Məhkəmə qərarları › İş №2(105)-342/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-342/2023

07.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-342/2023 07.02.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: pul tələbinə dair) Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X3 və X2 ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-5698/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı borc tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 15800 (on beş min səkkiz yüz) manat borc pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 15 mart 2021-ci il tarixli kredit müqaviləsi əsasında Cavabdeh 9800 (doqquz min səkkız yüz) manat borc pul və 16 mart 2021-cı il tarixli kredıt müqaviləsi əsasında 6000 (altı min) manat borc pul vermişdir. Cavabdeh borc aldığı məbləğləri qısa müddətə qaytarmağı öhdəsinə götürsə də indiyədək borc aldığı pulu qaytarmamışdır. Mübahisənin məhkəmədənkənar (pretenziya) qaydasında həlli məqsədi ilə tərəfindən cavabdehə rəsmi qaydada müraciət olunmuş, lakin cavabdeh tərəfindən iki aya yaxın müddət keçməsinə baxmayaraq heç bir cavab verilməmişdir. Cavabdeh ona olan 15800 manat borcunu ödəməlidir və buna görə məsuliyyət daşıyır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-5698/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 15800 (on beş min səkkiz yüz) manat pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi, Cavabdeh 137,4 (bir yüz otuz yeddi manat qırx qəpik) manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir (hakim Günel Tanrıverdiyeva). Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli kredit müqavilələri imzalanmış, iddiaçı tərəf müqavilə üzrə üzərinə düşən öhdəliklərini yerinə yetirsə də cavabdeh hər iki müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 443, 445.2.1, 739.1, 739.2, MPM-nin 119.1, 77.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)- 5698/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə tamamilə qanunsuz və ədalətsizdir. Belə ki, Sumqayıt Şəhər Məhkəməsində işə baxılan zaman o, Turkiyə Respublikasında idi. Məhkəməyə telefonoqramma vurub, məhkəmə iclasının təxirə salınmasını xahiş etsə də işə onun işirakı olmadan baxılmış və çəkişmə prinsipinin müddəaları pozulmuşdur. Halbuki o, məhkəmə iclasında iştirak etmək, hüquqlarımı müdafiə etmək istədiyini telefonoqrammada bildirmişdir. Göstərilənlərə əsasən hesab edir ki, birmənalı, faktiki hallara uyğun olmayan qətnamə çıxarmaqla Sumqayıt Şəhər Məhkəməsi tərəfindən hüququ pozulmuşdur. Buna görə də Sumqayıt Şəhər Məhkəməsinin (060)-5698/2022 saylı, 10 okyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilməli və iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Apellyasiya icraatı iştirakçılarının izahatları Cavabdeh xx.xx.2023-cü il tarixdə ərizə ilə müraciət edərək xx.xx.2023-cü il tarixinə təyin edilmiş məhkəmə iclasında xəstəliyi ilə əlaqədar iştirak edə bilməməsi səbəbindən məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməməsini səbərləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 739.1-ci maddəsinə əsasən, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 442-ci maddəsinə görə öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Prosessual Məcəllə Maddə 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119.1. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli və Sumqayıt Şəhər Məhkəməsinin e- 2(060)-5698/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materillarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli məlumatdan görünür ki, yaranmış borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh yazılı bildiriş ünvanlanmışdır. İddiaçı ilə Cavabdeh arasında notarial qaydada bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixədək qaytarmaq şərti ilə Cavabdeh 6.000 (altı min) manat məbləğində borc pul vermişdir. İddiaçı ilə Cavabdeh arasında notarial qaydada bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsindən görünür ki, Ağayeva X1 Həmid Dİlqəm oğluna 9800 (doqquz min səkkiz yüz) manat məbləğində borc pul vermişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, tərəflər arasında xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli kredit müqavilələri imzalanmış, iddiaçı tərəf müqavilə üzrə üzərinə düşən öhdəliklərini yerinə yetirsə də cavabdeh hər iki müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. Məhkəmə iş materiallarına əsasən iddianın təmin edilməsi nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd edilən hissədə gəldiyi nəticəni əsaslı hesab edir. Belə ki, iş materiallarında olan müqavilələrdən görünür ki, cavabdeh iddiaçıdan 6000 və 9800 manat olmaqla 15800 manat borca pul almışdır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür. Avropa İnsan Hüquqları Məhkəməsinin «Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, injumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı öz tələbini iş materiallarında olan müqavilələrlə sübuta yetirmişdir. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh iddia ərizəsinə qarşı etiraz ərizə verməmiş, iddiaçıya borcu olmamasını əsaslandırmamışdır. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə haqlı olaraq iddia tələbi təmin edildiyindən dövlət rüsumuna görə ödənilmiş 137,4 manat pulun cavabdehdən tutulması qənaətinə gəlməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinə qiymət verərək qeyd edir ki, cavabdeh məhkəmə iclasları barədə məlumatlandırılsa da məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Cavabdeh xaricdə olarkən məhkəməyə teleqram vurmasını bildirsə də, iş materiallarında belə bir teleqram mövcud deyildir. Həmçinin məhkəmə kollegiyasının iclasları barədə rəsmi qaydada, eləcə də sms bildiriş vasitəsi ilə məlumatlandırılsa da cavabdeh məhkəmə kollegiyasının iclasında da iştirak etməmiş, apellyasiya şikayətini əsaslandırmamışdır. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh xəstəliyi ilə bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bununla da cavabdeh əsassız olaraq məhkəmə proseslərinin təxirə salmaqla işin baxılmasını uazdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələr kimi qiymətləndirilməklə əsaslı hesab edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki,apelyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-5698/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-5698/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İş üzrə Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar