniş etmişdir. İşdə olan İddiaçı QSC-nin 08.04.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 İddiaçı QSC-yə 05.09.2018-ci il tarixli 056R**********S saylı kredit razılaşması üzrə 12.02.2021-ci il tarixinə 2820.5 manat əsas, 702.08 manat faiz və 1194.82 manat cərimə olmaqla, cəmi 4717.40.94 manat borcu var, cərimə hesablanmış gecikdirilən günlərin sayı 358 gün təşkil edir. İşdə olan 22.01.2021-ci il tarixli 1701 və 1702 saylı xəbərdarlıq məktublarından və xəbərnamələrdən görünür ki, İddiaçı QSC tərəfindən birgə borclular Cavabdeh1 və Cavabdeh2 kredit müqaviləsi üzrə borc 31.01.2021-ci il tarixinədək ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə adlanacaq) 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İş materiallarından da göründüyü kimi borcalan Cavabdeh1 bank ilə bağladığı kredit müqaviləsi və sazişlərə əsasən kredit götürmüş və həmin məbləğin faizləri ilə birlikdə müqavilə ilə müəyyən olunmuş müddətdə banka qaytarmağı öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Müki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəllənin 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxs, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Sadalanan maddi hüquq normasının tələblərinə əsasən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 bank qarşısında digər Cavabdeh1 ilə birlikdə eyni həcmdə birgə məsuliyyət daşıyır. İş materialları ilə sənədlərlə müəyyən edilmişdir ki, Cavabdeh1 Banka 07.08.2019-cu il tarixli, 056R**********S saylı kredit razılaşması üzrə 12.02.2021-ci il tarixinə cərimə borcu 1194.82 manat təşkil edir. Eyni zamanda, Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İstinad edilən maddi hüquq normalarının tələbləri baxımından məhkəmə qeyd edir ki, əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu gəlir kimi çıxış edə bilməz. Belə ki, dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə zidd olardı. Ona görə də məhkəmə 2820.5 manat əsas borc üzrə hesablanmış 1194.82 manat məbləğində dəbbənin azaldılaraq, 200 manat məbləğində müəyyən edilməsini qanuni, əsaslı və ədalətli olmaqla, həm də iddiaçı təşkilatın əmlak mənafelərinə, həmçinin cavabdehin maddi, əmlak vəziyyətinə uyğun hesab edir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı QSC-nin cavabdehlər arasında bağlanmış kredit və zaminlik müqavilələri üzrə cavabdehlərin müqavilə öhdəliklərini yerinə yetirməməsi sübuta yetirilir. Məhkəmə nəzərə almışdır ki, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə kollegiyası cavabdehlərin iş üzrə pandemiya ilə əlaqədar borcun ödəyə bilməməsi barədə gətirdiyi dəlili qəbul etmir, belə ki, həmin dəlil cavabdehləri iddiaçıya olan borcun ödənilməsinə azad etmir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə kollegiyası tərəflərin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin bu iş üzrə 13 iyul 2021-ci il tarixli 2(012)-3135/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar