Məhkəmə qərarları › İş №2(105)-342/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-342/2025

04.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-342/2025 04.02.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" QSC-nin cavabdehlər Fəsadov Rası̇ m Babacan oğlu, Bayramov Habı̇ l Əlı̇ kram oğlu, Qulı̇ yev Adı̇ l Babahəsən oğlu, Nı̇ ftalı̇ yev Mahı̇ r Mı̇ rağa oğlu və Eyvazov Yengı̇ bar Valeh oğluna qarşı mülki iş üzrə (Açar sözlər: prosessual müddətin bərpasına dair) X5 Süleymanovanın sədrliyi və məruzəsi, X1 və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi ilə, İddiaçı QSC-nin cavabdehlər Fəsadov Rası̇ m Babacan oğlu, Bayramov Habı̇ l Əlı̇ kram oğlu, Qulı̇ yev Adı̇ l Babahəsən oğlu, Nı̇ ftalı̇ yev Mahı̇ r Mı̇ rağa oğlu və Eyvazov Yengı̇ bar Valeh oğluna qarşı “borcun tutulması tələbi”nə dair mülki iş üzrə Qobustan Rayon Məhkəməsinin 09 dekabr 2024-cü il tarixli, 2(026)-255/2017 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:

1. Qobustan Rayon Məhkəməsinin 04 may 2017-ci il tarixli, 2(026)-255/2017 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh5, Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və X2 müştərək qaydada 13324,82 ABŞ dolları əsas borc, 3323,09 ABŞ dolları faiz borcu, 2000 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 18647,91 ABŞ dolları borcun və ödənilmiş dövlət rüsumunun məbləği olan 30 manatın alınıb İddiaçı QSC-yə ödənilməsi qət edilmişdir.

2. Qətnamədən narazı qalan Cavabdeh5 apellyasiya şikayəti vermişdir.

3. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 oktyabr 2017-ci il tarixli, 2(105)-3331/2017 saylı qətnaməsi ilə Cavabdeh5 apellyasiya şikayəti qismən təmin edilmiş, Qobustan Rayon Məhkəməsinin 04 may 2017-ci il tarixli, 2(026)-255/2017 saylı qətnaməsi Cavabdeh5 apellyasiya şikayəti üzrə qismən cərimə borcuna aid hissədə dəyişiklik edilmiş, cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və X2 məzənnə üzrə manatla 100 ABŞ dolları cərimə borcunun tutularaq İddiaçı QSC-yə verilməsi, qalan hissələrdə qətnamənin Cavabdeh5 apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

4. Həmin qətnamədən Cavabdeh5 kassasiya şikayəti vermişdir.

5. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 19 oktyabr 2020-ci il tarixli, 2(102)-4498/20 saylı qərarı ilə Cavabdeh5 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-3331/2017 nömrəli iş üzrə 26 oktyabr 2017-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - Cavabdeh5 aid hissədə dəyişdirilmədən saxlanılmışdır.

6. Bundan sonra Qobustan Rayon Məhkəməsinin 04 may 2017-ci il tarixli, 2(026)- 255/2017 saylı qətnaməsindən Cavabdeh1 apellyasiya şikayəti vermişdir.

7. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 aprel 2021-ci il tarixli, 2(105)-1377/2021 saylı qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayəti təmin edilmiş, Qobustan Rayon Məhkəməsinin 04 may 2017-ci il tarixli, 2(026)-255/2017 saylı qətnaməsi zamin Cavabdeh1 münasibətdə ləğv edilmiş, İddiaçı QSC-nin Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddiası təmin edilməmişdir.

8. Həmin qətnamədən narazı qalan İddiaçı QSC kassasiya şikayəti vermişdir.

9. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 sentyabr 2021- ci il tarixli, 2(102)-4822/2021 saylı qərarı ilə İddiaçı QSC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1377/2021 nömrəli iş üzrə 19 aprel 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - iddiaçının hazırkı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

10. Sumqayıt Apellyasiya Məhkəməsinin Qobustan rayon İcra və Probasiya şöbəsinə ünvanladığı 01 oktyabr 2021-ci il tarixli məktubdan görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 19 aprel 2021-ci il tarixli, 2(105)-1377/2021 saylı qətnaməsinə əsasən verilmiş icra vərəqəsi icra edilməsi üçün Qobustan rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir.

11. Bundan sonra cavabdeh Eyvazov X4 Rayon Məhkəməsinin 04 may 2017-ci il tarixli, 2(026)-255/2017 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə vermiş, ərizədə Qobustan Rayon Məhkəməsinin 04 may 2017-ci il tarixli, 2(026)-255/2017 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin üzrlü hesab edilib bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 ərizəsini onunla əsaslandırmışdır ki, o, Qobustan Rayon Məhkəməsinin 04 may 2017-ci il tarixli, 2(026)-255/2017 saylı qətnaməsindən ondan pul tutulan zaman xəbəri olmuşdur. Zaminliklə əlaqədar 25 noyabr 2024-cü il tarixdə mərkəzləşdirilmiş kredit reyestrindən aldığı çıxarışın 5-ci bəndinə əsasən onun hər hansı bankda hər hansı öhdəliyə zamin olması haqqında məlumat aşkar olunmamışdır. Onun qətnamənin çıxarılmasından xəbəri olmadığı üçün buraxılmış müddət üzrlü hesab edilməklə apellyasiya şikayəti vermək üçün buraxılmış müddət bərpa edilməlidir. Ərizəyə Qobustan Rayon Məhkəməsinin 04 may 2017-ci il tarixli, 2(026)- 255/2017 saylı qətnaməsindən verilmiş apellyasiya şikayəti əlavə olunmuşdur.

Birinci instansiya məhkəməsində icraat

12. Qobustan Rayon Məhkəməsinin 09 dekabr 2024-cü il tarixli, 2(026)-255/2017 nömrəli qərardadı ilə (hakim Samir Mayılov) ərizə təmin edilmiş, Qobustan Rayon Məhkəməsinin 04 may 2017-ci il tarixli, 2(026)-255/2017 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin buraxılmasının üzrlü hesab edilərək bərpa edilməsi qərara alınmışdır.

13. Həmin qərardaddan narazı qalan İddiaçı QSC şikayət vermiş, şikayətində Qobustan Rayon Məhkəməsinin 09 dekabr 2024-cü il tarixli, 2(026)-255/2017 saylı qərardadının ləğv edilməsini və Cavabdeh2 tərəfindən şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəsinin rədd edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

14. Qobustan Rayon Məhkəməsinin 24 dekabr 2024-cü il tarixli, 2(026)-255/2017 nömrəli qərardadı ilə (hakim Samir Mayılov) Qobustan Rayon Məhkəməsinin 09 dekabr 2024-cü il tarixli, 2(026)-255/2017 saylı qərardadından İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayətin təmin edilməməsi, qərardadın dəyişdirilmədən saxlanılması, şikayətin baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

Şikayətin dəlilləri

15. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 şikayəti onunla əsaslandırmışdır ki, mülki iş materiallarından müəyyən edilmişdir ki, Qobustan Rayon Məhkəməsinin 04 may 2017-ci il tarixli, 2(026)-255/2017 nömrəli qətnaməsi 05 may 2017ci il tarixdə 1541, 1542, 1543, 1544, 1545 və 1546 saylı reyestr nömrəli məktublarla tərəflərə, qətnamə qanuni qüvvəsini aldıqdan sonra isə 03 iyul 2017-ci il tarixli 1754 və 1755 saylı reyestr nömrələri ilə Cavabdeh4 və Cavabdeh2 münasibətdə icra edilməsi üçün Bakı şəhəri Xəzər rayon İcra şöbəsinə göndərilmişdir. İşin müəyyən edilmiş hallarından - cavabdehə dəfələrlə göndərilmiş məhkəmə bildirişlərindən, xəbərdarlıqlardan, məktublardan göründüyü kimi cavabdeh işə məhkəmə qaydasında baxılmasından xəbərdar olmuşdur. Yuxarıda qeyd edilənləri nəzərə alaraq yalnız cavabdeh tərəfindən irəli sürülən mülahizələr məhkəmə aktının qəbul edildiyi vaxtdan yeddi il ötdükdən sonra buraxılmış prosessual müddətin bərpa edilməsi üçün əsas olaraq qəbul edilə bilməz. Belə ki, qeyd edildiyi kimi cavabdeh məhkəmə mübahisəsi barədə xəbərdar olmaqla məhkəmə aktını əldə etməkdə özü də maraqlı olmalı, hərəkətsizlik nümayiş etdirməməli idi. Müddət bərpası barədə ərizə onunla əsaslandırılmışdır ki, Qobustan Rayon Məhkəməsinin 04 may 2017-ci il tarixli, 2(026)- 255/2017 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən yalnız ondan pul tutulan zaman xəbəri olmuşdur. Aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, cavabdeh tərəfindən şikayət verilməsi üçün qanunla müəyyən edilmiş müddət üzrsüz səbəblərdən ötürülmüşdür və müddətin bərpa edilməsi üçün əsas yoxdur. Mülki Məcəllənin 382-ci maddəsinin tələblərinə görə iddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və s) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fiziki şəxsin pozulmuş hüququ müdafiə edilməlidir. İddia müddətinin ötürülməsi səbəbləri iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində baş verdikdə üzrlü sayıla bilər. Hazırki iş üzrə isə qanunvericiliyin müəyyən etdiyi belə bir müstəsna hal mövcud deyildir. Belə ki, Qobustan Rayon Məhkəməsinin 04 may 2017-ci il tarixli, 2(026)-255/2017 saylı qətnaməsi digər cavabdehlərlə birlikdə qeyd edilən cavabdehə göndərilmişdir. Lakin hazırda cavabdeh qətnamənin qət edilməsinin üstündən 7 il keçdikdən sonra qətnamənin ona təqdim edilməməsini iddia etmişdir. Lakin qeyd edilən işlə bağlı müxtəlif tarixlərdə cavabdehin ünvanına dəfələrlə məhkəmə bildirişləri göndərilmişdir. O cümlədən qeyd edilən işlə bağlı cavabdehlər Cavabdeh5 və Cavabdeh1 tərəfindən müvafiq olaraq apellyasiya və kassasiya şikayətləri veriləndə və hər dəfəsində məhkəmə qaydasında prosesə baxan zaman cavabdehə xəbərdarlıqlar və bildirişlər göndərilmişdir. Əlavə olaraq, qanunvericiliklə iddia müddətinin ötürülməsinin üzrlü hesab edilə bilən müddət tənzimlənməkdədir. Qanunverici müddətin ötürülməsinə səbəb olan halların iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində baş verdikdə üzrlü hesab edilməsini qeyd edir. Lakin hazırda cavabdeh tərəfindən Qobustan Rayon Məhkəməsinin qətnaməsinin qət edildiyi tarixdən, yəni 2017-ci il tarixdən 7 il keçdikdən sonra müddətin bərpası ilə bağlı məhkəməyə müraciət edilmişdir. Məhkəmə tərəfindən isə 09 dekabr 2024-cü il tarixli qərardadla buraxılmış prosessual müddətin bərpası üzrlü hesab edilmiş, nəticədə Mülki Məcəllənin tələbləri pozulmuşdur. Qətnamənin qət edilməsindən 7 il kimi uzun müddətin keçməsini nəzərə alaraq müddətin bərpası barədə ərizə təmin edilməməli idi. Qanunla müəyyən edilən prosessual müddətlər işdə iştirak edən şəxslərin hüquq və azadlıqlarına təsir edə bilən ən mühüm prosessual hərəkətlərin icrası vaxtını konkretləşdirməyə yönəlmişdir. Bütövlükdə ədalət mühakiməsinin, o cümlədən mülki məhkəmə icraatının qanunauyğun surətdə həyata keçirilməsində prosessual müddətlərin mühüm əhəmiyyəti vardır. Qanunvericilikdə ötürülmüş müddətin iddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda bərpa edilməsi qeyd edilmişdir. Müddətin üzrlü səbəbdən ötürülməsi barədə cavabdeh və onun vəkili tərəfindən hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. Cavabdehin vəkilinin müddətin bərpası barədə ərizəsində qeyd etdiyi hal üzrlü səbəb kimi qəbul oluna bilməz.

Şikayətə qarşı etirazın dəlilləri

16. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 134.1.5. Birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktları işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməlidir. Maddə 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Maddə 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə 4.1 Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; Maddə 400. Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Apellyasiya baxışının hədləri

19. Şikayətdən görünür ki, apellyator Qobustan Rayon Məhkəməsinin 09 dekabr 2024-cü il tarixli, 2(026)-255/2017 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Odur ki, kollegiya Qobustan Rayon Məhkəməsinin 09 dekabr 2024-cü il tarixli, 2(026)- 255/2017 nömrəli qərardadının tam yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdırıb və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməməli, Qobustan Rayon Məhkəməsinin 09 dekabr 2024-cü il tarixli, 2(026)-255/2017 nömrəli və bununla bağlı 24 dekabr 2024-cü il tarixli, 2(026)-255/2017 nömrəli qərardadları dəyişdirilmədən saxlanılmalıdır.

21. Belə ki, mülki iş materialları nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, Cavabdeh2 məlumatlandırılmasına dair hər hansı təsdiqedici sənəd aşkar olunmamış, eləcə də, Qobustan Rayon Məhkəməsinin 04 may 2017-ci il tarixli, 2(026)- 255/2017 saylı qətnaməsinin ona çatdırılması barədə hər hansı sənəd iş materiallarına əlavə edilməmişdir.

22. Bundan əlavə, Cavabdeh2 ərizəsinə hüquqi qiymət vermək üçün məhkəmə hazırkı iş üzrə qəbul edilmiş məhkəmə aktının icrası çərçivəsində Cavabdeh2 qətnamədən məlumatlı olub-olmamasını müəyyən etmək məqsədilə müvafiq icra işini də araşdırmış və müəyyən olunmuşdur ki, 07 noyabr 2024-cü il tarixinədək Cavabdeh2 barəsində hər hansı icra tədbiri də həyata keçirilməmişdir. İcra işinin araşdırılması ilə yanaşı, 09 dekabr 2024-cü il tarixli məhkəmə iclasında Qobustan rayon İcra və Probasiya şöbəsinin icra məmuru Məqafil Cəfərov çıxış edərək bildirmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin icra sənədi üzrə Qobustan rayon İcra və Probasiya şöbəsində 11 oktyabr 2021-ci il tarixdə icraata başlanılmışdır. Həmin iş üzrə borcun dörd nəfərdən tutulması göstərilmiş olsa da, Cavabdeh2 Bakı şəhəri, Xətai rayonunda qeydiyyatda olması müəyyən edildiyindən onun barəsində hər hansı icra tədbiri həyata keçirilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən də Bakı şəhəri Xətai rayon İcra şöbəsinə ayrıca olaraq icra olunması üçün icra sənədi göndərilməmişdir. Belə ki, bankın müraciəti üzrə onlar Cavabdeh2 bərəsində Xətai rayon İcra şöbəsində icra sənədinin mövcud olubolmamasını araşdırmış, orada Cavabdeh2 barəsində icra sənədinin olmadığını müəyyən etmişlər. Bundan sonra, Cavabdeh2 barəsində də icra tədbirlərinə başlayaraq 07 noyabr 2024-cü ildə inkasso sərəncamı imzalanmış, ondan pulun tutulmasına göstəriş verilmişdir. Cavabdeh2 pulun tutulmasından sonra o, Qobustan rayon İcra və Probasiya şöbəsinə yaxınlaşaraq bunun səbəbini öyrənməyə çalışmış, bu zaman ona qətnamənin mövcudluğu bildirilmişdir. Həmin vaxtadək Cavabdeh2 barəsində onlar tərəfindən hər hansı icra tədbiri görülməmiş, ona icra bildirişi göndərilməmişdir.

23. İcra məmurunun 09 dekabr 2024-cü il tarixli məhkəmə iclasında çıxışından da aydın olduğu kimi, 2024-cü ilin noyabr ayında Cavabdeh2 barəsində Bakı şəhəri Xətai rayon İcra şöbəsində icra işinin olub-olmaması, eləcə də, Qobustan rayon İcra və Probasiya şöbəsi tərəfindən onun barəsində inkasso sərəncamının imzalanması məhz bankın müraciətinə əsaslanmışdır. Bu isə iddiaçı bankın özünün də Cavabdeh2 barəsində icra tədbirlərinin görülməməsini təsdiq etdiyini göstərir.

24. Bundan əlavə, iddiaçı hazırkı şikayətində iddia müddətinin tətbiqi ilə bağlı müddəalara istinad edərək, öz mövqeyini həmin normalara uyğun əsaslandırmağa çalışsa da, hazırda həmin normaların hazırkı məsələyə hər hansı bir aidiyyəti müəyyən olunmur. Belə ki, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün olan müddət iddia müddəti sayılır və maddi hüquq münasibətlərinin qiymətləndirilməsində əhəmiyyət kəsb edir. Hazırda isə mübahisə prosessual hərəkətlərin həyata keçirilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpası ilə bağlıdır. Qanunverici isə bu iki növ müddət arasında hüquqi tənzimetmədə fərqli qaydalar müəyyən etmişdir. İş üzrə digər cavabdehlərin qətnamədən müstəqil şəkildə şikayətlər verməsi şikayət verməmiş digər cavabdehin ona müvafiq məhkəmə bildirişi və aktlarının verilmədiyi halda, həmin məhkəmə icraatının gedişi barəsində məlumatlı olması qənaətinə gəlməyə əsas vermir.

25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi K.N.Qəribovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair 08 may 2008-ci il tarixli qərarında müddətin üzrlü hesab edilməsi ilə əlaqədar göstərmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüququlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirməsinə maneə törətsin və məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.

26. Məhkəmə kolegiyası qeyd etməyi zəruri hesab edir ki, məhkəmə təminatı bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini nəzərdə tutur.

27. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.

28. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin 1-ci hissəsinə əsasən konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.

29. Konstitusiyanın qeyd edilən normaları həmçinin müxtəlif məhkəmə instansiyalarında müraciətin (şikayətin) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını özündə ehtiva edir. Bu məqsədlə qanunverici Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirməklə, mülki mühakimə icraatında prosessual qaydaları tənzim edir.

30. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquq və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində də çıxış edir. Həmin hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur.

31. Məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir.

32. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında məhkəmə əlçatanlığı prinsipi ilə bağlı mövqeyini bildirmişdir. Avropa Məhkəməsi qeyd etmişdir ki, prosessual normaların tətbiqi zamanı məhkəmələr tərəfindən icraatın ədalətliliyinə mənfi təsir edə biləcək ifrat formallıqdan qaçılmalıdır. Prosessual normaların ciddi tətbiqi bəzən məhkəməyə əlçatanlıq hüququnun əsl mahiyyətinə xələl gətirə bilər.

33. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin Qobustan Rayon Məhkəməsinin 04 may 2017-ci il tarixli, 2(026)-255/2017 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi ilə bağlı mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qərardad qəbul edildikdə prosessual qanunun tələblərinin pozuntusuna yol verilməmişdir.

34. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 395, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq

q ə r a r a a l d ı:

İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayət təmin edilməsin. Qobustan Rayon Məhkəməsinin 09 dekabr 2024-cü il tarixli, 2(026)-255/2017 nömrəli və bununla bağlı 24 dekabr 2024-cü il tarixli, 2(026)-255/2017 nömrəli qərardadları dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti baxılması və qeydə alınaraq icraata verilməsi üçün Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilsin. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar